Ana səhifə YAZILAR KÜLQABI (Öykü)

KÜLQABI (Öykü)

Müəllif: Bizim Yazı
192 baxış

ZƏKA VİLAYƏTOĞLU

Vahanın oğlu Stepan, qonşuları qoca Şaqeni boğub öldürməmişdən öncə hər şeyi ölçüb biçmişdi. Şaqenin evindən oğurlyacağı pulla özünə və ata-anasına yeni pasport alacağına ümidliydi. Yeni pasportlarda onların adları, milliyyətləri dəyişdiriləcək və hər yerdə Azərbaycan vətəndaşı olan türklər kimi tanınacaqdılar. Bu saxtakarlığa qol qoyacaq adamı da əvvəlcədən tapıb, onunla razılığa gəlmişdi. Həmin Adam pasportları dəyişdirəcəyinə yüz faiz söz vermişdi. Təki istənilən məbləğ vaxtında çatdırıla idi. Bundan sonra hər şey Stepanın istədiyi kimi olacaqdı. Tezliklə bu məhəllədən köçüb, onları kimsənin tanımadığı başqa bir yerdə məskunlaşacaq, sərbəst gəzib, dolaşacaq, istədikləri kimi yaşayacaqdılar. Gerisiylə onun işi yox idi; istəyir ermənilərlə türklər bir-birini qırıb çatsınlar,  ya barışığa gəlsinlər…
Başqa vaxt olsaydı, Stepan Şaqeni öldürməyə cürət etməz, belə bir fikrə də düşməzdi. Amma hadisələrin gedişi onu buna vadar edir, iş ləngidikcə, səbri tamam tükənirdi. İndi əsl məqamı idi. Bir neçə gün sonra gec ola bilərdi. Bu qarışıqlıq, iki millət arasında ermənilərin saldığı nifaq, dava-qırğın hələki başları qatmışdı. Elə bu da Şaqenin ölümünün, necə və kim tərəfindən törədilməsi məsələsini tamamilə başqa məcraya yönəldəcəkdi. Bütün günahlar qalacaqdı türklərin boynunda. Hamı milli iğtişaş zəminində Şaqeni onlardan kiminsə, qisas naminə qətlə yetirdiyini zənn edəcəkdi.
Gur, dalğalı ağ saçlı, qızartdaq çöhrəli qoca Şaqen, bu məhəllədə, tükənməkdə olan son ümidiylə yaşayan iki-üç ermənidən biri idi. On beş ildən çox idi, iki otaqlı, bir mərtəbəli evində tək yaşayırdı. Digər ermənilər isə onunla həyət qonşusu olan qoca Vahan, arvadı və onların iyirmi beş yaşlı oğulları Stepan idi. Əvvəl on ailənin hamısı erməni idi. Bu ailələrdən bir neçəsi Krasnodara, Gürcüstana, bir neçəsi də Ermənistana qaçmışdı. Sonda yalnız bu iki ailə qalmışdı. Onlar da çoxdan baş götürüb Bakıdan Ermənistana və ya Rusiyaya qaçardılar-amansız qocalıq və kasıblıq olmasaydı. Həm də bütün zamanlarda olduğu kimi yenə də türkün ürəyiyumşaqlığına, mərhəmətinə bel bağlayırdılar.
Oğlu Stepanın, qoca Şaqeni öldürmək istəyindən Vahanın, qətiyyən xəbəri yox idi. Olsaydı, bəlkə də buna imkan verməzdi. Ən azı ona görə ki, Şaqen onlara həyan idi.
Şaqenin ailəsi-zadı yox idi. Amma yetərincə pulu, qızılı vardı. Uzun illər Bakıda zərgər işləmişdi. Cavanlığında hər nə qədər yeyib-içən, kef çəkən olmuşdusa da, qocalığı da unutmamışdı. İllərlə yığmışdı və balaca sandıqçada üç kiloya yaxın qızılı, bankda pulu vardı. Aldığı təqaüdlə də dünənəcən normal dolanırdı. Son günlər qorxusundan təqaüdünü almağa gedə bilmirdi. Dörd aylıq təqaüdü yığılıb fondda qalmışdı və çox güman, ünvanına çatmadığından, yenidən dövlət fonduna qaytarılmışdı.
Övladı yox idi Şaqenin. Evlənməsinə baxmayaraq, bu arzusu həyata keçməmişdi. Arvadı da bu yaxınlarda-erməni-türk davası başlar-başlamaz, altımış bir yaşında, qəfil ürəktutmasından ölmüşdü.
Həyətdəki boş erməni evlərini Ermənistandan qovulmuş türklər tutmuşdu. İnsafən, onlar bu qoca ermənilərə mərhəmət hissiylə yanaşır, dəyib-dolaşmırıdlar. Hətta Şaqenə hörmətlə “Şahin dayı”, Vahana da “Vahan dayı” deyə müraciət edirdilər. Hərdən Şaqenə çay da süzür, yemək də verirdilər. Vahana nisbətən Şaqenin üzündə bir işıq vardı. Bəlkə də bu işıq, min cür erməni fitnələrinə, məhrumiyyətlərinə düçar olmuş bu insanların ürəklərində coşub-kükrəmək istəyən kini, nifrəti əridib, yox edirdi. Ancaq Vahanla arvadının, oğulları Stepanın üzündə, gözlərində, sanki bir şeytan dolaşır, onların əsl erməni olduğundan xəbər verirdi. İstər-istəməz yazıqlaşmış, hər an qorxu, dəhşət ifadə edən gözlərində, ümumi davranışlarında riyakarlığın, təhlükənin gizləndiyi duyulurdu.
Qoca Şaqen yay gecəsi evinin girişində stul qoyub oturmuşdu. Girişdən solda isə dəmir vedrəni ağzı üstə qoyub, üstünə süfrə salmışdı, onun da üstündə armudu stəkanda pürrəngi çay buğlanırdı. Bir tərəfdə isə elektrik samovarı gözə dəyirdi. Könlü çay istəyəndə qoca Şaqen əlləri əsəs-əsə samovarı suyla doldurur, elə burdaca qaynamağa qoyurdu. Sonra da qapı ağzında oturub, çay içə-içə, siqaret çəkə-çəkə, tükənməkdə olan ömrünün son günlərini yaşayırdı.
