Ana səhifə SÖYLƏŞİLƏR İsi Məlikzadənin ilində hamını şoka salan hadisə baş verdi – ANIM

İsi Məlikzadənin ilində hamını şoka salan hadisə baş verdi – ANIM

Müəllif: Bizim Yazı
1. 079 baxış

Mayın 1-də görkəmli Azərbaycan yazıçısı İsi Məlikzadənin ad günüdür. O, 1934-cü ildə Ağcabədi rayonunda anadan olub. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-kimya fakültəsində təhsil alıb.
Öncə neftçıxarma sahəsində çalışıb, daha sonra Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyinin “Başqaz” İdarəsində böyük mühəndis, şöbə rəisinin müavini işləyib. Ədəbi aləmdə tanındıqdan sonra “Ulduz” jurnalında  publisistika şöbəsinin müdiri, məsul katib, “Azərbaycan” Dövlət Nəşriyyatında redaktor, “Mozalan” satirik kinojurnalında böyük redaktor, C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasında baş redaktoru vəzifələrində çalışıb.
Bir müddət sərbəst yaradıcılıqla məşğul olub. Daha sonra Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri və “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri olub. 1995-ci il dekabrın 5-də vəfat edib.
“Həsrətin sonu” adlı ilk kitabı 1964-cü ildə nəşr olunub. Yazıçının “Küçələrə su səpmişəm”, “Yaşıl gecə”, “Günəşli payız”, “Dədə palıd”, “Gümüşgöl əfsanəsi”, “Şehli çəmənlərin işığı” kitabları oxucular arasında geniş şöhrət tapıb.
Bir gün öncə dostlarımdan birinin sosial şəbəkədəki səhifəsində bir yazıya rast gəldim. Bəlli oldu ki, bir yazar o birisini İsi Məlikzadəni tanımamaqda ittiham edir. İnternetdə axtarış verdim, İsi Məlikzadənin yaradıcılığına, onun haqqında yazılanlara bir daha göz atdım və özümü qınadım. İşə bax, mən – filoloq, yazar olan birisi Azərbaycanın ən dəyərli yazıçısını gərəyincə tanımamışam…
Diqqətimi çəkən digər bir məqam isə nasirin may ayının 1-də doğum gününün olması idi. Tez telefona sarılıb İsi Məlikzadənin ailəsindən, övladlarından kimisə tapmaq üçün çalışdım. Axır ki, mərhum yazıçının qohumu – bacısının həyat yoldaşı Nizami müəllimin nömrəsini tapıb vədələşdik. İsi Məlikzadənin qızı Xatirə xanımla da görüşüb, vədələşdiyimiz ünvana yollandıq.

Yaxın qohum-əqrəba ilə İsi Məlikzadəni yad elədik. İlk sözə yazıçının kiçik bacısı Vəzifə xanım başladı: “Qardaşım hələ məktəb illərində öz yaradıcı dünyasını, yaradıcı ruhunu səhnələşdirdiyi tamaşalarda göstərə bilirdi. Həm də o qədər zarafatcıl, şən insan idi ki, onun yanında bir dəqiqə belə qəmgin və ya sakit otura bilməzdin. Hər kəsin dərdini öz dərdi bilən həssas insan idi. O qədər mehriban idi ki, ailəlikcə toya gedərdik, evə qayıdanda toyun davamı evdə olardı. Toyda baş verənləri yamsılayardı… Onu bütün ailə çox istəyirdi. Bir neçə bacıya yeganə qardaş idi. Həm tək qardaş idi, həm də elə istəniləsi, seviləsi oğul idi.
Onu xatırlayanda ilk növbədə ailəsinə, yaxınlarına bağlı olduğu yada düşür. Anasına, atasına, bizə və öz ailəsinə o qədər bağlı idi… Bunu sözlə ifadə eləmək qeyri-mümkündür. Bacılarının övladları ilə belə həmişə maraqlanardı, zəng edib keflərini soruşardı. Bacısının qızları ailə qurandan sonra da onlarla danışıb hal-əhval tutardı. Nadir insan idi.
