Ana səhifə YENİLİKLƏR TÜRKİYƏLİ ÜNLÜ ROMAN USTASI İSKƏNDƏR PALA AZƏRBAYCANA GƏLİR…

TÜRKİYƏLİ ÜNLÜ ROMAN USTASI İSKƏNDƏR PALA AZƏRBAYCANA GƏLİR…

Müəllif: Bizim Yazı
638 baxış

“İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi” keçiriləcək

“Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “OD” və bir çox başqa populyar romanların müəllifi İskəndər Pala bu il sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq. “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevanın dəvəti və təşkilatçılığı ilə baş tutan səfər yazıçının respublikamıza ilk səfəridir.
Bugünlərdə İskəndər Palanın “OD” romanının Azərbaycan dilinə uyğunlaş­dırılaraq çapını həyata keçirən “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi yazıçının səfəri ilə bağlı zəngin proqram tərtib etmişdir. Belə ki, ilk öncə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək yazıçı, həmçinin şəhərin başqa tarixi yerləri, o cümlədən muzeylərlə tanış olacaq, bir sıra mühüm görüşlər keçirəcəkdir.
Ayın 17-də Odlar Yurdu Universitetində professor-müəllim heyəti və tələ­bələrlə görüşən Türkiyəli yazıçıya bu universitetin “fəxri doktorluq” ünvanı təqdim olunacaq. Görüşdə yazıçı öz əsərləri və yaradı­cılıq planları barədə danışacaq, ona ünvanlanacaq sualları cavablandıracaqdır. Sonra Milli Məclisə gedəcək yazıçı burada Milli Məclis üzvü olan ədəbiyyat, mədəniyyət, elm xadimləri və habelə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşəcək.
Axşam Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi” keçiriləcək. Burada oxucular yazıçıya onları maraq­landıran suallarla müraciət edəcək, habelə arzu edənlər Azərbaycanda yenicə işıq üzü görmüş və həmin gün teatrın girişində satışı təşkil olunacaq “OD” romanını əldə edərək müəllifə imza­lada biləcəklər.

Ayın 18-də Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, prof.dr. Nizami Cəfərovla görüş, Mərkəzdə “Ortaq Türk tarixi və kültürü: yeni dövrün çağırışları və yazarların, tarixçilərin, aydınların üzərinə düşən vəzifələr” mövzusunda konfransın keçirilməsi və bir neçə ictimai təşkilat tərəfindən İskəndər Palaya ödül təqdim edilməsi nəzərdə tutulub. Həmin gün Azərbaycan Yazıçılar Birliyində yazıçılarla, ədəbi ictimaiyyətin nüma­yən­dələri ilə görüşən yazıçının, ardından Baş nazirin müavini, Xalq yazıçısı ELÇİNlə görüşü və Əlyazmalar İnstitutunu ziyarət etməsi də nəzərdə tutulub.

Türkiyəli yazıçı Bakıda olduğu müddətdə İşərişəhər, Qobustan və Atəş­gahı da ziyarət edəcək. Qeyd edək ki, İskəndər Palanın aparıcı media orqanlarında çıxışı, jurnalistlər üçün brifinqi də nəzərdə tutulub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.