Şaqen, əlləri əsə-əsə cibindən “Prima” siqareti çıxarıb müştüyə keçirdi. Yandırmazdan öncə astaca öskürüb, boğazının xıltını təmizlədi. Sonra müştüyü dodaqları arasına qoyub kibritlə siqareti yandırmaq istədi. Əlləri çox əsdiyindən bir neçə kibrit çöpü boşuna yanıb söndü. Növbəti kibriti yandırmağa cəhd eləyəndə qarşısında Stepanı gördü. Stepan cibindən alışqan çıxarıb Şaqenin siqretini odladı. Şaqen sinədolusu bir qullab vurub Stepana dedi:
– Keç, içəridən özünçün stul gətir.
Buna bəndmiş kimi Stepan içəri təpildi. Stul götürməzdən öncə otağın hər tərəfinə göz gəzdirdi. Şaqenin pullarının, qızıllarının harda ola biləcəyini yəqinləşdirməyə çalışdı. Bayırda Şaqen xıltha-xılt öskürəndə o, dik atıldı. İçəridə ləngiməsilə qocanı şübhəyə salacağından ehtiyatlanıb, stulu qapdı və bayıra çıxıb, Şaqenlə yanaşı əyləşdi. Şaqen gülümsəyib ona baxdı və dedi:
– Mətbəxdən stəkan gətir, samovardan özünçün çay süz.
Stepan ikinci şansdan lazımınca bəhrələnməyə çalışdı və tez içəri-mətbəxə qaçdı. Otaqlara təkrar göz gəzdirdi, əl atıb şkafı, pulların saxlandığını güman etdiyi daha bir neçə yeri əlləşdirdi. Gecə evə hardan, necə girəcəyini düşündü. Pəncərədən girə bilməzdi. Pəncərənin yay günlərində gecə-gündüz açıq qalmasına baxmayaraq, dəmir barmaqlıqlar ona mane olacaqdı. Bəlkə nəfəsliyin köməyi ilə nəsə etmək olardı. Yoox. Qapı arxadan kilidli olsa, nəfəslik işə yaramaz. Sonuncu variant qapının açarını əldə etmək idi. Bu fikirlə də açıq qapının açar yerinə baxdı. Üç ədəd açardan biri açar yerinə keçirilmiş, digər iki ehtiyat açar isə dəmir həlqədən sallanırdı.
Stepan, Şaqenin qulaqlarının ağır eşitməsindən arxayın olub açarları qapıdan çıxartdı. Çətinlik çəkmədən birini dəmir həlqədən ayırdı və qalan ikisini cəld yerinə taxdı. Sonra, heç nə olmayıbmış kimi mətbəxdən stəkan-nəlbəki götürüb Şaqenin yanına qayıtdı.
– Çay süz özünə, – Şaqen nəzakətlə dedi.
Stepan özünə çay süzdü. Sonra Şaqenlə yanaşı əyləşib, oğrun-oğrun onun hülqumu çıxmış arıq boğazına baxdı. Ürəyindən keçirdi: “Hər şey asan olacaq. Bununki bir an məsələsidir. Azacıq boğazını sıxıb buraxsam, o dünyalıq olacaq!.. Amma gərək çalışam, barmaqlarımın izi qalmasın!.. Yoox, yastıqdan yaxşısı yoxdur. Ağzına basıb, yarım dəqiqə saxlasam, canı çıxacaq!..”
– Ağlın nə kəsir, bizə dəyib-dolaşacaqlar?! – Şaqen ehtiyatla soruşdu. Bəlkə də ehtiyatla soruşmazdı. Ermənistandan qovulan türklərin erməni dilini yaxşı bilmələri (onlar hərdən Şaqenlə bu dildə danışırdılar) onu ehtiyatlı olmağa vadar edirdi.
– Durum çox pisdir. İnanmıram bizi burdan salamat buraxsınlar. Hara, necə, kimin yanına gedəcəyimizi də bilmirik. Kimin pulu, adamı vardı, canını vaxtında qurtardı…
Şaqen dayı, sənindəmi pulun yoxdur?.. Bəlkə yardım edəsən, biz də aradan çıxaq?! – Stepan Şaqendən söz almaq istədi.
– Puul?.. Eeeeh! Pul nə gəzir, ay oğul… Düzünü deyim, pulum var, ancaq bankdadır. Özü də otuz minə yaxın pulum var. Ancaq gedib götürməyə qorxuram. Gedərəm, erməni olduğumu bilincə, vurub öldürər, qanımı batırarlar. Üstəlik də adama deyərlər, ay dığa, Azərbaycanda sənin yurdun-yuvan, vətənin var ki, pulun da ola?.. Onsuz da indən sonra o pullar mənə lazım deyil. Oğul yox, qız yox. Özüm də beş-on gün sizə qonağam. Daha nə cür öləcəyimin də mənimçün fərqi yoxdur. Türklər öldürməsə belə, yaxın vaxtlarda öləcəym gün kimi aydındır mənə! Sən desən də, deməsən də bunu mən bilirəm! Ona görə də əziyyət çəkib harasa qaçmaq fikrində deyiləm. Elə bilirsən, Ermənistana qaçmaqla ordakı ermənilər bizim üzümüzə xoş baxacaqlar?.. Yadında qalsın, oğul, biz, insanlar tərəfindən tutulmuş canavar kimiyik, onların əllərindən bir vaxt qaçıb meşəyə gedəsi olsaq, bütün canavarlar bizə kəc baxacaq, bizi gözümçıxdıya salacaqlar, çünki bizə insan əli dəyib. Bəli, bizim taleyimiz həmin canavarın taleyidir… Əslinə qalsa biz, çoxdan türkləşmiş ermənilərik. Qaçıb Ermənistandakı ermənilərə uyğunlaşacan min cür töhmətlə qarşılaşacağıq… Mən burda-Bakıda doğuldum, burda böyüdüm, burda qocaldım. Bilirəm ki, burdan ayrıldığım gün mütləq ürəyim partlayacaq. Gec, ya tez, elə burda-mənə doğma olan Bakıda ölsəm yaxşıdır.
