Ana səhifə YAZILAR TURAL QUL.Söndürmə o şamı – söndürmə məni

TURAL QUL.Söndürmə o şamı – söndürmə məni

Müəllif: Bizim Yazı
827 baxış

AL ÜMİDİMİ

Kağızım çəkilib qəlbimin üstə,
Qələmim əriyir qəlbimin üstə…
Bu gecə bölünüb dərdimin üstə
Biri sənə düşəcəksə,
al ümidimi!

 

Yandırma bu şamı – yandırma məni,
Söndürmə o şamı – söndürmə məni.
Gözüm kipriyimdə gözləyir səni;
Biri sənə düşəcəksə,
al ümidimi!

Qırdım zəncirləri, əllərim səsli,
Dönürəm özümə soyuq nəfəsli…
Bizim xatirəmiz nələri kəsdi?!
Biri sənə düşəcəksə,
al ümidimi!

OYANMAQ GƏRƏK

Ayrılsan canından, can da ayrılsa,
Bir qədər səbr edib, dayanmaq gərək.
Ömür yollarından yar da ayrılsa…
Nə qədər gec deyil, oyanmaq gərək!

Qaçdığın keçmişə dön yeriyərək,
Çürüyən almanı böl çürüyərək,
Zamanın içində vaxt böyüyərək…
Nə qədər gec deyil, oyanmaq gərək!

Yoxluqla varlığı ayır ağlınca,
Bir gecə, bir gündüz daşı yanınca.
Dünyanın qapısı bağlı qalınca…
Nə qədər gec deyil, oyanmaq gərək!

Gözləmə ulduzlar tökülən günü,
Gözləmə günəşin son dönüşünü;
Belə gözləməklə vermə ömrünü,
Nə qədər gec deyil, oyanmaq gərək!

İKİ ÇİÇƏK

Gözün istəyini ürəyim qovur,
Zəbt olan ürəyim indi qınanmaz.
Bir çiçək yanında solur bir çiçək,
Solan bu çiçəklə, tikan sınanmaz…

Sevgini ayırdım, eşqi ayırdım,
Kədəri ayırdım, dərdi ayırdım.
Köhnə yuxulardan indi ayıldım,
Təzə yuxularım hələ yozulmaz.

Başımın üstündə bulud da iki,
Ağ qara, qarası durub ağ kimi.
Küçənin yolları dağların diki,
Həsrət istəmədən, bu dağ aşılmaz.

Eşqin arzuları xəyalsız qalıb,
Sevgi xəyalımla arzuya dalıb…
Könlüm bu yaranı yaradan alıb,
Bunu, bu bədəndən qoparmaq olmaz.

Turalın sancısı sancını kəsir,
Hələ də ağrısı ağrını əzir.
Aldığı zəfərlər zəfərə əsir,
Onun kölgəsində özü dayanmaz.

OXŞAR

Gözlər yox, baxışım hissimə qalıb,
Utancaq üzümə gülüşün oxşar.
Coşar, görmədən də dənizdə dalğam,
Səndə mənsizliyə sənsizlik oxşar.

Sadə bağ, sadə gül, sadəcə bülbül,
Belə sadəliyə sadəlik gülür…
Təkliyə-təkliyə cütləndi ömür,
Cüt olan ömrümə təkliyin oxşar.

Qaçıram, ayağım aldadır məni,
Dururam, ayağım aldadır məni.
Qəlbin qapıları oyadır məni,
Bağlı qapılarım açığa oxşar.

Dönərmi geriyə, gedəcək yolun?
Dönərsə, sevginə olarmı doyum?
Məni fələyimlə baş-başa qoyun…
Artıq doğrularım yalana oxşar.

http://facebook.com/​TuralQul

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.