Ana səhifə BAŞ YAZI “Qara cilddə çap eləyin kitabımı” – Məmməd ARAZın “Vəsiyyət”indən…

“Qara cilddə çap eləyin kitabımı” – Məmməd ARAZın “Vəsiyyət”indən…

Müəllif: Bizim Yazı
867 baxış

(1933-cü il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Nurs kəndində doğuldu – 2004-cü il dekabrın 1-də  günorta saat 13.40-da Bakıda vəfat etdi…)

TƏLƏSDİM

Dağlar gördüm, dağlarımın oxşarı,
Zirvələrin görüşünə tələsdim.
Küləkləri saçlarımı oxşadı,
Boranına, yağışına tələsdim.

 

Ağ kağızda söz ucalır, söz yenir;
Közərtili könüllərdə söz yeni…
Hara çəkdi söz qədəmi, söz yönü –
Enişinə, yoxuşuna tələsdim.

Ay köçərim, ürəyimdə qal qışı –
Kərəm kimi qar altında qalmışın.
Günlərimdən qova-qova qar-qışı,
İllərimin qar-qışına tələsdim.

El sazında səsim qala bircə sim,
El yazında nəsim olam bircə əsim,
Harda olsan, ey eşqimin bircəsi,
Harda olsam, çağrışına tələsdim.

Torpağımdan duman kimi yığılsam,
Son nəğməmin uçrumuna sıxılsam,
Qəfil qəza yıxmaz məni, yıxılsam,
Ana yurdum, ağuşuna tələsdim.
               Pitsunda, oktyabr, 1980

MƏNİM YOLUM

Bir yolun yolçusuyam,
Sürət də gərək, təmkin də.
Mən şad da olmalıyam,
Əsəbi də, qəmgin də.

Gedən çox, yol uzundur,
Səs də çox, iz də çoxdur.
Bir-birinə bənzəyən
Nəğmə də, söz də çoxdur.
O gur səslər içində
Səsimi tapmalıyam.
Yerimi, yerişimi,
İzimi tapmalıyam.
Özümü axtarmalı,
Özümü tapmalıyam…
            15 avqust, 1962

ARAZ  ÜSTƏ  ÇİNAR  GÖRDÜM

Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Yarpaqarı bir-biriylə
öpüşən çinar.
İki titrək, iki güləş,
İki şən çinar.
Biri bir az gövdəlidir,
Bir az da uca,
Baxdım boyuna.
Bir az nazik, gödək çinar
Qısılıb ona.
Elə bil ki, lap təzəcə toy eləmiş
Cavandılar.
Necə oynaq, necə şıltaq
Mehribandılar.
Adamların gülüşündən nəğmə qaparlar.
Adamların gülüşünə nəğmə qatarlar.
Yarpaqların uşaq dilli şənlikləri var,
Yarpaqların uşaq əlli çəpikləri var.
Onlar sussa,
Pəncərələr
qulağına qulaq bağlayar,
Küçələrdə gediş-gəliş ayaq saxlayar.
Qucaqlaşıb ulduzları oxuyar onlar,
Bir-birinin qucağında yuxlayar onlar…
Araz üstə
Çinar gördüm.
Qoşa duran bir cüt çinar.
Gəlin çinar.
İgid çinar.
Baxdım, baxdım təbiətin,
Ağac adlı,
Qol-qanadlı
cüt heykəlinə.
Bir baltalı əl hardasa
qıcandı mənə.
Qorxdum, qorxdum onların bu
Sevgisini yaralayalar.
Budaqları, gövdələri, rişələri
Bir-birindən aralayalar.
Daha pisdir, – qırmasalar, –
Çinarların arasından
Arx qazalar.
Bu arx əvvəl
Kiçik olar, dayaz olar…
Sonra, sonra böyüyüb bir Araz olar…
Araz üstə
Çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Xəyalımın üfüqündə görüş istədi
İki tənha pərişan çinar…
                                       1967

OXUYAN TƏBRİZ
  (Aşıq Hüseyn Cavanla İstisu yaylaqlarında görüşümüzdən təəssürat)

Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına.
O, dərdini ya sındıra, ya sına;
Qəzəbi köklənib dağın-daşın da,
Təbriz ağlayırdı dağlar başında.