Mənim tələbəlik illərim İsigildə keçdiyi üçün onunla daha çox ünsiyyətdə olmuşdum. Bir də görürdün, dərsdən gəlib qapıdan tələsik girəndə məni saxladırdı. Deyirdi, bir oxu sonra keç. Tarı da götürüb məni oxudurdu, sonra evə keçə bilirdim. Mənim səsimi Şahnaz Haşımovanın səsinə bənzədirdi. Onun ifasını sevdiyi üçün məndən mahnı oxumağımı istəyirdi.
Hələ də elə bilirəm ki, o, nə vaxtsa gələcək, gözüm qapıda qalır. Hələ də elə bilirəm ki, indicə zəng edəcək… İnanırsız ki, biz ailədə onun haqqında sağ insan kimi danışırıq? Bütün ailənin dərdini çiyinlərində çəkərdi… Bir üzü də var idi –  incidiyi insanı bir dəfəlik silirdi.
Çox savadlı, məlumatlı  idi. İxtisasından da əlavə xeyli biliyə və informasiyaya sahib idi. Bütün musiqi alətlərində ifa eləməyi bacarırdı”.
Söhbəti İsi Məlikzadənin qızı Xatirə xanım davam etdirir: “Atam həqiqətən, musiqiyə bağlı insan idi. Mən pianoda ifa etməyi öyrənmək üçün müəllim yanına gedirdim. Mənə piano aldı, amma özü ifa etməyə başladı. Eləcə də, qardaşım qarmon öyrənmək istədi. Qarmonu aldı, amma yenə də özü ifa etdi. Hansı musiqi alətini götürdü, ifa edə bilirdi. Özünün də bir tarı var idi. Onu da sinəsinə sıxıb çalırdı.
Atam həm də uşaq təbiətliydi. Evdə qonaqlıq olanda təbii ki, uşaqlar da gəlirdi. Kiçik otaqda uşaqlarla söhbətləşər, hətta onlarla uşaq oyunları da oynayardı. Bir də görürdün, uşaqlarla birgə yerə yıxılıb oyun gərəyi vəzifəsini yerinə yetirirdi. Uşaqlarla oynayıb ruhu üçün qida alandan sonra böyük otağa, qonaqların yanına qayıdardı”.
Vəzifə xanım yenidən söhbətə qoşulur: “Sağ qalsaydı bu may 79 yaşını qeyd edəcəkdik. Amma heç vaxt ad günü keçirməyi sevməzdi. Elə uşaq olanda da, ailəyə, övlada qarışanda da doğum gününü xüsusi qeyd etməzdi. Xatırlayıram ki, bizə, bacılarına deyirdi, siz özünüz bir araya yığılıb söhbət etmək, gülüb danışmaq istəyirsiz,  mənim doğum günümü də bəhanə edirsiz.
Bacılar hər birimiz evimizdə hazırlıq görürdük, bütün naz-neməti alıb bir araya gələrdik. Çox şən və bol bir məclisimiz olardı. O da zarafata salırdı ki, gör heç maraqlanırlarmı, mən harda otururam, nə yeyirəm, bunlara təki bir araya gəlmək olsun.
Bizim süfrəmizdə heç vaxt içki olmazdı, çünki atam süfrəyə içkinin yaxın düşməsinə icazə verməzdi. Axırda da hər kəs öz evinə dağılardı.
İsi ad günündən söz düşəndə deyirdi ki, bütün sovetlər birliyi mənim doğum günümü qeyd edir. Axı, əvvəllər mayın 1-də parad olardı. Biz balaca olanda ağlımıza gətirməzdik ki, İsi nə vaxtsa tanınmış bir nasir olacaq. O, Bakıya, indiki Neft Akademiyasında təhsil almağa gələndə anamı fikir götürmüşdü ki, təhsilini bitirəndən sonra Bakıda qalacaq, rayona qayıtmayacaq. Arvadı ağlamaq tuturdu, istəyirdi ki, qardaşım qayıdıb rayonda müəllim, ya da başqa bir peşənin sahibi olsun. Amma Ağcabədidə neft çıxmırdı.
