Ana səhifə BAŞ YAZI VURĞUN EŞQİ

VURĞUN EŞQİ

Müəllif: Bizim Yazı
934 baxış

Afaq ŞIXLI

Azərbaycan ədəbiyyatının şeir xəzinəsinə təbiəti, insanları, dünyanı sevdirəcək misilsiz poeziya nümunələri bəxş etmiş dahi Səməd Vurğun haqqında növbəti ləyaqətsiz sözləri oxuduqdan sonra artıq susa bilməyəcəyimi anladım. Əslinə qalsa, bu zamanadək susmağımı da, böyük günah sayıram!
…1981-ci il idi. Yeddinci sinfində oxuyurdum. Məktəbimizə, Səməd Vurğunun Qazaxda keçiriləcək 75 illik yubileyində şeir söyləyəcək uşaqlar seçməyə gəlmişdilər. Münsiflər – Azərbaycan İncəsənət İnstitutunun müəllimləri – Könül xanım (Axundova) və Əşrəf bəy (soyadını unutmuşam) şagirdləri bir-bir dinləyir və öz dəftərçələrinə qeydlər aparırdılar. Növbə mənə çatdı. Şeiri söyləyib bitirdiyimdə Könül xanım: “ qızım, bu şeir mənə tanış gəlmədi. Müəllifi kimdir?” deyə soruşdu. Mən isə utanaraq astaca “mənim şeirimdir” dedim. Başqa söz demədilər, lakin sabahı gün foyedə asılan elanda iki nəfərin – özümün və daha bir sinif yoldaşımın adını oxudum (Mirzəyev Qulam – bu hadisələr onun həyatında böyük dəyişiklik edəcək və o, gələcəkdə aktyor olacaqdı).
O zaman yazdığım həmin şeir çox təəssüf ki, tam olaraq yadımda deyil, lakin ilk misraları belə idi:

Axı mən nə yazım sənin vəsfinə?
Axı nə söyləyim, ey ustadım, nə?
Yazımmı saçına düşən o ağ dən
Qəmli sətirlərin yadigarıdır?..
Yazımmı dahisən,
Şeirin özüsən!…
Ötən bir sevginin xatiratıdır
Sənin hər bir sözün, sənin hər kəlmən…
Saçlarına düşən saçaq-saçaq dən!..

Əlbəttə ki, bu – 12 yaşlı bir uşağın yazdığı misralardır və …həmin günlərdən çox zaman ötüb. Lakin Vurğun eşqi ürəyimdə heç zaman sönməyib. Qazaxda keçirilən o şeir günləri, Vurğun qələmindən süzülən incilərin bizim uşaq təfəkkürümüzə təsiri və aldığımız təəssüratlar – bir ömür boyu unudulmayacaq qədər əsrarəngiz idi.
Çox əfsuslar olsun ki, dünya dəyişib… Yaxşını pisdən seçməyi unutmağa başlayıb insanlar. Bizim yaşıdlarımız – Hikmət Hacızadə kimiləri – nə qədər çətin olsa belə, bir vətəndaşı düzgün tərbiyə edə bilən, vətənini sevdirən, onu qorumağı öyrədən keçmişimizə ikrah, Dostoyevsiləri oxuyan nəslə ürək ağrısı ilə yanaşırlar. Əksinə, qocalarımızı ekrana bağlayan sarsaq şou-verilişlər, gənclərimizi sapdıran porno filmlər və ana-bacılarımızın başını qatan mənasız mətbəx proqramları əsrinə, torpaqlarımızın əldən getdiyi namərdlik dünyasına həsəd aparırlar.
İndi də, Qazaxlı yazarlara, ələlxüsus da dahi Səməd Vurğuna qarşı sanki gizli, hətta heç gizli də yox, əməlli-başlı müharibə elan edilib.
Ilk öncə bunu demək istəyirəm. Qarabağa – Azərbaycanın musiiqi ocağı, yurdumuzun konservatoriyası deyiləndə qəlbimiz fərəhlə dolurdu və dolur da! Nədən hələ də bu fikirdəyik? Başqa bölgələrimizdən də gözəl oxuyanlarımız çoxdur. Və halbuki, Qarabağımızı -Azərbaycanın bu mədəniyyət ocağını xaincəsinə, laqeydcəsinə və amasızcasına itirib düşmənlərə tapdaq etmişik və indi də kənardan baxıb, əli qoynunda hələ də Qarabağ şikəstəsi oxuyuruq yana-yana.
Qazağın, həqiqətən də, söz, şeir, şirin kəlam ocağı olmasını dilimizə gətirməyə qorxmamaq üçün mütləq onu da itirməliyikmi? Bəlkə hələ gec deyil? Bəlkə, onu da düşmənlərə qurban edək və sonra, Səməd Vurğunun Azərbaycan şeirindən bu parçanı ağlaya-ağlaya dillər əzbəri edək?

“Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata…
At qan tərə bata-bata
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göygölə bax!”

Səməd Vurğunun yaşıdı belə olmayan, onunla söhbət edib bir masaya oturmaq şansını yaxalamayanlar: Hikmət bəylər, Qaraqaplanlar və s… ona “səviyyəsiz” deyənlər, “qazaxşina” sözünü gündəmə gətirib ağızlara atanlar – hansı səviyyəsizliyini görüblər ki? Şeirlərinə görə fikir yürüdürlürsə, onun şeirləri – əsil şeirdir! Bəli! Esseyə bənzəməyən, “şeir” deyiləndə məhz şeir yada düşən poeziya nümunələridir. Bunu, hətta deyənlərin özləri belə, öz içlərində təsdiqləyirlər. Nə yazıq ki, indi “palaza bürün…” siyasəti gedir. Nə yazıq ki, yaşlanmaqda olan nəslin gənclərə yarınmaq siyasəti gedir. Və nə yazıq ki, gənclərimizin bir-birlərini dəstəklədikləri kimi, orta və yaşlı nəsil bunu bacarmır. 1937-ci illərdəki kimi, hər kəs özünü qorumağa, gündəmdə qalmağa və, nəbadə, yersiz görünməməyə çalışırlar. Nədən “şirvanşina”, “qarabağşina” və ya “cənubşina” deyə bilmirsiniz? Bu bölgələrdən olan əziz dostlarım məndən inciməsinlər, lakin yenə də hər şey gündəmə və kürsüyə bağlıdır. Dünyasını dəyişənlərə qarşı çıxmaq və ya işi ötmədiyi adamları tənqid və təhqir etmək – elə də böyük qəhrəmanlıq sayılmaz!
Tərcüməçi-publisist İsaxan İsaxanlının sözlərini sitat gətirmək istəyirəm: “Səməd Vurğuna söz atanlar, sadəcə olaraq, özlərini layiq olduqları qədər kiçildirlər! “Könülsüz bir həyat – bir viranədir!” deyirdi dahi şairimiz. Minlərlə bu kimi sətirlərin müəllifinə “…səviyyəsiz şairdir” deyənlərə sadəcə yazığım gəlir. Belələri nə bilsinlər ki, söz nədir, şeir nədir, şair nədir? Nə bilsinlər ki, onların bədrəng dünyaları doğrudan da bir viranədir!”
Səməd Vurğunu və Vətənimiz Azərbaycanı, sərhədlərindən çox-çox uzaqlarda başqa xalqlara tanıdan və sevdirən şeirlərə – Səməd Vurğunun “daha bir axmaq şeiri” deyən insanlara, əlbəttə ki, Moskvada yaşayan bir yazarın bu sözləri təsir etməyəcək… Lakin, heç olmasa başqalarına təsir edəcək və sabah, o biri gün, bir daha belə sözlər eşidəndə, onlar bu insanlara cavab verəcəklər! Kimisə bəyənməmək olar, Dostoyevskini, Vurğunu və s… – zövqlər müxtəlifdir. Lakin təhqir – özünə “ziyalı” deyən heç bir zilalıya yaraşmaz!

Mən yaranmamışam göylər övladı,
Əzəl şöhrətimdir torpağın adı.
Bu eşqim çoxuna qismət olmadı…
Şairim, aç, payla söz xəzinəni!
Şeriyyət ilhama çağırır məni!

Bu sözlərdən qanı qaynamayan adamlara… sadəcə ürəyin ağrıyır! Doğrudan da, Vurğun eşqi çoxlarına qismət olmayıb!
Əzizlərim! Azərbaycanımızı bölgə-bölgə ayırıb ayrı seçkilik sala-sala nə qazanacağıq? Şah İsmayıllarımızı, Səməd Vurğunlarımızı danmaqla nə qədər uzağa gedəcəyik? Bu gedişlə bir xalq kimi məhv olmaq üçün bizə erməni lazım deyil! Öz keçmişimizə qara yaxmaqla özümüz də özümüzə bəsik!

22.07.14, Moskva

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.