Ana səhifə BAŞ YAZI TÜRBƏNİN DƏLİSİ (öykü)

TÜRBƏNİN DƏLİSİ (öykü)

Müəllif: Bizim Yazı
774 baxış

İmdat AVŞAR (TÜRKİYƏ)

O gecə qulaqlarımda elə hey təkrarlandı anamın sözləri, sızlatdı ürəyimi, vurdu, yaraladı məni.
“Yay  da artıq  bitir, darıxıram, oğlum… Dünən yuxuda gördüm , ürəyim  elə istədi  ki, səni, qurban olum,  uzaq yerdimi, quzum? Çox şükür, at var, araba var…”
Səhər tezdən özümü atdım terminala.
Malatya terminalı…
İyulun sonları…
Hələ günün təzə başlamasına baxmayaraq  istidən artıq köynəkləri bədənlərinə yapışıb adamların.
Yapış-yapış, tər qoxulu, sarı, isti bir səhər.
Dəyənəkçilərin səsləri bir-birinə qarışıb.
“İstanbul, İstanbuuuul.”
“Ankara, dərhal,Ankara, Ankaraaaa…”
Biri mənə yaxınlaşır.
“Hara,  qardaş?
“Kırşehir.”
“Gəl, qardaş, Ankaraavtomobili qalxır, boş yer də var…”
Dil boğaza qoymadan danışır, qolumdan yapışır, çantamı  götürür. Səsimi çıxara bilmirəm. Çantamla birlikdə iradəmi də alır sanki  həmin gur səsli adam. İxtiyarsız arxasınca düşürəm bu  yekəpərin. Kassaya çatırıq, “Kırşehir, usta” deyir, biletimi kəsdirib verir əlimə. Pulu uzadıram.
Avtobusun yola çıxmasına bir neçə dəqiqə qalır. Yolçular hazır. Tələsik özümü avtobusa atıram. Əlində bir dəstə kağız olan köməkçi gəzir avtobusun içində.  Yolçulara üz tutur:
“On doqquz, iyirmimi bacı?”
“Bəli.”
“Harada enəcəksiniz, bacı?”
“Ankara.”
“İyirmi birmi?
“Hə, qurban”
“Harada enəcəksən, kirvə?
“Valle, Angara gurban.”
Beləcə yanıma gəlir köməkçi. Yarısı boşdu avtobusun, ən arxada oturmuşam, təkəm, məndən başqa kimsə yoxdu  arxa oturacaqlarda.
“İyirmi dördmü, qardaş?”
“Bəli.”
“Harada enəcəksən?
“Kırşehir.”
“Türbədəmi, qardaş?”
“Bəli, bəli, türbədə.”
Türbə! Birdən məmləkət canlanır gözümdə. Bir məmləkət havası dolur içimə. Bir neçə ildir türbədə düşmürəm.
Doğudan-Batıya, Batıdan-Doğuya gedib-gələn hər avtobus, hər sürücü tanıyır Türbəni.
Ulu yollar üstündə bir dayanacaqdı Türbə…
Qayaya qonmuş bir şahin kimi  heybətli, məğrur…
Yanı başında bir sebil, dörd yanı söyüd, qovaq, şam ağacları… Ətrafında min illərdi boy-boy dikələn  məzar daşları…
Bir şikayət var kitabəsində, yüzillər öncə Aşıq Paşanın dilindən yakınan o səs hələ canlı, hələ dipdiridi…
“Türk dilinə kimesne baxmaz idi.
Türklərə hergiz könül axmaz idi…”
Səssiz, sakit, əsrlərdir çölün ortasındakı bir təpədədi Aşiq Paşa türbəsi…
Yay, qış, bahar…
Yolçular enər o türbədə, yolçular minər…
Kim bilir neçə yolçunu qarşılamışdır o türbə, Kervansarayın bağrını günəş deşərkən. Neçə yolçunu yola salmışdır Qurd Belindən gün aşarkən.
