Ana səhifə BAŞ YAZI “Turan söyləmələri”ndən beş şeir

“Turan söyləmələri”ndən beş şeir

Müəllif: Bizim Yazı
2. 119 baxış

 

 

 

Əkbər QOŞALI

 

 

 

 

QIZ QALASI

Qız Qalası,
derlər
Qala Ürək olmaz,
Ürəyə qala derlər.–
Sən Bakının ürəyisən,
Qız Qalası,
Bu dünyanın ən bakirə qalasısan,
Qız Qalası!
Qoy sənə bir qarğış edim,
alxış olsun–
görüm, səni ömrün boyu qız qalasan,
Qız Qalası.
O yanda da Oğlan Qala oğlan qalsın,
Aranızda həsrət olsun,
ancaq sərhəd olmasın.
Demirəm ki, dərd olmasın,
dərd olsa da
dərdinizi söyləməyə həmdərd olsun
Zaman oldu
Ərk Qalası həmdərd oldu,
həm dərd oldu…
Sən yenə də söyləyərsən
anan Xəzər
dinlər sənin dərd-sərini
Oğlan Qala zalım dinməz,
Dillənsə də dağa deyər,
daşa deyər dərdlərini.
Vay o gündən dərd ola da,
ərk olmaya,
Dərd o gündü ƏRK olmaya.
Qız Qalası.
Qız Qalası,
Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
Mən gedirəm BƏZZə doğru
İşdi-şayət arar olsan
tonqal qala
ƏLİNCƏyə əl eylə,
Öz atəş diliylə
cüt tonqalıyla,
ƏLİNCƏ arayar bizi
Ölüncə gəllik,
ölüncə
Qız Qalası…

***
ürəyimin yaddaşı var
ürəyimin yad daşı var
ürəyim hey atlanar
ürəyim elə atlanar
yada düşər Altaylar
bəlkə də burda –
Xəzər qıyısında mənim ürəyim atlanmasa
Altaylar yada düşməzdi
Altaylar yada düşməsə
Qədəri yada düşərdi
Ürəklər atlanmayan gün
atlar küsər bu dünyadan.
Bir gün bir qoşun ürəyin atlanıb –
Yel qanadlı atlar ilə atlanıb
uzaq Altaya uçduğunu görsəm
ürəklənərəm!..
Ürəyimin qan adı var,
Ürəyimin qanadı var.

***
Altaylardan qopan atlar
Getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar,
Biz çıxanda doluydu.

Altaylardan qopan atı,
Daha kimsə minmədi,
Altaylardan qopan atlar,
Ağ köpüklü dənizlərə
Çatmayınca dinmədi.

Biz çıxanda Ay doluydu,

Biz getdikcə Ay Yolu
Ayağımız üzəngidə əyildi,
Yay-oxumuz qırılanda,
Ay göylərdə bir yay kimi gərildi.

Biz çıxanda Ay doluydu,
Çıxdıq oldu Aypara.
Ay Altayda dolunaydı,
Avropada Aypara.

Altaylardan qopan atı,
Bir də, bir də minərmi olam?!.
Altaylardan qopan atın
Ağ köpüklü dənizədək
Dinmədiyni görərmi olam?!.

Altaylardan qopan atlar
Avropanı nə vaxt adlar?!.

QARABAĞ

…dağların uca olmasa
düzlərin necə olmasa
dərələrin irmaq-irmaq
buludların yumaq-yumaq
axmasa
ceyranların – cüyürlərin
adam kimi baxmasa
nə dəyişər?
Mən sənin özünü sevirəm
sən mənim Qarabağımsan
sən mənim qara bağımsan
sən mənim qaram ağımsan
sən özündən böyüksən
sən sözümdən böyüksən
(sözdən qabaq səsimsən)
Qarabağ!
Sən mənim alın yazım
mən bir barmaq qələmlə
ağ kağıza nə yazım?
Bircə onu bilirəm,
sənə qayıtmayınca
kürəklərim qısa,
boyum balaca
çiynim əyri
dilim gödək
gözüm kölgəli –
qısası, şikəst olacam
bu isə yaşamaq deyil
sabah Tanrı deməzmi:
ya insan,
mən səni belə ha yaratmamışdım.

***
Gəmiləri sudan çəkib quru ilə sürərəm
İstanbulun eşqinə
Qılıncımı suvararam
«Babək» deyən bir cüt qolun eşqinə
Böyüdərəm doğma yurdu
Xətainin başladığı ulu yolun eşqinə
Yaşamaram künc-bucaqda onun-bunun eşqinə
Yaşayaram TURAN adlı bir acunun eşqinə
Yad sözlərə tövbə deyib
Öz dilimdə danışaram
Dədə Qorqud eşqinə
Bu duyğudan kənar türkün yaşamı nə,
Eşqi nə?!.

 

You may also like

3 şərh

Elmeddin Nicat 2011-05-12 - 17:23

Sağ olun Əkbər bəy dilinizə və ruhunuza sağlıq

Cavab
Resmiyye Sabir 2011-05-16 - 16:31

Ekber qardasim, ureyine ve ellerine saglik.

Cavab
Akem Xaqan 2011-06-05 - 21:30

En gozeli ve en deyerlisi odur ki, Ekber qardashimizin vetenperver urek doyuntuleri soz-soz, kelme-kelme konul oxshar. Yaddashimizi oyadar, ruhumuzu tezeler.

Cavab

Akem Xaqan üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.