Ana səhifə BAŞ YAZI Teatr (mozaikalar)

Teatr (mozaikalar)

Müəllif: Bizim Yazı
401 baxış

Yusif Günaydın / yusif_günaydın@mail.ru

1. “Aişənin rəqsi ”

Müharibədən sonrakı illər ətraf neft mədənlərində çalışan işçilər üçün yataqxana kimi inşa edilmiş bu barakların istismar müddəti çoxdan başa çatsa da, ordan-burdan çat vermiş köhnə tiklilərdə hələ də yaşayan ailələr var. Doğrudur, inişil üzbəüzdəki barakların sakinlərini köçürüb, boş qalmış binaları sökməyə başlamışdılar. Amma sonradan nədənsə bu iş yarımçıq qaldı. Vaxtı ilə insanların yaşayış məskəni olmuş bu tikililərin bəzilərinin yalnız özülü, bəzilərinin ön ya arxa divarları qalıb indi. Çərçivəsiz qalmış pəncərə yerləri, böyrünə zir-zibil qalanmış uçuq-sökük divarlar, gözdağına çevrilib, cansıxıcı, ağır bir atmosfer doğurur. Hər səhər trestin köhnə avtobusu daşları sonradan daşınmış soldakı barakın böyründə dayanıb məni gözləyir. Mən də idarə tərəfindən  müvəqqəti yaşayış yeri kimi verilmiş aşağı barakdakı bir otaqlı, həmişə nəmişlik qoxuyan mənzilimdən çıxıb, giriş qapısının ağzından üzü yuxarı gedən asfalt səki yağmurların təsiri ilə çoxdan çat-çat olub dağıldıqdan, gölməçələrin üstündən atıla-atıla, orda-burda palçığa bulaşaraq, bir təhər özümü avtobusa çatdırıram. Yalnız maqistral yola çıxıb, təmiz şosse ilə üzü cənuba səmt götürərkən əhvalım bir qədər düzəlir, kefim az-maz durulur. Yol boyu o biri işçiləri də götürüb, buradan 30 km aralardakı köhnə neft mədəninə, iş başına tələsərik. Amma çox vaxt səhərlər mən avtobusu gözləməli oluram, müəyyən səbəblərdən bəzən o yarım saata qədər yubanır. Belə günlər sanki tanrının özünün də unutduğu bu bucaqda dəqiqələr uzanır, vaxt irəliləmir sanki və mənə elə gəlir ki, yer üzündə bundan cansıxıcı məkan ola bilməz, tələsik evə qayıdıb, yenidən yorğanın altına girmək istəyirəm, təki gözüm ətrafı görməsin. Xaraba barakın qarşısındakı dibi xəzəlli, çılpaq budaqlarına polietilen torbalar ilişmiş tənha ağac küləyin altında tir-tir titrəyir, öz miskin görkəmi ilə bu ağır atmosferi daha da qatılaşdırır. Arxamdakı binanın ikinci qatının açıq pəncərəsindən skripka səsi gəlir. Naşı əllər bu zərif musiqi alətində nəsə ifa etmək istəyir, səy göstərir, amma alınmır. Barmaqlar pərdələrə dürüst oturmur,kaman tez-tez simlərin üstündən sürüşüb eybəcər səslər çıxarır, bu səslər dörd tərəfdən zığ, palçıqla çevrələnmiş uçuq-sökük divarlara dəyir, əks-səda verir tənha, çılpaq ağacın ətrafını dolaşıb, göylərə çəkilir. Az sonra hər şey yenidən təkrarlanır, yenə cəhd, yenə də uğursuzluq sabah vaxtı qulaqlara doluşan ciyilti…
