Ana səhifə YAZILAR ŞUBAT SÖYLƏMƏLƏRİ…

ŞUBAT SÖYLƏMƏLƏRİ…

Müəllif: Bizim Yazı
283 baxış

Vahid ASLAN

Hər kəsin şeiri

Bu səhər taleyim öz əlimdədi,
Yazım taleyimi qar ağlığına.
Hər kəsi sirdaşım, yaxınım bilim,
Baxmayım yolların uzaqlığına…

 

 

Baxmayım dünənki qəddarlığıma,
Sanım ki, onlar da qar altda qalıb.
Qoy olsun… dönmüşəm insanlığıma,
Təmizlik ağlımı əlimdən alıb…

Toxunsun bu səhər əlim ağ qara,
Saflıqdan ötəri qəlbim üşüsün.
Ömür… yaşadanda olmazmış qara,
Düşünsün… ağ, qara insan düşünsün…

Toxunsun ağ qarın soyuqluğuna,
Çilik-çilik olsun nifrətim, kinim.
Yazım istəyimi qar ağlığına,
Toxunsun üzünə, əlim, sevginin…
01.02.14

Ağ şəhər olaydın

Bakı, heç xəbərin varmı özündən,
Açılıb sabahın qar ağlığına.
Şəhərim, çox sağ ol, üzün ağ olsun,
Qayıtdım ömrümün uşaqlığına;

Bu səhər təmizlik boylanır səndən,
Bakirə! – Qoy belə deyim mən sənə.
Tanrım adamlara umud olmayıb,
Nə yaxşı təmizlik göndərib sənə…

Ağ qar… üzərində ağ örtük kimi,
Bu səhər ağ günlü gəlin kimisən…
Bu səhər beləcə ağ görkəminlə,
Nə qədər ürəkdən sildin qəmi sən…

Şəhərim, qəlbimdə min arzu doğdu:
-Ağ şəhər olaydın insanlarınla!
-Hər kəsin şəhəri ola biləydin,
-Məsud yaşayaydın insanlarınla!
01.02.14

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.