– Ufff! Ağcaqanad dişlədi ayağımı!.. Axx, sənin… burda nə qədər ağcaqanad varmış?-Stepan ağcaqanad dişləmiş ayağını qaşımağa başladı.
– Hıııy?- Şaqen eşitmədi.
– Ağcaqanad dişlədi məni, – Stepan təkrarladı.
– Məni dişləmir.
– Səni dişləməz dəə. Səndə qan qalıb ki? Sən iliklərinə qədər qupquru qurumusan!-Stepan astadan dilləndi.
– Nə deyirsəəən?
– Heeç, deyirəm, ağcaqanad məni haldan saldı.
– Həəə. Zibillik yaxınlıqdadır, yəqin ordan uçub gəlir! – Şaqen dedi.
– Şaqen dayı, biz burdan çıxıb getmək istəyirik. Xəbər var ki, yaxın günlərdə Bakıdakı bütün erməniləri, zor-xoş qovacaqlar. Getmək istəməyənləri öldürəcəklər. Doğrusu, biz sənə görə qalmışıq. Nə deyirsən?
– Yoox. Mən heç yana gedən deyiləm. Gözləyirəm.
– Nəyi? Gəlib səni öldürmələrini gözləyirsən?
– Hə. Onu gözləyirəm… Bir şeyi unutma, oğul.
– Nəyi?
– Türkün mərdliyini və mərhəmətini!
– İnanmıram.
– İnan. Onlar məni öldürməzlər. Öldürsələr belə, qorxacaq nəyim var ki? Bir quru candır, hərdən nəfəsi təngiyir, qaralır, boğulur… öhö-öhö-öhöööö… görürsəəən?-Şaqen uzun-uzadı və gücsüz halda öskürdü, haldan düşdü, bir udum çaydan sonra özünə gəldi.
– Gec-tez hamımızın axırına çıxacaqlar! – Stepan dedi.
– Vahan nə deyir?
– Onlar da sən deyəni deyirlər. Heç yana getmək istəmirlər. Deyirlər:sən çıx get Rusiyaya. Cavansan, bizə baxma, biz ömrümüzü yaşamışıq.
– Düz deyirlər!
– Axı mən onları atıb gedə bilmərəm!
– Gedərsən. Hamı belə deyir. Amma zaman gəlir, hamı dediyini eləmir, dediyi kimi olmur. Sən də eləcə. Çıx get! Cavansan, get, vaxtında başına bir çarə qıl.
– Gedim deyirsəəən?
– Get! Getsən yaxşıdır!
– Şaqen dayı, gecələr tək yatmaqdan qorxmursaaan?
– Nədən qorxmalıyam?
– Hər şeydən, hər kəsdən. Lap elə türklərdən!.. Qorxmursan, gecənin birində gəlib səni öldürərlər?!
– Dedim, axı, qorxacaq nəyim var ki?
– Mən qorxuram, Şaqen dayı. Yaşamaq istəyirəm. Qorxuram, türklər, gecənin birində basqın edib məhv edələr hamımızı!.. Yoxdur, zəhirmara qalmış pulum yoxdur ki, baş götürüb aradan çıxam. Ən azı özümə tapançadan-zaddan alardım, təhlükə-filan olsa özümü müdafiə edim.
– Gördüüün?.. Deyirəm dəəə, ata-ana boş şeydir, əsas adamın öz canıdır. Pulun olsa, qaçarsan Rusiyaya. Bir rus qızını da qoltuğuna vurub, gecə-gündüz kef çəkər, türkün qorxusundan gecələr yuxuların haram olmaz! O zaman atan-anan, heç bu qoca Şaqen də düşməz yadına…
Nə qədər pul lazımıdr sənə?
– Mincə manat olsa, yetər! – Stepan fərəhlə bildirdi. Düşündü ki, Şaqen ona min manat versə, o, Şaqeni öldürmək fikrini başından çı­xarar. Birdən xatırladı ki, pasportları dəyişdirəcək Adamla razı­laşdıqları kimi, üç min manat təkcə bu iş üçün lazımdır.
– Nə qədəəər?-Şaqen yaxşı eşitmədi və bu da Stepanı təzədən ümidləndirdi. Bu dəfə səhvini düzəltdi:
– Üç min manat! – dedi.
– Üç min?!.. Az məbləğ deyil!.. Eeeeh! İndi bu məbləğ mənimçün də əlçatmazdır! – Şaqen yalandan köks ötürdü. Əslində isə döşəmənin altında gizlətdiyi çamadanda on beş min manat pulu vardı.
– Bəlkə bankdakı hesabından…
– Yox. Bu, mümkün deyil. Onsuz da o pulu bizə verməzlər. Özün ağıllı oğlansan, bir düşün dəəə!..
– Düz deyirsən!.. Yaxşı, mən getdim. Gecdir, gedim yatım. Ürəyim istədi, dedim bir Şaqen dayıya baş çəkim.
– Çox sağ ol, Allah səni untmasın!-Şaqen gülümsədi və ardınca boğazına yığılmış hisli-paslı xıltı təmizləyib, böyründəki zibil qabına tüpürdü.
O gecə Şaqenin son gecəsi oldu…
Stepan gecəyarısı həyətdə gəzinməyə başladı. Həyət sakinləri ikinci yuxunu yatırdılar. O, əminlik üçün saymazyana həyətin ortasıyla keçib, küçəyə çıxdı. Küçə qapısından oğrunca bütün evlərin qapısına göz yetirdi. Kiminsə oyaq ola biləcəyindən ehtiyat edirdi. Sonra siqaret yandırdı; tüstüylə həyəcanını boğmaq, süstləşdirmək istəyirdi. Son qüllabı vurub təzədən həyətə daxil oldu və ehtiyatlı addımlarla Şaqenin evinə yaxınlaşdı.
