Ana səhifə BAŞ YAZI “Sarı gəlin” əfsanəsi

“Sarı gəlin” əfsanəsi

Müəllif: Bizim Yazı
118 baxış

Vüqar ZİFƏROĞLU

GERÇƏK SEVGİ HEKAYƏSİ, GERÇƏK SEVGİLƏR ÜÇÜN…

Uzaqdan gələn yanıqlı bir ney səsi insanı xəyallar aləminə aparır. Bir türküdür neylə ifa olunan. İçində sevgi, xəyanət, sadiqlik və dönməzlik olan faciəli bir hadisəni yaddaşlara yüz illərdir ki, həkk edən və kimsənin unutmasına imkan verməyən bir türkü. Türkün özü kimi böyük bir sevgini əbədiləşdirən türkü. Bu səsdə bir möhtəşəmlik, bir əsrarəngiz sehr gizlidir. Elə bir türküdür ki, üzərində daşıdığı o dərin mənanı anlamayan, sadəcə anlamağa gücləri çatmayacaq bəzi “yarım millətlər” belə bu türkünü özlərininki etmək istəyərlər. Bu elə bir türküdür ki, ürəkləri parçalayan bir gerçək EŞQ hekayəsini yaşadaraq, bozqırlardan əsən yarımçiq bir türkü kimi qəlbləri param parça edir. Bu “Sarı Gəlin” türküsüdür.

Hər türkü bir gerçək hekayəni yaşadan kimi, onun da bir acı dastanı var. BİR TÜRKÜN ÖLMƏZ SEVGİSİ HAQQINDADIR! GERÇƏK SEVGİNİN ÖLMƏZ OLDUĞUNU SÜBUT EDƏN ƏN BARİZ NÜMUNƏ KİMİ! BİR TÜRKÜN ÜRƏYİNƏ VƏ RUHUNA TAM MÜTLƏQİ HAKİM OLAN BÖYÜK BİR SEVGİ DASTANIDIR! ÖRNƏKDİR…

Bir gün övliya və eşq yolunun ən ustad mürşidi Şeyx Əbdülqadir Geylani (k.s.) həzrətlərinin müridlərindən Sənan, piri-mürşidindən icazət alıb, İslamın eşq xəzinəsini təbliğ etmək üçün yola çıxmaq istədiyini söyləyər. Şeyx tələbəsinə öyüd-nəsihət verdikdən sonra, alnından öpüb xeyir-duasını verər. Və Sənan sevimli ustadının əlindən öpərək, bir daha əsla geri dönüşü olmayacağı bir yola rəvan olar…

Yola düşən Sənan Ərzurum civarında bir dərvişə rast gəlir. Bir yerdə davam etmək qərarına gələrlər. Deyilənə görə, uzun yol qət etdikdən sonra Kür çayına çatırlar. Qoca dərviş gənc və qüvvətli Sənandan çayi keçməkdə kömək etməsini istəyir. Xashiş edir ki, onu belinə alıb qarşı sahilə keçirsin. Lakin Sənan imtina edir. Dərviş də, “Məndən əsirgədiyin çiyninə, donuz balaları minsin!” deyə bəddua edir. O zaman Sənan bu qoca dərvişin duasına ürəkdən gülür..

Çayı keçdikdən sonra hər ikisi xristian qipçaqlarından Penek bəyin oymağına çatarlar. Penek bəyin də gözəl bir qızı var. Elə bir qız ki, bütün türk oymaqlarına öz gözəlliyi ilə ad salıb. Qipçaq gözəli, TÜRK irqinin ən yaraşıqlı boylarından olan qıpçaqların ən gözəl cizgilərini sanki özündə cəmləyib: sarışın, ağbəniz, mavi gözlü, hündür boylu, ahu gərdanlı. Türk bəyləri, igidləri bu qızın bir təbəssümü üçün dünyanı yandırarlar. Sənan burada öz qara sevdasını tapar. Aşiq olar…

