Ana səhifə SÖYLƏŞİLƏR “Məşhur şair olmaqdansa, xoşbəxt ana olmağı üstün tuturam”

“Məşhur şair olmaqdansa, xoşbəxt ana olmağı üstün tuturam”

Müəllif: Bizim Yazı
399 baxış

Mayın 14-ü şairə Səhər Əhmədin doğum günüdür. Onunla doğum günü ab-havasında söhbətləşdik.

– Səhər xanım, öncə ad günü münasibətiylə sizi təbrik edirik. Təbii ki, qohumlar, dostlar və ailə üzvləriniz sizi təbrik yağışına tutacaq. Bilmək istərdik, bu gün siz özünüzü necə təbrik edərdiniz?
– Hər halda bir yaş da qocaldığım üçün kədərlənəsi deyiləm. “Ömür keçir” ifadəsi elə də dəqiq deyil, ömür keçmir, yaşanır. Nə qədər ki, bu yaşamın içindəsən, ayaqların üstündəsən, gerçəkdən, özünü təbrik etməyə dəyər. Özümə bir az da güc, bir az da həyat eşqi hədiyyə edəcəm. Bunu necə edəcəyimi soruşmayın, fərdi məsələdi.

– Özünə güc və həyat eşqi hədiyyə edən şairin bəs özünə hansı arzuları var?
– Özümə hüzur arzulayıram. Ətrafımın, doğmaların, dostların, xalqımın, bütövlükdə insanlığın xoşbəxtliyini. Bilirəm, çox böyük arzu oldu, amma insan təkbaşına necə xoşbəxt ola bilər ki? Hansısa dahi “Xoşbəxtsinizmi?” sualına belə cavab verib: “Başqalarını düşünməyəndə, hə”. Başqalarını isə düşünməmək mümkün deyil.
Özümə aid elə fövqəladə arzum yoxdu. Müəyyən yaş dövründə insanın həyatdan çoxlu umacağı, nəsə qeyri-müəyyən gözləntiləri, hətta möcüzə istəyi olur. İllər keçdikcə isə artıq qazandıqlarını itirməməkdən başqa bir istəyin qalmır. Məndə də elədi, həyatdan müsbət mənada bir sürpriz gözləmirəm. Mənfi sürpriz etməsin, yetər. Birinə Əzrayıl bala paylayır demişlər, mənimkinə dəyməsin, yetər demiş…

– Qadından yaşını soruşmazlar, ya da ona yaşını xatırlatmazlar deyirlər. Ancaq inanmıram Səhər xanımı yaş kompleksi narahat etsin. Yoxsa 41 yaş sizi narahat edir?
– Eləmir. İnsanın yaşlaşmasından təbii nə var kı. 41 yaşım indi tamam olur. Amma bir ildi soruşanlara 41 yaşım var deyirəm. Sabahdan soruşanlara 42 yaşım var deyəcəm. Onlar da “42 kərə maşallah” deyəcəklər. Zarafat bir yana, gerçəkdən qadınların yaş kompleksi mənə çatmır.
28-29 yaşım olanda fikir edirdim ki, qocalıram. Amma bu 40 və ondan sonrakı rəqəmlər məndə heç bir narahatlıq yaratmır. Çünki özümü bu rəqəmlərin yox, onların gətirdiyi ovqatın içində hiss edirəm. Bu daha hüzurlu və daha həyati ovqatdı.

– Ramiz Rövşən demişkən, “Əgər dönmək istəsən, hansı yaşa dönərsən?”
– Bu şerin sonu belədi: “Baxma, dönüb dala baxma, Baxsan daşa dönərsən”. Çox dəqiq fikirdi. Geriyə baxanda ən çox həsrətini çəkdiyim illərə da qayıtmaq istəmirəm. Bir daha o həvəslə, o ümidlərlə, o macəralarla yüklənmək istəməzdim. Məşhur deyimdəki kimi: Bir çayda yalnız bir dəfə çimmək mümkündür…

