Ana səhifə YAZILAR Müdrik insan, görkəmli alim

Müdrik insan, görkəmli alim

Müəllif: Bizim Yazı
1. 037 baxış

Adətən biz zəruri hesab etdiyimiz maddi sərvətlərin dəyərini qızılla müqayisə edir; pambığa “ağ qızıl”, meşəyə “yaşıl qızıl”, neftə “qara qızıl” deyir, dünyamızın ən dəyərli sərvəti olan çörəyin hasil olduğu neməti “qızıl sünbül” adlandırırıq…
Bəs adicə içməli suyun dəyərini nə ilə müqayisə etmək olar? Təbii ki, heç nə ilə! Çünki su – qiymətsizdir! Onun dəyəri ölçüyə gəlmir!

Ötən əsrin 40-cı illərində Sahara səhrasında təyyarə qəzasına uğrayaraq susuzluqdan əzab çəkmiş və son məqamda bədəbi ərəb tərəfindən xilas olunmuş ünlü Fransa yazıçısı Antuan de Sent Ekzüperi su haqqında yazırdı: “Su, sənin nə rəngin, nə dadın, nə qoxun var, sənin həyat üçün zəruri olduğunu demək azdır – sən elə həyatın özüsən!…”

Görkəmli Sovet alimi, akademik A.P.Karpinski “Ən qiymətli faydalı qazıntı – sudur…” yazmışdı.
Hazırda dünyanın bir sıra ölkələrində artıq su çatışmazlığı hiss olunur. Bu səbəbdən həmsərhəd ölkələr arasında getdikcə dərinləşən narazılıqlar, ixtilaflar yaranmaqdadır.
Bizim ölkəmizin su ehtiyatları qonşu ölkələrlə müqayisədə məhduddur. İstifadə etdiyimiz suların xeyli hissəsi transsərhəd çayları – Kür və Araz çayları vasitəsilə gəlir. Bu səbəbdən Azərbaycanin həm indiki, həm də gələcəkdə yaşayacaq insanlarının suya olan tələbatının ödənilməsi problemi ilə məşğul olan mütəxəsislərin əməyi həmişə təqdir olunmuş və yüksək qiymətləndirilmişdir. Geoloqlarımızın və alimlərimizin uzun illər boyu sərf etdikləri gərgin əmək sayəsində Azərbaycanın müxtəlif bölgələrində böyük ehtiyatlara malik yeraltı su hövzələri aşkar olunmuş və onların istismar ehtiyatları hesablanmışdir. Bu işlər hal-hazırda da davam etdirilir.
Ölkəmizin ən dəyərli sərvəti olan su ehtiyatlarının aşkar olunması, öyrənilməsi və istifadəyə verilməsi yolunda daha şox əmək sərf etmiş şəxslərdən biri də məşhur alim- hidrogeoloq, vətənimizə bütün canı ilə, qəlbi ilə, fədakarlıqla xidmət etmiş və bu yaxınlarda faciəli surətdə dünyasını dəyişmiş, Hidrogeoloqların Beynəlxalq Asossiasiyası, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyası, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların üzvü olmuş geologiya-mineralogiya elmləri doktoru, professor mərhum Adışırin Ələkbərov idi…
O, 25 noyabr 1955-ci il tarixində Bakı şəhərində anadan olmuşdu. 1976-cı ildə keçmiş Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini bitirərək Dağ mühəndisi – Hidrogeoloq ixtisasına yiyələnmiş və təyinatla Azərbaycan Nazirlər Soveti yanında Geologiya İdarəsinə işləməyə göndərilmişdi. Hidrogeologiya Ekspedisiyasınin çöl partiyalarından birində böyük texnik hidrogeoloq vəzifəsində işə qəbul edilmiş, nəzəri biliyi və işgüzarlığı sayəsində tezliklə baş hidrogeoloq və hidrogeoloji kəşfiyyat partiyasının rəisi vəzifələrində işləmişdir.
Ölkəmizin yeraltı su ehtiyatlarının öyrənilməsi kimi vacib, dövlət əhəmiyyətli işi yüksək professionallıqla yerinə yetirmək bacarığına malik mütəxəssis və gənc alim olduğunu nəzərə alaraq Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəhbərliyi onu 1992-ci Hidrogeologiya Ekspedisiyasının rəisi vəzifəsinə təyin etdi, 1993-cü ildə isə ona yeni yaradılmış Hidrogeologiya və Mühəndis Geologiyası İdarəsinin rəisi kimi daha məsul iş tapşırıldı.
Adışırın müəllim 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranandan sonra Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi təyin olundu və 2005-cü ilədək bu vəzifədə işlədi. Bu müddətdə onun iştirakı və bilavasitə rəhbərliyi altında Respublika ərazisinin hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji şəraiti kompleks şəkildə tədqiq olunmuş, yeraltı suların axtarışı və kəşfiyyatı işləri elmi əsaslarla aparılmış, suların rejim və balansı öyrənilmiş və ehtiyatları hesablanılmışdır. Təbii və texnogen fəaliyyət nəticəsində baş verən ekzogen geoloji proseslərin ətraf mühitə təsiri qiymətləndirilmiş və bu proseslərin yaratdığı fövqəladə halların aradan qaldırılması üçün tədbirlər hazırlanmışdır. A.Ələkbərovun əmək fəaliyyətinin 2006-cı ildən sonrakı dövrü “Azərsu” ASC ilə bağlı olmuşdur. 2006-2014-cü illərdə “Azərsu” ASC-də baş mütəxəssis, şöbə rəisi, departament rəisinin müavini vəzifələrində çalışmış, 2014-cü ildən isə “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.
