Ana səhifə YAZILAR Şantaj yolu ilə çörək “qazananlar”…

Şantaj yolu ilə çörək “qazananlar”…

Müəllif: Bizim Yazı
891 baxış

QHT DDShSeymur Verdizadə

Üç gün öncə yazmışdım: “Yazılı mətbuatdan fərqli olaraq, virtual aləmdəki “reket”lərə nəzarət etmək daha çətindir. Çünki onların daimi oturduqları redaksiya yoxdur, telefonlarına isə adətən “zəng çatmır”. Bu adamların mövcudluğundan əsasən şantaj etdikləri şəxslər xəbər tuturlar. Heç birimiz onların “qurbanına” çevrilməkdən sığortlanmamışıq. Təəssüf ki, 10-12 il öncə yazılı mətbuatı nüfuzdan salan adamlar indi də elektron KİV-ləri gözdən salmaqla məşğuldur”.
Yenə o fikirdəyəm ki, internet qəzetlərin sayının artması üzündən virtual aləmdə at izi it izinə qarışıb. Bu portalların əksəriyyəti bir-birini təkrarlayır, ictimai fikrə təsir etmək imkanına malik olmur. Jurnalist adına ləkə olan bəzi dəllallar rəhbərlik etdikləri saytlara “çörək ağacı” kimi baxır, öz çirkin məqsədlərini həyata keçirmək üçün vicdanlı adamlara qara yaxmaqdan çəkinmirlər. Belə saytlardan biri son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevi hədəf seçib. Sual olunur: niyə məhz Azay Quliyev? Cavab bəllidir: Azay müəllim gənc və enerjilidir. O, tez-tez müxtəlif xarici ölkələrə səfər edib, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla məşğuldur. Üstəlik, geniş dünyagörüşə, sağlam düşüncəyə malikdir, ölkədə vətəndaş cəmiyyətinin inkişafına layiqli töhfə verir. Azay Quliyevə yönəlmiş ittihama baxın: xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə yardımı ayırır!
Cənablar, həmin QHT-lərin icra etdikləri layihələr barədə sizin məlumatınız varmı? Bilirsinizmi, xarici QHT-lərə ancaq Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün pul ayrılır? Yoxsa, bədnam qonşularımızın gerçək simasının üzə çıxması sizi narahat edir? Lütfən, nə istədiyinizi açıq deyin, biz də işimizi bilək.
QHT-lərə dəstək olmaq, ayrı-ayrı sahələrin inkişafına töhfə vermək nə vaxtdan qəbahət sayılır? Öz ideyalarını reallaşdırmaq istəyən jurnalistlərə, musiqiçilərə maliyyə ayırmaq olmaz?
Ötən həftə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) qurultayında səsləndirdiyim bir fikri burda da tirajlamaq istəyirəm: “Jurnalist təşkilatları ayaqda qaldıqları üçün QHT Şurasının sədri, millət vəkili Azay Quliyevə minnətdar olmalıdırlar”.
Əcəba, siz bu cür “minnətdarlıq etməyi” kimdən öyrənmisiniz? Nüfuzlu ictimai xadimi şantaj etmək, savadına, qabiliyyətinə bələd olmadığınız bir xanımın adını yazıda hallandlrmaq hansı əxlaqa sığar? Jurnalist etikasına zidd olan bu cür hərəkətləriniz üzündən vicdanlı qələm sahiblərinin dost-tanış yanında başıaşağı gəzdiyindən xəbəriniz varmı?
Azay Quliyevə ünvanlanmış ittihamlardan biri təxminən belədir: QHT Şurası musiqiçilərə, pianino ifaçılarına pul ayırır. Qəribə məntiqdir. Musiqiçi öz sahəsinə aid olan layihə həyata keçirə bilməzmi? Necə olur ki, siz dayaz ağlınız, bəsit təfəkkürünüzlə qəzet aça, sayt yarada bilirsiniz, amma kifayət qədər incə peşə sahibi olan pianino ifaçısı hansısa layihəni reallaşdıra bilmir? İnsanlara üstdən aşağı baxmağı, başqalarını aşağılamağı sizə hansı “ağıllı” öyrədib? Müqəddəs dinimizin bu cür yanaşmanı qadağan etdiyindən xəbəriniz varmı? Məsləhət görürəm ki, ayrı-ayrı insanlara şər-böhtan atmaqdan, vicdanlı adamların şəxsi həyatına müdaxilə etməkdən yorulanda bu cür incə mətləblərdən də xəbərdar olun. Nə vaxtsa işinizə yarayar…
“Reket”lərin dəsti-xətti, üslubu həmişə eyni olur. Onlar yazdıqları cızma-qaranı təxminən bu sözlərlə tamamlayırlar: “Yazıda adları çəkilən şəxslərin də mövqeyini öyrənməyə hazırıq”. Hansı ki, qarşı tərəfin fikri məqalədə öz əksini tapmalıdır. Yazı işıq üzü görəndən sonra şantaja məruz qalan adamın nə düşündüyünü öyrənməyə ehtiyac yoxdur. Çünki həmin vaxt zərərçəkənin ürək sözləri təkcə məqalə müəllifinə deyil, həm də onun yeddi arxa dönəninə ünvanlanır və ictimailəşdirmək üçün yararlı olmur…

Qaynaq: modern.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.