Şaqenin evinin girişində gecələr səhərəcən elektrik lampası yanırdı. Bu işıq Stepana çox mane olurdu. İşıqda kiminsə gözlərinə görünəcəyindən ehtiyat edirdi. Az sonra özündə cəsarət tapıb buna da bir əncam çəkdi. Vaxt itirmədən əl uzadıb lampanı burdu və söndürdü. Qaranlıq bir küncə çəkilib, ətrafdan, içəridən hənir gəlib-gəlmədiyini bilmək istədi. Sakitlik idi. Ehmalca Şaqenin evinin açıq qalmış, dəmir barmaqlıqlı pəncərəsinə yaxınlaşdı. Şaqenin yatıb-yatmadığını bilmək istəyirdi. Dinşədi. İçəridən Şaqenin zəif xorultu səsi gəlirdi. Bu, Stepanı ürəkləndirdi. Təzədən qapıya yaxınlaşdı. Oğurladığı açarı cibindən çıxarıb qapıya saldı, ehmalca sağa burmaq istədi. Açar sağa burulmadı. Açarı səhv götürdüyünü zənn edib düşgünləşdi. Təkrar yoxlamağa qərar verdi. Bu dəfə, xoşbəxtlikdən açar sağa çox rahat buruldu və qapı açıldı. Qapını azacıq aralayıb içəri girdi, eyni ehmallıqla da arxasınca örtdü. Nəfəsini içinə çəkib, gözləri qaranlığa alışanacan qapı arxasında dayandı.
Şaqen daha xoruldamır, sakit-sakit yatırdı. Arada astadan zarımağa başladı. Görünür qocalıqdan canında baş qaldırmış giziltilər, ağrılar onu yuxuda da rahatsız edirdi.
Stepan həyəcanlıydı. Sinəsi dağılmağa gəlirdi. İrəli atılıb Şaqeni öldürməyə hələ ki, cürət etmirdi. Bir azdan Şaqen yenə xoruldamağa başlayanda o, özünə gəldi. Artıq gözləri də qaranlığa alışmışdı. Küncdəki çarpayının üstə gözünə dəyən yastığı bir anda qapdı və Şaqenin çarpayısına yaxınlaşdı. Vaxt itirmədən, ağcaqanad öldürürmüş kimi yastığı Şaqenin ağzına basdı. Ani olaraq, yastıq altında boğuq və zəif səs eşidildi. Cəmisi yarım dəqiqə sonra o səs tamam kəsildi. Buna baxmayaraq, Stepan yastığı Şaqenin ağzında iki-üç dəqiqə saxladı. Onun öldüyünə tam əmin olduqdan sonra pəncərəni içəridən bağladı, pərdələri qapatdı. Bayırdan içərini kimsənin görə bilməyəcəyindən arxayınlayıb otaqların işığını yandırdı. Axtarışa başladı. Otağın altını üstünə çevirdi. Ümidlə, həyəcanla axtardıqlarını tapa bilməyəndə əsəbləşdi, Şaqeni nahaqdan öldürdüyü üçün öz-özünü danladı, it peşimanı oldu. Amma ümidini üzmədi, döşəmədəki xalını sürüyüb qəzəblə bir küncə atdı. Bu an döşəmədəki kiçik qapı dəydi gözünə. Qapının ağzında xırda kilid vardı. Çox eşələdikdən, dartdıqdan sonra kilidi qopara bildi. Taxta qapını açdı. Qarşısında bir metr dərinliyində, quyu oxşarı bir yarıq açıldı. Orda gözünə dəyən qara bir çamadan oldu. Xəzinə tapmış adam sevinci ilə bir an duruxub qaldı. Tez də daxili səfərbərliklə güc verib çamadanı ordan çıxardı. Ancaq çamadan, onun düşündüyü kimi ağır deyildi.
Stepan çamadanı açmazdan öncə xatırladı ki, qapını kilidləməyib. Qaçaraq, qapını kilidləyəndən sonra qayıdıb çamadanı götürdü və arxa otağa çəkilib həyəcanla, sevinclə açdı. Qalaqlanmış şax rus yüzlüklərini, əlliliklərini görüncə az qaldı ki, ağlı başından uçsun. Bir az da eşələyib içərisi qızılla dolu sandıqçanı da tapdı. Bu dəfə lap çox sevindi. Özünü ələ almağa çalışdı. Ağlının başından uçmaması üçün, sanki Şaqenin otağının pəncərələri kimi beyninin hər künc-bucağını qapatmağa, “pərdələrini” çəkməyə cəhd etdi. Çamadanın ağzını bərk-bərk bağlayıb, otağın işıqlarını söndürdü. Ehtiyatla pəncərəyə yaxınlaşıb, pərdə arxasından alaqaranlıq həyətə göz gəzdirdi, qulaq verdi. Bir səs-səmir eşidilməyincə çamadanla birgə otaqdan çıxdı. Çıxarkən qapını da kilidləməyi unutmadı. Sonra gecəykən ata-anasını da götürüb qaçdı, küçəyə çıxaraq, taksi saxlatdı. Taksiyə əyləşincə,  “Sabunçu” qəsəbəsinə sür!”-dedi. Qoca Vahanla arvadı, təşviş, qorxu içində ehtiyatla ondan nə baş verdiyini soruşsalar da o, şəhadət barmağını dodaqlarına dayayıb, onlara susmaq işarəsi verdi…
Səhər Şaqen gözə dəymədi. O biri gün də. Düz üçüncü günün axşamı onun öldürüldüyü xəbəri yayıldı. Bakının qızmar yayının istisi olmasaydı, bəlkə də Şaqenin öldüyündən on gün sonra xəbər tutacaqdılar. Ancaq meyitin kəskin qoxusu həmin günün axşamı həyəti başına götürdü. İlk anda heç kəs Şaqenin öldüyündən şübhələnmədi. Hamı elə bildi, hardasa yaxın künc-bucaqda it-pişik, siçan-siçovul ölüb. Çox axtardılar, bir şey tapa bilmədilər. Arada Şaqenin ölə biləcəyini ehtimal edənlər də oldu və bu ehtimalla da onun yaşadığı evin qapısını taqqıldatdılar, amma qapı bağlı olduğundan çox da dərinə getmədilər. Üçüncü gün isə həyəti ağuşuna almış meyit qoxusu çox dözülməz oldu. Sonra kimsə dedi: “Güman ki, Şaqen ölüb?.. Üç gündür, o, gözə dəymir!” Bu, hamının ağlına batdı. Yaxınlaşıb pəncərədən içəri baxdılar, bir şey görə bilmədilər. Şaqeni səslədilər, cavab gəlmədi. Erməni Vahanı, Stepanı aradılar, onlar da gözə dəymirdilər. Sonra məlum oldu ki, Vahangil üç gün əvvəl həmişəlik harasa çıxıb gediblər.