Heyrətindən donmuş idi Dəlidağ,
Nəfəs çəkib işqırırdı od-ocaq.
Göymü yeri, yermi göyü udacaq,
Buludlar üfüqdə əli qaşında…
Təbriz ağlayırdı dağlar başında.

Dəli mizrab “bəxti kəmi” oyadır,
Qəm heyrəti, heyrət qəmi oyadır,
Özü yatıb, bu aləmi oyadır —
Bir sayıl bəxti yox min bir yaşında,
Təbriz ağlayırdı dağlar başında.

Fəryadından qoyun-quzu duruxdu,
Ağlayan su,
çağlayan su duruxdu.
Qara yelin sel umusu duruxdu,
Dərələr səngidi yaz yağışında,
Təbriz ağlayırdı dağlar başında.

Təbriz ağlayırdı – dedim…
Nə dedim?!
Ağlayan bir sazın telinə dedim,
Sarı yamacların selinə dedim.
Ağlamaz söz yurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!

Qarı nənə, nehrən dondu çatmada,
Gizli ahın fələklərə çatmada.
Həcər ana, Həcər ana, çat dada.
Təbriz ağlayırdı dağlar başında –
Təbriz oxuyurdu dağlar başında!

Ağlasa, ağlardı ildırım kimi,
Gurşad saçı yolan sıldırım kimi,
Qapıb şimşəkləri bir şırım kimi
Nəğmə toxuyurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!

Ağlasa – ayaqda tüfəngə dönər,
Balası vurulmuş pələngə dönər.
Bir dərə ağızlı nəhəngə dönər,
Dumanlar yas qurdu dağlar başında,
Təbriz oxuyurdu dağlar başında!

Gərək dil susanda əllər danışa,
Əllər bağlananda dillər danışa
Elə danışalar, ellər danışa…
Dəli gülüşlərim ağlar başımda,
Təbriz oxuyurdu dağlar başında.
             İstisu-Dəlidağ, 1969-1970

ŞUŞADA  BİR  GECƏ

Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda bir dərə – qara hörükdür,
Solumda bir dərə – qara hörükdür.

Dövrəmdə buludlar bölük-bölükdür.
Dünyanın damına çıxmışam, nədi?
Dünya qaranlığı harda gizlədib?
Dünya toranlığı harda gizlədib?

Gecə ağ yağışda durulanıbdı,
Gecə dağ mehində qurulanıbdı,
Daranıb, bələnib işıqlarına,
Taxıb qarmağını göy tağlarına

Bir çilçıraq şəhər,
bir qəndil şəhər,
Hər evi bir qızıl qərənfil şəhər.
Uzaqdan: bir ulduz topası kimi
göy üzündədi.
Yaxından: bir qaya lampası kimi
yer üstündədi.

Gecənin qoynunda yanır dağ şəhər,
Fəzadan asılı, çilçıraq şəhər.
Dağlar öz ovcunda yanıdırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə kəşf etdim bir Şuşa bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü…
                                                      1970

BAKININ  GECƏSİ

Bakının gecəsi ağ varaq kimi, —
Elə bil
Hələ bir qələm dəyməyib.
Hələ bu varağa əlim dəyməyib.
Nə qədər istəsən, şer yaz ona,
Köçür sətir-sətir duyğularına.
Bu xətkeş küçələr varaq gözləyir.
Bu kitab binalar az oxunubdur.
İnsanlar yatanda göz işığını
Səpir küçələrə,
Yanır küçələr.
Yatmır küçələr.
Bakının gecəsi işıq romanı…
Dənizin qoynunda baş qəhrəmanı.
Oxu səhərəcən, yetəsən ona.
Yüyür səhərəcən dəniz qoynuna.
Bakının gecəsi bir dağ gölüdür.
Kəhkəşan qurşağı boyunbağısı,
Xəzəri ay kimi döşündən asıb…
Bakının gecəsi — mürgülü qoca,
Qayğı yüklü qoca,
Söz yüklü qoca…
Bakının gecəsi ağ varaq kimi…
Onu kim götürə, ona nə yaza!
Nə ötəri ola, nə də ki, asan.
Bakının gecəsi ağ dəniz kimi,
Uyudur qoynunda nə qədər gəmi,
Nə qədər insan — gəmi
Sabahaçılanda səfərə hazır.
Gör, şair, ürəyin, əlin nə yazır —
Bakının gecəsi ağ varaq kimi.
Gör, sözün varmıdır səpinə hazır…
                                          Yanvar, 1973