A.Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı – Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6-7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.
A.Ələkbərov Bakı şəhəri ərazisinin gərgin geoekoloji vəziyyəti, şəhərsalmanın mövcud hidrogeoloji və geoekoloji problemləri, şəhər ərazisində tikilən binaların ərazinin mühəndisi-geoloji imkanlarına uyğunluğu, təhlükəli sahələrdə inşaat işlərinin törədə biləcəyi fəsadlarla əlaqədar beynəlxalq konqres və simpoziumlarda, ölkədaxili elmi müşavirələrdə, dövlət və müstəqil televiziyalarda, qəzetlərdə çoxsaylı çıxışlar etmiş, elmi və publisistik məqalələr yazmışdır.
2000-ci ildə Bakı – Abşeron aqlomerasiyasınin hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji şəraitini, mövcud problemləri, onların yaranma səbəblərini və həlli yollarını dolğun əks etdirən “Апшерон: проблемы гидрогеологии и геоэкологии” кitabını nəşr etdirmişdir. Adı çəkilən problemlərin araşdırılması ilə maraqlanan mütəxəssislərin yekdil rəyinə görə bu monoqrafiya fundamental və nadir tədqiqat əsəridir.
2004-cü ildə NATO tərəfindən Bakıda təşkil edilmiş «Management and Sustainable Development of Urban Groudwater Systems » seminarında çıxış etdiyi “Azərbaycanın geoekoloji problemləri” məruzəsində əsas diqqət dünyanın ən gərgin geoekolji şəraitlə səciyyələnən regionlarından olan Bakı- Abşeron aqlomerasiyasının mövcud vəziyyətinə yönəldilmişdir.
2014-cü il 12-15 noyabr tarixində Buxarest şəhərində 12-ci beynəlxalq “EUROPE-INBO 2014” Su Çərçivə Direktivinin tətbiq edilməsinə dair konfransda “Kür-Araz çayı hövzəsində Su Resurslarının İnteqrasiyalı İdarə Olunmasının transsərhəd problemləri” mövzusunda çıxış etmişdir.
“Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarəedilmənin elmi-metodik əsasları” mövzusunda apardığı araşdırmaları barədə 2015-ci ildə AMEA Rəyasət Heyətinin iclasında elmi məruzə ilə çıxış etmiş və ölkənin su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiymətləndirilməsi və dayanıqlı idarə edilməsi, eyni zamanda su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar son illərdə görülən işlərdən danışmışdır.
O, “Azərbaycan Respublikasının Su Məcəlləsi” layihəsinin əsas tərtibçilərindən idi, su ehtiyatlarından istifadə, ekzogen geoloji proseslərə məruz qalmış ərazilərdən istifadə və digər müvafiq qaydaların tərtibində yaxından iştirak etmişdir.
BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan Kür-Araz hövzəsinin su ehtiyatları layihəsinin Azərbaycanın yeraltı suları və Cənubi Qafqaz regionunun yeraltı suları hesabatlarının müəllifi və eksperti olmuşdur.
Bölgədə ən böyük su təchizatı sistemlərindən biri – Oğuz-Bakı su kəməri mənbəyində yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi, sugötürücünün layihələndirilməsi, tikintisi və istismarının təmin edilməsinin əsas icraçılarındandır.
2004-cü ildə Abşeron aqlomerasiyasının timsalında təbii-texnogen sistemlərdə hidrogeoloji proseslərin qanunauyğunluqları və hidrogeoloji proseslərin proqnozlaşdırılması və idarə olunmasında ilk dəfə olaraq süni intellekt metodunun tətbiqi üzrə geologiya-mineralogiya elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Fransa, Polşa, Niderland, Qazaxstan, Ukrayna, Estoniya, Özbəkistan, Gürcüstan, Mərakeş və digər ölkələrdə dərc edilmiş 90-a yaxın elmi məqalənin, 3 monoqrafiyanın, atlasların müəllifidir. Azərbaycanın geoekoloji xəritəsini tərtib etmişdir. “Yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi”, və “Апшерон: проблемы гидрогеологии и геоэкологии” kimi fundamental kitabların müəllifidir.
