Ana səhifə BAŞ YAZI Məmməd İSMAYIL. Yeni şeirlər

Məmməd İSMAYIL. Yeni şeirlər

Müəllif: Bizim Yazı
1. 696 baxış

Dünyanın ən böyük
məğlubiyyəti

Bir qadın uğruna qazanılar
Dünyanın ən böyük qələbəsi;
Sonra o biri qələbələr,
Gələr…
Amma yenə də
Qadın xəyanətidir
Dünyanın ən böyük xəyanəti.
Və qadına yenilməkdi,
Sevib, sevilməməkdi
Dünyanın ən böyük məğlubiyyəti…

 

Yenə gecə oyaq, ilham oyaqdı

Odunsuz ocaqmı pərvanəsiz şam?
Gah verər canını, gah yaxa çəkər…
Gecələr sözləşib yuxuyla ilham
Tənbəl bir bədəni sınağa çəkər.

Gah girib yuxuna kökləyər qəmi,
Gah səni ilhama qısqanar gecə.
Axşamdan sabaha ya dua kimi,
Ya bir misra kimi uzanar gecə…

Baxtın istəyinə vaxtı oyatmaq
Yenidən dünyaya gəlməkdi bəlkə.
Onsuz da hər gecə ölməkdi yatmaq,
Şairlik – oyana bilməkdi bəlkə?

Yazarsan, misralar çıxar canından,
Yerində boşalan bir ürək qalar.
Gecə köç ötürüb keçər yanından,
Sənə də köksünü ötürmək qalar…

Yazmasan, umduğun nə səs, nə soraq
İtən misraların yerini vermir.
Dərdin sığınacaq yerimi varaq,
Ya şeir yuxunun qaçdığı yermi?

Bayırda nisanın yağmuru yağdı,
Başında Tanrının çaxdığı çaxmaq?
Yenə gecə oyaq, ilham oyaqdı,
Evin işığı da oyaq qalacaq…

Stalinin öldüyü gün…
5 mart 1953

Məktəbə bir radio gətirmişdilər,
Gələn xəbərlərə əsirdi hamı.
Adamlar başını itirmişdilər,
Ağlayıb başını gəzirdi hamı…

Nə sinif var idi, nə dərs, nə cərgə,
Dönüb göl olurdu qəm dama-dama.
Mən də ağlayırdım hamıyla birgə, –
Niyə ağlayırdım, bilmirdim amma.

Məktəbdən dönürdük tərkində qəmin,
Baharın nəm çəkən yolu palçıqdı…
Sibirdən sürgündən qayıdan əmim
Yerdənmi, göydənmi qarşıma çıxdı:

– Niyə ağlayırsan, kim döyüb səni?!
Boşuna susmağın yeri yox, gördüm.
Onsuz da göz yaşım satmışdı məni:
– Stalin ölübdü, deyib – hönkürdüm…

– Gör kimə ağlayır axmağın biri,
Di sus, səninləyəm, ayə, karmısan?
Onun var-yoxunu… Ağlama, kiri,
Ağlama, mən ölsəm, ağlayarmısan?

Getdi, xəbər tutmadım…

Dünya ilə nərd oynadım,
Bir dəfə zər tutmadım.
Arxalarda işim yoxdu,
Öndə də yer tutmadım.

İllər artdı yeddi-yeddi,
Yeddidən yetmişə yetdi.
Bəxt yanımdan keçib getdi,
Getdi, xəbər tutmadım…

Ömür ötdü qayğılarda,
Gününü gün etdim qarda.
Harda başlamışdım, harda
Bitdi, xəbər tutmadım…

Bütün sualların
cavabı birdi…

Ölümə gedərsən yol yora-yora,
Gedərsən, peşinə yüz fikir düşər.
Atsan, balıq düşməz atdığın tora,
Tutduğun zərə də iki-bir düşər…
Nə səbr gərəkmiş, nə də tək səbir,
Sən gedən yolları gedər ilan da…
Əlidolu da bir, əliboş da bir,
Aldadan da birdi, aldadılan da.

Bütün sualların cavabı birdi,
Yatmaq istəsən də yuxuna girməz.
Bəlkə söz sarıdan bəxtin gətirdi,
Varsan, var sarıdan əlin gətirməz…

Yoxsa bəxt verənin dəlikmiş cibi.
Sənə dərd verilib, filankəsə var?
Baxarsan, nə əl var, nə əl sahibi,
Amma ki, gözünü tutan nəsə var.