Ertəsi gün skripkanın susduğu qısa pauzalarda həmən pəncərədən əsəbi qadın səsi gəlir, gah danlaq eşidilir, gah qarğış tökülür. Cüt günlər skripka futlyarını sağ əlinə alıb, anasının arxasınca məyus-məyus irəliləyən, 7-8 yaşlı qonşu uşağı gəlir gözlərimin önünə. Öz uşaqlığım yadıma düşür. Valideynimin təkidi  tar çalmağı öyrənməyə başladığım ilk dövrlər sözümə baxmayan barmaqlarım pərdələrə oturuşana qədər çəkdiyim əzabları xatırlayıram, qonşu uşağa rəhmim gəlir. Əzab-əziyyətə dözməyib, tar çalmağı atdım, anamın etirazlarına baxmayaraq, bu işi mənimsəməyə səbrim, iradəm çatmadı. Sonradan ali məktəbin əyani şöbəsində təhsilimi davam etdirməyə hövsələm yetmədi, əlim tez pula çatsın deyə, qiyabiyə keçib neft mədənində işə düzəldim. Payız, qış gecə növbələrində  tarda ifa etmək istədiyim, amma dürüst bacarmadığım tanış melodiyalar öz-özünə qəlbimdə səslənir, sanki, bu mazut qoxusu, pas iyi verən köhnə mədəndə məni təqib edirdi. Çox çəkmədi ki, ildə iki dəfə sessiyaya gəlib, mühazirələri konspektləşdirmək, imtahana hazırlaşmaq mənim üçün ağır bir yükə çevrildi. Bu yükü də çiyinlərimdən atdım, təhsilimi yarımçıq qoydum…
Uzun müddət Rusiyanın Tümen vilayətində ezamiyyətdə idim. Geri dönəndə yaz yağışları təzəcə kəsilmişi, göy üzü aydınlaşmışdı. Səhər evdən çıxanda adətim üzrə ayağımın altına baxırdım ki, suya girməyim. Ani olaraq başımı qaldırıb irəliyə nəzər salanda gözümə inanmadım. Payız rüzgarları altında üşüyən tənha ağac, indi-ağ çəhrayı çiçəklərə bürünüb, ətrafına nur yayırdı. Xəfif bahar yelləri bəzənib göz oxşayan ağacın çiçəklərinin arasına girib, onları dalğalandıran anda, arxamdakı açıq pəncərədn skripka sədası yayılmağa başladı və artıq bu qırıq-qopuq səs yığımı deyildi, səlist bir melodiya idi. Skripkada “Yeddi gözəl” baletindən “Aişənin rəqsi” ifa olunurdu. Bu ifa hələ tam mükəmməl olmasa da, az yaşlı qonşu uşağın bu mürəkkəb alətin mənimsənilməsi yolundakı ilk, ən ağır, ən çətin mərhələni arxada qoymasına musiqinin şirin dili ilə dəlalət edirdi.
Qısa müddətdə arzu olunan nəticə əldə edilmişdi. Uşaq çətinliklərdən çəkinməmiş, onları dəf etməyə səbri, əzmi – iradəsi çatmışdı.Daha anasının danlaqları eşidilmirdi. Demək az yaşlı qonşu hələ irəlidə olan uzun ömründə yoluna çıxa biləçək səddləri təmkinlə asıb, onları arxada qoymağın fəndini də tapacaq. Yerimdə quruyub qalmışdım, yaşamaq, bar vermək eşqi ilə çiçəklənib, gözəlləşən ağacın güllərinin ləçəkləri yel dəydikcə sanki melodiyanın ritmi altında hərlənib, fırlanıb, mənə yaxınlaşaraq saçlarıma, çiyinlərimə qonurdu. Burda yurd salandan bəri ilk dəfə ətrafdakı xarabazar gözlərim önündə gülzara çevrilir, daha ürək sıxmırdı…
O səhər xəstə olduğumu bəhanə gətirib, trestin avtobusuna minmədim. Evə qayıdıb, gödəkcəmi çıxardım. Divardan asılmış, çoxdandı çalmadığım tarı alıb, sinəmə sıxdım, amma simlərə mizrab vurmağa əlim gəlmədi.
Qəlbimdə qonşu uşağa oyanan qibtə, paralel olaraq özümə qarşı güclü bir narazılıq doğurmuşdu…

