Ana səhifə YAZILAR PAYIZA ELEGİYA

PAYIZA ELEGİYA

Müəllif: Bizim Yazı
405 baxış

Cavid ŞÜKÜROV

Payız can verir. Həkim sabaha çıxmaz deyib. Əlacsız-əlacsız yatağının yanındaca divara söykənmişəm. Hərdən qırmızı, tor almış gözlərini üzümdə gəzdirir, gülümsəmək istəyir. Payızın gülüşünü bilmirsizmi?! Ağlasa yaxşıdı… Kədərlidi gülüşü, sazaqlı… Arada sayıqlayır:
– Məni yaxşı biri kimi xatırlayın, arxamca ağlayın – deyir.
Son saatlarında nəfəsi ilıqlaşıb. Deyəsən, həqiqətən yaxşı qalmaq istəyir yaddaşlarda. Hərdən yorğanı qamarlayıb dişlərini qıcayır:
– Sabaha çıxsam… ölmərəm.
Payız qocalıb əməllicə, yaddaşı korşalıb. Unudur ki, 21 dekabrdı – ən uzun gecə… Payız, ömrün yetməz, səbrin tükənər, sabaha çıxammazsan bu gecədən. Tanrı sizlə daha amansız davranıb bizdən. Seçim imkanınız yoxdur. Yazınız yazılıb, yolunuz cızılıb…
Həmişə yaza qibtə eləmisən. Eləmə, Payız..! O da 21 iyundan sabaha çıxa bilmir. Onu da yay öldürür, Payız. Doğuş zamanı ölən anadı bir növ… Yazı sevmə, Payız. Qovuşa bilməzsən ona. Qarlı qış kəsib yollarını qaratikan kimi…
Çalış gözəl öləsən. Xırıldamaq nə deməkdi, Payız?! Barı, Bahar da səninçün ağlaya bilsin:
– İgid ölən Payızım, nakam qoca…
Sən ağlama, Payız…

***
Bağışla, siqaretin tüstüsü ziyandı sənə. Amma nə fərq edər ki?! Ölürsən! Yaşaya bildiyin qədər ölmə, Payız! Ölmə… Qış səni tez unutduracaq…
Bu ölkədə adını pisə çıxarıblar, Payız. Kasıba nə payız, axı?!.
…Ölürsənsə, öl, Payız, aman diləmə! Aman yoxdu sənə. Sən doğuşdan məhkumsan – zəif, gözü yaşlı, kədərli… Quşlar da sənə küskün, yarpaqlar da sənə qızğın… Get, Payız! Nə görmüsən, axı, burda?! Bəlkə, həqiqətən də Cənnət var, Payız… Yoxsa, uzanmısan çarpayımda, can çəkişirsən, sabahı gözləyirsən. Gözləmə, Payız. Gəlməyəcək o sabah, gəl-mə-yə-cək..!
Otaqdan siqaret, səndən yalnızlıq, çürümüş yarpaq, çiskin qoxusu gəlir. Eləmə belə, Payız. Yağmurun da göz yaşı kimi olsun – qoxusuz… Demə ki, yağmur torpağa can verir. Yalan deyirsən, gözünün içinə kimi! Yağmur yarpaqları çürütməkdən, qarışqaları yuvalarında boğmaqdan başqa işə yaramır, Payız. Göz yaşı duzlu olsa da barı, qarışqaları öldürmür, hələ acıları da susdurur… Amma sən ağlama, Payız. Yağmurdan o qədər bolsan ki, göz yaşına inanan olmayacaq. Mən də inanmayacam, o qədər yalançı görmüşəm ki, evi yanan yalançı boş söhbətdi yanlarında – heç birinin evi yanmayıb… amma o qədər ev yıxıblar ki, sənin yağmurlarının damlası qədər…
Səni də yalanlar öldürdü. – “Payızı sevirik” – deyib aldatdılar. Ömrünə balta çaldılar, içini qurd kimi gəmirdilər, qışla əlbir olub kəfənini toxudular. Sən qar adıyla sevindin, bədbəxt, məsum aşiq… Qarı sənə Bahardan gələn yaylıq adına sırıdılar, küt fəsil. Eşqin başına vurmuşdu, burnunun ucunu da görmürdün. Bəs, bilmirsən ki, yaylıq ayrılıqdı?! Sənə azdı olanlar. Aşiqləri başına toplayıb külək diliylə çiskinli, göz yaşlı mahnılar oxumaqdan savayı nə gəldi əlindən?! 3 ay ömrünü yalanla yaşadın:
– Bahar gələcək.
Gəlməyəcək o bahar. O, yaya hamilədi… Qışla aldadıb səni. Həm… nə aldatması?! Sevməyib ki, səni heç…
– Bahar gələcək.
Gəlməyəcək o bahar…
Sən sabahı düşün, sabahı. Bilirsən, heç sabah da gəlməyəcək səninçün. Bayaq həkimlə pıçıldaşırdım. O gedəndən sonra sənə dedim ki, sağalacaqsan, yaxşı həkimdi, ölünü də dirildir. Yalan demişəm. Səni aldadan, ömrünə balta çalan, içini qurd kimi gəmirən adamlardan biri də mənəm. Bayaqkı ağ xalatlı adam heç həkim də deyildi. Qışıydı, qoca. Səni yoluxmağa gəlmişdi. 21 dekabra tapşırıb ki, öldürsün səni. Əvəzində bolluca sazaq, şaxta, qar vəd edib. Demişdim, axı – inanma heç kəsə!..
İndi çəkil yağmurunda boğduğun qarışqaların, çürütdüyün yarpaqların yanına! Boşalt çarpayını! Burda mən ölməliyəm!
21.12.2013, 22:32

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.