Tələsmə, təndirə düşər tələsən,
Qəlbi qaraların üzü ağ olmaz.
Başın açılmır ki, dərddən, biləsən
Dünyanın işindən baş açmaq olmaz.

Qazancı kül olar ocaq yerinin,
Könlü ocaqların gözü yaş olar.
Bəxti yüyrək olar niyə birinin,
Başqa birisinin bəxti daş olar?

Göylərin gözündə hansı şanslıdı, –
Tökülən yarpaqmı, qalan budaqmı?
Yaşayan hansıdı, ölən hansıdı, –
Yaşayan insanmı, yaşanan vaxtmı?

Ha dadın ağzında qalmadı dadı,
Çəkilməz dərdləri çəkən bədən – biz.
Bu dünya yerində qalan dünyadı,
Qoynundan əliboş keçib gedən – biz.

Vərdiş

Özgələr dəyişdi vaxt qatarını,
Özün də bilmədin heyif, yerini.
Tutdular könlünün sus damarını,
Bildilər ruhunun zəif yerini.

Qarışıb bir ana bətnində genlər,
Qardaş qardaşı sevməz,
Dəyirman daşıdı deyib keçənlər
Alt daş üst daşı sevməz.

Bir zaman yoğrulub qanla bu torpaq,
Bəlkə azadlığın mayası qandı?
Canı unutmaqdı qanı unutmaq,
Qanı unudanlar unudulandı.

Unutmaq sırası sənəmi düşdü?
Unutma, elə bir an gələ bilər.
Bu gün şəhidləri unutsan işdi,
Sabah bulaqlardan gan gələ bilər.

Gör hansı tufanın yelinə söndün,
Gör hansı bayquşu zərdüşt elədin.
Əvvəlcə ikiyə, üçə bölündün,
Sonra bölünməyə vərdiş elədin…

Geriyə dönəcək qış…

İşığını söndürüb
əvvəlcə pəncərələr yumur gözünü
sonra
daş-divar yuxuya dalır,
dünən dünəndə qalır
və…
dünya
daha bir gün də qocalır.
Bir az aşağıda
səssiz-səmirsiz
dənizə açılır boğaz,
qara dönüşür yağış…
Günü, saatı bəlli
Və sabah yenə
Köçəri quşların qanadlarında
Geriyə dönəcək qış…

Sap

Dilinin şüarı: – nə üçün, niyə?
Onun da bir belə şakəri vardı;
Evdə deyiləni unudar deyə,
İşdə barmağına sap bağlayardı…

Unutdun nə idi sözünün ardı,
Nəyin sorağıydı qaralan qanın?
Hərdən barmağına sap bağlayardın,
Bəlkə də o sapa bağlıydı canın…

Verilən sualmı alınan cavab –
Gedib bir əlaqə tap arasında.
Kim bilir, heç nəyin nəsiymiş o sap,
Nə varmış fikirlə sap arasında?

Sirri var burnuna dəyən hər iyin –
Yaxın bir təmasmı, uzaq görüşmü?
Vətənin yadından çıxıb getdiyin
Heyif ki, vətənin yadına düşmür.

İzi yox çəməndən çəkilən çənin,
Çoxdan unudulub sənin də adın?
Qürbətə düşəndə ana vətənin
Gərək “barmağına” sap bağlayaydın…

Qürbət

Sənə nələr demədim
Keçən bu on üç ildə…
Sən də pıçılda, qürbət,
Sən də bir şey pıçılda…

Üzünü görmək də pul,
Bircə dərdin havayı.
Həsrəti bilməyənə
Öyrədərdin havayı.

Üzü yox ki görəsən,
Üzünə gülən deyil.
Qürbət, əllə tutulub,
Gözlə görülən deyil.

Belə, özün-özünü
Aldadardın ən azı.
Olmasaydı yaxında
Çanaqqala boğazı.

Ya bir yaz axşamında,
Ya payız gecəsində
Səsi duyulmasaydı
Martıların səsində.

Qürbəti qəribsədər
Qərib durna qatarı.
Qayığa yelkən olan
Qağayı qanadları.

Sənə nələr demədim
Keçən bu on üç ildə…
Sən də pıçılda, qürbət,
Sən də bir şey pıçılda…

İşdi yalan söyləsəm,
Çıxart yalanı, qürbət..
Bircə Ana-vətənmiş
Yerdə qalanı, qürbət…

Bizim aramızda
davaydı düşən

Bir arzu var idi gedib çatmağa,
fikirdə aradım, mənada gəzdim.
Ata oğul istər yurd qaraltmağa,
Düşüb ömrü boyu mən ata gəzdim…

Solsa, birdəfəlik solmur ki, solan,
Bir gün boşalanlar dolmaq istəyir.
Bir dəfə olmur ki, bir dəfə olan
Qayıdıb bir daha olmaq istəyir.