Həsrət torpağına orada düşər o çölün gedənləri. Düşər və yaşıllaşar birdən. Yaşıllaşar, çünki ana, ata, oğul, qız, bacı, qardaş və can yoldaşları gələr onu qarşılamağa.
Qürbət o türbədən başlar, gedənlər orada qoyub gedər  gözüyaşlı qalanları.
Bəzən ötər barabanlar, zurnalar orada. Əsgər yola salması olar. Halay çəkər igidlər, ağlar qızlar, gəlinlər. Anaların dilləri duadadır, əlləri havada…
Çölün yağıq cavanları, türkülər, halaylarla gedər Doğuya ya da Batıya doğru. Analar tas- tas su tökərlər onların  ardınca, hüznlə yellənər əllər…
Əsgər oğullarını yola saldıqdan sonra türbəyə gələr  analar, dualar tökülər türbənin pəncərələrindən. Övliyalardan kömək istəyər  analar, boya başa çatdırdığı oğulları sağ-salamat qayıtsın deyə…
Gecə-gündüz, yay- qış, hey yolçu gedər oradan, hey yolçu gələr.
Xatirələrdən ayrılıb böyük qardaşıma zəng edirəm:
“Abi, gəlirəm. Günorta birdə, ikinin yarısında türbədə enəcəyəm, məni götür…”
“Tamam” – deyir –  “saat birdə  türbədə olaram.”
Bəydağı, Sultan Suyu, Karadağ, Darende, Gurun… Sürətlə keçir avtobus. Mazıkıran keçidi yavaş yavaş əriyir, bitir, itir avtobusun pəncərələrində. Uzunyayla, Pınarbaşı, Bünyan  bir-bir arxada qalır. Cütə bədəstanlı böyük Kayseri, qarşısında başı tüstü Erciyes…  Və Mucur… Və axır ki, bizim boz dağlar, quraq torpaqlar görünür. Bomboz, ağacsız, meşəsiz, sarı, quru, çılpaq təpələr,  bütün quruluğu, çılpaqlığı, bozluğuyla doğma torpaq…
Anamın gözü yoldadır   indi. Yəqin düyü küftəsi hazırlamışdır, yoğurmuşdur xəmiri, mən çatan kimi  içli çörək bişirəcək. Məni görüncə şükr edib duaya başlayacaq.
“Cəmi cümlənin uşağı ilə qoru, ya rəbbi.”
Türbə görünür.
Yolun hər iki tərəfində düzülmüş insanlar, yolçu gözləyənlər, yolçu yola salanlar, analar, atalar, uşaqlar, çamadanlar, çantalar…
Köməkçinin bir gözü məndə.
“Türbədə enəcəkdin, deyilmi,  qardaş?
“Bəli, türbədə.”
“Türbədə dayan, ustaaaa.”
Aşiq Paşa türbəsi!
Enirəm.
Məni qarşılamağa gələn kimsə yox.
Bir daha zəng edirəm.
“Gəlirəm, gözlə” deyir qardaşım, “dərsdəyəm, bir azdan çıxacağam.”
Türbənin yanında, bulaq başındakı skamyada otururam.
Aşiq Paşa türbəsi! Məmləkət! Seyr edirəm.
Aşağıda Kılıçözü, iki tərəfi yamyaşıl. Qarşıda bozarıb dayanmış Ağbayır  elə quraq və kimsəsiz ki…
Bu vaxt kimsə gəlir yanıma.
Üst-başı pərişan, bu istidə  şalvarının ətəklərini çay keçəcəkmiş kimi corabının içinə soxmuş, belini ağ bir iplə bərk-bərk bağlamış. Əlində  dəyənək, başında  əvvəllər ağ olduğu güclə sezilən torpaq rəngində şapka,  yaxası dovşan qulağına bənzəyən köynək, bir də düyünü yaxalığın içində əriyib itmiş nazik bir qalstuk var. Gözləri qaynayır, damağında siqaret, vecsiz, gülə-gülə ətrafımda fırlanır.
Şübhələnməyə başlayıram, gözaltı izləyirəm onu, əlindəki dəyənəklə hücummu edəcək?  Amma yox, gəlib yanımda oturur.
