Ana səhifə BAŞ YAZI Ozanlar diyarı – Kırşəhər

Ozanlar diyarı – Kırşəhər

Müəllif: Bizim Yazı
878 baxış

Kırşəhər icra başçısı Özdəmir Çakacak bəyin, Bələdiyyə başqanı Yaşar Bahçecinin, Şəhər mədəniyyət şöbəsinin müdiri Mustafa Güncan  bəyin dəstəyi və yaxından köməkliyi ilə,  Kırşəhər Yazarlar Birliyinin   hazırladığı layihəyə əsasən dörd ildir ki, Kırşəhərdə  Uluslararası Aşık Paşa şeir şöləni keçirilir. Yazarlar Birliyinin sədri  Zübeydə xanım Gökbulutun dəvəti ilə bu ilki  şeir şöləninə mən də qatıldım. Bu tədbirdə  unudulmaz anlar yaşadım.
Məni hava limanında  şair İbrahim Dügər  bəylə  həyat yoldaşı Yurdagül xanım  qarşıladı. İlk tanışlıqdan onlar mənə o qədər səmimi, mehriban göründülər ki, gəlməyimə çox sevindim.
Biz Nevşəhər hava limanından Kırşəhərə doğru yol aldıq.  Kırşəhər ilk  günəşli  səhəri ilə üzümə gülümsədi. Geniş Bozqır çölləri gözlərimi oxşadı. Mən maşının şüşəsini endirib çöl ətri verən havanı sinə dolusu ciyərlərimə çəkdim. İçimə bir yüngüllük  gəldi. Dədə ozanımız  Aşıq Alının “Yaylaq, bizim yaylaqlara bənzərsən“ misralarını  ixtiyarsız olaraq pıçıldadım.
İbrahim bəy yol boyu  qürurla  Kırşəhərin gözəlliklərindən  bəhs etdi. O, danışdıqca düşündüm ki, yaşadığı vətəni, ayaq basdığı torpağı sevən bu insan  məmləkətinə necə də böyük  məhəbbətlə bağlıdır.
Nəhayət , biz şəhərə daxil olduq.Yunus Əmrə, Ozan Dadaloğlu, Aşıq Paşa kimi adı dillər əzbəri olan  söz adamlarının ruhu dolaşan bu gözəl torpağa ayaq basığım üçün sevincimin həddi- hüdudu yox idi.
Qonaqların toplandığı məkana  gəldik. İlk qarşılaşdığım,  Salihlidə  “Bizim Ece” şeir şölənindən  tanıdığım  şair Vural Şahin oldu, səmimi görüşdük.Şölənə dəvət almış  Ulu Türkün görkəmli şair oğlu Məmməd İsmayılı da  burda görüncə,  çox sevindm.Salamlaşıb hal- əhval tutduq.
Gözlərim  Kırşəhər Yazarlar Birliyinin sədri Zübeydə Gökbulutu , Ankarada yayımlanan “Nəfəs” jurnalının redaktoru və təsisçisi yazıçı  Səfər Aşır Eraslan bəyi axtardı.
Mənim şeir şöləninə qatılmağımda onların  böyük əməyi olmuşdu.
Biz bir- birimizi  yazılarımızla tanıyırdıq, uzun illərin yaxın dostları kimi görüşdük.
Zübeydə xanımın üzünün cizgilərində anamı, doğmalarımı xatırladan  nurlu bir ifadə vardı. O, gələn hər qonağa  xüsusi qaygıkeşliklə yanaşır, hər kəsə xüsusi diqqət göstərirdi. Hamının üzündə, gözündə xoş  təbəssüm dolaşırdı.