Bu qədər insafsız olarmı günah,
Zəmanə bu qədər qədirbilməzmi?
Yetimlik nə imiş mən bildim, Allah,
Oğul atasızlıq nədir, bilməzmi?

Bir ömür bəsimdi verdiyin bu qəm,
Vermə, sənə qalsın, – dedim, – qalanlar.
Atasız nə çəkdim bir mən bilirəm,
Nə çəkər atalı yetim qalanlar?

Sən yoxsan, mən isə yoxla görüşən,
Atam, qənim mənəm, qənim arama.
Bizim aramıza davaydı düşən,
Nə düşüb nəvənlə mənim arama?

Gününü günəşə borcludu kölgə,
Kölgəlik bəxtdisə, bəxtdən qaçılmaz.
Oğul atasının sirridi bəlkə,
Allah istəməsə o sirr açılmaz.

Açılar illərin açdığı ara,
Taleyin əlləri saxta pul kəsər.
Mən ata gəzərəm düşüb yollara,
Hardasa məni də bir oğul gəzər…

Ağlına gəlməzdi…

Ağlına gəlməzdi hava dəyişər,
Yazın ortasında qar yağa bilər.
Tələsib eşqinə açan bənövşə
Açılan bəxtini qarğıya bilər?

Yalan ümidlərə öyrəşən qulaq
Qapısız bacadı ağrı-acına.
Özü öz syundan içirmi bulaq,
Barından nə qalır bar ağacına?

Ağlına gəlməzdi darıxa ürək,
Harasa qayıtmaq istəyə geri.
Ağac olmalıydı, ya daş, ya çiçək, –
İnsanlar içində səhv düşüb yeri…

Harda görünmüşdü bilən, bilməsin,
(Südü qatıq edər bir qaşıq maya).
Səndən başqasını görməyən kəsin
Səni də görməyə gözü olmaya.

Bir qoca kişiylə cavan bir gəlin
Bundan sonrasını danışma, mumla.
Yazın yağmuruna çağlayan selin
Alına bilərmi qarşısı qumla?

Ocaqmı çatmaqdı arzuya çatmaq –
Kül olan arzudan nə qalar yadda.
Sən demə, olarmış səni də atmaq,
Səni də unutmaq olarmış hətta…

Sözü uzatmağın mənası varmı,
Buludun istəyi yağan qardımı?
Hər şeytan qadından mələk olarmı?
Ağlına gələydi…
Ağlı vardımı?

Hər an əsən küləyə
can atan qadın…

Heyif papağını yandırdın günə,
Hərənin bəxtinə bir ömür düşər.
Könlünü vermişdin böyük eşqinə,
Böyük kininə də təşəkkür düşər.

Gözün tutduğunu sevməyə nə var,
Gözündən düşdüsə, sevmirsən demək.
Bir də ki, doğrunu deməyə nə var,
Doğrudan çətinmiş yalan söyləmək…

Qəfildən gözünü qamaşdıran nur
Gəl-gəl dedisə,
Kimsə qulağına yalan oxuyub
Gözəl dedisə.

Daddınsa tərifin şirin yerini
Hisslərin aldada bildisə səni,
Gecələr yuxuda gördüklərini
Gündüzlər yozmağa getdinsə yəni.

Onda nə sən varsan, nə yazı yazan
Gerisi solaxay xəyanətindir.
Bəxtinə düşəni itirmək asan,
Qayıdıb yenidən tapmaq çətindir…

Hər əsən küləyə can atan qadın,
Mən dəniz, sən isə qayıq deyilsən.
Böyük sevgilərə layiq olmadın,
Böyük nifrətə də layiq deyilsən…

***
Milyon ilin təşnəsi tək
Güllərə qonar ac arı.
İnsan arı, vətən çiçək –
Qürbət sevginin açarı..

Ha alnını qırışdırdın,
Ha pozdun, yenə yazıldı;
Niyə bu qürbət deyilən
Sənin bəxtinə yazıldı?

Öndə gələcək umudun,
Sonda keçmişin qalmadı.
Canını dişinə tutdun,
Ağzında dişin qalmadı…

Bəlkə Allah da unudar
Sən məni unutduğun gün.
Öləcəyəm, gec-tezi var –
Ürəyini tutduğun gün…

fin torpaqları

Könlü açıqlara könlünü açar
Aynalı gölləri, gen torpaqları…

İgid oğulları ayağa qalxdı
Nə zaman görməsə gün torpaqları…

Yolu qarağatlı, göbələklidir
Verir yolçulara yön torpaqları…

Tükənməz qranit qayalarıyla
Qazanıb dünyada ün torpaqları.