Meyit qoxusu, açıq-aşkar Şaqenin evindən gəlirdi. Son anda həyət sakinləri polisə xəbər verdilər və polis gəlib qapını sındırdıqdan sonra, həqiqətən Şaqenin öldürüldüyü məlum oldu. Onun meyitini ölü maşınına qoyub morqa apardılar. Hadisənin gerisindən həyət sakinlərinin heç bir xəbəri olmadı. Polis bir müddət cinayətkarı axtardısa da, onu tezliklə tapa bilmədi. Sonrakı qanlı-qadalı hadisələr isə bu hadisəni tamamilə unutdurdu.
Bu, hadisə baş verəndə 1989-cu ilin yayı idi. Stepan isə 1999-cu ilin yayında Moskvada öldürüldü…
O gecə Stepan, ata-anasıyla birgə Sabunçuda öncədən kirayələdiyi mənzilə sığındı. Mənzil sahibi qoca rus qarısı idi. Bir neçə gün sonra da o, özləri üçün təzə pasport aldı. Vahanın pasportunda yazılmışdı: Aydəmirov Vahid Ziyatxan oğlu. Anası Haykanuşun adı, soyadı dəyişdirilərək, “Aydəmirova Məleykə Məhəmməd qızı”, Stepanın pas­portunda isə, “Avanesyan Stepan Vahan oğlu” əvəzinə “Aydəmirov Sübhan Vahid oğlu” yazılmışdı. Bu sənədləri yerli satqınların, xainlərin vasitəsilə əldə edən Stepan-Sübhan tezliklə Bakının Sabunçu qəsəbəsində iki otaqlı, fərdi həyətyanı sahəsi olan geniş mənzil alaraq, ata-anasını da ora köçürdü. Bura elə bir yer idi ki, yaxınlıqda qonum-qonşu yox idi. Olsaydı da qorxu sovuşmuşdu. Ən əsası onlar “türk” idilər və türk dilini də türklərdən heç də pis bilmirdilər.
İki il sonra durum daha da gərginləşdi. Ermənilərin, Xocalı şəhərində gecəykən, qadın, uşaq, cavan, qoca demədən əllərinə keçən türkləri güllələməsi, süngüylə dəlik-deşik etməsi xəbəri sürətlə hər yana yayılmağa başladı. Bunun ardınca Azərbaycan rayonları, ard-arda ermənilərin işğalına məruz qaldı. Burda da qətllər, qırğınlar, talanlar başlandı. Biri-birinin ardınca yayılan qara xəbərlər Bakıda əməlli-başlı çaxnaşma yaratdı. Türklər, şəhərdə gizlənmiş ermənilərin axtarışına başladılar. Bakıda, adlarını, milliyyətini dəyişdirmiş ermənilərin, onlar tərəfindən kortəbii olaraq, axtarılması xəbəri Stepangilin qulağına çatdığı gündən onlar gecələri səksəkəli yatdılar. Sonda ata-anasının məsləhətiylə Stepan Rusiyaya getməli oldu. Məqsədləri o idi ki, o, gedib Rusiyanın şəhərlərindən birində ev alsın və sonra ata-anasını da tezliklə həmişəlik öz yanına aparsın. Ən pis halda isə qoca Vahanla qoca arvadı öldürülə bilərdilər, amma vaxtında qaçsa Stepana xətər toxunmazdı.
Stepan Rusiyaya getdiyi gündən unutdu hər şeyi. Şaqenin qızılları, pulları onun ağlını yerindən oynatmışdı. Günləri eyş-işrətlə keçir, bar-kafe sahibləri onun pullarıyla varlanırdıar. Gündə bir rus qızıyla kef çəkən Stepanın yadına ev almaq düşmürdü. Ən yaxşı otellərdə ən gözəl rus qızlarıyla əylənməkdən doymur, kafelərdə striptiz oynayan qızların açıq sinələrinə, döşlərinin arasına şax, qiymətli kağız pul əskinaslarını keçirməkdən həzz alırdı. İçki, qumar, narkomaniya Stepana ağuşunu açmışdı. Burda – Moskvada yaxınları arasında, artıq Tuz Sübhan kimi ad çıxarmışdı. Oturub-durduğu adamların da çoxu Azərbaycan türkləri idi. Onlar Stepanın türklüyünə inanır, onu türk kimi, Sübhan kimi qəbul edirdilər. Dostları arasında ermənilər də yox deyildi. Amma onlara qətiyyən özünün erməni olduğunu bildirmirdi. Bir sözlə, bədbəxt Şaqenin pulları hesabına kef çəkirdi.
Bir gün hər şey tükəndi. Pullarını qumarda uduzdu. Ciblərində qəpik-quruş qalmışdı. Başını stola dayayıb, qolları arasına aldı. Ağlamaqdan özünü zorla saxladı. İçindən bir səs hayqırıb gəlirdi: “Yoxdur, yoxdur daha… yoxdur, heç nəyim qalmadı, heç nəyiiim!..” deyib qışqırmaqdan, yumruğunu qəzəblə stola çırpmaqdan özünü zorla saxlayırdı. Bu an kimsə saçlarını nəvazişlə qarışdırdı: “Saşa, Saşa… Özünü üzmə, qalx gedək!.. Gedək, bizdə gecələyərik!..”
Stepan-Sübhan başını qaldırdı, şişib qızarmış, qan çanağına dönmüş gözlərini başı üstündə dayanıb mərhəmətlə ona baxan qadına zillədi. Dikəldi. Qadının əlini tutub üzünə sürtdü:
– Sən məni atmadın, hə?
