Ana səhifə YAZILAR Mən və Mənimin hissəciklərim (esse)

Mən və Mənimin hissəciklərim (esse)

Müəllif: Bizim Yazı
931 baxış

Könül SƏİD

Bu günüm də həmişə olduğu kimi rəngsiz, notsuz başlamışdı. Çünki yaddaşımın zəif¬lədiyi andan bu yana çox şeyləri unutmağa başlamışdım – sevdiyim insanları, dostlarımı, ya¬xınlarımı… Artıq, özümü də unutmağa başladığımı anladım; anladığım andan qəlbimdə bir tərpəniş hiss etdim. Məni, ruhumu və daxilimdən boylanan Mənimi idarə edən iki insanı –əkizləri hiss etdim. Fərqinə belə varmırdım ki, onlar mənim daxili dünyamı darmadağın etməyə çalışırmış. Sanki Mən, üç məndən ibarət bir canlıya (əslində, “məxluqa” desəm daha yaxşı və dolğun səslənər) çevrilmişdim. Bu gedişi, bu talanı durdurmalı idim. Yoxsa, çox gec ola bilərdi. Mənimi qorumalı, “yadellilər”i isə qovmalı idim. Bu döyüşü bir üçbucağa bənzədirəm. Bəlkə də bu döyüş mənə qələbə gətirəcək, bəlkə məğlubiyyət – bilmirəm, amma mən bu Mənimin hissəcikləri ilə mübarizə aparmalıyam. Belə bir nəticəyə gəlirəm ki, Mən əslində özüm-özümlə mübarizə aparmağa başlamışam. – Amansız və dönüşü olmayan bir mübarizə!
Bu Mənimin hissəciklərinə, bu əkizlərə mən imkan yaratmışam ki, mənim insanlığımı, ruhumu işğal etsinlər. Bu yerdə zəifliyimi də boynuma alıram. Bu zəifliyimə görə nələri itir¬diyimi də aydın görə bilirəm. Bu itirdiklərimi geri qaytarmaq üçün də bu mübarizə çox vacibdi. Bu mübarizə Mən deyə sürünən bir varlığın Mənimi işğal edən hissəciklərlə mübarizəsidi.
“Mübarizədə və müharibədə hər üsul məqbuldu”, deyiblər; mən də bu fikrin yamaqlı yaxasından yapışıb dartınmağa çalışıram; dartınıb, ən yüksək zirvəsinə çatmağa səy göstərirəm.
Hönkürtü ilə ağlamaq ilk ağlıma gələn mübarizə üsuludu. Dərindən hönkurmək istəyirəm ki, o Mənimin hissəcikləri göz yaşlarım ilə tökülsün. Bu göz yaşlarım elə bir selə dönsün ki , məni də itirdiyim yolumun axarına yenidən qaytara bilsin. Saf amalım uğrunda olan mübarizəmi düzgün bir yolun axarına yönləndirə bilsin. Saatlarla, günlərlə, bəlkə də illərlə hönkürmək istə¬yirəm – ta bu çirkab dolu qan seliyini özümdən ayırmaq üçün. O Mənimə qovuşa biləcəyim mə¬qama kimi hönkürmək istəyirəm. Bəlkə də yenidən ona qovuşsam fərqli bir sevgi və qayğı ilə yanaşacam. Fərli bir mühafizə yolları düşünəcəm.
Digər bir mübarizə üsulunu ya da silahını etiraf etməkdə görürəm. Etiraf ən doğru və ən kəskin silahdır. Etiraf etmək istəyim beynimdə o qədər güclü bir hala çevrilir ki, özümü belə idarə edə bilmirəm. Beynimdə, qəlbimdə yığılıb qalan artıq yükdən, toz yığınından qurtulmaq üçün etiraf etmək istəyirəm. Bütün dünyaya, insanlara, yaxınlarıma, sevdiklərimə və sevmə¬diklərimə belə etiraflar etmək istəyirəm. Etiraf etməkdən qorxmuram, cünki etiraf etdikcə insan daha da güclü olduğunu anlayır. Etiraf etdikcə Mənimi işğal edən hissəciklərin də zə¬iflədiyini hiss edirəm. Etiraf mübarizəmin dayaq nöqtəsidi. Etiraf etdikcə əzilmiş və yara¬lan¬mış ruhum yenidən dirçəlir. Etiraf etməliyəm ki, Mənim bərpa olsun, sağalsın. Bu eti¬raflarım bəzilərinə acı, bəzilərinə isə şirin gələ bilər. Amma bunun bir adi var: Etiraf! Bəlkələri, yalanları, xəyanətləri, acıları, peşmanlıqları geridə qoymaq üçün etiraf etməliyəm.
Yalnız qalmaq, təkliyə qonaq olmaq da özümlə bir mübarizə üsuludu. Əslində hər şey in¬sanın özü ilə olan mübarizəsindən başlayır. Yarıqaranlıq bir otaqda günlərlə, bəlkə də həftələrlə tək qalmaq istəyirəm. Bu tənhalıq mənə bu mübarizədə bir yardımçı olacaq. Buna inanıram. Məni Mənimi işğal edən hissəciklərdən qorumağa yardım əlini uzadacaq. Bu yarıqaranlıq otaq mənə bir şox şeyləri anlamağa da kömək edəcək. Bəlkə də mənə belə qaranlıq qalan məqamlara bu zəif işıq öz şüasını saçacaq. Bu zəif şüalar getdikcə qatı bir işıq dalğasına da çevrilə bilər. Və bu dalğa Mənimi işğal edən hissəciklərə də zərbə endirə bilər bilər. Elə bir zəbrə ki, titrəyişindən mən belə bəzi həqiqətləri görə bilərərm.
Digər bir mübarizə üsulu kimi mütaliəni görürəm. Ac bir insan kimi kitablardan yapış¬maq və qopmamaq istıyirəm. Bacardıqca sözlərdən, cümlələrdən gələn enerjini almaq və tətbiq etmək istəyirəm. Oxuduqca nə qədər güclü olduğumu da kəşf edirəm. Bu güc getdikcə məni bir burulğanın ağzına yönəldir. Özü isə kənardan seyirçi kimi baxır. Deyir ki, çalış, qurtul və tə¬mizlən bu hissəciklərdən..!
Bir anlığa dayanıram və qıraqdan düşündüklərimə, yazdıqlarıma dərin bir nəzər salıram. Bayaqdan bəri məni idarə edən bu duyğulara “Dur!” nidasını səsləndirirəm.

Sonuc: Özümüzlə nə qədər mübarizə aparsaq belə, sonda yenidən ən başa döndüyümüzü anlayırıq. Hər şey var olduğu bir məqama yenidən qovuşmağa başlayır. Bu mübarizə üsullarını artıra da bilərəm, amma Mən elə Mən olaraq qalacam. Mənimi işğal edən bu hissəciklər də mənə özümü yenidən sevdirmək üçün bir vasitə oldu…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.