Ana səhifə SÖYLƏŞİLƏR “Təkbaşına olanda özümü xəfiyyə hiss edirəm”

“Təkbaşına olanda özümü xəfiyyə hiss edirəm”

Müəllif: Bizim Yazı
283 baxış

Müşfiq XAN: “Manıslıq dəbdədirsə, yazarlığın da dəbdə olması üçün çalışmaq ən azından oxucu olaraq mənim borcumdur”

Həmsöhbətim “tiraj ədəbiyyatı”nın nümayəndələrindən biridir. Onun imzası geniş auditoriyaya yaxşı tanışdır. Dedektiv yazardır. Bunu romanlarının adından da görmək olur: “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə”, nəhayət, bu yaxınlarda oxuculara təqdim olunmuş “Sonuncu hədiyyə” detektiv romanları… Beləliklə, Müşfiq Xanla söhbəti təqdim edirik.

Qısa arayış:
Müşfiq Xan 1982-ci ildə Biləsuvar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin biologiya fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində botanika ixtisası üzrə magistr pilləsini, 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Milli Nəbatat Bağı İnstitutunun botanika ixtisası üzrə aspiranturasını bitirib. Biologiya üzrə fəlsəfə doktorudur.
İxtisası üzrə 30-dan çox xarici və yerli elmi məqalələrin müəllifidir. Elmi araşdırmalarında əsas istiqamət müalicə bitkiləri olub…
2004-2010-cu illərdə Abşeron rayonunun ümumtəhsil məktəblərində müəllim işləyib. 2008-ci ildən “Hədəf” Kurslarında işləyir. Hazırda “Hədəf” Nəşrlərinin direktoru və Hədəf Kursları İdarə Heyətinin üzvüdür. “İSQ” aylıq jurnalının ideya müəllifidir.

– Müşfiq Xan yazar kimi özünü oxuculara necə təqdim edər?
– Hədəfi milli detektiv ədəbiyyatımızı Azərbaycanın xaricində tanıtmaq olan fədai…

– Siz eyni zamanda “Hədəf Nəşrləri”nin də direktorusuz. Bir az bu istiqamətdə fəaliyyətinizdən məlumat verməyinizi istərdik.
– Öncə qeyd edim ki, “Hədəf Nəşrləri”nin dəyişilməz mövqeyi var – gənc müəlliflərin yanında olmaq. Məhz bu mövqeyimizin nəticəsində ötən bir neçə ildə yüzlərlə gənc müəllifin metodik, elmi və bədii kitablarını, həmçinin tərcümələrini çap etmişik. İdeya müəllifi olduğum “Səyyar kitab” sərgi-yarmarka layihəsini davamlı formada Azərbaycanda ilk dəfə bizim nəşriyyat həyata keçirib. Qeyd edim ki, bu layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə müqavilə əsasında təşkil olunur və 40-dan çox məntəqəni əhatə edir. Məncə, hələlik bu qədər yetər.

– Ədəbiyyata, detektiv janra gəlişiniz necə oldu? Qısa da olsa, bu tarixçəni bilmək istərdik.
– Orta məktəbdə oxuyarkən sərbəst mövzulu inşalardan həmişə beş alardım. Fikirlərini ağ kağızlara köçürüb insanlara oxutdurmaq hər zaman maraqlı təəssüratlar yaradır. Mən orta məktəbdə inşalar, xatirə dəftərləri, tələbəlik illərində şeirlər, replər, hərbi xidmətdə hekayələr, divar qəzetləri yaza-yaza bir də gözümü açdım ki, müəlliməm. Onda mənim 22 yaşım vardı. Etiraf edim ki, indiki kimi məhsuldar yazmırdım, amma bu işə bir son da verə bilmirdim. Yəni, yazmaq sanki xobbimə çevrilməyə başlamışdı. Yazmalı idim…
“Vahid Azərbaycan” qəzetini, daha sonra “XAN” jurnalını təsis edib çap etdirməyə başladım. O vaxtın pulu ilə 19 “şirvan” maaş alırdım, əlbəttə, bu, cüzi gəlir idi. Ayın sonunda həmin pulun hamısını jurnalıma xərcləyirdim. Tək idim, müxbir də, redaktor da, təsisçi də özüm idim. Hər şeydən yazırdım. İşim ağır idi, araşdırmalar vaxtımı çox alırdı, sonunda jurnalları pulsuz paylamaqla maarifləndirmə işi aparmış olurdum… Təxminən 2 il sonra günlərin birində həmin gənc müəllim özünün indiki kimi balaca otağında bir qərar verdi: ixtisası üzrə (biologiya) gərəkli bir kitab yazmaq. Dörd ay sonra işlədiyim məktəbdə həmin kitabın təqdimatı oldu. Üstündən təxminən 5 il ötür. 25-dən çox kitabın müəllifi və həmmüəllifiyəm. Bədii yaradıcılıq irəlidədir…

