Ana səhifə YAZILAR İşıq(lı) şəhər, ana Kür və…

İşıq(lı) şəhər, ana Kür və…

Müəllif: Bizim Yazı
857 baxış

XATİRƏLƏRƏ DÖNƏN MƏN…

Könül SƏİD

…Dünya Gənc Türk Yazarlar Birliyinin (“Bölgələrdə yaşayan gənc yazarlarla görüşlər”) layihəsi çərçivəsində bir həftə boyunca bölgələrdə gənc yazarların, yeni imzaların axtarışına (habelə bölgələrdəki mövcud ədəbi mühitlə tanışlığa) çıxmışdıq. İlk getdiyimiz bölgə Quba oldu. Qubada bir neçə dəfə olduğum üçün o qədər də həyəcanlı deyildim. Çünki artıq həyəcanı Qubaya ikinci gəlişimdən sonra ürəyimin bir küncündə gizlətmişdim. Amma ikinci gedəcəyimiz bölgənin Mingəçevir olduğunu eşidəndə iki gecə yata bilmədim. Bu şəhər ilə bağlı eşitdiklərim və bildiklərim gözümün önündən bir film kimi gəlib keçdi…
Bir anlıq orta məktəbdə oxuduğum illəri xatırladım. Şagird idim və parta arxasında oturub coğrafiya fənnini tədris edən Səhər müəllimənin Azərbaycanın xəritəsində Mingəçevir şəhəri haqqında bilgilər verməsini izləyirdim. Onun çubuğu xəritədə gəzişdikcə elə bilirdim ki, o yerlərə xəyalən də olsa, səyahət edirəm. Səhər müəllimə şəhərin gözəlliyindən, işıqlı olmasından, Mingəçevir Su Anbarından və Mingəçevirin başqa-başqa özəlliklərindən danışırdı…
İndi mən şagird olmasam da, o yerləri həmin kiçik qızın gözü, ürəyi və xəyalı ilə öyrənməyə gedirdim. Yolumuz fərqli-fərqli rayonlardan keçdi. Yolda dağları, yaşıllıqları, gözəllikləri gördüm və arada maşını saxladıb onları qucaq dolusu sevgi ilə salamlamağı da unutmurdum. Hətta arada şıltaq bir uşaq kimi onlara “siz bilirsiz, mən işıqlı şəhər olan Mingəçeviri görməyə gedirəm?” sözlərini də pıçıldayırdım… Gözüm uzun yollarımız üzərindəki gözəllikləri görsə də, könlüm məni ora – Mingəçevirə, Mingəçevirə səsləyirdi…
Yanılmıramsa, dörd saatdan sonra yollar bizi Mingəçevir həndəvərinə gətirib çıxardı. Maşınımız şəhərə girən kimi elə bildim ki, hər yanı işıqlı və parlaq görəcəm… -günün günorta çağı. Hər yanda tikinti və yenidənqurma işləri gedirdi. Tədbirimiz olan məkana kimi uşaq gözlərimlə o işıqlı nağıla bənzər dünyanın olacağını gözləyirdim. Amma Mingəçevir Mingəçevir deyildi, elə bil…
Məkana çatdıq, tədbir başlandı… çıxışlar… şeirlər… səsləndi, bircə mən heç kəsi nə eşidir, nə də duyurdum. – Çıxışlar, şeirlər işıqlı Mingəçeviri anlatmırdı deyəsən… Gah zaldan çıxıb pəncərədən şəhəri seyr edirdim, gah da qayıdıb yenidən şeir dünyasına qonaq olurdum. Arada da məni intizarda saxladıqları üçün ürəyimdə üsyan edirdim…
Tədbir bitdi və ordan birbaşa İcra başçısının birinci müavini İlham İsmayılovla görüşə getdik. O xoş bir təbəssümlə bizi qarşılayıb qonaq etdi. İlk növbədə Mingəçevirlə bağlı bilgilər verdi. Sonra da şəhərdəki yeniliklərdən danışdı. Sən demə, mənim işıqlı görmək istədiyim şəhər yenidən qurulur və daha da gözəlləşdirilir.
İşıqları daha parlaq və rəngbərəng olacaq, inşallah. İcra başçısının birinci müavini bizə şəhərdə hansı quruculuq və yenidənqurma işlərinin olacağı haqında geniş bilgi verdi. Bütün nəzərdə tutulan planlar, proyektlər haqqında da ətralı danışdı. Beləcə bütün məsələlər ətrafında olan müzakirələr bitdi və biz bu xoştəbəssümlü insanla sağollaşıb yemək yeyəcəyimiz məkana yollandıq.
Məkana yaxınlaşdıqca ürəyim döyünürdü… belə gözəlliyi ilk dəfə idi ki, görürdüm. Bir anlıq elə bildim ki, dəniz sahilindəyəm, amma o an “Mingəçevirdə dəniz var ki” sualını da öz-özümə verirəm. Bir müddət eləcə dəniz dediyim bu gözəlliyi seyr etdim və inana bilmədim ki, bu hər zaman görmək istədiyim Kür çayıdır. Ovsunlanıb qalmışdım… Qazaxda dəli olan Kür, Mingəçevirdə ana olmuşdu – sakit, mehriban…
