Ana səhifə BAŞ YAZI “Üzü bahara gedəndə… Küləklər öpürdü səni” – Ayaz ARABAÇInın şeirləri

“Üzü bahara gedəndə… Küləklər öpürdü səni” – Ayaz ARABAÇInın şeirləri

Müəllif: Bizim Yazı
240 baxış

Qələmim

Əlimdən tutmağa kimdə əl qalıb,
Harda ümid qalıb, harda “gəl” qalıb?..
Dünyanın işinə məəttəl qalıb,
Fikirdən içini yeyib qələmim.

 

 

 

 

Götürüb nə yazsın axı bu çağa? –
Soxmayıb özünü isti qucağa,
Gedib gizlənməyib küncə-bucağa,
Sözünü vaxtında deyib qələmim.

Onun da içində min-min acı var,
Vecinə deyil ki, dar ağacı var,
Tək bircə sərvətə ehtiyacı var, –
Sözün qapısını döyüb qələmim.

Bölüb sevgisini iki pəriylə,
Yüklənib qəlbimin dərdi-səriylə,
Ağ kağız üstündə alın təriylə,
Özünü həmişə öyüb qələmim.

Yoxdu düz yolundan çıxıb azmağı,
Bacarmır ev yıxıb,quyu qazmağı,
Böhtan püskürməyi, yalan yazmağı,
Sayıbdır eyibdən-eyib qələmim.

Hərdən asta dinib, asta dindirib,
Məni də hələlik dəbə mindirib,
Yaxışını həmişə dəyərləndirib,
Yamanı həmişə söyüb qələmim…

Deyir

Saxladım,böyütdüm dərdi bələkdə,
Dağdan ağır gəlir indi lələk də,
O yerə çatıb ki,daha fələk də,
Ömrümə saralmış zəmidi deyir.

Bir az azaldımmı yaşımı görən?…
Kim yonur bu saat daşımı görən..
Elə itirdim ki, başımı
görən-
Bu ki, bir yol azmış gəmidi deyir.

Bəxtim əl tuturdu əzəllər mənə,
İndi gül görünür xəzəllər mənə,
Dünən həmdəm olan gözəllər mənə,
Yol verin dayıdı,əmidi deyir.

Köksümə hər yerdən dərd atıb lağım,
Yığılsa yüz Fərhad çapılmaz dağım,
Üzülüb budaqdan düşən yarpağım-
Qəmin son payızın qəmidi, deyir.

Qürub yolundayam payi-piyadə,
Bir az mürəkkəbəm,bir az da sadə,
Saqi gəlib çıxıb əlində badə,
Dünyanı unutmaq dəmidi deyir.

Götürdüm nə varsa ilkini sondan,
Çıxartdım sözümü girdiyi dondan,
Zəmanə görür ki,küsmüşəm ondan,
Ayaz da lap uşaq kimidi deyir.

Bir evin-bir elin çırağı…

(Oğlum Xəzərə)

Bir qərib sükut var evdə-eşikdə,
Susub televizor sənin xeyrinə.
Uyuyub yatıbsan köhnə beşikdə,
Yalançı əmziyin düşüb böyrünə.

Ağlayıb alıbsan payını bayaq,
İndi öz kefində,öz dəmindəsən.
Balaca,qayğısız qağayı sayaq,
Ömrün bəxtiyarlıq aləmindəsən.

Yuxuya bənd olma,arada səksən,
Yolunu kəsməyə neçə qəm səfil..
Mənə elə gəlir adını çəksəm,
Ata deyəcəksən dillənib qəfil.

Bir udum havatək,bir uçum sutək,
Ruhumun, duyğumun hər yerindəsən.
Ən gözəl, ən mahir pianoçutək,
Gəzirsən gəlbimin dillərində sən.

Bir evin,bir elin nur çırağısan,
Qayğı çevrəsində gur yanandı şam.
Xəzər sahilində doğulduğundan,
Mən sənin adını Xəzər qoymuşam.

Dalğalan, köpüklən vətən dardasa,
Qır bütün sədləri əsl Xəzər ol.
Çəkinmə,sıxılma sənə hardasa,
Səadət gətirər bu uğurlu yol.

Bu həyat, bu ömür nağıldı bəzən,
Sanma ki, nağıldı yazdığım bu şer.
Arada mülayim Xəzərə bənzə,
Bütün sevənlərə xeyir-dua ver.

Sən nə sərhəd tanı, sən nə sədd tanı,
Nəğmə ol, bulud ol, külək ol,səs ol.
Eşqinlə fəth eylə böyük dünyanı,
Hamıya ən doğma,ən yaxın kəs ol.

Qızılı telini sığallayıram,
Sinəmi bir az da qabardır qürur.
Bilsən ürəyimdə nələr sayıram,
Qabaqda min istək, min arzu durur.

Dünya sevgisiylə qəlbinə çöksün,
Oyansın gözündə sübh şəfəqli dan.
Yorğanı tərpədir balaca köksün,
Şirin bir yuxuda xumarlanırsan.

***
Üzü bahara gedəndə…
Küləklər öpürdü səni,
yağışlar öpürdü səni.
Getdiyin küçə boyunca,
Baxışlar öpürdü səni.
Qızıl üzüklü barmaqlarından
balaca günəşlər boylanırdı.
Cavanlı-qocalı hamının
ilk eşqdən aldığı
yaraları hoylanırdı.
Yollar qucağına almışdı səni
nəğmələr qanadına.
Bahar erkən gəlmişdi şəhərə,
sənin adına.
Sübhün qaranlıq küçələrindən
dan kimi keçirdin,
Yarımxumar oğlanların damarından
qan kimi keçirdin.
Küləklər öpürdü səni,
yağışlar öpürdü səni.
Atlas köynəyindəki naxışlar öpürdü səni.
Dəniz gözlərində batırdı bu boyda
Gəmi şəhər.
İşə tələsib eləyən yox idi bu səhər…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.