Ana səhifə YAZILAR TƏHSİLDƏKİ ŞƏKİL , ŞƏKİLDƏKİ TƏHSİL, VƏ YA BEŞMƏRTƏBƏLİ BİNANIN ALTINCI MƏRTƏBƏSİ

TƏHSİLDƏKİ ŞƏKİL , ŞƏKİLDƏKİ TƏHSİL, VƏ YA BEŞMƏRTƏBƏLİ BİNANIN ALTINCI MƏRTƏBƏSİ

Müəllif: Bizim Yazı
2. 098 baxış

 

Birinin gözəlliyi, zahiri görünüşü haqqında danışanda deyirlər ki, şəkil kimi adamdır. Bu ifadəni daha çox dünyadan köçmüş adamların bugünümüzə qalan fotolarına baxarkən işlədirlər. Belə çıxır ki, ən çirkin adam da öz doğmalarının yaddaşında gözəl qalır , və ya şəkildə gözəl düşmək istəyir. Yaxud özünün cavanlıq şəklini görəndə kimsə deyir ki, gör nə aslan vaxtlarım olub. Mən isə heç zaman belə düşünməmişəm. Bir sıra məşhurların gənclik və qocalıq şəkillərini müqayisə edərkən həmişə düşünmüşəm ki, adam qocaldıqca nurlanır. Elə özümün də gənclik və indiki şəkillərimə baxarkən bu qənaətə gəlirəm və gəncliyimdəki geyim dəblərini xeyli qınayıram. Amma hər dövrün öz estetikası var.
Bu gün təhsilimiz fotoşəkillərin ipəzorundan asılmış vəziyyətdədir desəm, yanılmaram. Əvvəl keçək ipəzor məsələsinə… Dilimizdə “zivə”, “paltar ipi”, lap rusca desək, “rolik ” kimi ifadələr var, amma bu ipdən o yaş paltarı nə ilə asıb qurudurlar? Bax bunu “şpilka” sözü ilə ifadə edirdik. Milli Elmlər Akademiyamızın Dilçilik İnstitunun alimləri bu qənaətə gəldilər ki, “şpilka” bizim dilimizə “ipəzor ” kimi tərcümə olunur. Lap yaxşı, olsun ipəzor. İndi görək yaş təhsilin fotoşəkil lentini zivədən asıb qurutmaq istəyən ipəzorlar kimlərdir?
Fotoşəkil bir anın hökmüdür. Film isə bəlkə də aylarla, illərlə əmək sərf olunan sahədir. Amma və lakin hələ sovet dövründə AZTV-dəki dünya kinematoqrafiyası haqqında çəkilən verilişin adı “Həyatın bir anı” idi. Bu məntiqlə yanaşsaq, bu gün sosial şəbəkədə təqdim olunan təhsil əsl təhsil deyil, təhsilin bir anıdır. Çünki ən yaxşı müəllim kimi məşhur olanlar ən yaxşı video və ya foto çəkənlərdir. Sual yaranır: bir anlıq fotoda, 5-10 dəqiqəlik videoda təhsilin keyfiyyəti necə təqdim oluna bilər? Axı təhsil üçün ömrün illərini vermək lazımdır. Şəxsən mən 47 illik ömrümün 41 ilini təhsilə həsr etmişəm. Bu zaman kəsimində həm təhsil aldığım, həm təhsil verdiyim illər dayanır. İndi mən necə bütün bu illəri bir anın foto yaddaşında təqdim edim?
Bir məsələ də var: O fotolardakı, videolardakı şagirdlər həmin çəkiliş üçün uyğun vəziyyətə salınanacan nə qədər incidilirlər, nə qədər istismar olunurlar? Neçə saat dərsin vaxtı bu mənasız məşqlərə sərf olunur?
Təəssüf ki, bizdən tələb olunan budur!
-Bəs tələb edənlər kimlərdir?
– Min ilin ipindən təzə paltar asmaq istəyən İPƏZORLAR.
