Ana səhifə BAŞ YAZI Məmməd ARAZ (14.10.1933 – 2004)

Məmməd ARAZ (14.10.1933 – 2004)

Müəllif: Bizim Yazı
658 baxış

AYAĞA DUR,
AZƏRBAYCAN

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gürşad boğan yurda oğul oğulların!?
Qara Çoban, Dəli Dormul oğulların.
Çək sinənə qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağnı!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, sialh tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!

Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içində qorxunu boğ!
Ölümünlə qalımını ayırd elə.
Dur, içində qorxağı qov,
Dur, özünü bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar, mərdliyilə öyünməzlər!
Torpaq altda ölümüylə gömülməzlər,
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına,
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim
Neçə «səni», neçə «məni» xilas edim.
Səninləyəm,
Sözü qəmli,
özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!

Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey Yaradan: səninləyəm!
Ya bilmərrə yatırt  bizi,
Ya bilmərrə oyat  bizi,
Ya yenidən yarat  bizi,
Ey Yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
19.03.1992

AZƏRBAYCAN – DÜNYAM MƏNİM

Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan
– çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan – mayası nur,
qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
«Azərbaycan!» deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
gözəl əridir
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir-
Tariximə qara xətli hicri miladi.
Babaların boz çöllərə bənzər muradı
Qızıl bayraq
dalğasından yaz almadımı!
İllər olub – kürələrdə dəmir olmuşuq.
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dalğalandı Qoca Şərqin duman dünyası.
Azərbaycan – mayası nur
Qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
«Azərbaycan!»
deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.