OXU, TATAR QIZI

Oxu, tatar qızı, dodaqlarını
Darasan çayına söykəyib, oxu!
Qayalar şəkləyib qulaqlarını
Tanış bir nəğməni dinləyir, oxu!

Bu dilsiz daşlara səslər hopulub,
Yaşayır uçrumlu dağ arasında.
Sahildən qovulub, yurddan qovulub
Gizlənib bir ayı mağarasında.

Oxu, dünəniylə gəlib görüşən
Bir tatar qarısı tuş olsun ona.
Yetim uşaq kimi didərgin düşən
Nəğmələr tapılıb qoşulsun ona.

Nəğmənin səfəri üfüqlərədir,
Nəğmənin mənzili qalmaz yarıda.
Oxu, varaqlansın gözümdə bir-bir
Babanın dünənki günahları da.

Səni başa düşər qədim bir qala,
Anlar binaların, yolların çoxu.
Oxu, tatar qızı, yarımçıq qalan
Bir el nəğməsini təzədən oxu…
                      Yalta, yanvar 1968

SƏN  MƏNİ  SEVSƏYDİN…

Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.

Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.

Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.

Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri  baxmağa həsrət çəkərdi.

Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.

Sən məni sevsəydin… sevsəydin əgər…
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda “ürəkləş”, “sevləş” demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.
                                Dekabr, 1968

SƏNİ AXTARIRAM

Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?

Qoynunda dəfinə tapdığın zaman
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından
Öpəndə nərgizli bir yaylaq səni?

Görəsən, bu soraq düşdümü elə:
“Yamanca şöhrətli mühəndisdir o!”
Eşqin hansı qəlbi gətirdi dilə?
Kim dedi ilqara, əhdə düzdür o?

Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin
Yoxsa onlardan da o yana getdin?

Səni axtarıram o gündən bəri,
Axı açmamışdım sənə könlümü.
Yaz gəldi, açıldı bahar gülləri,
Mənsə açmamışam yenə könlümü.

Bəzən tüfəng alıb çıxsam da düzə,
Ceyran oylağından aralı gəzdim.
Ovçu ov axtarar, ovçu ov gəzər,
Mən məni ovlayan maralı gəzdim.

Bəzən ac qayıtdım evə də, amma
Bir tikə çörəyi yeyə bilmədim.
Bütün sirlərimi bilən anama,
Məhəbbət sirrimi deyə bilmədim…

Bəli, axtarıram səni o gündən,
Könlüm istəyəni görə bilmirəm.
Qəlbimi özünlə aparmısan sən,
Mən onu heç kəsə verə bilmirəm…
                                                         1957

GÖZLƏRİN

Adın – demədinmi – dodaqlarımda,
Özün – demədinmi – gözlərimdəsən…
Adımı batırıb qulaqlarında,
Özümü neylədin gözlərində sən?..
Məni gözlərində güllələdilər,
Məni gözlərində dəfn elədilər…
                                  Dekabr, 1968