– Maraqlıdır, Səhər xanım hər mayın 14-nü necə qeyd edir?
– Uşaqlıqda bütün uşaqlar kimi sevinirdim. Kənd uşaqlarının böyük iddiaları olmur. Yalnız bircə dəfə fərqli doğum günüm olmuşdu. 10 yaşım olanda atam məni Gəncəyə aparmışdı, hələ də yadımdadı o gün. Qalan illərdə ailəlikcə kiçik bir məclis düzəldərdik. Yadımdadı ki, həyətimizdə qızılgüllər açar, quşlar oxuyardı. Düşünərdim ki, ilin ən gözəl ayında, hətta ən gözəl günündə doğulmuşam. Yekəxanalıq da olsa, hələ də elə düşünürəm.
Tələbəlikdə doğum günümü dostlarımla qeyd edərdim. İnsanın dostlarıyla keçirdiyi doğum günündən gözəl nə ola bilər ki. Bu gəncliyin özü qədər təkrarsızdı. Odur kı, daha o günləri arzulamıram belə.
İndi də bu günü ailəmdə, valideynlərimlə, dostlarımla deyil, həyat yoldaşımla, uşaqlarımla keçirirəm. Düzü, məndən asılı olsa bu günü artıq qeyd eləmərəm. Heç həvəsim qalmayıb. Yaş keçdikcə əlamətdar günləri xoşlamıram. Adi, səs-küysüz, bənzərsiz günlər daha maraqlıdı. Amma bunu uşaqlarıma necə başa salım? Onlar analarının doğum gününə çox həssas yanaşırlar. Odur ki, özümü sevinən kimi göstərəcəm. Onları xoşladıqları bir yerə yeməyə götürəcəm. Bu da olacaq mənim doğum günüm.

– Bəs yaş üstə yaş gəldikcə xarakteriniz necə dəyişir və dəyişirmi?
– Dəyişir. Bəzi məsələlərdə əvvəlki vaxtlara nisbətən daha laqeyd, bəzi məsələlərdə daha həssas, bəzən daha səbrli, bəzən daha əsəbi olduğumu hiss edirəm. Ən əsası isə yaş keçdikcə insan həyatın qədrini bilməyə başlayır, daha doğrusu, zamanın. Anlayırsan ki, artıq qarşında intəhasız görünən ömür yoxdu. Sən onu nəyə gəldi, hara gəldi xərcləyə bilməzsən.

Bu haqda son illərdə yazdığım bir şeir var:

Ölümə yaxın getdikcə,
Həyatı xoşlayır adam.
Sevə bilmədiklərini
Sevməyə başlayır adam.

Günəşin necə çıxmasın,
Yağışın necə yağmasın,
Zamanın necə axmasın
Görməyə başlayır adam.

Əzizləyir,əzizləyir,
Doğmaları,əzizləri,
Ən çox küsdüyü kəsləri
Ən çox bağışlayır adam.

– Bir xanım yazar kimi uzun illər ədəbi mühitdə öz yerinizi qorumağı bacarmısız. Bunun xüsusi bir yaradıcı sirri varmı?
– Öz yerim olduğunu deyə bilmərəm, amma mənim öz həqiqətim var. Mən ona xəyanət etməməyə çalışıram. Və arxayınlıqla deyə bilərəm ki, indiyə qədər boğazdan yuxarı bir cümlə belə yazmamışam. Nə kimisə tərifləmişəm, nə kimisə söymüşəm. Nə üzgörənlik etmişəm, nə baltaçalanlıq. Arxamda heç bir qruplaşma da olmayıb. Reklam üçün şou mövzusu olmamışam. Yaradıcılığı mənsəb üçün, pul qazanmaq üçün alətə çevirməmişəm.

– Doğum günü ilə bağlı özəl bir yazı ya şeir olacaq?
– Bu gün bu mövzuda bir essem saytların birində dərc olunacaq. Məncə, bu mənim həmin günə həsr elədiyim ilk və son yazımdı.

– Səhər xanım bir ev xanımı, bir yazar kimi özünü necə təhlil edər? Özünüzə yaxın saydığınız tərəfiniz hansıdır?
– Müəllimliyi unutdun. Mən həm də müəllimə işləyirəm. Özümü qane edən cəhətim isə məsuliyyətli olmağımdı. Məsuliyyətli ana, məsuliyyətli müəllim olmaq adamın bütün enerjisini və vaxtını alır. Geriyə yorğun bir adam qalır. Mən aralarında beş-altı yaş fərq olan üç uşaq anasıyam. Böyük artıq universitet xəyalları qurur, kiçik isə bağçaya gedir. Onlara mənəvi dəstək olmaq üçün yanlarında olmalı, maddi dəstək olmaq üçün işləyib pul qazanmalıyam. Başında bu qədər problem gəzdirən birindən mənim yazdıqlarımdan daha artıq nə gözləmək olar ki… Yaradıcılıq vaxt tələb edir, azadlıq tələb edir, ən azından düşünmək üçün rahat şərait tələb edir. Kişi yazarların heç olmasa evə qayıdanda yemək bişirmək dərdi olmur. Və yaxud üç yaşlı uşağı necə başa salasan ki, otaqdan çıx, mən yazı yazıram.
Amma onu da deyim ki, bu məni elə də narahat eləmir. Məncə, indiki zamanda cəmiyyətə hər mənada sağlam üç insan verə bilmək ən gözəl yaradıcılıqdı. Məşhur bir şair olmaqdansa, xosbəxt bir ana olmağı üstün tuturam.