2. Gündoğan

Sübhün alatoranı çəkildikcə dəniz səthini səmalara qovuşturan ucsuz- bucaqsız üfüq zolağına göz önündə get-gedə qatılaşan çəhrayı rəng çaları yayılmağa başlayır, günəş çevrəsi yavaş-yavaş dəniz üzərində boy göstərib, aramla ucalaşdıqca, ətrafın işiğı, hərarəti də nəzərə çarpacaq dərəcədə artır. Budur, tünd çəhrayı rəngli günün çevrəsi sulardan tamam ayrılır, onunla dəniz səthi arasındakı məsafə getdikcə artmağa başlayır. Çox çəkməyəcək ki, günəş diskinin göz oxşayan çəhrayı rəngi əvvəlcə açıq, sonra şux qızılı boyaya keçərək, göz qamaşdıracaq. Amma bu məqama hələ bir qədər var. Hələ ki, yenicə doğulmuş günəşin üzünə baxdıqca insan əfsunlanır sanki, gözlərini dənizdə pak olub, çıxmış yeni günün çəhrayı sifətindən  ayıra bilmir…
Sübh günəşinin çevrəsi təxminən yarıya  qədər dənizin üzünə çıxanda biz, gündoğanı qumlarının şehi hələ qurumamış sahildən heyranlıqla seyr edən üç-dörd yoldaş, mütləq suya girməliyik, bu artıq ənənəyə dönüb, üşüdün- üşümədin gərək dərinliklərə doğru irəliləyib, suya baş vurasan. Bədən islandıqdan sonra onun hərarəti ilə dəniz suyunun temperaturu biri-birinə uyğunlaşır, daha üşümürsən. Günəş doğa-doğa çinməyin bir mühüm ənənəsi də var- suyun dibinə baş vuranda gərək gözlərini açasan! Yaxın bağlardan bir araya gəlib dan üzü dənizə girən üç-dörd qonşu uşaq bunu demək olar ki, eyni zamanda edirik. Suyun altında gözlərini açanlar bu gerçək dünyadan ayrılıb, qısa müddətə olsa da fantastik bir aləmə düşür. Suyun alt qatlarında ətrafın səs-küyü çəkilib, yox olur, zamanın axarı səngiyir, cisimlərin hərəkət sürəti dəyişir, gerçək yaşam tamam başqa cazibənin təsir dairəsinə düşür. Təzə günəş dənizin dibini də işıqlandırıb, sualtı qum laylarının üstündə çəhrayı rəngli titrəşən bir cığır açıb ki, onun bir ucu dayaz sulara, sahilə tərəf uzanır. Nəfəsini içəri çəkib suyun altında gözü açıq üzdükcə, dəniz dibinin anbaan daha artıq işıqlandığını duyursan. Suyun üst qatlarından keçib, dərinliklərə doğru qədər çatan nur zolağına düşmüş ağır-ağır yırğalanan yosunlar, bu zolaqdan  şütüyüb keçən, vurnuxmağa başlayan xırda balıqlar dənizin yuxudan oyandığına, köksündən qalxan günəşin hərarətini yenə canına çəkməyə hazır olduğuna dəlalət edir. Sudan çıxanda dənizin ətrafa yaydığı qoxunu duymaq, onun yod, brom qarışmış duzlu nəfəsini udmağın ayrı zövqü var. Sutkanın heç bir məqamında dənizin saflıq yayan nəfəsi dan üzü olduğu kimi kəskin duyulmur.
Geriyə dönərkən artıq yay günəşinin ilk şəfəqlərinin yalın kürəyimizi xəfifcə qızdırdığını duyuruq. Evdəkilər hələ şirin yuxudadır. Heç kimi oyatmayım deyə ehmallıca  arxa eyvanda, köhnə dəmir çarpayıdakı boş qalmış yatağıma girirəm. Adyalı başıma şəkən kimi sübh dənizinin sərin dalğaları altında titrəşən çəhrayı cığır gəlir xəyalıma, dəniz kimi dərin yuxuya dalıram…
Yeni dərs ili başlayanda  gündoğanla bağlı təəssüratlarımı sinif yoldaşım, mənimlə gah küsən, gah barışan telləri sarı bantlı, qızla bölüşürəm, boyaları qatılaşdırıb, bir az lovğalanıram da! Ondan təəccüblə öyrənirəm ki, gün doğanda dənizə çimmək üçün yox, niyyət etmək üçün gedərlər, gün dənizdən ayrılmamış ən uca diləklərinin hasil olmağını istəyən, var-dövlət, şan-şöhrət istəyənlər mütləq arzusuna çatacaq!
Demə mənim dünyadan xəbərim yox imiş …
Gələn yay nənəm xəstələnib yatağa düşdü, çox çəkmədi ki vəfat etdi. O il bağa köçmək qismət olmadı. O biri il universitetə qəbul imtahanlarını verə bilmədim, hərbi komissarlıq sanki bunu gözləyirmiş kimi dərhal məni ordu sıralarına çağırdı. İki il doğma yurddan çox uzaqda,  Xabarovsk vilayətində hərbi xidmətdə oldum. Şaxtalı gecələr, açıq havada göydən fasilə vermədən düşən qar lopaları altında qarovul çəkərkən, doğma, əziz sahilin ilıq qumlarını, dan sökülərkən təzəcə doğmuş günəşin dənizin üstünə saldığı aramla yırğalanan işıq cığırını  xatırlayır, telləri sarı bantlı qızı anır, qəlbimə həyəcan dolu bir həsrət axışırdı. Əsgərlikdən qayıdanda may ayının əvvəlləri idi. Havaların isinməsini gözləməyə hövsələm çatmadı, axşamdan bağ evinə tələsdim. Səhər alaqaranlıqdan qalxıb, tək-tənha sahilə endim. Ətrafda ins-cins yox idi, bir mən idim, bir də köksü ağır-ağır qalxıb enən dəniz. Günəşin çevrəsi suyun üzərində görünən tək üfüqdən az qala sahilə kimi nur cığırı açıldı. Dəniz məni öz qoynuna çağırırdı. Mən bu cığıra qədəm qoymamışdan öncə, təzə günəşin çəhrayı simasına baxıb, niyyət etdim. Niyyət etdim ki, mənimlə gah küsən, gah barışan telləri sarı bantlı qızı heç olmasa, bir dəfə də görüm. O pak yaz səhərindən otuz ilə yaxın bir vaxt ötür. Muradım hələ də hasil olmayıb…

