Ana səhifə YAZILAR Səhranın qızıl qumları, ləl gülləri….

Səhranın qızıl qumları, ləl gülləri….

Müəllif: Bizim Yazı
1. 448 baxış

İsmayıl İLMƏZLİ

Uca Rəbbimiz bütün dostları, nəcib insanları xeyir işlərdə, şən məclislərdə görüşdürsün. Ancaq  necə deyərlər,  xeyirlə şər qardaşdır. Şərdən qaçmaq qeyri mümkündür. Xeyir işi isə müəyyən müddətə təxirə də salmaq olar. Allah hamıya xeyir işlər, şən günlər nəsib etsin…Şair, rəssam, heykəltəraş, gözəl insan, dinimizə, Mir Həmzə Seyid Nigari həzrətlərinin və ulu övliyya babamız Hacı Mahmud Həzrətlərinin təriqətinə dərin etiqatla bağlanmış, saflığı, səmimiliyi, dostluğa sədaqəti dillər əzbəri olan Məmməd müəllimə-Məmməd Dəmirçioğluna da bəxtiyar günlər, uzun ömür və can sağlığı arzu edirəm.
Mən Məmməd müəllimi ilk dəfə Borçalının Kürüstü Kəpənəkçi kəndində görmüşdüm. Dost matəminə, sənətkar hüzürünə gəlimişdi… Sənətin əvəzsiz usdadlarından olan usdad aşıq Kamandar dünyasını dəyişmişdi. M.Dəmirçioğlunu da İncə dərəsindən hüzürə gəlmiş bir qurup Kamandarsevərlərin arasında gördüm. Nə şairliyindən, nə rəssamlığından, nə də çoxşaxəli sənətkarlıq qabiliyyətlərindən xəbərim yox idi. Bir müddətdən sonra şairin rəssamlığı üfüqdən təzə doğan səhər günəşi kimi gözlərim önündə bərq vurdu.Usdad aşıq Kamandarın iri ölçüdə Sinəsi sazlı, qəlbi sözlü, dili-dodaqları mahnılı portiretini məharətlə işləyib usdadın qırxına-yas məclisinə gətirmişdi.
M.Dəmirçioğlu üç kitabın müəllifidir.Hal-hazırda onun üçüncü şerlər kitabı, “Səhra gülləri” əlimdədir. Məhz usolumun üstündə yox əlimdədir bu kitab.Axı, mən onu əlimdən qoymaq istəmirəm.Şairin bu dəyərli kitabını mənə təqdim edib M.Dəmirçioğlu ilə aramızda dostluq-qardaşlıq körpüsü quran və məni hörmətli şairlə mənən qovuşduran, doğma övladlarım qədər xətrini istədiyim, insanpərvərliyinə, yüksək insani keyfiyyətlərinə böyük qiymət verdiyim, hər ikimizin yaxın dostumuz, gözəl qələm sahibi Həmid Ormanlıya öz dərin təşəkkürümü bildirirəm.
Şairin  “Səhra gülləri” kitabının üz qabığındakı üstündəki şəklini  gördükdə Kəpənəkçidəki əli partiretli Məmməd müəllim gözlərim qarşısında canlandı. Mən Məmməd müəllimi gördüyüm gündən on ildən artıq bir müddət keçmişdir.
“Səhra gülləri” kitabını vərəqləyib, kitabdakı şerləri canıma-qanıma hopdura-hopdura oxuduqca ruhumu səmavi bir burulğanın, yaxşı mənada elə bir burulğanın içində hiss edirəm ki, bu burulğanın mənası paklıq, dərinliyindən tutmuş ən yüksək qatına qədər duruluq, saflıq, havası şəfa qaynağı, zənginliyi Süleyman peyğəmbər xəzinəsi zənginliyindən ötə, zənginliyinə xələl gətirə biləcək hər zərrə tör-töküntülərdən uzaq bir burulğanın cəzbində hiss edirəm. Mənim bu kitab barədə təfərrüatlarımdan biri onu ulduzlu səmadakı qalaktikalara və onda cəmlənmiş şerləri isə qalaktikanın ulduzlarına bənzətməyimdir.Bu ulduzların bircə dənəsini də öz qalaktikasından və  bu ulduzların bir zərrəsini də öz ulduzundan ayırmağa heç kəsin qüdrəti çatmaz. Eləcə də bu kitabın bir şerini və ya bir misrasını kitabdan ayırsalar mənə elə gəlir ki həmin şerin və həmin misranın yerinin boşluğu kitabda özünü biruzə verəcək.