– Bəs xəfiyyə-detektiv ədəbiyyatında sizi cəlb edən səbəblər hansılardır? Ədəbiyyatın bu janrının təhsilinizə və fəaliyyətinizə demək olar ki, heç bir yaxınlığı yoxdur.
– Məktəbli olanda qəribə bir oyun kəşf etmişdim. Həyətimizdə müxtəlif yerlərdə kiçik yazılı kağızlar gizlədirdim. Həmin kağızlarda müxtəlif suallar yazılırdı. Oyunçu doğru cavabları sıra ilə tapdıqca hədəfin yeri yazılan kağızı tapmalı idi. Bu oyunu qonşu uşaqları ilə, qardaşlarımla yığışıb oynayardıq. Sualları və gizli yerləri yalnız mən bildiyim üçün oyunu mən idarə etməli olurdum… Deyərdim ki, indi romanlarımda qəhrəmanları idarə etmək daha çətindir…

– Çox maraqlıdır ki, detektiv əsər yazmaq, qətlin, cinayətin üstünü açmaq üçün ən azından bu sahədən məlumatlı olmaq lazımdır. Sizin o sahə ilə bağlı hansısa əlaqə və ya geniş mütaliəniz varmı?
– Özümü ilk növbədə detektiv əsərlərin mükəmməl oxucusu hesab edirəm. Cinayət hadisələrinin, şübhəli detalların və qətlin açılmasının tələb etdiyi situasiya və terminləri zəruri ədəbiyyatlardan öyrənirəm. Əslində bunlar çox vaxt aparmır, daha doğrusu, düşünməkdən dəfələrlə az vaxt alır. Qəribədir ki, təkbaşına olanda özümü müəllim yox, xəfiyyə kimi hiss edirəm.

– Deyirsiz ki, bədii yaradıcılıq hələ qabaqdadır, amma artıq beşinci kitabınız olan “Sonuncu hədiyyə” romanını da oxuculara təqdim etmisiz, altıncı kitabınız nəşrə hazırlanır. Gənc bir yazar üçün bu, sürətli iş prosesi deyilmi? Ümumiyyətlə, yazı prosesindən, o zaman ərzində olan gərginliklərdən, ya da əksinə, sakit düşüncə anından bir az danışardınız.
– Bir romançının özünü yazmağa məcbur etməsini təqdir etmirəm. Amma yazmaq üçün daxili ehtiyac varsa, yəni hiss edirsən ki, yazmalısan, məhz həmin vaxt iş otağında özünü kağız və qələmin ixtiyarına verməlisən. Yaxud da noutbukun, kimə necə uyğundursa o cür. Romanlarımı yazdığım müddətdə gərgin əmək sərf edirəm. Bunu yaxın çevrəmdə olan insanlar da hiss edir. Xəfiyyə ədəbiyyatı psixoloji gərginliyi olan süjet xətti deməkdir. Əlbəttə, bunu normal qəbul edirəm. Belə olmasa, effektli roman ərsəyə gələ bilməz. Bu gün az-çox oxucu auditoriyası qazanmışamsa, səbəbi budur.

– Olubmu ki, özünüzü detektiv janrından başqa bir janrda da sınayasız, amma onu çap etməyəsiz?
– Bu il “O” adlı kitabım çap olundu. Həyatımın ayrı-ayrı dönəmlərində yazdığım şeir, pritça və hekayələrdən bir qismini kiçik bir arxiv olsun deyə həmin kitaba daxil etdim. Amma bədii yaradıcılıq adına həmin kitabı yenidən çap etməyi və ümumiyyətlə, digər janrlarda yazmağı hələ ki, düşünmürəm.

– Bayaq dediniz ki, ixtisasınızla bağlı kitablarınız, məqalə və digər yazılarınız var. Bəs Müşfiq Xan özünü ixtisasında nə dərəcədə doğrulda bilir?
– Təhsilimdə sonuncu pillə hələ ki, Müşfiq Xan romanlarının yolunu gözləyir. Aspiranturanı iki il əvvəl bitirib, ilk romanımı – “Tənha canavar”ı çap etdirdim. Hazırda elmi fəaliyyətimi bədii yaradıcılıqla paralel davam etdirirəm. Asparagacea fəsiləsindən olan son dərəcə vacib bitkiləri Azərbaycanda tədqiq edən ən gənc alim mənəm. Təcrübə sahəmdə vaxtaşırı böyümə dinamikalarını əks etdirən şəkillər çəkib, qeydlərimi aparıram. Müəllimlik edirəm, nəşriyyatımızda yeni kitabları və tərcümələri çapa hazırlayıram. Yəni, bildiyiniz kimi, qarışıq bir fəaliyyət. Məncə, buna bir son vermək lazımdır.