Sevgidən ağlını itirən Sənan, bacardığı qədər Penek bəyin müsafirpərvərliyindən istifadə etməyə çalışır. Lakin ayrılıq vaxtının da gec-tez gələcəyini bilir. Eşq dərgahının sirrlər hakimi olan Mürşidi Geylanidən (k.s.) sevginin necə bir bəla olduğunu bilir Sənan. Sevgi insanda nə qürur buraxır, nə ağıl! Buna ona görə sevgi deyərlər zatən…

Sənan Penek bəyin yanında qalıb çobanlıq etmək qərarına gəlir. Təki sevdiyini gündə bir dəfə olsa belə uzaqdan görə bilsin. Onun gül camalına baxsın. Dua edir Sənan. Əhd edir. Qadir Mövlamızdan onun sevgisindən bu gözəlin də ürəyinə salmasını diləyir. MÖVLA onun duasını qəbul edir, qızın da ürəyinə Sənanın sevgisini salır. Və beləliklə eşq, böyük Şeyxin müridini xristian bəyin donuz çobanına, xristian bəyin qızını isə müsəlmana çevirir. Allah (c.c.) nəyə qadir deyil ki?…

7 il beləcə keçir…

Eşq dərgahının əbədi mürşidi Şeyx Əbdülqadir Geylani (k.s.) həzrətləri sevimli tələbəsinin başına gələn bu hadisədən xəbər tutar. Çox üzülür Hz. Əlinin (a.s.) Sirrlərinin əmanətçisi olan mürşid. Çox kədərlənir. Əmr edir ki, 40 müridi yola düşsün, tələbəsini götürüb yanına gətirsin! Gərəkərsə sevdiyi qızı da özləri ilə götürsünlər! Ya onlarla qayıtsınlar, ya da heç dönməsinlər!

Müridlər sevgili şeyxlərinin əmrinə müntəzir olaraq, həmən yola düşərlər. Oda özünü fəda edən pərvanə tək, ölümə doğru sevə-sevə qoşarlar. Şeyxlərinin əmrini yerinə yetirmək, qardaşlarının imdadına yetişmək üçün gecə-gündüz yol gedərlər. Və Sənanı nəhayət donuz güddüyü yerdə taparlar…

Sənan Şeyxin onu çağırdığını eşidib sevinər. Sevgili mürşidi onu unutmayıb. Onun dərdindən halidir. Qardaşlarını onun köməyinə göndərib. Lakin, sevdiyi olmadan da gedə bilməz Sənan. Qardaşlarına o cür də cavab verir. Müridlər elə oradaca bir qaçış yolu hazırlayarlar. Səhər tezdən Sənan öz sevdiyini qaçırıb müridlərlə birlikdə sürətlə atları Qarlı dağa doğru çaparlar.

Bir qədər sonra aşiqlərin yoxa çıxdığını başa düşən Qipçaq bəyinin adamları, bütün qonşu kəndlərdə axtarışa başlayırlar. Bir şey tapa bilməyəcəklərini anlayıb, atlarının yönünü dağa tərəf döndərirlər. Aşiqlər və müridlər təqib edildiklərini anlayıb dağın cənub yamacına doğru sıxılırlar. Lakin, təqib edənlər onları burada haqlamağa müvəffəq olurlar. Aralarında qanlı bir savaş olur. SEVGİ YOLUNUN YOLÇULARI ÖZ CANLARINI SEVGİ UĞURUNA FƏDA EDİRLƏR…

Deyilənə görə, bu günki “Allahu Əkbər!” dağı, öz adını, şeyxlərinin əmri ilə aşiqləri geri qaytarmağa göndərilmiş həmin 40 şəhid mücahit müridin və aşiqlərin, savaşa atılarkən gətirdikləri “Allahu Əkbər” nidalarından alıb. Onların məzarları bu gün də ziyarət edilər, “40 Şəhid məzarlığı” deyilər o yerə. SEVGİNİN, MÜBARİZLİYİN, DÖNMƏZLİYİN, VƏFANIN, ÖLÜMƏ QALİB GƏLƏN EŞQİN SİMGƏSİ KİMİ…

P.S. Bu yazını çoxdan işləmək isteyirdim. Demək ki, qismət bu günə imiş.

http://veteninfo.az/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.