– Niyə atmalıyam?
– Axı, indi mən heç kiməm!.. Heç nəyim qalmadı, heç nəyim!..
– Ürəyin ki, qalıb… Saşa, mən səni çox sevirəm! Sən mənim Saşamsan! – qadın nəvazişlə dilləndi.
– Məni sevirsən, hə?
– Əlbəttə!.. Qalx gedək bizə. Bizdə yaşayarıq. Evimizdə rahatlıqdır. Atamla məndən savayı bizdə kimsə yaşamır. O da gah evdə olur, gah da harasa çıxıb gedir. Onun da öz adamları, öz dünyası var. Pulu olanda içir, gəlir evin bir küncünə sərilib yatır. Bizimlə heç bir işi olmayacaq, Saşa.
Bu qadın rus qızı Lyuba idi. Bir həftə öncə tanış olmuşdular. On yeddi yaşı vardı. Qızlığını Stepana qurban vermişdi. Bu bir həftə ərzində biri-birinə çox bağlanmışdılar. Günləri, gecələri kafe-barlarda, gəzintilərdə keçirdi. Bir az əvvəl kazinoya da birlikdə gəlmişdilər. Bir tərəfdə əyləşib Stepanın qumar oynamasını aralıdan seyr etmişdi Lyuba. O, uduzanda, hər nə qədər təsirlənsə də özlüyündə Stepana dayaq olmağa qərar vermişdi.
Lyuba on yaşından atasıyla yaşayırdı. Anası səkkiz il əvvəl imkanlı bir gürcüyə qoşulub getmiş, onları atmışdı. Bəlkə də getməyə haqqı vardı. Çünki Lyubanın atasından fərli bir kişilik görməmişdi. Lyubanın təməlini qoyduğu gündən sonra, bir ər kimi ona nə vaxt yaxınlaşdığı, öpüb-oxşadığı məlum deyildi. Günləri sərxoşluqla keçirdi. Yalnız pulu qurtaranda ayıq olurdu Dima.
Anası başqa ərə gedəndən sonra, elə bil atası Dima, həqiqətən ayılmışdı və başa düşmüşdü ki, işləmək, pul qazanıb qızını yaşatmaq lazımdır. O, tikintidə işləyirdi. Əlli beş yaşındaykən, yetmiş yaşlı günü keçmiş qocaya oxşayırıdı.
Stepanın onlara gəlişini və sonrakı günlərdə onlarla birgə yaşa­masını Dima adi bir hal kimi qəbul etdi. İki kiçik, təmirsiz otaqlardan birində o, digərində də Stepanla Lyuba yaşamağa başladılar.
Otaqların divar kağızları çoxdan saralıb, köhnəlmişdi. İçəridəki avadanlıqlar, divan-kreslo, televizor, stol-stul-hər şey köhnəlib, az qala, sıradan çıxmışdı. Amma Lyubanın təravəti, gözəlliyi bunların hamısını ört-basdır edirdi. Lyuba təmizkar, səliqəli qadın idi. Bu üzdən də, köhnə, baxımsız əksər rus evləri kimi bu ev üfunət qoxumurdu. Üstəlik, pəncərə önündə səliqəylə sıralanmış gül dibçəkləri, dibçəklərdə daim qayğıyla bəslənmiş yaraşıqlı güllər otağın havasını çox təmizləyirdi…
Sonuncu pullarını uduzduqdan sonra Stepanın yadına düşdü ki, o, Rusiyaya ev almağa, ata-anasını da çəkib öz yanına gətirmək üçün yer-yurd düzəltməyə gəlmişdi. Amma iş işdən keçmiş, aradan altı ilə yaxın vaxt ötmüşdü. Hələ bəlkə də, ata-ansını Bakıda türklər çoxdan öldürmüşdülər. Amma yox, atasıgilin kimliyini belə asanlıqla doğru-dürüst müəyyənləşdirə  bilməzdilər. Sonda Stepan öz-özünə təsəlli verdi: “Əşi, lap öldürsünlər! Onsuz da atamgilin qatarı çoxdan gedib…” Şaqenin son sözlərini xatırladı: “Türklər öldürməsə belə, bilirəm ki, yaxın vaxtlarda öləcəyəm. Sən desən də, deməsən də bunu mən bilirəm. Ona görə də əziyyət çəkib harasa qaçmaq fikrində deyiləm.” Daxilən inandı ki, türklər onun əldən düşmüş ata-anasına toxunmazlar, toxunsalar belə, onsuz da ömürlərini yaşamış bu qocalar çoxdan ölmüş kimiydilər.
Stepan ciblərini eşələdi. Cibində son qəpik-quruşları qalmışdı. Hərdən uduzduğu pulları təzədən geri qaytarmaq eşqiylə alışıb-yansa da, bu qəpik-quruşla qumar oynamağın mümkünsüzlüyünü anlayıb düşkünləşirdi. Bu miskin, darıxdırıcı halında Lyubanın ona nə qədər gərək və dayaq olduğunu anlayıb, sevinir, Allaha dua edirdi.
Bir neçə gün fikirləşib, pulsuzluqdan yaxa qurtarmaq üçün yollar aradıqdan sonra oğurluq, cibgirlik etməyə qərar verdi. Həmin gün xəlvət bir küçədə son dəbdə geyinib-bəzənmiş bir qadının çantasını çiynindən dartıb qopardı, güllə kimi qaçdı və gözdən itdi. Daldalanıb, izi itirdikdən sonra çantanı açdı. İçərisindən qadına məxsus əşyalar çıxdı. Onları qəzəblə bir tərəfə tullayıb yenə də çantanı eşələdi. Bu dəfə axtardığını tapdı. Bu, qiymətli, yaraşıqlı bir portmanat idi. Həyəcanla, ümidlə açıb, içinə baxdı. Portmanatda iki yüz dollar və səkkiz min də rus pulu vardı. Bir az da eşələdikdən sonra qiyməti, təxminən üç yüz dollar olan qızıl qadın boyunbağısı tapdı. Onları da ciblərində gizlədib, heç nə olmayıbmş kimi yoluna düzəldi. Həmin gün axşam yenidən kazinoya yollandı.