Xülasə, bir gün Ağcabədidə bir quyu qazdılar. Bütün ailə sevindi ki, yəqin burda neft çıxacaq və ailənin yeganə oğlu geri qayıdacaq. Siz o zaman ailənin hədsiz-hüdudsuz sevincini görəydiniz. Nə yerə sığırdıq, nə də göyə… Amma sonra ümidlərimiz boşa çıxdı. Qazılan quyudan sudan başqa heç nə çıxmadı.
Təhsil aldığı illərdə hekayələri çap olunmağa başladı. Daha onu şəhərdən rayona apara bilməzdik. Rəhmətlik Mirzə İbrahimovun ona köməyi dəymişdi. Hekayələrini oxuyandan sonra onu texniki işdən çıxartdırıb yaradıcı işə yönəltmişdi. Amma sonralar Mirzə müəllim etiraf edərmiş ki, bilsəydim belə çətinliklər çəkəcəksən, səni işindən ayırmazdım, bəlkə də, neft sahəsində indi yüksək vəzifə tutmuşdun. Atam-anam İsini heç doyunca görə bilmədi, ondan çox həsrətli getdilər”.
Söhbət yenidən kədərli məqamlara, göz yaşlarına calanır…
Söhbətə nasirin qaynı, Vəzifə xanımın həyat yoldaşı Nizami müəllim də qatılır. Onlar qohumluqdan öncə dost olublar, uşaqlıqları bir yerdə keçib: “İsini məndən yaxşı tanıyan ikinci adam yoxdur. Bu insan ailəsinə, dostlarına o qədər sadiq idi ki, bunu görənlər də təsdiq edə bilər. Bir dəfə ikimiz onun atasının qəbrini ziyarət etməyə getmişdik. Orda mənə başı ilə bir yeri nişan verdi. Sən demə, buranı özü üçün ayırıbmış, dünyadan köçəndə orada dəfn olunmaq istəyirmiş… Atasının yanında. Ayrı adam olsaydı, bəlkə də, ürəyindən keçərdi ki, onu Fəxri Xiyabanda dəfn etsinlər. Amma o, torpağa-yurda çox bağlıydı.
Biz onunla uşaqlıqdan dost idik. Uşaqlığımız Şuşada keçib. Şuşa işğal olunandan sonra İsi dedi, mən Şuşasız yaşaya bilməyəcəm!”
Vəzifə xanım təzədən qardaşının zarafatlarını, onunla bağlı məzəli əhvalatları yada salır: “Rayona gələndə gərək gecə sakitlik olaydı ki, İsi yata bilsin. Qonşunun bir iti vardı, səhərə qədər hürürdü, qoymurdu heç kimi yatmağa. Rəhmətlik anam birtəhər qonşu Hürünü dilə tutdu ki, nəsə etsin, it hürməsin. Bir gecə it səhərə qədər hürmədi, amma sabahı gecə yenə başladı hürməyə. Soruşanda dedi ki, ay bala, itə bir gecə araq verdim ki, yatsın, ikinci gecə uşaq getmədi araq dalınca.
Qonşunun adı Hürü idi, iti də bütün gecəni hürürdü. İsi ona Hürü demək istəmirdi. Təsəvvür edin də, Hürünün iti hürür, necə səslənə bilər? Ona görə də İsi qonşuya Qaratel bacı deyirdi.
