Ana səhifə YAZILAR ORXAN MUXTARLI. Xəyallar qoynunda

ORXAN MUXTARLI. Xəyallar qoynunda

Müəllif: Bizim Yazı
101 baxış

Pəncərənin kənarında oturub xəyala dalmışdı. Xəyallar onu uzaqlara, şəhərdən dağlara aparmışdı. O əslində yaşadığı Bakının övladı deyildi. Neft qxhulu dəniz, daş karxanasına bənzər gözəl qəfəs onun yeri deyildi. O dağların qoynunda ucalan şəhərin – Şuşanın övladı idi, orada onun uşaqlığı, gəncliyi keçmişdi.
– Nənə, yatmaq istəyirəm – Ayaz nənəsini istəyir.
– Hə, qadan alım, gəlirəm.
Qocalmış əllərini taqətdən düşmüş dizlərinin üzərinə qoyaraq ayağa qalxdı. Ayağlarını arxasınca sürüyərək nəvəsini yataq otağına gətirdi. Nəvəsini əzizləyə – əzizləyə soyundurdu.
– Köpəy oğlu, gir yerinə, soyuq olar sənə!
– Nənə, əlindəki kitab nədir?
– Qurandır, oğlum.
– Quran – Allah babanın kitabı?
-Hə, oğlum, Allah babanın kitabı.
– Sənin kitabındır, Ayazın yox?
-Yox, oğlum, nənənin kitabıdır.
-Ayazın kitabındakı kimi orda nağıllar var?
– Yox, oğlum, burada nağıllar yoxdur – dərindən ah çəkərək – ümid var, oğlum, ümid.
Kitabı aralayıb içindən qurumuş gülü çıxardı. Gülə baxaraq yenə də fikrə daldı.
– Nənə, bu gül kıxdır ki, Ayaz böyüsün dükandan sənə təzə gül alacaq.
– Eh oğlum, bu gülü dükandan almaq olsaydı dərdim nə idi ki?!
-Yoxdur bu güldən? Bəs harda var?
– Uzaqlarda, oğlum çox uzaqlarda – əlim çatmayan yerlərdə.
-Allah babaya de də sənə bu güldən versin!
Qırışmış əlləri ilə nəvəsinin başını sığallayan nənə:
– Deyirəm, oğlum, hər gün deyirəm, ümüd edirəm ki Allah baba səsimi eşidib məni bu gülə qovuşduracaq. Gəl, sənə bir əfsanə danışım.
– Əfsanə – o nədir ki, nağıldır, kitabımdakı şəkilli nağıldandır?
– Hə, oğlum, şəkilli nağıldır.
Balaca Ayaz sakitcə baxışlarını nənəsinə dikərək diqqətlə qulaq asmağa başladı.
– Deyilənlərə görə uzaq bir dağın ətəyində çəmən vardı. O çəməndə o qədər güllər vardı ki, göyqurşağının yerdəki aynası olaraq bu çəmənə ad qoymuşdular. Bu çəməndə cavan bir bülbül vardı. Onun yaraşığı və səsinin gözəlliyi, bütün canlıları heyran edirdi. Deyilənə görə bülbül oxuyanda çəməndə olan bütün canlılar bülbülə qulaq asmaq üçün səsini belə çıxarmırdılar. Bu bülbülə ilham verən çəməndə güllərin tacı sayılan bir gül idi. Bülbül ona aşiq olmuşdu. Hər səhər sübhdən o gülü görmək üçün yuvasından uçub gələn bülbül gülə sevgisini bildirmək üçün biri-birindən gözəl olan mahnılar oxuyardı. Günlərin bir günündə çəmənliyin yaxınlığında yaşayan arı bül-bülün aşiq olduğu güldən şirə çəkmək istəyir. Bunu görən bülbül öz nəğməsini kəsərək arının üzərinə şığıyır. Öz sinəsini qabağa çəkərək arı ilə toqquşur, arı onu sancır.
Marağını saxlaya bilməyən Ayaz:
– Bülbül öldü?!
-Yox, oğlum. Tanrı bülbülün bu fədakarlığını görüb, toquşmuş arı ilə bülbülü yeni bir gülə – Xarıbülbülə çevirir. O gündən sonra o gül çəmənin ən gözəl gülü olur.
– Nənə, Bülbül baba kimi şəhid olur?
Nəvəsinin bu sualını gözləməyən nənənin gözü yaşarır və nəvəsinin alnından öpərək:
– Hə, oğlum, bülbül də baba kimi sevgisi uğrunda şəhid oldu.
– Bəs onda niyə Allah baba onu gülə çöndərmədi?
– Çöndərib mənim balam, çöndərib, yat durandan sonra sənə o gülü göstərərəm.
Nəvəsini yatızdırandan sonra halsız şəkildə uzun zaman açmadığı şfoneri açır. Şfonerin ən hündür siyirtməsindən köhnə amma yaxşı vəziyyətdə qalmış göy tünd üstü ağ xırda dairələrlə bəzədilən paltarını geyinib, yaylığını başına bağlayır. O axırıncı dəfə Şuşanı tərk edəndə bu paltarı geyinmişdi. Paltarı geyinərək əri ilə bazar başında olan parça dükanından necə parçanı seçdiyini xatırlayırdı. Bu zaman qızı otağa daxil oldu.
– Ana, xeyir ola, hara gedirsən?
– Heç qadan alım, bir yer var, ora gedəsiyəm. Uşağı yatızdırmışam, duranda köynəyini dəyişərsən, tər içində olar. Sonra soyuq olmasın ona.