Kazinoda, elə bil onun gəlişini çoxdan gözləyirdilər. Çox çəkmədən oyun başlandı. Oyunun ilk mərhələsində Stepanın bəxti gətirdi. Az məbləğlə oyuna girsə də o, xeyli pul uddu. Get-gedə həvəsləndi. Oyun əməlli-başlı qızışmışdı. Məbləğ get-gedə artırdı. Əlinə pul gəldikcə Stepan bir az da qızışır, məbləği daha da artırırdı.
Aradan üç saata yaxın vaxt ötmüşdü. Hərdən udduğu pulların bir qismini təzədən uduzmasına baxmayaraq, əlində beş min dollar dəyərində pul vardı. Son anda bərk yorulduğunu və qazandığı pulları bir an içərisində yenidən uduza biləcəyini, erməni genindən gələn bicliklə hiss etdiyindən oyunu dayandırdı. Kazinodan çıxıb Lyubanın görüşünə tələsdi. Onu da özüylə götürüb şəhərin mərkəzindəki disko-bara yollandı…
Gecə evə sərxoş qayıtdılar. Lyubanın atası Dima, öz otağında büzüşüb yatmışdı. Səs-küyə oyandı. Biləndə ki, “kürəkəni” hər cür yemək-içmək alıb gətirib, çiçəyi çırtladı. Stepanın təklifindən sonra yatağından qalxıb süfrəyə yaxınlaşdı. Amma Stepan ondan iyrəndiyindən, imkan vermədi, Dima onlarla bir stol ətrafında əyləşsin. Çay stəkanını araqla ağzınacan doldurdu və bir neçə dilim kolbasa ilə birgə ona uzatdı. Dima bunları göydə qapdı və yeməkdən əvvəl arağın yarısını birnəfəsə acgözlüklə başına çəkdi. Sonra əlini uzadıb süfrədən duzlu xiyar götürmək istəyəndə Stepan çəmkirdi: “Dayan!.. Mən verərəm!” – dedi və Dimanın əlini süfrəyə toxun­durmasına imkan vermədi.
Lyuba özündə deyildi. Çox içmişdi. Stepanın təkidiylə onun süzdüyü araqdan bir udum içib divana çökdü və an içərisində lampa kimi söndü. O qədər sərxoş idi ki, ətini kəssən xəbəri olmazdı. Saçları biri-birinə qarışmışdı. Ağappaq sinəsi, yumru, bərk döşlərindən biri düymələri açılmış köynəyinin yaxasından pırtlayıb çıxmışdı və sanki budaqdan yetkin, dadlı, sulu, ətli bir meyvə sallanırdı. Dizdən yuxarıyacan açıq geydiyi yubkası isə onun aralanmış ayaqları arasından işıq üzünə çıxmaq istəyən şeyini örtmək, gizləmək üçün yetərincə uzun deyildi. Əslində Stepan da, Lyubanın atası Dima da Lyubanın işıq saçan, iştah açan görkəminin fərqində deyildilər. Dima acgözlüklə araq içir, kolbasa yeyirdi, Stepan da ayağını biri-birinin üstə aşırıb siqaret çəkirdi. Siqaretinə son qüllabı vurub, hərdən maraqla ona baxan Dimadan soruşdu: “Çəkirsəəən?”
Dima, müticəsinə boyun əydi, yazıq-yazıq gülümsədi və “pis olmaz” dedi. Stepan onu yaxınına çağırdı. Dima yaxınlaşan kimi kişinin çiynindən aşağı basdı:
– Başını aşağı əy!-dedi. Dima, onun neyləmək istədiyinin fərqinə varmadan müticəsinə  başını aşağı əyən kimi əlindəki siqareti odlu-közlü, qəddarcasına, manyaqkcasına, faşistcəsinə Dimanın keçəl başının düz ortasına basıb söndürdü. Dima vaysındı, ofuldandı. Bir anda yanıq ət qoxusu, kabab qoxusu otağa yayıldı. İtaətə, mütiliyə alışmış Dima, az sonra heç nə olmayıbmış kimi cınqırını da çıxarmadı və Stepandan aldığı siqareti damağına qoyub odladı, sanki bununla da bütün göynərtilərini unutmuş oldu…
Stepan hər şeyi bilərəkdən edirdi. Sərxoş olmasına baxmayaraq, nə etdiyini yaxşı bilirdi. Bütün vasitələrdən istifadə edib, ruslarda türklərə qarşı nifrət oyatmağı qarşısına məqsəd qoymuşdu. Şəxsi pasportu, Azərbaycandan olması buna əsas verirdi. O, yaxşı bilirdi, burda-Rusiyada hər nə qələt etsə, ruslara hər nə qədər pislik etsə, hamısı Azərbaycan və türk adına yazılacaq.  Bununla da, ruslarda, Dimanın özündə  türk millətinə əbədi sönməyən bir nifrət oyadacağına əmin idi. Bu istəklə də o, sonrakı günlərdə də bədbəxt Dimanın yağlı, sığallı ortası keçəl başını, bilərəkdən külqabıya döndərmişdi. Deyəsən, Dima da buna alışmışdı və elə belə də olmalıymış kimi Stepanın hərəkətlərinə etiraz etmirdi. Qızı, başının ortasına nə olduğunu soruşanda da “bir şey deyil, tikintidə yaralanıb” deməklə onu yola verir, əslində Stepandan it kimi qorxurdu.
Stepan son zamanlar bir quldur dəstəsinə qoşulmuşdu. Mağazaları, kafe-barları talayır, adamların yolunu kəsir, gecələr qətllər, qırğınlar törədir, sərvət toplayırdılar. Bu səbəbdən də bəzən bir neçə gün yoxa çıxır, Lyubadan ayrı düşürdü. Bu günlərdə Lyuba da öz gəzintisindən, keyfindən qalmırdı… Amma Dima Stepansız darıxırdı. Darıxmaq deyəndə ki, Stepanın alıb gətirdiyi içkilərdən, siqaretdən ötrü arzulayırdı Stepanı.