Bu şerlər bir ruhda cəmlənmiş dəqiqlik və həssaslığın neməti olan iki sənətin vəhdətinin məhsuludur. Bu şerlər həm şair həm, həm heykəltəraş, də rəssam M. Dəmirçioğlunun gərgin zəhmətlərinin barıdır. Yerinə düşməyən rənglər, qiymətli rəssamlıq əsərinin məna və məzmun zənginliyinə xələl gətirdiyi kimi şerdə öz dəqiq yerini tapmayan söz də şeri cılızlaşdırır və qiymətdən salır. Hörmətli şair qardaşımızın yaradıcılığı belə nöqsanlardan uzaqdır.Çünkü bu işdə Şair-rəssamın, rəssam da Şairin dadına çatır.
M.Dəmirçoğlunu “səhra gülləri”  şerinin  adından kitabına ad qoyduğu şerin fəlsəfi dərinliyinə enmək düşünülən qədər də sadə iş deyil.Səhralar düşüncələrimizdə susuzluq rəmzi, qızmar günəşin alovlara bürüdüyü kürə, dəhşətli səmum küləklərinin tüğyan edib ömürlərə qıydığı cəhənnəm vadisi, dəvə karvanlarının bəxtə-bəxt üz tutduqları gedər-gəlməzlik yolları kimi həkk olunmuşdur. Bu səhralarda şairin hansı güllərə nəğmə oxutdurmaq istədiyini onun öz ixtiyarına tapşıraq.Mən hörmətli şairimizə bildirmək istəyirəm ki, o hansı səhraya ayaq bassa səhranın onun ayaqları altında qızıla dönər.Bitirdiyi güllərin gövdəsi, çiçəkləri və ləçəkləri isə lələdən bitəcək. Çünkü onun ruhunda oda atılmış İbrahimxəlil(ə.s) peyğəmbərə xas möcüzələrin zərrələrindən kəramət qığılcımları var. İbrahimxəlil (ə.s) peyğəmbər ayağını alovun üstünə basanda alov yaşıl çəmənlik olurdu. M.Dəmirçioğlu da ayağını hansı sənət səhrasına atsa o səhranın qumları qızıl, gülləri ləl olmalıdır.Mən yaradıcılığını ürəkdən sevdiyim, şerlərini  sevə-sevə oxuduğum Məmməd müəllimi bağrıma basıram, onu 60 yaşa çatması münasibəti ilə təbrik edir, şair qardaşımıza uzun ömür, möhkəm can sağlığı, yaradıcılığında uca-uca mərtəbələr və yeni0yeni üfüqlər arzulayıram.

***
Ruhumun şairi, sevimli M. Dəmirçioğlunun 60 illiyinə:

Səhrada güllər becərdin-
Möcüzədir, Dəmirçioğlu.
Bu səhranın qumu qızıl,
Gülü ləldir, Dəmirçioğlu.

Misralar göylər qatından,
Enib ərənlər atından,
Sambalının heyrətindən,
Dilim laldır, Dəmirçioğlu.

Yer-göy dostun, Sənə yaxın,
Əziz qulusan Allahın.
Haqqa çatan, haqq sorağın,
Cah-cəlaldır, Dəmirçioğlu.

Misraların zər hörgüsü,
Bihuş edir duyan kəsi,
İlhamın cənnət kölgəsi,
Nə gözəldir, Dəmirçioğlu.

İsmayıl desin:”maşallah!”
Təbini qorusun Allah,
Eşqin qayaçapan bulaq,
Suyu baldır, Dəmirçioğlu.

You may also like

1 şərh

Ramin 2011-07-11 - 13:39

“Bu yolların quluna,
Şahların şahı derlər” eşq olsun M.Dəmiçioğluna, könüllərin şahına çevrilən kişilərə.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.