3. Teatr

Hamının çoxdan gözlədiyi geniş istehsalat müşavirəsini direktorun kabinetində deyil, üçüncü mərtəbədəki məşq zalında keçirmək qərarına gəldilər. Müdriyyətlə yanaşı ictimaiyyətin nümayəndələri, ən başlıcası, rəhbər orqanların təmsilçilərinin də qatılacağı iclasın başlamasına  az qalmışdı. Xadimələr tez-tələsik məşq zalının pəncərələrinin tozunu silir, gənclər üçüncü mərtəbəyə stul daşıyırdı. Bu çaxnaşma, bu vurnuxma məsələnin ciddi olduğundan xəbər versə də, teatrın truppa heyəti, xüsusilə, belə müşavirələri çox görmüş yaşlı nəslin nümayəndələri buna istehza ilə yanaşır, bu gün də teatrda növbəti səhnədən kənar tamaşanın oynanılacağını bilirdilər. Bu tamaşanın qurluşçularının bir ali məqsədi var idi – teatrın veteranı rejissor K. müəllimi pensiyaya göndərmək! Onun pensiya yaşı çoxdan çatsa da, ömrünün yarıdan çoxuna bu teatrda keçirmiş ağsaqqal könüllü olaraq istirahətə getmək istəmirdi. Hər dəfə müdriyyət bu söhbəti açanda təcrübəli teatr xadiminin gözləri dolur, yalvar-yaxar edirdi ki, onu teatrdan ayırmasınlar, çünki səhnəsiz yaşaya bilməz. Hətta, yalan gerçək, arada belə bir şaiyə gəzirdi ki, direktorun kabinetinin yarıaçıq qapısından K. müəllimin rəhbərin qarşısında əməli-başlı diz çöküb, yalvaran görmüşdülər. Buna inanan da var idi, inanmayanb da. Bu günkü iclasda ictimaiyyətin də iştirakı ilə bu məsələyə bir dəfəlik son qoymaq istəyirdilər. Teatrda nəsillərin dəyişməsi prosesi nəhayət başa çatmalı, gənc kadrlara meydan verilməliydi.
Bu mövzu ilə əlaqədar rəsmi mətbuatda böyük bir məqalə də dərc edilmişdi. Teatra təyinatla gənc mütəxəssis kimi bir rejissor göndərilsə də, hamıya tezliklə aydın olmuşdu ki, “mütəxəssis” mövhumunu bu özündən razı gəncə böyük güzəştlə şamil etmək olar. “Mütəxəssisin” gənc olmağından başqa, bir sıra qeyri üstünlükləri də var idi. Onlardan ən başlıcası rəhbər təşkilatlarda güclü himayədarlarının olması idi…
İclas hələ başa çatmamış, məşq zalının qapısı aşıldı, K. müəllim seyrək alqışların müşayəti ilə boş dəhlizə çıxdı. Əlində böyük bir güldəstə var idi. Yanaqları pörtmüş, dodaqlarında yüngül bir təbəssüm donub qalmışdı. İclasda onu böyük də, kiçik də bir xeyli tərifləmiş, hətta səhnəmizin “canlı klassiki” adlandırmışdı. Hələ ömründə bu qədər xoş sözlər eşitməmişdi K. müəllim! Ona görə də nazirliyin nümayəndəsinin təklifinə qüvvət verən direktor veteranın istirahətə getmək vaxtının yetişdiyini deyəndə K. müəllim buna etiraz edə bilməyib, yerli komitənin adından ona təqdim olunan güldəstəni alaraq, boğazına çökmüş qəhəri bir təhər boğub, zalı tərk etdi.