“Salamın aleyküm, qardaş.”
“Əleykum salam.”
Siqaretini çıxarır. Siqareti “Samsun”. Əzilmiş siqaret paketinin içində bir neçə siqaret qalıb. Gözlərimə baxaraq  siqaret uzadır.
“Yandır.”
“Sağ ol, mən verim sənə, bax mənim siqaretim daha çoxdur, götür buradan yandır.”
“Olmaz! Sən fağıra bənzəyirsən gardaş, burdan yandır.”
Hansımızın daha fağır olduğunu düşünürəm, gülümsəyirəm.
“Yaxşı” deyirəm bir siqaret yandırırıq.   Soruşuram:
“Adın nədir, qurban?”
“Rəşiddir, qardaş.”
“Nə edirsən burada?”
“Vətəni qoruyuram, bax onunla ikimiz qoruyuruq.”
“O, kimdi?”
“Gündüz yatır o, türbədə, gündüz mən keşik çəkirəm,  gecə isə o. Qadir əmim deyir ki,  övliyalar gecə  keşik çəkir…”
“Həəə, anladım.”
“Qardaş!”
“Nədi, Rəşid.”
“Mənim çox zorlu bir fikrim var, amma heç kimə demərəm.”
“Nədir fikrin, Rəşid, mənə söylə.”
“Iııh ııh. Söyləmərəm.”
“Belə eləmə, Rəşid, inciyərəm ,vallah, söylə, sənə qurban.”
“Kimsəyə deməzsənsə söyləyərəm.”
“Oldu, heç kimə demərəm”
“Heç kimə, haaa!!!”
“Yaxşı, yaxşı, heç kimə.”
“Bax burdan bir avtobusa minəcəm.”
“Eeee?”
“Ver əlini Anqara… Anqaraya yaxınlaşınca da özümü avtobusdan aşşağı atacaam.”
“Amandı, Rəşid, niyə atırsan özünü avtobusdan?”
Əlini ağızına aparır. Səsini əməlli-başlı qısır.
“Sussss! Avtobusçuya heç pul vermiyəcəəəm, onun üçün…”
“Həəə, anladım. Fikrin ,gerçəkdən zormuş, Rəşid.”
“Zordu, təbii, beş quruş vermədən birbaş Ankara.”
Rəşidlə  tez dostlaşırıq, sevirik bir-birimizi. Qanım qaynayır ona, o da bu  türbə kimi, bu  bomboz torpaqlar kimi doğmadı,  sadədi, mənim gəldiyim böyük şəhərlərtək  müəmmalı deyil ən azından. Vətənin, məmləkətin, millətin qayğısı da var Rəşidin çiynində. Quraqlıq var məmləkətdə, yağış yağmır. Əkinlər yaxşı deyil…
“Susamısan, su iç” deyir, bulağı göstərir, sonra davam edir.
“Yağış yağmır , qardaş, əkinlər olmadı yenə.”
“Niyə yağmır, Rəşid?”
“Namaz qılmır şərəfsizlər. Qadir əmim elə deyir.”
“Namaz qılsalar, yağar?
“Şırhaşır yağar.”
“Sən qılırsanmı?”
“Mənə düşmür.”
“Niyə?”
“Vətəni qoruyuram axı.”
“Həəə, bayaq demişdin, unutdum.”
“Bax mən burda olmasam gələrlər.”
“Kim gələr?”
“Makaryos…”
“Hələ  ölməyib o?”
“Yox, tutsam öldürəcəkdiim, qaçdı, tuta bilmədim.”
“Anladım.”
“Sən fağıra bənzəyirsən, qardaş,  götür bir siqaret yandır.”
Tez-tez uzadır paketi, paketin içində   iki- üç siqaret qalıb.
“Sağ ol, Rəşid, istəmirəm.”
“Cibxərcliyin, beşliyin varmı? Yolçusan ,qurban, yoxdusa, çəkinmə…”
“Sağ ol, Rəşid, var, var.”
“Onda mənə bir milyon ver!”