Hərdən gecəsi də gündüzə dönər
Allahın quzeydə son torpaqları…

Şerini əməlli yaza bilmədim,
Məni bağışlasın fin torpaqları…

Xəzri-gilavar arası

İçimdəki havanın
Qayıb mətni çatışmır.
Hələ millət olmanın
Ana bətni çatışmır.
Gözlərə səpilən qar
Şerinin başlıqları.
Göz yaşıyla doldurar
Tarixi boşluqları…
Olum, ölüm kimidir
Yurdun o tay-bu tayı.
Azadlıq iqlimidir
Şah İsmayıl Xətai…
Hələ ruhu göylərə,
Bədəni yerə çəkir.
Bu iki aralıqda
Koroğlu nərə çəkir.

…Hamı bir-birinə düşmən,
Kimin kimnən var arası?
Bir Tanrı əyriliyi var,
Xəzri-gilavar arası…

Keçmiş – su, gələcək – su

Sudur qanın içində
Köksündəki ürək – su.
Divarlara dırmaşan
Bayırdakı tənək – su!
Çay üstə qanadlanan
Masmavi kəpənək – su!
Gözlərdə bir damla nəm
Bulaqda bir sənək – su!
Qızının göz yaşında
Səninlə öləcək – su!
Nə əvvəli, nə sonu,
Keçmiş – su! Gələcək – su!
Peyğəmbərlər üzündə
Görünən mübarək – su!

Yazığım gəlir…

Məni yetim qoyan illərə,
Başıma ələnən küllərə,
Eşqimə “yox” deyən dillərə
Və… sonradan
Peşiman olan könüllərə
Yazığım gəlir…

Qız qarıyan,
Yalanlardan yarıyan
Və…
Bu bədbəxt dünyada
Xoşbəxtlik arayan adamlara,
Qara gələn yazıma,
Qara köynəyinə əsir düşən sazıma,
Taleyini yaşadığım Nazimə,
Başıma oyun açan
Alın yazıma, –
Həyatıma oxşamayan arzuma
Və hamıdan çox özümə
yazığım gəlir…
Hər şey boyad, hər şey yad,
Ay səni…
Arzuma oxşamayan həyat…

Yaşadım

Onsuz həyat boşunadı, boşadı,
Boşanmazdım, dünya məni boşadı.
Arxasıyla sürüklədim boş adı,
Boş-boşuna o boş adı yaşadım.

Harası var, gedə hara gəncliyim?
Dönüb getdi kərdiyara gəncliyim.
Kaş öləydim, səndən sonra gəncliyim,
Ömür adlı bir boyadı yaşadım..

Ölüm payız dumanıydı bələndə,
Nə biləydim nə olacaq gələndə…
Mən onsuz da öləsiydim öləndə,
Nə qədər ki o yaşadı, yaşadım.

Gələnləri vurulmuşdu adıma,
Gedənləri getdi mənim badıma.
Yada düşdü, daş düşəydi yadıma,
Ölüm-zülüm mən o yadı yazdım.

Dalğa kimi dərd döydükcə döşünə,
Tənha könlüm üşüm-üşüm üşünər.
Ömür demə, gün tutular, “göy kişnər,
bulud ağlar” bir bayatı yaşadım.

 

Qaynaq: //www.edebiyyatqazeti.com

You may also like

4 şərh

Ramin 2011-08-12 - 17:43

Var olun ay ustad.Söz ha qoymuyufsunuz hamısı yazılıf Allah Sizi var eləsin.

Cavab
Əli Nəcəfxanlı 2011-08-30 - 23:32

Bu bir çağlar bulaqdı, suyu heç vaxt soğulmaz,Belə gözəl şeirlər hələm-hələm doğulmaz.

Cavab
Şixlinskaya 2012-06-24 - 01:24

Hər əsən küləyə can atan qadın,
Mən dəniz, sən isə qayıq deyilsən.
Böyük sevgilərə layiq olmadın,
Böyük nifrətə də layiq deyilsən…

Bunu çox gözəl demisən, əziz insan! Özgənin yerinə göz dikən uduzar yalnız!

Cavab
6467urus 2013-01-26 - 21:21

xüsusi zövq aldım ve yaşadım…

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.