Sonra çayda üzən ördəkləri yedizdirdim və ruhuma bir az sərinlik də gəldi… sonra qayıqları gördüm. Oyuncaq görüb sevinən uşaqlar kimi az qala özümü suya atacaqdım – xəyalımdakı Mingəçevirin inersiyasından olsa gərək… Qayıqları seyr edirdim ki, bir gəmi gəldi. Mən də o gəmiyə qonaq oldum. Bir az şəkil çəkdirəndən sonra gördüm ki, ruhum mənim qulağıma nəsə pıçıldayır… Bir baş gəminin kapitanına yaxınlaşdım və gəmini mənə həvalə edə bilərmi deyə sordum. Kapitan bir az mənə baxdı və bir anlıq mənə elə gəldi ki, o mənim baxışlarımda bir arxayınlıq, güvənlik hiss etdi – “yox” deməliykən, “yox” demədi, “hə” də demədi, amma mimikasını “sükana keç” kimi “tərcümə” etdim və beləcə gəmi mənim “ixtiyarıma keçdi”.
Mən hər zaman maşın sürməkdən çox qorxmuşam, heç vaxt maşınım olmayacağı ilə də artıq barışmışam. Amma burda o qorxunu, bir türk mahnısında deyildiyi kimi “sulara dəfn edib” yola (- suya!) çıxdım… Bir azcıq da olsa, nə qorxu, nə də yanlışlıq duyğum, hissim yox idi. Geniş bir ümman mənim idi. Bu ümmanda özümü güvəndə hiss edirdim. Sanki mən övlad, Kür isə anam idi. Onun isti qoynunda bir uşaq kimi sevdiyim ninnini dinləyirdim… o ana idi mənsə bir uşaq… beləcə bir-birimizə bağlandıq. Bir anlıq mənə elə gəldi ki, ANA Kür də məni sevdi və ədəbi olaraq öz dünyasında yazdı. Bir az xəyala daldım… köhnə dəftərlərimdə olan şeirlərimi xatırladım…
Tənha bir gəminin ümmanıyam mən…
Yetişmir qəlbimə… nə kədər… nə qəm…
Kapitan bu anın zövqünü korlamamaq üçün məni sadəcə qıraqdan seyr edirdi. Dünyama qarışmırdı və mən də elə bil illərin gəmi kapitanı kimi sürürdüm… Nəhayət zamanımız bitdi, sükanı kapitana təslim etdim.
Sonra çantalarımızı qalacağımız məkana yerləşdirib Mingəçevir gecələrinə qonaq olduq… Şəhərin gecələri çox gözəl, işıqlı və rəngarəng idi. İlk növbədə Mingəçevir Su Anbarını görmək istədim, amma içəri buraxmadıqları üçün uzaqdan seyr etməli oldum. Yenə də coğrafiya dərsini xatırladım… yenə də xəritə və xəyallar dünyam gözlərimin özünə gəldi.
Sonra şəhərin ən işıqlı yerlərini gəzdik, amma bir anlıq özümü Cırtdanın nağılında hiss etdim… Qorxdum ki, işıq olan tərəfə getsəm məni div apara bilər… amma sonra öz fikirlərimə gülüb şəhərin ən gur yanan işıqlarına tərəf yollandım.
İlk getdiyim yer Heydər Əliyev Parkı oldu. Elə o parkda yerüstü keçidin də tikildiyini gördüm. Şəhər bütün standartlara cavab vermək üçün gözəlləşirdi.
Gecə saatlarını keçsə də, insanlar orda idi və heç kəs də yerindən tərpənmirdi. Bəlli olurdu ki, burda hələ çox oturacaqlar. Bir az yoldan keçən qocalarla, oturacaqlarda əyləşənlərlə və hətta kiçik uşaqlarla da danışdım. Sən demə hər kəs kiçikdən böyüyə kimi gecə burda olur. Sonra bir neçə saat ərzində şəhəri gəzdik, amma ilk başda dediyim kimi şəhər yenidən qurulur və özümə söz verdim ki, xəyalımda olan o işıqlı Mingəçeviri mütləq gəlib görəcəm.
Qalacağımız məkana yollananda körpü üstdən çaya tilov atmış balıqçılar diqqətimi cəlb etdi və onlarla da salamlaşmadan getmək istəmirdim. Maşından düşüb bir balıqçıya yaxınlaşdıq və sakitçə onu izlədik. Balıq tutmaq məni o qədər də maraqlandırmır, çünki özümü o balıqların yerinə qoyuram… – mən necə havasız, onlar da susuz yaşaya bilmirlər… Beləcə, bir az izləyib, sakitcə də aralanıb maşına əyləşdim…
Qaldığım məkana gəlib, “notbuk”umu açıb bu yazını yazıram…
Ən son sözlərim Mingəçevir… ”sən necə də parlaqsan” oldu…
Sanki qulağım səsdə, gözüm yolda idi… – kimi, nəyi gözləyirəm heç özüm də bilmirəm – gah dəli oluram, gah da ana –  eynən Kür kimi…

//publika.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.