– Bəs sizə yaxşı rəfiqə demək olar?
– Rəfiqə sözünü sevmirəm, olsun qadın dost. Bəli, mən çox arzuolunan dostam. Məndə xəstəlik həddinə çatan sədaqət hissi var və bundan qurtula bilmirəm. Hər yetənə dost deyən adamları da anlamıram. Mənim yalnız iki əsl dostum olub. Biri uşaqlıq, o biri isə gənclik. Bir də bir neçə dost deyiləcək qədər yaxın tələbə yoldaşım olub. Uzun illərdi nə yazar qadınlardan, nə iş yoldaşlarımdan onların yerinə heç kimi qoymamışam. Gənclik dostumla uzun illər bir yerdə olmuşam. Bütün yaxşı və pis günlərimdə. Artıq neçə ildi, rayondadı, amma demək olar, iki gündən bir danışırıq. Heç nə dəyişməyib. Az-az da olsa facebookda olur. Bəzən söhbət pəncərəsində onun “işığını” yanan görəndə uşaq kimi sevinirəm.
Uşaqlıq dostumla isə orta məktəbi bitirəndə ayrılmışıq. O, ərə gedib, mən ali məktəbə girmişəm. Amma o məni hər zaman axtarıb. Artıq Bakıda yaşayır. Bu yaxınlarda sinif yoldaşlarımızı evinə çağırmışdı. Uşaqlar gedəndən sonra mənə arxivini göstərdi. Dəhşətə gəldim. O vaxt mənim aldığım “Gənclik”, “Azərbaycan” jurnalları, “Pioner” jurnalından mənə gələn məktub, çap olunduğum rayon qəzetləri, əlyazmada uşaqlıq şeirlərim. Son aldıqları evə qədər o, üç-dörd ev dəyişib. Kənddən Bakıya köçüb. Amma bu qədər kağız-kuğuzun hətta cırılmış səhifəsini belə atmayıb. Özüylə gəzdirib. Bax dostluq budu. Bir-birinə bu gün canım, cicim deyib, sonra dalıyca danışmaq deyil.

– İllərdir ki, iki yaradıcı dünya, Dəyanət Osmanlı və Səhər Əhməd bir dam altındadır. Yazı prosesində bu amil sizə necə təsir edir?
– Bəziləri elə bilir ki, ər-arvadın eyni sahədə olması yaxşı cəhətdi. Amma belə deyil. Həyat yoldaşları ədəbi mühitdə olmayan qadınlar tanıyıram, bütün mənasız tədbirlərə gedirlər, evdəkilər də elə bilir anaları işə gedib. Dövlət əhəmiyyətli tədbirdədi. Və yaxud həyat yoldaşları evdar qadın olan yazar kişiləri götürək. Onlar facebookda oturanda da qadınları elə bilir ki, ərləri pul qazanır. Belə hər iki tərəf üçün rahatdı. Yoxsa olur “sən aga, mən aga, inəkləri kim sağa” məsələsi. Sən uşaqla məşğul ol, mən bu redaktəni bitirim. Yox, mən musahibə verirəm. Bu gün uşağı məktəbə sən apar, mən filan tədbirə gedəcəm. Yox ey, mənim gedəcəyim bəhmən tədbir ondan vacibdi. Bu artıq ailə olmur. Olur işgüzar anlaşma.

– Bir az da yaradıcılıq yeniliklərindən danışaq. Oxucuları bu il nə kimi yeniliklər gözləyir?
-Bilirsiz ki, keçən il mənim Anadolu turkcəsində kitabım çap olundu. Bu yaxınlarda Bursada imza gününü də keçirdim. Kitabın satışını da daha çox orda təşkil elədim. Düşündüm ki, yad bir oxucu pul verib aldığı kitabı daha maraqla oxuyar, nəinki sənin kitab bağışladığın və yaxud üzə düşüb kitab alan bir tanışın. Amma internet vasitəsilə mənə müraciət edən, kitab istəyən burdakı çoxlu oxucular meydana çıxdı. Ən çox da rayonlardan. Axı onlar niyə öz türkcəmizdə oxumasınlar. Necə olsa, orjinalı deyil. Həm də yeni şeirlərim var. Odur ki, artıq növbəti kitab şərt oldu.

Könül Səid /“GündəlikTELEQRAF

You may also like

1 şərh

Emil Rasimoğlu 2013-05-15 - 23:48

Səhər xanım adgününüzü tebrik edirəm.Sizə Allahdan yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Cavab

Emil Rasimoğlu üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.