Ana səhifə YAZILAR Özümdən aralı, gözümdən uzaq…

Özümdən aralı, gözümdən uzaq…

Müəllif: Bizim Yazı
885 baxış

Yaşar Süleymanlı

/Yaşar Kərəm oğlu Süleymanov; 1980-ci ildə Ağcabədidə doğulub. Bakı Biznes Universitetinin Hüquq fakültəsini bitirib. 2001-2003-cü illərdə həmin univeritetin Hüquq kafedrasında müəllim, 2002-2003-cü illərdə isə Bakı şəhər Prokurorluğunun Tədris Mərkəzində köməkçi görəvində çalışıb. İlk şeiri 1997-ci ildə “Xalq Qəzeti”ndə dərc olunan Yaşarın 2002-ci ildə “Buda belə bir sevdadır”, 2005-ci ildə “Məhəbbət qalası” adlı iki kitabı işıq üzü görüb. Şeirlərinə bəstələnmiş mahnıları tanınmış müğənnilər ifa edib.  Hazırda Moskvada yaşayan gənc yazar, 2009-cu ildən Rusiya Federasiyasının vətəndaşıdır./ 

QƏRİBƏDİR

Dünya viranə qalmış,
Dağılmış ki, dağılmış,
Həyat, ömür nağılmış,
Qəribədir, qəribə…

…Ruhum göylərdə məhbus,
Cismim torpaqda, əfsus…
Mənə nə, məndən məxsus,
Qəribədir, qəribə…

Bircə addımış məgər,
Beşikdən gora qədər,
Hər gələn bir gün gedər,
Qəribədir, qəribə…

Həyatdan doymaq olmur,
Ölümsüz olmaq olmur,
Dərk edib, duymaq olmur,
Qəribədir, qəribə…
Qəribədir…

YETƏR MƏNƏ

Gəl, məni al, məndən elə,
Qulun, kölən, bəndən elə,
Aydan elə, gündən elə,
Sənin nurun yetər mənə…

Baş qoyum mən dizin üstə,
Al canımı, durub qəstə,
Kor et məni, gözüm istə,
Sənin nurun yetər mənə…

Yandır məni, yax icimdə,
Şimşək olub, çax icimdə,
Coşub-çağla, ax icimdə,
Sənin nurun yetər mənə…

Bu dünyanın sonu çata,
Ay qarala, günəş bata,
Ey, gül üzlüm, zərif buta,
Sənin nurun yetər mənə…

Yaşar solar sənsiz gülüm,
Odum sönər, qalmaz külüm,
Aparsın qoy məni ölüm,
Sənin nurun yetər mənə…

DARIXMIŞAM

Düşmüşəm mən özüm özümdən uzaq,
Şerimdən, nəğməmdən, sözümdən uzaq,
Özümdən aralı, gözümdən uzaq,
Özüm özüm üçün darıxmışam mən.

…Bəxtimi dərdləri yazana verdim,
İzimi yolunu azana verdim,
Qədrini bilmədim, xəzana verdim,
O solan gülümçün darıxmışam mən.

Yerdən ayaq üzdüm, göydən əl üzdüm,
Dərdləri inci tək sinəmə düzdüm,
Yoruldum, usandım, canımdan bezdim,
Sadəcə ölümçün darıxmışam mən.

HARAMDIR

Ay, qəlbimi yüz yerindən dağlayan,
Damarımda qanım kimi çağlayan,
Sənsən məni bu həyata bağlayan,
Sənli həyat, sənsiz mənə haramdır.

Gecəm kimi zülmət olub səhərim,
Gülüşümə ortaq olub qəhərim,
Səndən ayrı bax belədir təhərim,
Sənli həyat, sənsiz mənə haramdır.

Başdan aşa varım, daş-qaşım, ləlim,
Yenə sənə uzanacaqdır əlim,
İmdad edib, söyləyəcəkdir dilim,
Sənli həyat, sənsiz mənə haramdır.

Pərvanədə şama könül verir ki,
Tül qanada alovdan don geyir ki,
Öləndə də son kəlmədə deyir ki:
“Sənli həyat, sənsiz mənə haramdır”.

Zülfün kəmənd, həsrətinsə dardı yar,
Əlindədir, bilirsən hər ixtiyar,
Öldür məni, onsuzda nə fərqi var,
Sənli həyat, sənsiz mənə haramdır.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.