Ana səhifə YAZILAR Kədər üstə düşüncələr

Kədər üstə düşüncələr

Müəllif: Bizim Yazı
472 baxış

Ulusəs Atalı

Nurtəkin ömrünü büsbütün, qalıqsız Asif Atanın Mütləqə İnam Yoluna həsr etdi. Ocağa gəldiyində 22 yaşı olan gənc – saf, təmiz, məsum bir qız… Nə idi bu qızı Ata Yoluna çəkən? Gəncliyinin coşğun çağında, sevib-sevilmək məqamında, duyğularının hərarətli bir anında Nurtəkin İnam Ocağına gəldi. Bu gəlişin təməli nədir?…Bu, təsadüf idi, yoxsa zərurət, bilmirəm, istənilən halda bu seçim Nurtəkinin xoşbəxtliyi idi. Onlarla başqa gənc  də bu yola düşmüşdü, lakin gedə bilmədilər. Nurtəkin Yolu gedə bilən təklərdən oldu.
Nurtəkində Mütləqi duymaq həssaslığı var. Həqiqəti anlamaq, Gözəlliyi hiss etmək aşılanmışdı ona elə bil… Xislətində Ucalığa heyranlıq, Böyüklüyə Səcdə halı var. Bu duyğu Ataya, Amal Yoluna aşiqlik yaratdı onda. Atalığa, Amala aşiqlik halı bu vaxta qədər dəyişmədi. Bütövləşdi, içindəki Mütləqi aradı, Amalını yaşam tərzinə çevirdi.
İnsan Məna ilə yaşadıqda həyat gözəldir. Həyat Mütləqliyi ilə gözəldir. Həyatı Mütləqə İnamla yaşamaq isə Xoşbəxtlikdir!
Mənasız, Mütləqsiz həyat yaşayanlar Gözəlliyi başqa yerdə axtarmalı olurlar. Təzahürlərlə, görüntülərlə, maddi yaşamın firavanlığı ilə yetinirlər. Firavan yaşayanların hər şeyi olur, xoşbəxtlikdən başqa. Çünki xoşbəxtlik, gözəllik Ruhani keyfiyyətdir. Gözəl yaşamaq İnsanın mənəvi halıdır, maddi imkanı deyil.
Nurtəkinin xoşbəxtliyi ailə-məişət, cəmiyyət ölçülərindən üstün oldu, insani, bəşəri dəyərlərə uyğun bir səviyyəyə qalxdı. Bu, Təklərə layiq aqibətdir. Bu, sığmazlıq, azadlıq tələbi ilə dolmaqla yanaşı Kamil İnsan səviyyəsinə can atan bir insanın taleyidir. Bu, Ali duyğularla yaşamaq deməkdir.
Ali duyğular ən çox Kədər üstə yaranır. Tarixdə və bugünümüzdə insana qarşı aşağılamalar Kədər hadisəsidir. Dünyanın özündən ayrılmasına kədərlənmək insanı Ali Duyğulara yönəldir. İnsan Ali Duyğulara üz tutur ki, ədaləti, vicdançılığı bərqərar etsin Dünyada. Bu baxımdan Asif Atanın Mütləqə İnam Yolu Dünyanı dəyişdirmək, insanın haqqını özünə qaytarmaq uğrunda ruhani mübarizədir. Bu tələbin gerçəkləşməsi 100 illərə bərabər olsa da onun ilkinləri, cəfakeşləri olmalıdır. Mütləqə İnama üz tutmaq sabahla yaşamaq, sabahı bugün yaşamaq səadətidir. Bu seçim nadir insanlara xas olur. Həqiqətə təmənnasız, İdraklı səviyyədə xidmət etmək ömrə nizam verir.
…İnsan insanlığını təsdiq etmək üçün Şərlə döyüşməlidir – Ata təlimi bunu anladır. Hər kəs öz içindəki Şəri döyə bilərsə, Dünya şərdən təmizlənər. İctimai gedişat saflaşar. Bunun üçün özüylədöyüş əməlinə yetmək gərək. Əlbəttə, bu, çox çətin alınır.
Niyə hər bir insanın görməli olduğunu tək-tək insanlar görür ancaq? Niyə Həqiqət Yoluna Nurtəkin kimi təklər düşür, yüzlərlə başqaları düşmür? Bunun  səbəbi nədir?
Şübhəsiz bunun cavabını insani, milli, irsi təməldə axtarmaq gərək. İrsi dedikdə bəşəri dəyərlərin nəsillərdən nəsillərə ötürülməsini nəzərdə tuturam. Valideynlər özləri də bilmədən bu dəyərləri övladlarına ötürürlər.