– Sizin romanlarınızda yaradıcılıq faktoru ilə real həyat nə qədər uzlaşır? Yoxsa obrazlar, hadisələr sadəcə, öz təxəyyülünüzün məhsuludur?
– Abstrakt təsəvvürlərimizə istinad edib kiçik bir təcrübə nəticəsinə baxaq: yeni doğulmuş uşaq yazmağı, oxumağı və düşünməyi bacarır. Sizcə, bu halda onun təxəyyülü də vardırmı?! Əlbəttə, yox. Demək istədiyim budur ki, təxəyyül əslində yaşadığımız mühit və şahidi olduğumuz hadisələrin məcmusundan təcəssüm edir. Təxəyyül həyat yaşantılarının beynimizə fiksə olunmuş arxiv variantıdır. Daha doğrusu, beynimizdə eyni hadisələrin bəlkə də milyonlarla variantları var. Həmin variantların qəhrəmanları da real insanlardır. Roman yazdığım müddətdə özümü kitablardan, kriminal xəbər və verilişlərdən təcrid edirəm. Bu düşünməyim və təxəyyülümü cilalamam üçün çox yaxşı stimul verir.

– Artıq beş bədii kitabınız çap olunub. Hansı kitabdan sonra üslubunuzun tam formalaşdığını hiss etdiniz? Ya hələ də özünüaxtarışla məşğulsunuz?
– Çərçivələri sevmirəm. Hansısa konkret üsluba köklənib, “hə, özümü tapdım” demək mənə görə deyil. Müasir oxucu informasiya yüklü kitablardan uzaqdır. Mən müasir oxucuların romançısıyam. Məncə, hər hansı bir sahədə informasiya almaq lazımdırsa, bunun üçün münasib kitablar – tarixdirsə tarix, dindirsə din, siyasətdirsə siyasət ədəbiyyatları mövcuddur. Azlıq edirsə, ensiklopediyalar da var. Əgər oxucu maraqlı əsər oxumaq istəyirsə, sən onu elmli olduğuna yox, oxunaqlı roman təqdim etdiyinə inandırmalısan. Çünki oxucu səndən həyati roman istəyir. Onun könlünü qırmaq öz qələmini sındırmağa bərabərdir. Gözüaçıq oxucu müəllifin planlaşdırdığı priyomlara qarşı hazırlıqlıdır. Bu səbəblə bədii kitab adı ilə ona sırımaq istədiyin tarix, din, yaxud siyasət kitablarını, əlbəttə ki, aldığı kimi bir kənara atacaq…

– Yeni çapa hazırlanan altıncı kitabınızda Mikayıl Qüdrətov, Saday Oğuz və digər qəhrəman obrazlar yenidən özünə yer tapa biləcəkmi?
– “Tənha canavar” və “Ümidlərin izi ilə” romanlarında baş qəhrəmanım Mikayıl Qüdrətov, “Ünvansız sevgi”də Tomar Bəşirli, “Sonuncu hədiyyə”də isə Saday Oğuzdur. İyunda “U geni” adlı detektiv hekayələr kitabımı çap etdirmək istəyirəm. Həmin kitabda “U geni” hekayəsinin baş qəhrəmanı Mikayıl Qüdrətov, “Yolka işığında qətl” – yeni qəhrəmanım Jöl İsmert, “Yataqdakı qatil” – Sato (Saday Oğuz), “Rəqib” – Tomar Bəşirlidir. Məqsədim ayrı-ayrı romanlarımda oxucularıma təqdim etdiyim baş qəhrəmanları bir məclisə – “U geni”nə dəvət etməkdir.

– Olub ki, sizi hansısa müəlliflə müqayisə etsinlər, ya da müəyyən qədər də olsa, oxşarlıq tapsınlar?
– Dəfələrlə rastlaşdığım haldır. Bunu heç vaxt problem saymamışam. Hətta mənə görə normal haldır. Minlərlə yazar ordusunun sırasından seçilərək müqayisə olunursansa, deməli, oxunursan.

– Bayaq qeyd etdiniz ki, bu il şeir, pritça və hekayələrdən ibarət “O” adlı şeirlər kitabınız da çap olunub. Bəs şair kimi mövzu dairənizdə nələr var?
– Bizim məmləkətdə hər on nəfərdən doqquzu şairdir. Şeirlərimi adətən platonik sevgililərimə həsr edirəm.

– Ədəbi mühitdə kimlərlə ədəbi və yaxın dostluğunuz var?
– Bütün yazarları öz dostlarım hesab edirəm. Manıslıq dəbdədirsə, yazarlığın da dəbdə olması üçün çalışmaq ən azından oxucu olaraq mənim borcumdur. Yazarlarımızın yeganə çıxış yolu bir-birinin kitablarını oxuyub təbliğ etməkdir. Başqa seçimləri varsa, o da yazmamaq ola bilər…

Könül Səid
/”GündəlikTELEQRAF” qəzeti

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.