Ay adamlar, ipəzor da təzədir, paltar da təzədir. İp köhnədir, ee ip köhnədir.Oktyabryat, pioner, komsomol ipidir bu ip. Biz o ipdən nəinki təzə paltar assaq, hətta özümüzü assaq belə intiharımız baş tutmayacaq, ip qırılacaq. İp çürüyüb, İp əpryib, ipin qatları seyrəlib. Biz isə o ipin qatlarından şəkil asırıq. Asırıq o şəklləri facebook səhifələrindəki guya təzə bildiyimiz çürümş zivədən, asırıq şəkilləri instoqramdakı yeni saydığımız qədim məftildən, asırıq o şəkilləri vhatsapdakı müasir hesab etdiyimiz çürük sicimdən… bəs o zivələri, məftilləri, sicimləri yeni sosial şəbəkələrin dirəklərinə bənd edənlər kimdir? O da bizik.
Biz təhsil adına şəkil asırıq zivədən, ipdən, məftildən, sicimdən…. Əslində isə biz təhsil asırıq dar ağacından!
Deyirlər şəkil göndər, göndəririk. Deyirlər yox, göndərdiyiniz şəkillər keyfiyyətsizdir. İndi müəllim keyfiyyətli təhsil verməyimi düşünsün, keyfiyyətli şəkil çəkməyimi? İndi müəllim öz ucuz telefonuyla necə baha şəkil çəksin? Müəllim bahalı telefon almağınmı qayğısına qalsın, yoxsa yaxşı təhsil verməyinmi?
Bəlkə güclü fotoqraf işə götürək?
Axı belə ştatımız yoxdur.
Vallah mən qəşəng bilirəm, qəşəng bilirəm ki, lap Rza Deqatini də məktəb işinə cəlb etsək, rayon təhsil sektorlarındakı şəkil ekspertləri onun çəkdiklərini bəyənməyəcəklər. Niyə? Ona görə ki, bu ipəzorlar üçün məzmunlu şəkil deyil, heykəl duruşlu foto lazımdır. “Son zəng” dən şəkil göndərirəm, deyirlər yox, burada məzunların yanaşı durub çəkdirdikləri foto gərəklidir, “Əlifba bayramı”ndan şəkil göndərirəm, deyirlər yox, bizə birincilərin əsgər sırası ilə dayandıqları görüntü vacibdir. Açıq dərsdən şəkil göndərirəm, deyirlər müəllimin ağzı açıq düşüb. Lap yaxşı , biz də bu tədbirlərə vaxt sərf etmərik, dediyiniz heykəl şəkillərini çəkib göndərərik, işimiz düz gedər.
Doğrudanmı dərs zamanı müəllimin ağzı yumulu düşməlidir?
Biz müasir təhsilimizi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli, 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri üzərində qurmalıyıq. Bu strategiyanın beş əsas istiqaməti var. Mən bir ədəbiyyat adamı olaraq bu sənədi beşmərtəbəli,möhtəşəm bir binaya bənzədirəm. Çağdaş dövrümüzdə bütün sahələrin memarı olan cənab prezident təsdiq etdiyi bu sənədlə də müasir təhsilin gələcək abidəsinin təməl daşlarını qoydu. Biz bu binanı beləmi ucaltmalıyıq? Biz bu binanı yalnız şəkil, maket kimi təqdim etməliyikmi? Təhsil Nazirliyinin bu istiqamətdə apardığı əməli fəaliyyəti beləmi anlamalıyıq? Gəlin düşünək, bəlkə biz bu beşmərtəbəli binanın altıncı mərtəbəsiyik?
Mən əsla özümü bu ampulada görmürəm. Beş əsas istiqamət mənim üçün bir manifestdir.
Şəkil strateqləri, bəs sizlər özünüzü hansı təşbehin, hansı metaforanın çevrəsində, hansı məşhur obrazların tipində görürsünüz?

Elşən Əzim
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.