Qızı anasının geyindiyi dona baxdı. Qəribə baxışlarla anasına yaxınlaşdı. Ana hara belə?
– Qoca qarının gözləri yaşararaq:
– Yusifim yadıma düşüb, gedim qəbrini ziyarət edim. Bir az dərdləşim.
– Ana, gözlə nahara Tofiq gələr, onunla gedərsən.
– Yox, ay qızım, işdən gələjək nayrahat eləmiyim.
– Ay arvat, nə narahat, oğlundur da!
– Booy, ay qız, dedim ki, tək getmək istəyirəm.
Dəhlizdə ayaqabısını geyinib qızının alnında öpərək bayıra çıxdı. Yolda bir taksi saxlayaraq qəbirsanlığa yollandı. Yol boyu yaylığının içinə bükdüyü gülə baxıb düşünürdü. Düşüncələrindən sürücünün səsi ayıltdı.
– Nənəcan, bu gül nədür?
– Qadan alım, xarıbülbüldür.
-Xarıbülbül! Şuşadan olarsan?!
– Hə, ağrın alım, ordanam.
– Nənəcan, deyirlər, o gül Şuşadan başqa heç yanda bitmir.
Qoca qarı başını astaca yellədərək sürücünün dediyi təsdiqlədi:
– O vaxt rəhmətlik nənəm mənə bir əfsanə danışmışdı. Əfsanəyə görə Qarabağ xanı öz qızını İran şahına verir. Qız qürbətdə gündən-günə saralıb solur. Şah bunu görcək xanımı üçün bağ salır. Bağda olan bütün güllər, ağacları Şuşadan gətirir. Bütün güllər çiçək açır bircə xarıbülbül bitmir. Şah üç dəfə xarı bülülü bağçaya gətizdirir. Dibçəkdəki xaribülbül solur. Deyilənə görə həmin xanın qızı elə xaribülbül kimi solur ölür. O da torpağından kənarda yaşaya bilmir.
Nənə bu əfsanəsini danışanda sanki öz keçmişinə, uşaqlığına, nənəsinin isti qoynuna dönmüşdü. Ürəyi çoxdandır ki, belə isinmirdi. Amma sürücü bu hiss etməmişdi də, ona bu əfsanə maraqsız idi, o sadəcə bu daş karxanasında bahalaşan ərzaq, sökülən evlərin pulu, maşının zapçastı maraqlı idi. Nənə bu isti dünyasında ayılanda gördü ki, maşın qəbirsanlığın önündə dayanıb və sürücü arxaya çönərək qoca qarının üzə marıtdıyıb baxır. Qoca qarı qırışmış portmanasından 5 manatı çıxardıb sürücüyə verdi.
– Çox sağol, qadan alım.
– Nənəcan, gözləyim səni?
– Yox, ağrını alım, get, mənə görə avara olma.
O heç zaman qəbirsanlığa tək gəlməmişdi. Qəbirsanlığın girişində duran bu iri darvazalar qoca qarının həyatının ən ağır anlarının xatirəsinin sərhədləri kimi görsənirdi. O bu darvazalardan içəri daxil olanda sanki yaşadığı itkilərin, ağrılarını bir daha yaşamış kimi olurdu. O özündə cəsarət tapıb qara darvazalardan içəri addımını atır. Sonsuzacan uzanan ensiz yolun hər iki tərəfi qəbirlə dolu idi. Getdikcə sanki bataqlığa girmiş kimi adımları səngiyirdi. Axır ki, ərinin qəbrinin üzərinə gəlir. Yaylığının içindən xarıbülbülü çıxarıb yaylığı ilə qəbir daşını silməyə başladı. O əvvəl qəbrin üzərinə vurulan ərinin şəklini sildi, daha sonra yazıları, daha sonra bütün qara daşı. Qəbir daşını təmizlədikdən sonra qoca qarı küncdəki daşın üzərində əyləşərək ərinin şəklinə baxmağa başladı.
– Yusifim, necəsən, anan ölsün, soyuq torpaq qucalayıb səni – göz yaşlarını silərək sözünə davam elədi. – Uşaqları böyütdüm, adına layiq ailələri var, qohum-qonşu arasında hörmətləri var. Balaca nəvən var Ayaz. Maşallah sənin sıfatındır elə. Göy göz, sarı saçlı, incə dodaq. Elə sənin kimi ağıllı. Hərdən verdiyi suallara cavab verə bilmirəm. Yadıma sən düşürsən, sənin iyini ondan almağa çalışıram. Hərdən elə bilirəm ki balaca uşaq yox, elə onun dili ilə sən mənimlə danışırsan. Bu gün də elə bildim. Yadındadır, nişanlı olanda mənə xarıbülbül vermişdin. Bu gün o gülü əlimdə olanda gördü, sualları verməyə başladı. Amma onun bir sualı mənə təsir etdi: deyir babanı da əfsanədəki Arı kimi Allah baba gülə çevirib. –Gözlərindən yaş süzülərək gülümsündü: – Dedim, hə, ay Yusif. Dedim ki, səni də gülə çevirib.
Ovcunda əzdiyi qurumuş xarı bülbülü ərinin qəbrisinin üzərinə qoydu
Amma qara daşdan bu qəbir xiyabanından səndə ən gözəl gülsən, Yusifim…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.