Qonaqlar üçün  təşkil olunmuş  ziyafətdən  sonra  şəhərlə tanış olmağa çıxdıq. Tarıx  muzeyinə getdik, ilk tanışlıq muzeydən başladı. Bəli, bir eli , obanı  yaxından  tanımaq  istəyirsənsə, əvvəlcə onun tarixini öyrənəcəksən.
Kırşəhərin, sahib olduğu tarixi mədəniyyət abidələrini görüncə ,onun qədim  tarix və mədəniyyət şəhəri olduğunu anladım. Zübeydə xanım bildirdi  ki, Kırşəhərin yetişdirdiyi məşhur tarixçi Cavat Hakkı Tarım demişdir;- “Bir gün Türk mədəniyyət xəzinəsinin qaynağını aramağa çıxanlar, Kırşəhərə mütləq baş çəkəcəklər” Bütün bunları eşitdikcə mənim bu şəhərə marağım daha da artdı.
Şəhər sakini İbrahim Özdəmir yaşadığı  üç qatlı mülkü tarix muzeyinə çevirmişdir.
Kənd-kənd, oba- oba gəzib, evlərdən qədim və əntiq əşyaları alaraq ,öz şəxsi vəsaiti hesabına  bu muzeyi yaratmışdır .Gördüyüm eksponatlar məni heyrətə gətirdi. Nənəmin cəhrəsi, nənəmin nəhrəsi,saxsı səhənglər, mis güyümlər, nələr, nələr… İlahi, bunların hamısı dünyasını dəyişmiş nənələrimizi gözlərim önünə gətirdi.  Babalarımızdan qalan, igidlik rəmzi olan  qılınc və xəncərləri görəndə düşündüm ki, ayrı – ayrı dövlətdə yaşasaq da  milli-mənəviyyatımız,  soyumuz-kökümüz,   dinimiz-dilimiz  birdi, biz birik, onlar elə bizik. Bizi bir-birimizdən heç bir qüvvə ayıra bilməz.
Kırşəhər, dünyanın ilk   kütləvi mədəniyyət hərakatlarından biri -Ahilik təşkilatının qurucusu Ahi Evran Vəli, Türk dilinin ədəbi dildə, şeir və yazılarda öncül dil olmasında böyük xidmətləri olmuş Aşık Paşa , Süleyman Türkmənçani,Gülşehri, sevgi və könül insanı olan Yunus Əmrə, Hacı Bəktaşi Vəli, yaratdığı  mədrəsədə astronomiya elmindən  dərs verən Cacabəy, Osmanlı dövlətinin mənəvi qurucusu Şeyx Ədəbali kimi tarixi şəxslərə ev sahibliyi etmişdir.
Həmin gün axşam  Polis Məslək Okulu ( Polis Akademiyası) konfrans zalında Aşık Paşa  və onun yaradıcılığı haqqında,  ilahiyyatçı alim Ethem  Erkoç böyük məruzə etdi.
Türk dilinə ayrı bir önəm verən , əsərlərini Türkcə yazmış  şair, ozan Aşık Paşanın Türk dili və ədəbiyyatında xüsusi bir yeri olmuşdur. Ərəbcənin elm dili, Farscanın bir ədəbiyyat dili olduğu 13 – çü yüz illikdə Aşık Paşa türk dilinin  Anadoluda  həm dövlət, həm ədəbiyyat dili  qəbul olunmasında  böyük əziyyətlər çəkmişdir. Onun  türk dilində yazmış olduğu indiki nəsillərə gəlib çatan “Qəribnamə” əsəri Türk xalqına ən qiymətli hədiyyəsidir.Aşık Paşa zəmanəsini  qa¬baqlamış, yüzilliklərə  öz dəyərli əsərləri ilə meydan oxuyan böyük bir şəxsiyyətdir:

Yüce dağlar duman olmaz,
Çeşmim yaşı revan olmaz,
Değme kişidən kul olmaz,
Ben gönlümü bilmezmiyim.

Konfransdan  sonra  sazlı- sözlü şeir axşamı bizi öz ağuşuna aldı.
Anadolu qoynunda olan bu şəhərin   dədə ozanları, şairləri ilə  məşhur olduğunu bildirdilər. Dedilər ki, bu şəhərdə şeir yazıb, saz çalmayan Kırşəhərli deyil. Kimi dindirsən sənə şeirlə cavab verər.
Mən Kırşəhəri Azərbaycanımızın  sazlı- sözlü Qazağına, Tovuzuna, Gədəbəyinə, Göyçəsinə bənzətdim.
Şam yeməyi zamanı maraqlı bir görüşün şahidi oldum. Gənc bir qız Məmməd İsmayıla yaxınlaşaraq,-  Hocam, mənim əziz hocam – deyib ona sarıldı. Məmməd İsmayıl tələbəsi olmuş Asenanı bizə təqdim etdi. Eloğluma  Türkiyədə bu qədər  hörmət edilib, dəyər verildiyini görüncə  qəlbim qürur hissi ilə döyündü. Qaldığımız Cingöz otelin üst qatında  nəğməli   gecə bizə mənalı saatlar yaşatdı. Zübeydə xanımın başçılıq etdiyi Kiyşad dərnəyinin üzvləri  şair  Dərviş Ekim, İbrahim Düger, Gursəl Şahin, Veysəl Turqut, Aşıq İsa Ərdoğan  gələn qonaqları salamladılar . Duzlu- məzəli söhbətlər,  bir-birindən maraqlı şeirlər ilə , ozanların  oxuduqları türkülərlə  mənən dincəldik.Zübeydə xanım bizə bir sürpriz də etdi. Onun çox yanıqlı, məlahətli səsi varmış, həzin türkülər söylədi.
Səhəri gün  biz Aşık Paşa türbəsini, Ahi Evran türbəsini, Kırşəhərdə hər kəsin öyündüyü,  böyük məhəbbətlə yad etdiyi şair, ozan Nəşət Ərtaşın məzarını, ozan Dadaloğlunun abidəsini , Cacəbəy mədrəsisini  bir- bir  ziyarət etdik.  Mədəniyyət şöbəsinin müdir müvini Əyyub Teymur bəy də bütün ziyarətimiz boyu bizimlə idi və çox maraqlı məlumatlar verirdi.
Şölənin ikinci günü Kırşəhər Mədəniyət  sarayında möhtəşəm poeziya gecəsi keçirildi.
Türkiyənin bir çox şəhərlərindən , Kərkükdən, Almanliyadan gələn şair qonaqlar, Kırşəhərli şair və ozanlarla birlikdə  Uluslararası Aşık Paşa şeir şöləninə öz çıxışları ilə  rəng qatdılar. Gecəni TRT kanalı  əməkdaşı , tanınmış sənətçi  Abdulla Gündüz aparırdı. Dr. Nədim Uçar, Məmməd İsmayıl, Talat Ulker, Vural Şahin, Süleyman Karacabəy, Nihal  Parlak Gülver, Hava Köşəoğlu, Mahir Gürbüz, Çərkəs Bozdağ, Ozan Baki Çelik, Havva Tekin, Şərifə Çinar, Həcər Alıoğlu, Kənan Çarboğa, Tutkun Durukan  və sair şairlər çıxış etdilər.
Saz çalınıb, türkülər  oxundu, Kərkükdən təşrif gətirmiş ozan Əhməd Rza və gənc Kırşəhərli Məhmət Şimşək ,  Abdulla Gündüz və Cəmilə Yücel  xanım da  gözəl türküləri ilə könlümüzü oxşadı. Cəmilə xanım Türkülər ilə bərabər  Azərbaycanın bir neçə  xalq mahnılarını da böyük ustalıqla  ifa etdi.
Mən səhnədə  Azərbatycanın milli geyimində  çıxış etdim. Zal məni gurultulu alqışlarla qarşıladı.
Çıxışdan sonra  şair dostlarım və zalda oturan tamaşaçılardan bir neçəsi mənə yaxınlaşaraq, əlimi sıxıb, təşəkkür  etdi.Böyük şairimiz Məmməd İsmayıl da məni təbrik etdi;- özündən  muğayat ol, qızım – dedi, kövrəldim.
Üçüncü günü bizi Kırşəhərin tarixi yerlərinə götürdülər.
1986-cı ildən bəri Yapon- Anadolu Arxeoloji institutu tərəfindən öyrənilən və hər keçən gün tarixə işıq tutan, yeni eksponatlar əldə edilən Kaman – Kalehöyük ərazisi, orada tikilən Kalehöyük Arxeoloji muzeyi, Yapon baxçası mədəniyyət və turizm mərkəzinə çevrilmişdir. Bu işlərdə Kaman Bələdiyyə sədri İrhan   bəyin  də xüsusi xidmətləri var. Kırşəhər  Mucur (Mücrü), Kəpəz , Dulkadirli kimi yeraltı şəhərləri ilə də öyünə bilər.
“Kırşəhərə gələsən,  Seyfə gölünü görməyib də gedəsən, demək ki, heç bu şəhərə gəlməmisən”- deyimi ilə məşhur olan bu göl nadir flora və  faunası ilə öz təsdiqini tapmışdır.Bu göllə yaxından tanışlığımız   Ömər Çətinin çəkib yaratdığı  fotosərgi ilə başladı. Onun çiçəklərin və flaminqo quşlarının müxtəlif məqamlarda fotoya aldığı  şəkilləri diqqətimizi çəkdi. Çəkdiyi çiçək fotoşəkillərinin  birinin içərisində sanki  ağ geyimli bir rəqqas rəqs edirdi. Mövlanə ilində təsadüfən foto şəklini  çəkdiyi bu çiçəyi Ömər bəy Mövlanə çiçəyi adlandırdı. O, bu çiçəyə sonralar bir də rast gəlmədiyini söylədi.
Səyahətdən sonra  Malya Tarım ( Kənd təsərrüfatı) istirahət mərkəzinin müdiri Mustafa Gökgül bizə vida ziyafəti verdi.
Türkiyəyə səfərim beləcə başa çatdı.
Salamat qal, Kırşəhər,- deyib, ayrıldım bu şəhərdən.
Mən yol uzunu  qayğıkeş el anası, özünün dediyi kimi,qanı, canı ilə  Azərbaycana bağlı olan, Türk  mədəniyyətinin , ədəbiyyatının əzmkar təbliğatçısı  Zübeydə ablamı,mənə soyuq olmasın deyə, çiynimə şal atan Çorumlu Nurhan bacını, börəkler bişirib bizə pay gətirən Yurdagül bacını, gözəl Aslihanı, Mucurlu- yaşlı olmasına rəğmən ürəyi gənclik eşqi ilə döyünən Gülbəyaz  teyzəni. “Mən güclü qadınları sevirəm”,-  deyən Gültəkin Özcanı,  Şərifə Çinarı, Nava xanımı, Havvanı , Nilufəri, Həcəri xatırladım.
Salamat qal, Kırşəhər, gələn görüşə qədər. Mən yenə də görüşünə gələcəm.