ÜFÜQ

Nə yaxşı,
əl çatmazdır üfüq;
Nə yaxşı,
arzularca
Ucalmazdır üfüq.
Nə yaxşı
əl çatmazdır üfüq.
Nə qədər xəyalımız
səs qapır, söz tapır,
çapır, çapır…
Düz keçir, dağ aşır,
yetmir ona.
Nə yaxşı yetmir ona.
Nə yaxşı,
əl çatmazdır üfüq.
Nə yaxşı, arzular kamına
alçalmazdır üfüq.
Nə yaxşı, istəyin
boz quma əkiləni var.
Ümidin çarmıxa çəkiləni var.
Nə yaxşı, sən varsan,
üfüqdən o yankı həyatım.
Üfüqdən o yanda-
Söz yetməz heyhatım…
                                     1970

İZ  SAL
      Dostum Budaq Budaqova

Səyyah dostum, yol uzundur,
Yol daşlıdır, qayalıdır.
İnsan oğlu keçilməyən
Qayaların qartalıdır.

Axtarışlar aləmində
Çox yıxılır, durur insan.
Sənsə baxıb dağ başına
Hamar yollar axtarırsan.

Şəlaləli yamaclarda
Hamar gəzmə, düz axtarma.
Dostum, həyat yollarında
Özün iz sal, iz axtarma.
                                     1956

ŞERİM
        Gənc qələm yoldaşlarıma

Yaş ötüb, ayılıb görürsən bir vaxt
Heç nə yazmamısan, ömür yarıdır.
Alnına yazılan qırışlar ancaq
Ömrünün şikayət misralarıdır…

Tələsik qələmi alırsan ələ,
Ürək də titrəyir əllərin kimi.
Lakin görünürsən Vətənə, elə
Sən də yazılmamış əsərin kimi.

Bəzən quşa dönür saat da, an da.
Axşam gəzdiyini səhər tapırsan.
Elə də olur ki, baxtın tutanda
Daş axtaran yerdə gövhər tapırsan.

Kainat deyimmi mən şerə, sözə!-
Onun min düyünü, min açarı var.
Onu duya bilməz ondakı közə
Qəlbində köz töküb alışmayanlar.

Bəli, duy bunları, ey şair yoldaş,
Səsini kəsməsin hər ötəri səs.
Nəhrin qabağına atılan bir daş,
Onun sürətini saxlaya bilməz!

Duy ki, tüğyanında boranın, qarın
Odlu bir ürəklə yazan olubdur.
Çox zaman nəşədən dəm vuranların
Əsəri, nəşələr pozan olubdur.

Söz gərək ox keçməz qayadan keçə,
Yoxdursa sözünün kəsəri,– yazma,
Özün sevməyincə, sevilməyincə,
Özgədən məhəbbət əsəri yazma.

Eyb etməz uçuşda yıxılsan bir an,
Təki deməsinlər qanadsız quşdur.
Göyləri fəth edən bir ana tərlan
Kim deyir balaykən yıxılmamışdır.

Şerim, çox danışdım, deyəsən, bir az,
Sən niyə susmusan, — danışan mənəm?
Yox, şer ocağı alovsuz olmaz
Alışdıran sənsən, alışan mənəm.

Şerim, el sazında mizrab vur telə,
Onsuz da ötəri ötən az deyil…
Özləri dünyadan getməmiş hələ
Adları dünyadan gedən az deyil.

Elin nəfəsidir ən böyük əsər,
Duysam da, özümü öyə bilmərəm.
Yüz bülbül səsi də mənə versələr,
Elsiz bir nəğməni deyə bilmərəm.

Şerim, şimşəklərdən qanad istə sən,
Yerəsə insanın nəfəsiylə gəl.
Dünyada bir damla olmaq istəsən,
Dünyaya sən ümman həvəsiylə gəl.
                                                           1956

