Ana səhifə BAŞ YAZI Qələmə üz tutdum, saza söykəndim…

Qələmə üz tutdum, saza söykəndim…

Müəllif: Bizim Yazı
1. 362 baxış

ƏLİRZA HƏSRƏT

QAYIT, GÖZLƏRİMDƏ GECƏLƏMƏYƏ

Qayıt gözlərimdə gecələməyə,
Gözümdə yolların itən payı var.
Qayıt,üzünə tut tənhalığımı,
Görsünlər ruhumun bədən payı var.

Toxundu baxışım tikanlı telə,
Sərhəd dirəkləri diksindi elə.
Açıb yaxasını o dağ da yelə,
Nə duman yeri var,nə çən payı var.

 

İçdi eşq adına hər andı könlüm,
Lalə sevdalıdır, al-qandı könlüm.
Ruzusu urranmış xırmandı könlüm,
Saçımda hər quşun bir dən payı var.

SÖZƏ SÖYKƏNDİM

Bir sevən ürəyin mülküdür hər eşq,
Hər eşqdən od alıb, közə söykəndim.
Yıxılmayım deyə qalxdığım dağdan,
Cığıra əl atdım, izə söykəndim.

Vurulmaq qorxusu varsa canında,
Coşar damarında axan qanın da.
Nadan qabağında, naşı yanında,
Dosta arxalandım, sözə söykəndim.

Elə yaraşır ki dağlar bu kəndə,
Bu kəndə kim gəlsə, düşər kəməndə.
Nağıl danışanda, dastan deyəndə,
Qələmə üz tutdum, saza söykəndim.

XOŞHALINA BİZİ TUTAN YAĞIŞIN…

Öyrədinsə sevməyə Qu çiçəyi,
Aynalanıb şehində yu çiçəyi.
Harasından dərim ki bu çiçəyi?!.
Bu çiçəyin çiçək kimi ətri var.

Ağ üzündə gülləndi tər gözəlin.
Divanəsi olmaz ki hər gözəlin.
Bundan belə bu bəxtəvər gözəlin,
Ürəyimdə bir sevdalıq xətri var.

Pöhrəsidir hər ahım bu koğuşun,
Bu koğuş da olsun sənin ağuşun.
Xoşhalına bizi tutan yağışın,
Üstümüzdə buludlardan çətri var.

 

You may also like

1 şərh

Hökmdar ATİLLA 2013-11-09 - 15:53

Salam!
İlk növbədə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri sədri Əkbər Qoşalıya Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın istedadlı yazarı Əlirza Həsrətin şeirlərini yayınladığı üçün təşəkkürlər!
Gündəlik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi Əlirza Həsrətə ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.