Nazilə GÜLTAC

—  —  —
Kırşəhərdə yaşayan Könül dostlrımdan şeir çələngi

Zübeydə Gökbulud /Kırşəhər Yazarlar Birliyinin sədri

BİR RÖYAM VAR , UYUMADAN GÖRDÜYÜM

Keçdi ömrüm, həsrət ilə, dərd ilə,
Qıydı illərimin ən gözəlinə,
Dözəmmirəm ata- ana həsrətinə,
Bir”yaşım “ var, ayrılığa sarıldım.

Çarə dedim, hanı dedim, yox dedi,
Bacardıqca, sən içindən çıx dedi,
Səbr əkdim, yollarına bax dedi,
Bir daşım var, qərib başa vurduğum.

Göy üzündə xəyallara daldırdı,
Günümə, gecəmə hüzn doldurdu,
Ayazıyla gül üzümü soldurdu,
Bir qışım var, yanağıma sürdüyüm.

Ürəklərə minbir sevgi daşıdım,
Bu dövranı onlar üçün yaşadım,
Bir addıma addım atdım, beş addım,
Bir işim var, çiçək- çıçək dərdiyim.

Yaradanım, rəsuluna eş eylə,
Ay- ulduzu bu torpağa baş eylə,
Cümlə cahanın könlünü xoş eylə,
Bir beşim var, ürəyimə verdiyim.

***

İbrahim Düger

DOST   NƏSİHƏTİ

İnsan çölündən bilinməz,
Hər kəs ilə sirr bölünməz,
Dost deyib də ki, gəzilməz,
Bu bir qayğı məsələsi.

Şübhə ilə yanaşılmaz,
Hissləri ilə savaş olmaz,
Sevməyincə anlaşılmaz,
Bu bir yanğı məsələsi.

Dosta ki, hörmət edilir,
Dost ilə yola gedilir,
Dosta can fəda edilir,
Bu bir sevgi məsələsi.

Bu nəsihət İbrahimin,
Ədəbi olmaz cahilin,
Dostu çox  yaxın bilin,
Bu bir sayğı məsələsi.

***

Aşıq Dərviş Ekim

NECƏYƏM SƏNCƏ?

Ürəyim bənzəyir yerdəki daşa,
Necəsən deyirsən? Necəyəm, səncə?
Gülməyi unutdum, çalışma boşa,
Necəsən, deyirsən? Necəyəm ,səncə?

Eşq dolu bülbüləm, düşdüm əlinə,
Sevgim ölməz idi, qədir bilənə,
Bal deyil, zəhər sürtdün dilimə,
Necəsən, deyirsən? Necəyəm, səncə?

İçim qan ağlayır, çölüm gülüstan,
Kəfənim biçilb, geyilən  libasdan,
Çəkdiyim acıya yazıram, dastan,
Necəyəm, deyirsən? Necəyəm, səncə?

Dərdim əlli idi , oldu yüz əlli,
Qəlbim qan ağlayır, gözlərim nəmli,
Sən məni unutdun, halından bəlli,
Necəsən deyirsən? Necəyəm, səncə?

Aşıq Dərviş deyir, olmadım mətin,
Bağrımı qovurub yaxdı həsrətin,
Qəhrindən öldürmək , məni niyyətin,
Necəsən deyirsən? Necəyəm , səncə?

***

Veysəl Turqut

UŞAQLAR

Bir ALLAH vergisi, könül meyvəsi,
Bu qərib dünyaya gələn uşaqlar,
Dəstə- dəstə çiçək, bahar müjdəsi,
Oynayan, ağlayan, gülən uşaqlar.

Ağlımda, fikrimdə,könlümdəsiniz,
Çörəyini səkkizə bölən uşaqlar,
Bir yanda qayğının içindəsiniz,
Bir yanda aclıqdan ölən uşaqlar.

Kiçicik yaşında həyat qovğası,
Ac, susuz , yuxusuz qalan uşaqlar,
Həqiqi dünyada cənnət sizlərin,
Bu dünya yalandır, yalan, uşaqlar.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.