KƏNDDƏ  BİR  AXŞAM

Sevirəm sevməli sözü, söhbəti,
Bu axşam çox adam yığılıb bizə.
Neçə qəhrəmanın adı, şöhrəti
Gəlir nağıllarla məclisimizə.
Budur, sinədəftər qocalar yenə
Enir tarixlərin dərinliyinə…
Kimi Koroğludan, kimi Babəkdən,
Kimi də Gülgəzdən, Abbasdan deyir:
Sözlər bulaq kimi axır ürəkdən,
Hər qoca bir nağıl, bir dastan deyir…
Aşıqdan danışan aşıqdır sanki,
Coşur şair kimi şairdən deyən.
Bir qoca, Tomrisdən elə deyir ki,
Sanırsan evində qonaqmış dünən.
(İndi duyuram ki, el ürəyində
Neçə duymadığım əsərlər yatır.
Bəlkə də onunçün şerə, sənətə
Əlim az yetişir, ünüm az çatır).
Belə axşamlarda adətdir, hər kəs
Gərək söhbət aça, danışa, dinə.
Pəncərə yanından ucalan bir səs
Məclisə xoş söhbət gətirir yenə:
-Ə, Qədir, keçmişdən bir əl çəksənə,
Qarnı ac gününmü dad verir sənə?
Bu gündən, bu gündən bir danış görək.
Bu gün qazanılır yediyin çörək,
De, o adamqıran atomdur, nədir…
-A kişi, o böyük bir xəzinədir.
Deyirlər, bir tikə qoysan bir dağa
Əriyib çevrilər qara torpağa…
-Görəsən, əriyər “Gəlin qayası”?
Yerində dağ ola taxıl tayası?
-Yayda İşıqlının qarı hayıfdır,
Ona dəyməyələr barı, hayıfdır…
-Bir ovuc İşıqlın kimə gərəkdir,
O, buz dağlarını əridəcəkdir.
-Qardaş, mat qalmışam bu texnikaya,
Aya uçacaqlar deyirlər, Aya.
(Diksinir bu sözdən gödək Fərzəli,
Baxır ona tərəf üzündə əli).
-Yox, ə, inanmıram, bu ola bilməz,
Bəs Aya dəysələr uçub tökülməz?
-Ay sənin babanın daxmasıdır, ə,
Külək əsməmişdən sovrula göyə?
Deyirlər, bir yekə dünyadır o da,
Bəlkə adamlar var sənin boyda da…
-Dədən cır Kərimdən boysuzam, yəni,
Yovşandan asardı ov tüfəngini…
Onların sözündən gülüşür hamı,
Daha da qızışır söhbət axşamı.
Kəndin adətindən yaxşı halıyam,
Mən də bu məclisdə danışmalıyam.
Hanı o qüdrətim el arasında,
Bir damla su nədir sel arasında?
Bəlkə də hər sözüm quruca səsdir,
Bir kəlmə deməmiş, deyirlər “bəsdir”.
Bir də ki, bu gecə mənə gərəkdir,
Sabah başqa söhbət keçiləcəkdir,
Odur ki, duraraq bu gecəliyə
Məclisdə təzə bir adət açıram.
Artıq gecə keçir, yorğunuq -deyə,
Şirin bir yuxudan söhbət açıram.
Deyirlər:- Bəs niyə danışmadın sən,
Niyə tüstüləndin, alışmadın sən?
Yoxsa çevrilərək axarsız suya,
Əbədi yar dedim yatağıma mən.
Yox, verib onları şirin yuxuya,
Keçdim yazmaq üçün otağıma mən…
                                                                1956

VƏSİYYƏT

Qara cilddə çap eləyin kitabımı
Məndən sonra.
Qara cilddə.
Tünd qara.
Qoy qara kağızım olsun
O kitab dostlara, tanışlara.
Mən o rəngi sevərdim;
Boynu bükülü dərdim,
Pardaxlı sevincim
O rəngdə geyinərdi

Mən o rəngi sevərdim.
O rəngdəydi varaqlarda
Fikrimin yazı geyimi…
O rəngə hörmətimdir,
Şəvəgözlülər, qarabuğdayılar.
O rəngli kirpiklərin kölgəsində
Əksim yaşardı.
O rəngin bir ev dolusunda
Vəslim yaşardı.
O rəngin ən durusu,
Safıdır
Məni oxşayan ağılar.
Qızlarımın gözündə
O rəngin özü ağlar.
Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy-adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim,
Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənzəyim.
                 Bakı, fevral 1968

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.