Ana səhifə YAZILAR Şairin Oğlu…

Şairin Oğlu…

Müəllif: Bizim Yazı
923 baxış

(esse)

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,

Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm

Bəli, adi bir Allah bəndəsi, böyük bir şair yazıb bunu. Böyük bir kişinin ocağında ən qayğısız oğul kimi, həyatı başqa insanlara nisbətdə ssenari kimi, yaddaşda əbdiləşən şərqi kimi, nağıl kimi qalan Vaqif Səmədoğlu yazıb.
Heç kəsin nəsib olmadığı qədər xoşbəxt, heç kəsin düçar olmadığı kimi də bədbəxt? Ömrü bəzən nağıla, əfsanəyə, novellaya bənzədilən insan? Çox gənc yaşında qocalar qədər müdrik, qoca vaxtında cavanlardan zirək, qoca.
Zaman onu əlimizdən alsa da, şeirləri onun yaşadığını deyir:

Əyrin-üyrün,
dar küçələrin,
gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası
küçələrini
dolanan addımların
həmişə tənha səsi,
Gecələrinin
dünyada itən tarix tikəsi.
İçindən
Kommunist küçəsinə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi
Biçarə şəhər,
İçəri şəhər…

Uşaqlığımda bu şeiri oxuyanda elə düşünürdüm ki, İşərişəhərin sahibi, yiyəsidi Vaqif Səmədoğlu. O vəfat edəndə sandım ki, o boyda şəhər yetim qaldı, çünki onu anan, yada salan, dərdinə qalan bir insan vəfat edib.
O, şair idi, laübali idi. Deputat oldu, heç kəs bilmədi, hiss eləmədi ki, ona o boyda səlahiyyət verilib? Xalqın vəkili, tərcümanı, dərdinin, ağrısının-acısının daşıyıcısı oldu. “Mən-mən-mən!”-demədi, görmədim…
Bəzən ailə üzvülərinin əvəzinə dənizlə, şəhərlə, bayraqla danışırdı. Ömrünü dəniz sayırdı Vaqif Səmədoğlu, arzusunda canlandırdığı sevgilisini isə “…uzaq, yaşıl ada…”. Hətta ailə üzvülərinə demədiyi sözləri ətəyindən tutduğu Tanrısı, Allahı ilə paylaşırdı, O.
Ağır xəstəliklə çarpışanda da heç kim eşitməsin deyə, pıçıltı ilə danışırdı, O:

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

“Yeddi şeir” (bu özü elə bir sirrli başlanğıc demək idi) adlı ilk mətbu əsəri ilə ədəbiyyata böyük bir heyrət gətirən Vaqif Səmədoğlu gedişi ilə də insanları silkələdi, inanılmaza inandırdı. Əzrayılla çiling-ağac oynadı. Sözlə ölümə sillələr vurdu. Ağrıdan dönə-dönə yanıb-yaxılsa da, xəstəliyin pəncəsində pencər kimi sıxılsa da, zarafat edirdi ölümlə: “Mən ölümdən niyə qorxum ki, hələ bilmirəm ölüm necədi? Gedəndən sonra biləcəm?”-deyirdi. Həmişə nikbin ruhla danışırdı. Əlacsız bir xəstəliyə düçar olduğunu bilsə də, ölüm qarşısında əyilmədi, onu əydi, yerə gömdü, sonra getdi. Tanrısına qovuşdu:

Kimin var, Ulu Tanrı
Məndən savayı bu dünyada?
Kimim var səndən başqa
bu aləmdə mənim?
Sən tək, mən tək,
Ulu Tanrı

Bax, şair babanın şair oğlu Vaqif belə Vaqif idi. Qazaxlılar ona bircə kəlmə-Şairin Oğlu deyirdilər.
Tanrı qatında yeri uca olsun!

Zərəngiz Dəmirçi Qayalı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.