Ana səhifə YAZILAR KƏDƏR DOLU SEVGİ İLƏ (öykü)

KƏDƏR DOLU SEVGİ İLƏ (öykü)

Müəllif: Bizim Yazı
1. 055 baxış

Shefa OmerŞəfa ÖMƏR

(Atamın ruhuna ithaf edirəm.)

Gecələr yuxum ərşə çəkiləndə, aranı dağa, dağı arana daşıyanda atam yadıma düşür. Böyüklərdən bu sözü eşidəndə soruşurdum ki, ”Aranı dağa necə daşıyırlar? “ Deyirdilər ki, böyüyəndə bilərsən! Mən kiçik yaşlarımda atamın sübhə qədər yatmadığını görürdüm. O gah ağ kağız üzərində nə isə cızma-qara edər, gah da büzüşüb yumağa dönər, nəyinsə xiffətini cəkərdi. Sonralar bildim ki, uzun, şaxtalı qış günlərində və yaxud bürkülü dəli yay aylarında, gecələr yuxusu ərşə çəkiləndə mənə və bəlkə də heç kimə bəlli olmayan fikirlərini dağıtmaq üçün şeirlər yazarmış. Bəzən də belə cansıxıcı günlərində fransız yazıçılarının əsərlərini rus və Azərbaycan dilinə tərcümə edərdi. Lakin bu məşğuliyyət də onun karına gəlməzdi.
Mən uşaqlıqda atalı-analı ailədə böyümüşəm, odur ki, həyatın qarşımıza qoyduğu sərt qanunlardan, acı şərtlərdən xəbərim olmayıb.Atanın ailə, övlad üçün nə qədər böyük qüvvə olduğunu özüm valideyn olandan sonra bilmişəm. Allahdan qorxmasaydım, atamı “İlahi varlıq “adlandırardım. Çünki o mənim üçün bu ada layiq ata olub. Xasiyyətcə mülayim, zarafatçıl, halallığı sevən, olduqca savadlı,varına şükr edib, aza qane olan bu şair təbiətli insan mənim atamdır. El arasında belə adamlara “Nur” ”Peyğənbər”, ”İpək” kimi insan deyirlər. Mən atamla fəxr edirdim. Uşaqlıqdan yadımdadır, həyətimizdəki tut ağacının altındakı stollar gündüzlər boş olmazdı. Atam dostları ilə gah nərd oynayar, gah da uzun-uzadı siyasətdən, gündəlik olaylardan danışardılar. Anam isə yan otaqda qonşu qadınlarla nəyi isə müzakirə edib, axırını qeybətə çevirərdi. O vaxtlar söhbətləri mənə maraqlı gəlməsə də, mən atamın yanında oturmağı çox xoşlayardım. O, söhbət edə-edə mənim saçlarımı tumarlayırdı. Bu tumar bir uşaq qəlbinə yaxın olan dünyanın bütün oyuncaq payından daha əziz idi.
Hərdən dostuna göz vuraraq “Sənin qızın göyçəkdir, yoxsa mənim qızım?” deyərdi. Mən bir az utanıb, bir az sevinib, lap da xoşbəxt olub atama qısılardım. Balaca uşaq qəlbimdə atama qarşı dünya boyda sevgi daşıyır- dım. Şair demişkən, “Yenə o bağ olaydı”, yenə o qayğısız- filansız, nəvaziş dolu günlərimiz olaydı. İndi o bağ da var, tut ağacı da, lakin nə atam var, nə də bağın əvvəlki ab-havası. Mən üzü nurlu atamın iri, ala, mənalı gözlərinə baxanda özümü sanki çox güclü, yenilməz, arxalı hiss edirdim. Elə bilirdim, atam yanımda olsa, mənə heç vaxt heç nə olmaz. Mən onun özünün dediyi kimi sonbeşiyi idim. O, məni çox sevirdi.
İllər keçdikcə, uşaqlıq xatirələrimi varaqladıqca, atalı günlərimi yada saldıqca başa düşürəm ki, atam mənə indi daha çox lazımdır. Hərdən taleyimlə razılaşmayıb, təkbaşıma çıxış yolu tapa bilməyəndə yuxum ərşə çəkilir, aranı dağa, dağı isə arana daşıyıaram. İndi səni başa düşürəm, Ata!
Hərdən ürəyim dolur, qəhərlənirəm, şikayətimi deməyə sənin qədər həssas, hər şeyi naziyindən başa düşən münasib, doğma adam tapa bilməyəndə sənin üçün darıxıram. Ürəyim dolanda qəbrini ziyarət edirəm, yenə ürəyim boşalmır. Axır zamanlar Atamın uzun müddət xəstə olduğundan bədəni çılızlaşmış, beli bükülmüş, saç-saqqalı tamam ağarmışdı, amma üzündəki və ala gözlərindəki nur onu son mənzilədək tərk etmədi. O nurlu üzünü bir də görmək istərdim, Ata! Saçının qoxusunu duyub, əllərindən öpmək istərdim, Ata!
Həyatın yoxuşuna çıxa bilməyib, enişində əziləndə səni köməyə çağırmaq istərdim, Ata! Ya məni özünlə apar, ya da yanıma qayıt, Ata! Sənin üçün çox darıxmışam

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.