Ana səhifə BAŞ YAZI Səndən irəlidə gedən çiçəklər…

Səndən irəlidə gedən çiçəklər…

Müəllif: Bizim Yazı
112 baxış

Bu günlərdə Zərdab rayonunda yaşayıb-yaradan istedadlı şairə Fərqanə Misgərqızının “Könlüm haraylar səni” adlı ilk kitabı “VEKTOR»da (“VEKTOR» Uluslararası Bilim Mərkəzinin hədiyyəsi olaraq) işıq üzü görüb (Mərkəzin başçısı sayğılı Elçin İsgəndəzadənin belə fədakar işləri saymaqla qurtarmaz).

Kitaba şair Vasif Süleymanın yazdığı “Səndən irəlidə gedən çiçəklər” adlı “Önsöz”də deyilir: “Onda dünyanın bir az da saf vaxtlarıydı. Hələ maddi dəyərlər mənəviyyətı tam əsarəti altına almamışdı. Elə böyük zaman kəsiyi olmasa da, hər halda iyirmi beş yaşı olar bu duyğuların. M.Ə.Sabir adına Mərkəzi kitabxanada gözəl şairimiz Musa Ələkbərli bizi pərvanə kimi başına toplamışdı və “Pərvanə” adlı isti bir ocaq yaratmışdı. Teyfur Çələbi, Faiq Balabəyli, İbrahim Yergöy, Xatirə Rəhimbəyli Fərqanə Misgərqızı da daxil olmaqla neçə-neçə istedadlı gənc “Pərvanə”nin başına pərvanə kimi yığılırdı. Tam səmimiyyətimlə deyirəm, “Pərvanə”nin ən istedadlılarından biri olan Fərqanənin bu günə kimi kitabının işıq üzü görməməsinin fərqində olmamışam. Elə bilmişəm ki, F.Misgərqızı daim çap olunub və mən də onu ardıcıl olaraq mütaliə etmişəm:
Əbədiyaşarlıq bəlkə də elə budur. Hələ yaddaşımda olanlardan danışıram, ilk kitabında nələri toplayıb, bir az sonra biləcəm. Ata həsrətli şeirlərindən misraları indi də xatırlayıram:

Ölüm yüyrək gəlib, kəsə düşübdür,
Ən əziz, ən doğma kəsə düşübdür.
Beynim uğuldayır səsə düşübdür,
Çağırma, karam, dünya”.

Gec də olsa, ilk kitabının işıq üzü görməsində zəhməti orlan hər kəsə – Elçin İsgəndərzadəyə, Faiq Balabəyliyə, Vasif Süleymana və digər zəhməti keçənlərə oxucu minnətdarlığı çatdırır, Fərqanə Misgərqızını təbrik edir, onun bir neçə şeirini oxucuların ixtiyarına veririk.

Müzadil AQİL

***

TUT ARACI
(Atamın ölümündən sonra həyətimizdəki tut ağacı qurudu)

Sən niyə qurudun, sən niyə soldun,
Könlümün çiçəkli baharı kimi.
Öpüb oxöayıram budaqlarını,
Atamın əlinin qabarı kimi.
Tut aracı.

Dərdini çəkdiyin dərd belə olmaz,
Sən kədər gətirdin kədərim üstə.
Pərən-pərən olmuş xəyal kimisən,
Sərilib qalmısan çəpərin üstə.
Tut aracı.

Sən mənə bir ata yadigarıydın,
Deyirdim olarsan təsəlli yerim.
Küməsi qurudu ümidlərimin,
Yerində göyərdi qüsəlli şeirim.
Tut aracı.

Dərdlərə dözümlü daşıqmış demə,
Min dərdi bir qəlbdə saxlaya billik.
Sənintək həsrətdən qurumuruq ha,
Sıxıb gözümüzü ağlaya billik.
Tut aracı.

QƏRİB BİR QUŞAM…

Qərib bir quşam, ana,
Qonmağa budarım yox.
Canım elə ağrıyır,
Canımda bir sağım yox.

Sağım düşmən, solum yad,
Tanrıdan ola imdad.
Atılmışı sən də at,
Getməyə ayağım yox.

Barlı yollar açıla,
Qaranlıqlar qaçıla.
Üstümə gün saçıla,
Yanmağa çırağım yox.

Döz deyirsən, dözərəm,
Söz deyirsən, düzərəm.
Ürəyimi üzərəm,
Ürəyimdə yağım yox.

Bu dərdə gülmək asan,
Sirrimi bilmək asan.
Ölərəm, ölmək asan,
Bükülməyə ağım yox.

ANA, QONARIMSAN DƏRDI-SƏRINLƏ

Ana, qonağımsan dərdi-sərinlə,
Danış həzin-həzin, din həzin-həzin.
Işığa qərq eylə ümidlərimi,
Deyirəm bu gecə yuxum gəlməsin.

Dönək xəyallara, baş alıb gedək,
Dünya sahilsizdi, dünya böyükdü.
Vaxtsız itirdiyin atam qəlbinə,
Mənim qayğılarım çiyninə yükdü.

Sıxma ürəyini qurbanın olum,
Köçürsən, həyatda hələ varam mən.
Alıb kədərini atıb üstündən,
Yanına sevinclə qayıdıram mən.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.