Nəyi varsa vermək istəyir adam ona.
“Al, Rəşid, bu olarmı?”
“Olmaz! Bir milyonun varsa ver!”
Rəşidlə danışdıqca bir tərəfdən də  qardaşımı axtarır gözlərim. Gələn- gedən yox. Birdən şənlənir ortalıq. Seçkilərin sonuncu günüdü, şəhəri gəzən partiya konvoyları türbənin qarşısından keçirlər, siqnal səsləri, qalmaqal, səs-küy, baraban, zurna. Hər konvoy özünü sabahkı günün iqtidarı görür. Sırayla keçir konvoylar, yüzlərlə avtomobil, rəngbərəng bayraqlar… Rəşid  yerindən dik atılıb ayağa qalxır, hər konvoy salamlayır Rəşidi, bütün partiyalar tanıyır onu. Rəşid hamısına salam verir. Dəyənəyini qaldırıb qarşılayır gələnləri və yola salır. Hər konvoydan bir bayraq uzadırlar, bayraqları götürür Rəşid. Gülə- gülə oturur. Mənə tərəf çevrilir.
“Kimə səs verəsəən?”
“Mən burada  səs verə bilmərəm, Rəşid… Sən səs verəcəksənmi?”
“Həə, verəcəəm.”
Partiya bayraqlarını göstərirəm.
“Hansına verəcəksən?
“Hamsına da basacağam!?”
“Nəə?!”
“Həə, basacaam hamısına, götürəcəyəm mö­hürü, hamısına da basacaam”
“Həəə, lap yaxşı, bas, Rəşid, bas.”
“Abi!”
“Əfəndim, Rəşid.”
“Bunlar namaz gılsa, yağış yağar deyilmi? Bunlar namaz qılmır,deyə yağmır.”
“Bilmirəm, Rəşid. Kim dedi sənə bunları?”
“Bizim məscidin müəllimi dedi. Mən səhərlər Quran kursuna da gedirəm. Güççük uşaqlar var orada. Müəllim məni qovur, amma yenə də gedirəm. Soruşsan, hər şeyi bilərəm. Haydı, soruş görüm.”
“Nə soruşum?”
“Müəllim kimi soruş da.”
“Yaxşı, söylə görüm, kimin qulusan?
“Allahın.”
“Afərin, Rəşid.”
“Yenə soruş.”
“Kimin ümmətisən?”
“Iıııııh, Həzrəti Əlinin!?”
Gülürəm, Rəşid də gülür, gözlərinin içi gülür, yenə qaynayır gözləri. Sağa – sola boylanıram, gözüm  yoldadı,  qardaşımı gözləyirəm. Hələ gələn- gedən yox.  Fikrləri  çoxdur Rəşidin, susmur.
“Abi, mənim bir fikrim də var, deyimmi?”
“De, Rəşid, de.”
“Kiməsə söyləməzsən ki?.”
“Söyləmərəm.”
“Kafeyə gedib iki çay sifariş verəcəm, çayı gətirəndə içmədən qaçacam.
“Niyə?”
“Beş qəpik verməyəcəycəm çaya, hahhhaaaa.”
“Bu fikrin də çok zordu, Rəşid.”
“Heee, zordu.”
“Rəşid, qurban..?”
“Nə var, abi?”
“Sən bu fikirlərinin yarsını icarəyə versən, yarısı ilə keçinə bilərsən?
“Kimə versəm?”
“Odey, bir az öncə gedən partiyaçılar var ha, onlara.”
“Vermərəm o şərəfsizlərə, namaz qılmırlar, yağış yağmır, əkinlər yanır…”
Bir avtomobil dayanır türbənin qarşısında. İçində gülümsəyən gözlər. Siqaretmi Rəşidə verirəm, çantamı götürüb qalxıram. Rəşid qışqırır arxamdan.
“Gülə-gülə, abi!”
Dönüb cavab verirəm.
“Sağ ol, Rəşid, ağlından muğayət ol, qurban…

(Uyğunlaşdırma: SƏHƏR)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.