Ana səhifə YAZILAR Öncə atın ayaqlarının səsini eşitdik, sonra da atın üstündəki adamın…

Öncə atın ayaqlarının səsini eşitdik, sonra da atın üstündəki adamın…

Müəllif: Bizim Yazı
949 baxış

SefureSəfurə Çərkəzqızı

AND OLSUN ATLARA! (öykü)

Qarşımda nəhəng, qəribə bir qapı varıydı. O qədər hündürüydü ki, aşağıdan yuxarıya baxanda başım fırlandı, az qaldım arxaya yıxılam. Təkcə dəstəyi məndən iki dəfə uzun olardı. Bu, nə qapısıydı, mən hara gəlib çıxmışdım, burda nə işim vardı? Yaddaşımı ha qurdalasam da, cavab olacaq tək bir kəlmə ağlıma gəlmədi…
Qapının sağı da, solu da boz divarıydı. Ürəyim sıxıldı, burdan tez çıxıb qaçmaq istədim. Cəld geri çevrildim – yol nə gəzirdi?!. Önüm də divarıydı, yuxarı – başımın üstü də. Bəs mən bura hardan gəlib çıxmışdım?!
Başqa yol yoxuydu, qapını açmalıydım…
…Nəhəng qapı arxamda qalmışdı. Önümdəsə başqa bir qapı dururdu. Üstündə iri hərflərlə yazılmışdı:

DÜNƏN

…Oynumuzun lap şirin yerində öncə atın ayaqlarının səsini eşitdik. Sonra da atın üstündəki adamın səsini:
– Ay ev yiyəsi!
At ağlımızı oğurladı, oynumuz yarıda qaldı…
-A bala, ay uşaq, dədənə deyərsən, sabah Əmir kişi oğlunu evləndirir, onu da toya çağırır!
Ağzımızı açıb aşağıdan yuxarıya – atın üstündə dimdik dayanan adama, yerindəcə oyur-oyur oynayan ata baxdıq. Çoxdandı at görməmişdik.
Kişi ata bir qamçı vurdu, at yola sarı götürüldü. Biz də dalınca. Atlı o biri məhəlləyə girəndə ağlımıza qoyduq ki, biz də at sürək. Hərəmiz bir çubuq mindik, birini də qamçı əvəzinə əlimizə götürdük. Atlı kimi altımızdakı “atı” qamçılayıb gəldiyimiz səmtə “çapmağa” başladıq: Hu! Hu! “Atlarımızın” ayaq səsləri bir-birinə qarışdı:
-Dqrıt… Dqrıt… Dqrıt…
…Qəfildən hər şey yoxa çıxdı. Atların ayaq səslərindən başqa. Birdən özümü ikinci qapının qarşısında gördüm. Bu qapı hardan çıxdı? Qapının o üzündən atların kişnərtisini, ayaqlarının tappıltısını, bir-birinə çırpılan qılıncların cingiltisini eşitdim. Qanım qaynadı, at kimi kişnədim. Qapının üstündəki yazını oxuyub tez-tələsik içəri girdim:

ULU KEÇMİŞ

Miladi tarixiylə 864-cü ildi…
…Ərəb tarixçisi əl-Cahiz qaz lələyini yenə mürəkkəbə batırıb məktubun ardını yazmağa başladı: “…Nə xaricilər, nə də bədəvilər at üstündə ox atmaq məharətinə malik olublar. Türksə yəhər üstündən heyvanı, quşu, nişangahı, adamı, ovuna ortaq olmaq istəyən bir vəhşini məharətlə vurur. Onun atı bir anda irəli-geri, sağa-sola hərəkət edir, eniş-yoxuş keçir, o isə ox atır. Özgəsi birini atmağa macal tapmamış, türk on ox atmağı bacarır…
Türk ata baxmaqda ən yaxşı mehtərdən, at öyrətməkdəsə ən səriştəli təlimçidən bacarıqlıdı.
Əgər türkün güzəranına, gündəlik həyatına nəzər yetirsən, görərsən ki, o, ömrünün əsas hissəsini yerdə deyil, at üstündə keçirir…
Türk at belində silkələnib acanda heyvanlardan birini kəsib yem eləyir. Susuzluq duyanda madyanlardan birini sağıb südünü içir. Altındakı ata istirahət vermək istəyəndə yerə düşmədən başqa bir atın belinə sıçrayır…”
…Çapar xəlifə əl-Mütəvəkkilə ünvanlanan məktubu alıb ata sıçradı. Gözdən itənə kimi səs qulaqlarımdan getmədi:
– Dqrıt… Dqrıt… Dqrıt…
…İkinci qapı da arxamda qalıb. Üçüncü qapının böyük dəstəyindən yapışmamış üstündəki yazını oxuyuram:

GƏLƏCƏK

…Ayağımı atın üzəngisinə qoyub yəhərin üstünə atıldım. At yorğa yerişlə yeriməyə başladı. Onun bu ahəngi, təzəcə nallanmış ayaqlarından çıxan səslər mənə ləzzət verirdi. Gözlərimi yumdum. Elə bil gözəl bir musiqinin sehrinə düşmüşdüm. Ta qəbrə kimi bax belə – tələsmədən yol getməyə hazırdım. Birdən ahəng pozuldu:
– Salam! Atın üstündə yatmısan ki!
Gözlərimi açdım. Bir atlı düz qarşımda dayanmışdı. Kişinin üzü tanış gəlsə də, yaddaşımı qurdalamağa ərincəklik elədim. Atlar fınxırıb ayaqlarını tappıldatdılar.
– Həə, çoxdandı, özümü belə yaxşı hiss eləməmişdim!
– Elə mən də. Bu nə əzəmətmiş, elə bilirəm, başım buludlara dəyir! Deyirəm…
Qulaq batıran gurultu söhbətimizi yarıda qoydu. İkimiz də çevrilib səs gələn səmtə baxdıq. Bizdən bir az aralıda bir-birinin üstünə qalaqlanmış saysız-hesabsız maşın varıydı. Elə bil küçənin ortasında böyük dağ yaranmışdı-maşın dağı. Bir ucdan maşınları sürüyüb ora atırdılar.
– Şəhərdə nə qədər maşın varmış?!
– Həə, bilirsən, Bakıda nə qədər belə dağ var?!
– Bilirəm. Deyirəm, tıxaclardan nə canımız qurtardı!
– Həə, düz deyirsən! And olsun atlara, dədə-babalarımız çox ağıllıymış! Yaxşı oldu təzədən atları minməyimiz. Türk at üstündə olmalıdı. Kişisi də, qadını da. Di sağ ol!
– Yaxşı yol! Atdan muğayat ol!
…Atın başını döndərdim. Şəhərin küçələrini heç belə görməmişdim. Hara baxırdın, maşın dağıydı. Atlıların da sayı-hesabı yoxuydu. Siyasətçilər, müğənnilər, aktyorlar, jurnalistlər, yazıçılar, sadə adamlar- hamı at üstündəydi. Hamının da əynində qədimyana paltar. Özümə baxdım, mən də onlar kimi geyinmişdim. Qəfildən bir capar gəldi:
– Yol verin, kənara çəkilin!
Atlılar bir andaca yolun sağına, soluna düzülüb gözləməyə başladılar. Mən də onların arasındaydım. Arada atlar darıxıb ayaqlarını yerə döydü, atlılar eyhamla bir-birinə qaş-göz elədi. Kimsə ehmalca pıçıldadı:
– Gəldi!
Onun atı dördnalla çapırdı, əsl Qarabağ atıydı. O, atın üstündə elə əzəmətli görünürdü ki! Əynindəki qədimyana paltar da ona bir ayrı yaraşıq verirdi.
Bir göz qırpımında yanımızdan gəlib keçdi. Biz də atlarımızı mahmızlayıb onun arxasınca yola düşdük. Atların ayaq səsləri bir-birinə qarışdı:
– Dqırıt… Dqırıt… Dqırıt…
…Yenə hər şey yoxa çıxdı…
Önüm divardı, demək, dördüncü qapı yoxdu. Arxaya –gəldiyim qapıya çevrildim. Çıxmaq istəyəndə gözüm qapının üstündəki sözə sataşdı: YALAN
…Qapı arxamca elə bərk çırpıldı ki, səsə diksinib çarpayıdan yıxıldım. Özümə gülməyim tutdu: yorğanımı qıçlarımın arasına yığmışdım, elə bil at minmişdim…
…Amma gözümü açanda çarpayıda süst uzanmışdım. Başım bərk ağrıyırdı. İki ağpaltarlı adam başımın üstündə dayanmışdı. Səsləri lap uzaqdan, elə bil quyunun dibindən gəlirdi:
– Ayıldı!
– Şükür!
Kişinin üzü mənə tanış gəldi, amma onu harda gördüyümü yadıma sala bilmədim, buna yaddaşımın güçü çatmadı. Gözlərim yenidən yumuldu…
Bu dəfə qadının səsi mənə əleyhqaz geyinmiş adamı xatırlatdı:
– Doktor, iynəni vura bilərəm?
Elə kişi də onun kimi danışırdı:
– Həə, vaxt itirmək olmaz! Xəstə ayılsa da, durumu hələ də qorxuludu!
– Başa düşürəm, doktor, zarafat deyil, adam atdan yıxılıb…
Burnuma tanış iy dəydi… Hə, tapdım, spirt iyidi. Sonra qolumda arı sancmasına bənzər bir ağrı hiss elədim. Ağrıdan diksinib gözümü yenidən açdım. Ağpaltarlı adamlar mənə sarı əyilmişdilər. Qəribə görünürdülər, elə bil onlara qapının gözlüyündən baxırdım. Sonra necə oldusa, aramızdakı “gözlük” yoxa çıxdı… Axı mən bu ağpaltarlı kişini harda görmüşəm?
Tapdım! Yadıma düşdü! Onu atın üstündə görmüşdüm! Bayaq onunla at belində söhbət eləyirdim axı…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.