İki gün sonra Stepan evə yenə sərxoş gəldi. Dima üçün araq, pivə, qurudulmuş balıq və kolbasa almağı da unutmamışdı.
Lyuba evdə yox idi. Allah bilir, yenə harda, kiminlə əylənir, yeyib-içib, yatırdı. Stepan üçün bu, elə də maraqlı deyildi. Başlıcası, yatmağa, daldalanmağa yeri vardı. Ona görə də Lyubanı bu barədə sorğu-suala tutub, incitmək, özündən uzaqlaşdırmaq istəmirdi.
Stepan yenə də Dimaya arağı çay stəkanında süzdü. İnadla təkid etdi ki, arağı birnəfəsə içsin. O qədər qızışdırıb, həvəsləndirdi, Dima şirə döndü və tərəddüd, etiraz etmədən arağı birnəfəsə başına çəkdi. Sonra bir neçə saniyə nəfəs ala bilmədi, səsi çıxmadı. Handan-hana özünə gəldi və Stepanın, gülə-gülə ona uzatdığı xiyar turşusunu göydə qapdı.
Dima keflənmişdi. Ara-sıra nəsə demək, danışmaq istəsə də sözlər ağzından tökülüb-itir, yolu itirmiş kefli, sərxoş sürücünün maşını kimi uçuruma yuvarlanıb “qəzaya” uğrayırdı.
Stepan da kefli olmasına baxmayaraq, özünə araq süzür, Dimaya yoldaşlıq edirdi. O, bir azdan həmişəki tək stuldan qalxıb, külqabını, siqareti götürərək, kresloda əyləşdi. Yenə də ayağını ayağının üstə aşırdıb siqaret çəkməyə başladı və yenə də son qullabı vurar-vurmaz Dimaya baxıb soruşdu:
– Çəkirsəəən?
Dima başıyla “hə” işarəsi verdi və Stepanın ani əl hərəkətiylə, təlim görmüş it kimi yaxınlaşıb, onun dizləri önündə yerə əyildi, təklif-zad gözləmədən keçəl başını Stepanın qarşısına tutdu. Bir anda başının yağı cızıldadı və həmişə olduğu kimi yenə də otağa yanıq ət qoxusu yayıldı. Stepan bu qoxudan ləzzət alırmış kimi havanı dərin-dərin qoxladı: “Oxxaaaay! Ləzzətli kabab qoxusu gəlir, eeeee!-dedi və kresloya yayxanıb qəşşş elədi. Elə bil, onun bu son sözləri və qəh-qəhəsi Dimanı ayıltdı, itməkdə olan insanlıq heysiyyətini, qürurunu, mənliyini ona qaytardı. Bir anda Dimanın içində bir qəzəb, kin, nifrət dalğası qopub təlatümə gəldi və çox atıb-tutduqdan sonra, axır ki, onu insanlıq sahilinə çıxartdı. Dima son gücünü toplayıb, yanıq-yanıq, dağ-dağ olmuş başının ağrısını, göynərtisini içində boğdu, yatmaq bəhanəsilə öz otağına keçdi. Bir qədər gözlədi. Pərdə arxasından Stepanı izlədi. Çox keçmədən Stepan kreslodaca mürgüləməyə, xorul­damağa başladı. Dima ehtiyat üçün həmişə çarpayısının altında saxladığı ağzı ovxarlı əl baltasını götürüb, ehtiyatla Stepana ya­xın­laşdı. İçindəki qəzəb, nifrət hissi ona ilahi bir güc, ayıq-sayıqlıq bəxş etmişdi. Tikintidəki ağır iş, zəhmət də əzələlərini lazımınca bərkit­mişdi. İradəsi zəif, özü ağciyər olsa da, qolları güclü idi. Amma bu dəfə qorxaqlığın daşını atmışdı. Bəlkə elə buna görə də baltanı çox sərrast tutmuşdu və lazımi hədəfə hansı güclə endirəcəyi də bəlli idi.
Stepan xorna çəkirdi. Olsun ki, ölüm yuxusu görürdü və ya çox ehtimal, keçəl başını külqabıya döndərdiyi Dimanı yenə də al­çalt­maqla həzz alırdı. Amma Dima buna imkan vermədi, Bu dəfə o, Ste­panın həyatını həmin siqaret kötükləri kimi onun öz başında söndürdü. Var gücüylə endirdiyi balta bir anda Stepanın başını iki yerə parçaladı. Onun beyin qatığı Dimanın nəzərində bir anlıq külqabıdakı bomboz siqaret külünə bənzədi. Sonra, heç nə olmayıbmış kimi Dima baltanı döşəməyə tullayıb, süfrədəki butılkadan özünə araq süzdü. Bu dəfə lap həvəslə və qorxmadan, çəkinmədən çay stəkanını araqla doldurdu, əlinə götürüb, içmədən öncə ani olaraq, Stepanın paralanmış başına baxdı. İkrahla meyitə tüpürdü: “Tfu, y…tvayomat” deyib, yenə də birnəfəsə arağı başına çəkdi. Ardınca da duzlu, turşu xiyarı ağzına doldurub çeynədi. Sonra səntirləyərək, öz otağına keçdi və yalnız bu zaman hiss etdi ki, bərk keflidir. Ayaq üstə heç cür dayana bilmirdi. Heç nəyi görmür, heç nəyi xatırlamırdı. Elə beləcə duruş gətirə bilməyib tir-tap çarpayısına sərildi və o dəqiqə də ölüm yuxusuna getdi…

You may also like

2 şərh

[email protected] 2012-10-18 - 15:34

Saaa quzu kesim ay urus nə yaman baltalamisan kopayoglunun ermenisini. Baltalanmali kopeyushagidirlar!

Cavab
Əfqan Nəsirli 2013-07-26 - 03:27

Mövzu seçimi çox gözəldi. Burada fikrimcə, müəllif insanın etdiyi əməllərin nə vaxtsa qarşısına çıxacağına bir daha əminlik yaratmaq istəyir. Uğurlar. Çox bəyəndim.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.