Ana səhifə BAŞ YAZI “SƏNİ RUHUMA YAZDIM”

“SƏNİ RUHUMA YAZDIM”

Müəllif: Bizim Yazı
1. 025 baxış

– BU GƏNC ŞAİR, İLAHİYYATÇI TURAL İRFANIN YENİ – SAYCA İKİNCİ KİTABININ ADIDIR. DGTYB DƏNƏTİM KURULU ÜZVÜ OLAN ŞAİRİN “QANUN”DA ÇIXAN YENİ KİTABINA, DGTYB DƏNƏTİM KURULU BAŞQANI NAMİQ HACIHEYDƏRLİ “ÖNSÖZ” YAZIB. HƏMİN “ÖNSÖZ”Ü BizimYAZI OXUCULARINA TƏQDİM EDİRİK: 

***

İrfan yolçusu

Bütün çağlarda olduğu kimi zamanımızda da ədəbiyyata gələn və ya gəlmək iddiasında olanlar bəlirsiz saydadır. Hər kəs ədəbiyyata öz qoxusu, öz rəngi ilə gəlir. Öz qoxusu və rəngi olmayanlar plagiatlıq etmək zorundadır. Kimi postmodernizm, kimi qərbçi düşüncə adıyla… Bunu da bacarmayanlar hay-küylə, kimlərəsə çirkab atmaqla və digər bu kimi “üsullar”la diqqəti cəlb etmək, gündəmə gəlmək istəyir.  Bəzən yaradıcı gənclərimiz sanki, ədəbiyyatın ədəb sözündən törədiyini, istər Batı, istərsə də Doğu dillərində gözəllik anlamında olduğunu unudurlar. Ədəbiyyat – gözəllikdir. Ədəbiyyatın ali məqsədi gözəlləşdirməkdir. Gözəl, ali toplum, ali bəşər oluşdurmaqdır. Bu ali niyyətə xidmət etməyən yazarın və yazının ədəbiyyata dəxli yoxdur və olmayacaq…

Tural İrfan da ədəbiyyata yeni gələn gənclərimizdəndir. O, bəzən sadəlövh düşünür, bəzən zəif yazır, ancaq, özünü yazır. Kimsəni yamsılamır, “izm”lərin təsiri altında deyil. Soyuna sayğılı, mənəvi dəyərlərə bağlı və milli kimliyini dərk etmiş gəncdir. Tanrının verdiyi özəl yetənəkdən yararlanaraq məhz dəyərlərə bağlılığı və türkün bir neçə min illik milli – mənəvi qaynaqlarına bağlılığı ona yaşadıqlarına ibrət gözü ilə baxmağa, baxdıqlarından ağıllı sonuc əldə etməsinə, əldə etdiklərini poetik dildə ifadə etməsinə imkan verir:

Dil lal oldu, söz canını qurtardı.
Tez kor olan göz canını qurtardı.
Gedən gedib öz canını qurtardı,
Bu fani dünyaya gələnə yazıq.

– deyən gəncin özünə İrfan təxəllüsünü götürməyə tam haqqı var – düşüncəsindəyəm. Səməd Vurğun “Kim bir bənd həqiqi şeir yazmışsa, o, şairdir”- deyirdi. Təkcə, örnək gətirdiyim bu bir bəndə görə ürəklə: “Tural İrfan şairdir”! – söyləmək olar.
Tural İrfan içində vətən və millət sevgisi daşıyır. O, bu sevgini şərəf kimi yaşayır və bu qutsal anlayışlardan gələn hər acını və qayğını sevərək qəbul edir. Vətənə ünvanlanmış bir şeirində “Daşını böyrəyimdə, dərdini ürəyimdə daşıyıram” – deyir gənc şair. Bunu deyərkən giley duyulmur onun səsindən. Əksinə, öz missiyasını anlayan gənc şairin sonsuz vətən eşqi boy verir bu misrada.
Şairin kimliyi sözündən – şeirindən bəlli olar. Bu üzdən gənc şair haqqında söhbəti burada dayandırıb Sizi gənc şairin əlinizdə olan şeirlər kitabı ilə baş-başa buraxıram, dəyərli oxucular! Ən doğru sözü siz deyəcək, ən dəqiq qiyməti siz verəcəksiz. Sadəcə, “Tural İrfanı oxumağa dəyər” – deyirəm…

Namiq Hacıheydərli

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.