Boş dəhlizin sonuna çatıb, pilləkənlərlə aşağı enəndə dizlərinin xəfif-xəfif əsdiyini duydu. Əlindəki ağ, qırmızı qladioluslar zahirən çox gözəl olsalar da, onlardan adamın canına yüngül bir vahimə salan dərman qoxusu gəlirdi. Bir qat daha aşağı enib, kulislərin çıxdığı, səhnə arxasına çatanda, burnuna ona yaxşı tanış olan, bu otuz ildə həmişə canına şirin bir həyəcan yayan qoxu dəydi.  Bu yüngül nəmişlik qoxusuna qarışmış toz iyi, ona calanan dülgər yapışqanının və səhnənin daş-divarına hopmuş qrimin qoxusu idi. Alaqaranlıq səhnədə axşam tamaşasının dekorlarının montajı gedirdi. Səhnə maşinistlərinin səs-küyünü arabir mismarlara dəyən çəkic səsəi üstələyirdi.
Kulisləri ötüb, səhnə kənarına çıxan K. müəllim tamaşa salonunun boş olduğunu gördü, səhnənin böyründəki taxta pillələri adlayıb zala düşdü, orta sıraların birində əyləşərək, səhnəyə baxıb, dərindən köks ötürdü. Bu illər ərzində görən neçə dəfə bu pillələri qalxıb-enmişdi? Daha nələr görməmişdi bu səhnədə, onun arxasında – uğur da, məyusluq da, ehtiram da, xəyanət də, tərif də, dedi-qodu da, daha kimlərlə üz-göz olmamışdı bu sənət məbədində? Amma hər dəfə tamaşanı başa vuran aktyor heyəti onu səhnəyə dəvət edərkən, gözqamaşdırıcı projektor şüaları arasından ayaq üstə əl çalıb, onu alqışlayan tamaşaçıları görəndə, bu alqış sədaları onun həssas ürəyinə məlhəm kimi yayılır,dərd-qəmini unutrdururdu. Bu anlar o özünü bəxtəvərlər bəxtəvəri hesab edirdi. Bəs innən belə nə olacaq, işiqlar həmişəlik sönəcək, pərdə birdəfəlik bağlanacaq? Bunu təsəvvür etmək çox ağır idi…
Son müşavirədən yarım ilə yaxın vaxt keçmişdi. Havalar yavaş-yavaş isinməyə başlayırdı. Teatr binasının arxa tərəfində, xidməti girişin qabağındakı bir küncünə köhnə dekor şitləri qalanmış kiçik həyətdə teatrın inzibatçısı ilə məşqlərdən azad olan üç aktyor domino oynayır, ucadan zarafatlaşıb, qəhqəhə çəkirdilər. Onlar qarşılarında qəfildən peyda olan K. müəllimi o dəqiqə tanımadılar. Kişinin sifəti uzanmış, ordları içəri batmış, rəngi avazımışdı. Əynində pijama şalvarı, qolsuz tor mayka var idi, yalın ayaqlarına nəleyin geyinmişdi. Diqqət yetirəndə başının azca əsdiyini, ağzının uclarının köpükləndiyini sezmək olardı. Bayaqkı səs-küy kəsilmiş, araya ağır bir sükut çökmüşdü.
K. müəllim gözlənilmədən zəif səslə hamıya, eyni zamanda konkret olaraq heç kimə müraciətlə dedi ki, yuxarıda məşqi var, heyəti oraya toplasınlar. Məsələnin nə yerdə olduğunu duyan inzibatçı ayağa qalxıb, K. müəllimə ehtiramla yer təklif etdi. Hər şeyi bu dəqiqə ayırd edəcəyinə söz verib, içəri keçdi. Rəhbərliklə  məsləhətləşib çölə çıxana qədər çox yox, bir on dəqiqə vaxt ötmüşdü. Həyətə qayıdan inzibatçı gördü ki, bayaq domino oynadıqları köhnə masa arxasında K. müəllim tək əyləşib, yanında heç kim yoxdur. Onun baxışları yuxarıya yönələrək donub, sifətində xoş bir təbəssüm əlaməti var. İnzibatçı anladı ki, indi ağsaqqal səhnə xadiminin gözünə tamam ayrı sofitlərin rəngarəng işiqları görünür, gözləri qarşısına açılan pərdədən tamam ayrı tamaşanın musiqisi gəlir…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.