Ana səhifə YAZILAR Olmur, Əhməd Cavad, olmur…

Olmur, Əhməd Cavad, olmur…

Müəllif: Bizim Yazı
1. 016 baxış

(5 may… – Əhməd Cavadın doğum günü…)

…”Çırpınırdın, Qara Dəniz” oxuyur Novruz bəy. Başımı ovuclayıb bu ifanı dinləyirəm. Yox, dinləmirəm, içirəm…
…Bu sözləri, bu səsi… ruhum dərman niyyətinə içir udum-udum… hiss elədiyimmi? acizlik!
…Bütün gün Əhməd Cavadı düşünmüşəm. Düşünə-düşünə də “bu, hardan gəlib ağlıma”deyə sual vermişəm öz-özümə. Mən Əhməd Cavadı düşünməyəli çox olub. İndi düşünürəm onu niyə unutduğumu…
…Cavablarım…
…Nəfəs almağım üçün, gücümün çatmayacağı ədalətsizliyin, haqsızlığın məni yenməməyi üçün unutmuşam onu. Hansısa kanalın efirində bir neçə dəqiqəlik seyr elədiyim xaraba evini düşünməmək üçün unutmuşam. Yaradıcılığı ilə böyüdüyüm şairlərin bir qaşıq qanından, can qorxularından ona elədikləri namərdliyi düşünməmək üçün unutmuşam. Günü-gündən gözəlləşən məmləkətimin fonunda onun yaddan çıxan, unudulan həyatını mən də unutmaq üçün unutmuşam. Mən Əhməd Cavadı unutmuşam, Səməd Vurğunu sevmək üçün!
…Üzümü çevirsəm tarixim tərəfə, başımı qoyub bir az hüzur istəsəm…
…Üzümmü var?! Dilimmi var danışmağa? əlimmi var yalvarmağa? mənim azadlığıma möhür vuran adamın sızıldayan ruhundan mədət diləməyə? Masmavi səmalarda dalğalanan nazlı hilala salam yollayan şairə deməyə sözümmü var? “dost elindən əsən yellər” sən tərəfə əsmir, Əhməd Cavad! Özünə “türkəm” deyən hər kəs “bayrağa qurban olmur!” Olmur, Əhməd Cavad, olmur…

Biz müstəqil olmağı bacardıq amma millət olmağı bacarmadıq. Millət olmağı bacarmadığımızdan da səni sevməyi, səni hansı yanımızdan sevməyi heç cür dərk edəmmədik.

Biz millət olmağı bacarsaydıq, bir bacara bilsəydik bunu, sağ yanımıza boylananda qosqoca “İstiqlal” marşını yazan Məhmət Akifi bayraqsız basdırılan, oğlunu zibilliklərdə acından ölən görməzdik. Bacarsaydıq millət adına söz deyə bilənlərin söz deyən dilini çəkib qoparmazdıq. Biz biz olammadıq, Əhməd Cavad, biz biz olmaqdan çoxdan çıxdıq…
Sənin TÜRKLÜK sevdanı türkiyəçiliyə döndərib türk olmayanların doldurduğu meydanlarda Qaradənizin çırpıntılarını oxuduq biz. Yoluna baş qoyanlara yolunu kəsənlərin parasıyla-puluyla meydan oxuduq.
Amma…

…Amma “fırtınaların yana durduğu” bir gün…
…O gün gələcək Əhməd Cavad, gələcək!

Sözlərini yazdığın o himn hər səslənəndə göyə dikələn başım bir gün enməmək üçün qalxacaq Tanrıya. Turanın qurulacağı gün olacaq o gün. Çıxıb Tanrı dağına qurdlar ulayacaq yoluna!!!

Susmaram!!!

Mən bir qulam, yük altında
əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
ahu-zardır sirdaşım…

Damğa vurub, zəncirləyib
tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər,
məskən olmuşdur mana…

Mənə «dinmə, sus!» – deyirsən,
nə vaxtacan susacam?
Böhranların, hicranların,
məhbəsində qalacam?!

Niyə susum, danışmayım,
insanlıqda payım var,
Mənim ana Vətənimdir,
talan olan bu diyar?!

Niyə susum, danışmayım,
türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların,
Vətənində kimdir bax!

Susmayacam!!! Qoy atsınlar,
yük altında ölüncə,
Təhqirlərə dözə-dözə,
düşmən mənə gülüncə…

Süd verərkən doğma anam,
belə demişdir mənə:
Səni qurban bəsləyirəm,
türk yurduna– Vətənə!

Bu dünyada azadlığı
şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı,
rəzilliyi sən unut!

Sənin sevgin Vətən olsun,
millət olsun, mən olum,
Südüm sənə haram olsun
xəyanət etsən, oğlum!

Necə susum, danışmayım,
mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən,
di harada qaldı millət?!

Mən bir qulam, yerim altun,
suyum gümüş, özüm ac…
Atam məhkum, anam salih,
elim hər şeyə möhtac!

Dil yaranıb danışmağa,
mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi,
ciyər vərəmdir-vərəm…

Koramal tək sürünməkdə,
denən varmıdır məna?
Nə vaxtacan çörək üçün,
girək hər alçaq dona?

Mən Azəri övladıyam,
dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə,
gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var,
məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram,
əzilsəm də SUSMARAM!!!

Susma!
Sən sussan bizim AZADLIĞIMIZ susar! Sən sussan bizim himnimiz susar! dalğalanmaz o üçrəngli hilal göy üzündə! susma, Əhməd Cavad, sən susma…
Arzularımızı, xəyallarımızı boğan ətalətin içində itib-batmağımıza imkan vermə! Sənin meydan oxuduğun dövranın, sənin cismini bizdən alıb-aparan şüurun bizi də bitirməyinə imkan vermə!
Sən susma!
Susma ki…
…vicdanımız susmasın!

Nigar İsfəndiyarqızı / “KASPİ”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.