Ana səhifə YAZILAR “Postsovet ədəbiyyatı: süqutdan 20 il sonra”

“Postsovet ədəbiyyatı: süqutdan 20 il sonra”

Müəllif: Bizim Yazı
941 baxış

“World Literature Today” dərgisinin bugünlərdə işıq üzü görən yeni sayında, dərginin baş mövzusu “Postsovet ədəbiyyatı: süqutdan 20 il sonra” adlanır. Dərginin içəriyinin əsas bölümü bu mövzuya həsr olunub.
Bununla yanaşı, oxuculara postsovet ədəbiyyatından örnəklər də sunulub.
Sunulan 42 əsərin içində Azərbaycanın üç yazıçısının  –  Sabir Əhmədli, Gülzar Əhmədova Əmir Pəhləvanın əsərləri də var.
Dərgi oxuculara Sabir Əhmədlinin “Dənizin səsi”, Gülzar Əhmədovanın “Maqnoliya”, Əmir Pəhləvanın “İsa, Məryəm və Sana” əsərlərini təqdim edir.
BizimYAZI yaradıcılıq örnəkləri dünyanın bir çox dillərinə çevrilmiş Əmir Pəhləvanın yenicə qələmə aldiğı şerlərini təqdim edir:

TANRIYA İSMARIC

Tanrim qanadlandır yaratdığını –
Baş vurum göylərə, ənginliklərə.
Əllərinə, ayağına sığınıb,
Dualar edərəm gündə min kərə…

Tanrım, qəbul eylə dualarımı,
İstəyimi, diləyimi çin eylə.
Sağaldım yurdumun yaralarını –
Məni nur qanadlı göyərçin eylə !

Vətənin Babəki, Koroğlusu tək,
Yazılmışam yaddaşına atamın.
Düşmənin qanını içəcəm “su” tək –
And içmişəm başdaşına atamın.

Tanrım yarıyolda qoyma sən məni,
Ürəkdə nə qədər arzularım var.
Gözəlliyə qərq etməkçün aləmi,
Nə qədər yarımçıq arzularım var.

Tanrım, xar olmayım xəbis yanında,
Tanrım, and verirəm sənə min kərə.
Taxt – taca hərislik yoxdu canımda,
Nə versən, verginən – təzə-tər olaq.

Tanrım sflığa tut sən öz güzgünü,
Bahar küləyi tək təzə-tər olaq.
Qaldır zirvələrə doğru – düzgünü,
Şəfəqlər altında səfərbər olaq.

Gücüm çatmayanda qisasını al,
Sil, süpür cahandan “qurdlar”ı, Tanrı.
Yerbəyer eləyib sən sahmana sal –
Dağılmış elləri, yurdları, Tanrı.

Tanrım, görməyəni güldür gözündən,
Ona olduğu tək görünsün aləm.
Dünya xilas olsun top tüstüsündən,
Təndir tüstüsünə bürünsün aləm.

Tanrım, qəbul eylə dualarımı,
İstəyimi, diləyimi çin eylə.
Sağaldım yurdumun yaralarını,
Məni nur qanadlı göyərçin eylə.

VƏTƏN AYRILIĞI

Səndən ayrılıram, Vətən, ay Vətən,
Ayrılıq tonqallar çatır canımda,
Alovlu, şaxtalı min bir xatirə –
Dil açır canımda, batır canımda.

Bələdəm dünyanın min bir işinə,
Şeytan əməlindən doyub gedirəm.
Getsəm də dünyanın lap o başına –
Qəlbimi vətəndə qoyub gedirəm.

Qərib bir diyarda düşsəm də perik,
Bu yurdun bir parça torpağıyam mən.
Naxçıvan – ürəyim, Şahbuz – damarım –
Palıd ağacının yarpağıyam mən!

Vətən, ayrılırıq….xeyir – dua ver,
Əmanət qoyuram ata qəbrini,
Bir ovuc torpağın təbərrikimdi –
Ondan alacağam sənin ətrini!

Son anda sənədir yenə gümanım,
Bəlalı başımın bəlası Vətən.
Tapşırıb gedirəm sənə anamı,
Ey mənim Anamım anası Vətən !

TALE QARĞIŞI

Evin yıxılsın, ev yıxan,
Bu ağrını yaşa sən də.
Quşlar kimi – dimdiyində,
Saman çöpü daşı sən də.

Evin yıxılsın – ev yıxan,
Görmə yuva istisini.
Qoy gözlərin görsün ancaq,
Sönmüş ocaq tüstüsünü…

Evin yıxılsın – ev yıxan,
Düş taleyin boz anına.
Öz çömçənə çıxsın hər an
Nə tökmüsən qazanına.

ZİRVƏ YARATMIŞDI ÖZ SƏNƏTİNDƏ
(Dünya şöhrətli cazmen və böyük musiqişünas Vaqif Mustafazadənin əziz xatirəsinə)

Həyatda da, sənətdə də özün idin,
Özün idin – dünyanın hər qarışında.
Hər yerdə, hər yanda sən dili uzun idin.
Bədxahların diz çökürdü qarşında!

Sənət aləmində Caz sənətində.
Öz dünyan, öz yerin var idi sənin.
Zirvə yaratmışdın öz sənətində
Özünlə də apardın o zirvəni!

Son nəğməni ölümünlə bitirdin,
İblisin sevinci çox da çəkmədi.
O öldü səhnədə lənətlər ilə
Sən öldün səhnədə sevgilər ilə!

Barmağı ucunda pərdələr gəzən,
Bir xalqın çəkilməz dərd – səri idin.
Sən özün – özünə ağı deyirdin
Sənin nəğmələrin ağı kimiydi!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.