UNDP, UNESCO, UNECE və digər beynəlxalq qurumların transsərhəd su obyektlərinin və yeraltı suların idarə olunması ilə əlaqədar bir sıra layihələrinin Cənubi Qafqaz və Azərbaycan üzrə icraçısı və eksperti kimi fəaliyyət göstərmişdir. Hidrogeoloqların Beynəlxalq Assosiasiyasının, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların, Yer elmləri üzrə ekspert və dissertasiya şuralarının üzvü olmuş, ölkəmizi bu qurumlarda layiqincə təmsil etmişdir.
Dünya Su Forumlarının, Beynəlxalq su sammitlərinin, konqreslərin, konfrans və seminarların aktiv iştirakçısı olmuşdur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən CATEF 2013 və CATEC 2014 Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransının təşkilində və aparılmasında böyük rolu olmuşdur.
Dünya Su Şurası tərəfindən təşkil olunan beynəlxalq su forumlarında, su forumlarına hazırlıq iclaslarında fəal iştirak etmiş, su sektoru ilə əlaqədar çoxşaxəli problemlərin tənzimlənməsi və həll edilməsi istiqamətində olan müzakirələrə qoşulmuşdur. Həmçinin “Azərsu” ASC-nin Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilməsində əvəzsiz xidmətləri olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda elmi, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşgul olmuşdur. Azərbaycan Respublikasının su ehtiyatlarının tədqiqi, içməli su mənbələrinin öyrənilməsi və işlənilməsi sahəsində A. Ələkbərovun apardığı araşdırmalar ölkəmizin su təsərrüfatı sektoruna dəyərli töhfələr vermişdir.
Görkəmli alim dünyanın Böyük Britaniya, Fransa, Almaniya, Çin, Niderland, Koreya, Hindistan, Türkiyə, Ukrayna, Rusiya, İran, Ruminiya, Macarıstan, İsveçrə, Latviya, Litviya, Estoniya, Belarusiya, Polşa, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və s. ölkələrində xidməti ezamiyyətlərdə olmuş, əldə etdiyi elmi nailiyyətlərə görə beynəlxalq mükafatlara layiq görülmüşdür.
Azərbaycanda elmin və su təsərrüfatının inkişafında səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2014-cü il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
Adətən insan haqqında düşünən zaman onun gördüyü işlər və əməllər yada düşür. Adışirin müəllimin gördüyü, ölkəyə, vətənə bu gün və gələcəkdə də gərəkli ola biləcək işlərinin sayı-hesabı yox idi. Bu insanda nadir şəxslərə xas olan vətənpərvərlik, alicənablıq, nəciblik, gözütoxluq, yaxınlara qarşı sevgi, ailəyə və dostlarına sədaqət, sonsuz həyat eşqi kimi bütün ali insani keyfiyyətlər cəmlənmişdi.
Adışirin müəllimin əlindən yalnız yaxşılıq etmık gəlirdi. Onun xeyirxahlığı və qayğıkeşliyi sayəsində neçə-neçə istedadlı gənc həyatda özünə layiq yer tutmuş, kamil mütəxəssis kimi yetişmiş və indi Azərbaycan elminə xidmət etməkdə, su ilə bağlı problemlərimizi həll etməkdədir. Öz məktəbini yaratmaqla ölkənin xidmətində durmaq xoşbəxtliyi hər alimə nəsib olmur. Nisbətən qısa ömrü ərzində o bu sevinci, xoşbəxtliyi qazana bildi. O vətənpərvər insan idi, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını və incəsənətini, eyni zamanda dövlət dilini gözəl bilirdi. Bəlağətli, olduqca rəvan nitq qabiliyyəti bəxş etmişdi Ulu Yaradan ona!
Son illərdə Adışıırın müəllim tez-tez xarici ölkələrə işgüzar səfərə, elmi ezamiyyətlərə gedərdi. Əsil ziyalı kimi o getdiyi ölkənin maddi mədəniyyəti, tarixi, bu günü, bir sözlə dünya sivilizasiyasının təşəkkülündə rolu ilə də maraqlanardı. Neçə illər öncə o Fransadan qayıdandan sonra mən ondan dünya şöhrətli Luvr Muzeyi barədə soruşanda o həmçinin Eyfel qülləsi, Zəfər Tağı, Notr Dam Pari Kilsə-Muzeyi və Qarnye Sarayı barədə də həvəslə danışdı. Güman edirəm ki,ömür vəfalı olsaydı nə vaxtsa olduğu ölkələr barədə geniş təəssüratlarını yazacaqdı.
Müqayisəolunmaz dərəcədə işgüzarlığı, dözümlülüyü, bacarığı və istedadı sayəsində əldə etdiyi nailiyyətlər – xidməti ierarxiyada yüksəlişi, tez bir zamanda həm namizədlik, həm də doktorluq dissertasiyaları müdafiə edərək hidrogeologiya və geoekologiya sahəsində ölkədə ən çox sayılan alim və mütəxəssislərdən biri olması, nəhayət dünya şöhrəti qazanması bəzən hətta özünün vaxtı ilə işə cəlb edərək yaxşılıq etdiyi bəzi insanlarda həsəd, qibtə hissləri yaradırdı (Deyildiyi kimi Motsart olan yerdə ona zəhər verməyə hazır olan Salyerilər də yetişir). Vaxtı ilə Xalq şairimiz Məmməd Rahim yazırdı:

İnsan ləyaqətinə bir ləkədir əyilmək,
Ona “bəli” söyləyib qımışıb üzə gülmək.
Mümkün deyil hamının hər vaxt xoşuna gəlmək,
Sən ancaq üzü ağ ol, vicdanının önündə..!

Bax beləcə – su kimi saf və şəffaf; eyni zamanda müdrik və ləyaqətli insan, əsil Azərbaycan ziyalısı idi Adışirin müəllim! Belə insanlar unudulmurlar!
Böyük Norveç Qütb tədqiqatçısı, sülh üzrə Beynəlxalq Nobel mükafatı laureatı, dahi humanist Frithof Nansen barədə müasirləri deyirdilər : “O böyük təqqiqarçıdır, alim kimi ondan da böyükdür, bir insan kimi isə alimliyindən də qat-qat ucada durur.”
Adışirin Ələkbərov da buna bənzər insan idi. Gözəl tədqiqatçı, görkəmli alim, böyük ürəkli və ölçüyəgəlməz dərəcədə geniş qəlbi olan bir insan idi!
Düşünürəm ki, Azərbaycanın hər bir guşəsindən birər-birər toplayaraq mütəxəssis kimi yetişdirdiyi istedadlı gənclər onun başladığı, yerinə yetirdiyi möhtəşəm işləri şərəflə davam etdirəcəklər.
Hesab edirik ki, bütün şüurlu həyatını Azərbaycan elminə, ölkəmizin içməli su ehtiyatalrının aşkarlanmasına və onların istismar ehtiyatlarının hesablanmasına, perspektiv onilliklərə dair Respublikamızın Su Təchizatının Milli Strategiyasının hazırlamasına sərf etmiş alimin, əsil vətəndaş və müdrik bir insanın – Adışirin Ələkbərovun xatirəsini əbədiləşdirmək çox ədalətli olardı!
Yadıma düşmüşkən qoy bir şeyi də yazım; yaşadığımız 9 mərtəbəli binaya uzun illər boyu sutka ərzində yalnız 2 saat – axşam 6-dan 8-dək su verilirdi. Bu da həyat yoldaşımla mənim işdən çıxıb evə gələn vaxta təsadüf edirdi. Sudan çox korluq çəkirdik. Oğuz–Qəbələ su kəməri Bakıya çəkiləndən sonra artıq bir neçə ildir ki, mənzilimizə bütün gün ərzində tərtəmiz su gəlir. Bizim üçün (elə digər sakinlər üçün də) bundan böyük hədiyyə ola bilərdimi?! …Və hər zaman sudan istifadə edərkən bu işdə əməyi olanlara sonsuz ehtiramımızı bildiririk…Xüsusən də xalqımızın görkəmli alim-oğlu Adışirin müəllimə!

Ağamahmud SƏMƏDOV
“Yer və insan” dərgisinin redaktoru

Agamahmud S

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.