Ana səhifə YAZILAR Tələsən adama məktub

Tələsən adama məktub

Müəllif: Bizim Yazı
631 baxış

Əyyub QİYAS

Hər kəs arzulayar ki, onun Yusif Məhəmmədoğlu kimi dostu olsun! Sözün həqiqi mənasında mən onun simasında son illər ətrafımdakı insanlarda itirdiyim səmimiyətin, qayğının, bütövlüyün bütün çalarlarını gördüm. Tanışlığımızın ilki onun övladlarının kiçik toyuna təsadüf etmişdi, açığı xeyirdən-şərdən qalmama adətim olsa belə, onun dəvətindən bir qədər təəccüblənmişdim də. Elə bir yaxınlığımız olmamışdı axı… Amma dəvəti hay-hayla qəbul etdim və o gün Yusifi yaxından tanıdım.

“Bəli, gələcək o gün, gələcək bir zaman ki,
Bütün dünya keçəcək həqiqət körpüsindən.”

Bu şeirini oxuyandan sonra isə Yusifin içindəki “MƏN”lə baş-başa qaldım. İlin-günün bu vaxtında, insanın bugündən sabaha inamı qalmadığı bir zamanda hələ də həqiqətin qələbəsinə inanan varsa, onda yaşamağa dəyər, İNSANLIQ!
Mən Yusifi həmin o insanlığın içində olan saflıq toxumu kimi görməyə başladım. Onun sevgisi də inamı qədər dəyərlidir…

“Göz açdım dünyaya mən ilk dəfə, dünyanı sevdim,
Təbiət fırçasıyla boyanmış cahanı sevdim.

Yad bir ayaq görmədim, torpağımda, nə daşımda,
Oxşadım gül-çiçəyi, hər bağı, bağçanı sevdim.”

ya da

“Əgər sevirsənsə, tut əllərimdən,
Qəlbimi xalı tək yoluna sərim.”

– deyə bilən insanın ruhundakı hərarətə qibtə etməmək olmur.
Yusif Məhəmmədoğlu…
Bu ad mətbuat aləmində olan çox-çox qələm adamına tanış və doğmadır. Mən inamla deyə bilərəm ki, Yusifi hər kəs sevir. Onunçün darıxmamaq mümkün deyil. Onun səsini bir gün eşitməmək günü tamamlamamq deməkdir.
Mən Yusifin balalrına olan sevgidə Yusifə övlad olmağın şirinliyini duydum. Məhəmmədlə İsmayıl hələ balacadır, hələ uşaqlığın xoş və qayğısız anlarını yaşayır qardaşoğullarım. Onların mənə baba demələrində babalığın məsuliyyətini daddım mən. Və bütün bunları mənə yaşadan Yusifdir… Hər zəngə yorulmadan, bezmədən, səmimiyyətini itirmədən “buyur ustad” deyə bilən Yusif Məhəmdoğlu…
Yusif qəzet redaktorudur. O bu işin məsuliyyəti ilə yaşayan adamdır.
Yusif mətbuatın tozunun, çirkinin, üfunətinin içindən baş çıxara bilən adamdır.
Yusif Məhəmməd kişi üçün oğuldu, özü də layiqli oğuldu.
Yusif balaca Məhəmmədlə İsmayıla atadır. Özü də dəyərli atadır. Amma bütün bunların içindən keçən bir Yusif də var… Daha çox dostlar üçün yaşayan, dostlar üçün xərclənən Yusif…
Mən onu tufana, qasırğaya bənzədirəm… O həmişə tələsir və onun bu tələskənkik enerjisi yaxşı mənada qibtə olunandır. Bəzən özüm də çaşıb qalıram ki, o bu qədər yükü necə çəkə bilir görəsən?
Və Yusif Məhəmmədoğlu adlı bir şair də var bu dünyada. İddiası olmayan, öz dünyasında, öz içində, öz aləmində ruhuyla, hissləriylə baş-başa qalıb duyğularını kağıza köçürən Yusif Məhəmmədoğlu.

Şeir, ümumiyyətlə ədbiyyatın özü bütövlükdə gerçəklə yalanın qovuşumundan yaranan illüziyadan başqa bir şey deyil. Şeir də ruh kimidir, adamın havasını alır, içini yüngülləşdirir onu tərk etdikcə. Yusif də içindəki ağrını boşaltmaq istəyiylə qələmi ələ alır… əsas olan odur ki, ürəyin yükü azalsın. Hər yazılan şeirlə ömrün bir səhifəsi qapanır, təzə bir səhifəsi açılır. İndi bu fikirləri bir-birinin ardınca düzüb yazıya aldığım vaxt yağışın pəncərəmə çırpılması, buludların üsyankar görkəmdə göylərə meydan oxuması, şimşəyin şaqqıltısı ən çox sevdiyim payız fəslinin gəlişinin göstəricisi kimi hər şeyi nöqtələyirdi. Ən gözəl şeirləri təbiət özü yazır. Yusifin “BU PAYIZ” şeirindəki lirikadan fərqli olaraq təbiət daha emossional, daha çılğın yazır yazmaq istədiklərini.

“Təzədən qayıdıb yolumun üstə
Bəs indi nəyimi aparacaqdır?
Bir büküm xatirə gizləmişəm mən
Yoxsa ürəyimdən qoparacaqdır
Bu payız ömrümdən ötməmişdimi?

Onsuz da boynunda qınağım qalıb,
Sarı sim üstündə oynadıb məni.
Ən gözəl duyğunu əlimdən alıb
Ən şirin yuxumdan oyadıb məni-
Bu payız ömrümdən ötməmişdimi?”

Belə-belə işlər, qardaşım Yusif Məhəmmədoğlu.
Onun yazılarını küll halında kitabının redaktoru və mənm də yaxın dostum Ehtiram İlhamdan alıb oxudum. Yalnız Ehtiram bilir onun kitabına ön sözün mənim tərəfimdən yazılacağını. Bu da mənim Yusifə qardaş payım olsun. Bir insan ki, şeir yazır, hiss, duyğu adamıdı, onun əlindən pis iş gəlməz məncə…
Kitabın uğurlun olsun, tələsən adam!

Novxanı, 01 oktyabr 2011-ci il.

http://24saat.az

You may also like

1 şərh

NURAFIZ 2011-10-05 - 17:35

Başqasının uğuruna dəyər vermək əxlaq və könül məsələsidir.Tanri könlünü qorusun.

Cavab

NURAFIZ üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.