Eyni zamanda heç bir valideyn övladının Həqiqət yoluna düşməsini istəmir. Çünki Həqiqətin  yükünü daşımaq ağırdır. Heç kəs istəmir ki, balası bu ağırlığın altına girsin. Hələ mən odda yandırılmaqdan, dərisi soyulmaqdan, şaqqalanmaqdan, təhqir və böhtanlara məruz qalmaqdan danışmıram. Ancaq onu bilirəm ki, dünya az sayda həqiqətçilərin hesabına ayaqda durur…
“Dünyanın dərdi təkcə sənə qalıb?!” – deyiblər Asif Ataya onun valideynləri. Soylu Atalını Asif Atadan ayırmaq məqsədiylə anası  Cahan xanım özünü yandırmaq həddinə çatıb.
Valideynlərinin xeyir-duasını almaq nəsib olmayır Həqiqət yolçularına.
Nurtəkinin Amal aşiqliyi hədsizdir, Ucadır. O, bir insanı sevirdi. O insan Nurtəkinə Yol yoldaşı, həm də həyat yoldaşı olmalı idi. Daşıdığı Ocaq yükünə çiynini verəcəkdi. Vaxtsız və qəfil ölüm onun bu ümidini qırdı, bizi də sarsıtdı. Mən bu hadisəylə bağlı Nurtəkinin halında fəlakət olacağından qorxurdum. Onu qorumaq haqqında düşünürdüm. Ancaq ayrı halın tanığı oldum. O, kədərinə doğmalaşdı, yenilmədi. Onun bu ləyaqəti məni heyrətə gətirdi. Bu kədərli hadisədən sonra Nurtəkin Ocaq işlərini əvvəlki şövqlə davam etdirdi.
Nurtəkin atası Üzeyir bəyi gənc yaşlarında itirmişdi. Onun bu itkiylə bağlı keçirdiyi duyğular haqqında mənim bilgim yoxdur. Amma Asif Atanın ölümündən sonra daşıdığı kədər halı mənə bəllidir. Belə bir Kədərin gənc qıza təsiri çox güclü olub. Ömrünü həsr etdiyi Yolun yaradıcısının ölümü Nurtəkində bu Yolun yükünü çəkmək məsuliyyəti yaratdı. Kədər Nurtəkini müdrikləşdirdi. Cavan yaşda müdrik bir insana çevirdi.
Bir faktı söyləmək kifayət edər ki, Asif Atanın ölümündən sonra dağılmış Ocağın yenidən qurulmasında və yaşadılmasında Nurtəkin üç şəxsiyyətdən biri oldu. Bu, “Nurtəkinin əməyi, hünəri misilsizdir!” deməyə haqq verir…
Bütün valideynlər kimi Zəhra xanım  da qızları Nurtəkin və Üstünün Ocaqçı olmağına razı deyildi. O vaxtlar təbii ki, mən Zəhra xanımla tanış deyildim. Mənim Zəhra xanımla tanışlığım axır 3-4 ilə təsadüf edir. Zəhra xanım həm zəhmətkeş, həm əzabkeş insan idi. O, əlində, ovcunda böyütdüyü saf, məsum qızlarının Həqiqət yoluna düşdüklərinə qarşı cəmiyyətin anlamazlığı ilə  döyüşürdü. Çünki Nürtəkinin, Üstünün inadı, qətiyyəti Zəhra xanımı qızlarını Asif Ata Yolundan uzaqlaşdırmaq niyyətindən vaz keçməyə məcbur etmişdi. Üstəlik o, öz analıq xeyir-duasını da vermişdi. Bu, yaxşı hal idi.
Zəhra xanım Ocaqçı qızları ilə ruhani ünsiyyətdə çox olurdu. Ana ilə qızlar arasında ruhani anlaşma səviyyəsi yaranmışdı. Hətta Zəhra xanım Ocaq ədəbiyyatlarını oxuyur, qızlarının Ocaqçılığı ilə maraqlanırdı. İndi birdən-birə bu ananı itirməyin Nurtəkinə, Üstünə hansı halı yaşatdığını mən içdən dərk  edirəm, ağrıyıram. Zəhra xanım Ocağa doğma idi öz halı ilə. Ona görə bu xanımın ölümü Ocağın da itkisidir.
Amaldaşlarım Nurtəkin və Üstün! Mən inanıram ki, bu Kədər sizi əyməyəcək, əksinə, güc alacaqsınız. Kədəriniz Ocaqda Ali Fərəhə çevriləcək.
Zəhra xanımın ruhu hər zaman sizin Ocaqçılıq ləyaqətinizdə yaşayacaq. Bu cür qızları olan ananın ruhu onlarda yaşayacaq. Başın sağ olsun,  Nurtəkin, Üstün, Elürək. Ruhunuz uca olsun!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.