Kənddəki həyətimizdə bir xoruz var idi, o da bivaxt banlayardı həmişə. Bir gün İsi rayona gəlir, bacıma da deyir ki, o xoruzu aparın öz evinizdə gizlədin, mən gedəndən sonra gətirərsiz. Rəhmətlik anam çıxır toyuğa dən səpməyə, xoruz gözə dəymir. Başladı hamıdan soruşmağa, biz də heç nə deyə bilmirik, dodaqaltı gülürük. Bir bacımın yoldaşı prokurorun sürücüsü idi. Anam qonşuları gəzdi, axırda bacıma dedi ki, yoldaşına denən, bura bir müstəntiq göndərsin. İşin uzanacağını görəndə xoruzun harda olduğunu dedik…
Bir gün əyilib nanə yığanda həmin xoruz tullanıb gözümə dimdik atdı. Anam da onu kəsdirdi, amma özü dilinə bir tikə də vurmadı, bizi də qoymadı yeməyə. Deyirdi, bu xoruzu yaman çox istəyirdi”.
Ailə xatirələri İsi Məlikzadənin dostlarına gəlib çıxır. Nizami müəllim nasirin yaradıcı dostlarını yada salır: “Əlibala Hacızadə, Fərman Kərimzadə, Yusif və Vaqif Səmədoğlular, Sabir Rüstəmxanlı, İntiqam Qasımzadə, Ayaz Vəfalı… İsi elə insan idi ki, ona hamı dost deyə bilərdi.
Bir dəfə İsi danışırdı ki, Yusif Səmədoğlu infarkt keçirmişdi, ona görə gözə dəymirdi. Belə günlərin birində İsi ilə Yusif Adil İskəndərovla rastlaşırlar. Adil İskəndərov Yusifdən soruşur ki, haralardasan, niyə görünmürsən? O da deyir, infarkt keçirmişdim, neçə vaxtdı yatırdım. Adil də qayıdır ki, hə, çox axmaq şeydir, o gün mən də iki dəfə keçirdim. İsi bu əhvalatı o qədər məzəli danışırdı ki…”
Yazıçının qızı Xatirə xanım: “İndi demək olar ki, dostlarından heç kəs gəlmir, yada salmır. Amma bircə dostu qalıb, ailəyə də qohum olan Ayaz Vəfalı. Mərhum bəstəkar Süleyman Ələsgərov da zəng edirdi, qapıya qədər gəlirdi vəziyyətimizi öyrənmək üçün.
Atam rəhmətə gedən günündən düz bir il tamam olanda nənəm də dünyasını dəyişdi. Hamımız Bakıdan yığışıb rayona ili yola verməyə gedəndə nənəm getmədi. Dedi, mən Bakıda qalmaq istəyirəm. Amma orada oğluma deyin ki, bu yaxında mən də onun yanına gələcəm. Hamı rayona yığışdı, atamın büstünü də apardılar, açılış oldu, ehsan verildi, bir avtobus dolu yazıçı, şairlə də gəlmişdi ora. Sonra şəhərdən xəbər gəldi nənəm dünyasını dəyişib. Hər kəs şok içində idi ki, oğlunun ölümü günü ana da vəfat edib. Nənəmi də həmin gün rayona gətirdilər.
Atam dünyasını dəyişəndən sonra onun ev muzeyinin yaradılmasını istədik. Hətta bununla bağlı rəsmi müraciət də etdik. Bir neçə dəfə baxdılar o evə, amma sonra dedilər ki, alınmır. Biz evi, əşyalarını, əlyazmalarını da verə bilərdik. Hələ sadalamadığım xeyli sayda əşyalar da var. Amma nəsə istəmədilər. Mən atam olduğu üçün yox, onun həqiqətən, gözəl yazıçı olduğu üçün muzeyinin açılmasını istərdim. Onun yazılarını qızı kimi yox, məhz oxucusu kimi qiymətləndirirəm.
Bir də bilirsiz daha çox nəyi xatırlayıram? Atam həmişə deyirdi ki, qışda ölməkdən çox qorxuram. Ona görə qorxuram ki, həm yasa gələnlərə əziyyət olmasın, soyuqdur, həm də mən yerin altında üşüyərəm”.
…İsi Məlikzadə dekabr ayında, soyuq bir gündə dünyasını dəyişdi. Amma torpağın onu üşütdüyünə inanmıram. Doğma Qarabağ torpağının…

Könül Səid /“GündəlikTELEQRAF”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.