Ana səhifə BAŞ YAZI Hikmət QARA(YEV) – bu adı yadda saxlayın!

Hikmət QARA(YEV) – bu adı yadda saxlayın!

Müəllif: Bizim Yazı
1. 235 baxış

/Bərdənin Mehdili kəndində doğulub (1983). 2002-ci ildən Bərdədə fəaliyyət göstərən “Söz” ədəbi birliyinin üzvüdür/

Yarısına işıq düşmür

Günəş çıxır – bu dünyanın
yarısına işıq düşmür.
Gizli, qaranlıq olanın
yarısına işıq düşmür.

Ömrü gödək bu günün də
qaranlıq var bir yönündə.
Elə insan ömrünün də
yarısına işıq düşmür…

Tamahından adam deyir…
Yeri-göyü tutam – deyir.
Ağıl ki var, babam deyir,
yarısına işıq düşmür.

…işığı bir addım

Yuxarı, aşağı – nə fərqi var ki,
bütün addımları istək bağlayır.
Məqsədim bir quşdan düşmüş lələkdən
incədir – yüzü bir qanad saxlayır.

Zirvədən qopan daş dərədə durur,
ötəri bir əllə tullanır itə…
Hardasa bir qoca ağac quruyur –
Ucalıq yem olur birəyə, bitə…

Sənin qismətini kəsirlərsə, bax,
onu başqasına qazandırırlar.
Deyirsən: – zülmətə çətindir baxmaq,
…işığı bir addım şam yandırırlar.

Nə qədər böyüyür insan

İki qapılı dünyanın
içindən yüz baca çıxır.
Hansına əl atır adam;
hamsı boydan uca çıxır.

Ulduz ulduza toxunur…
göy də yer təki boğulur…
Meymun ağacda doğulur,
ağacdan ağaca çıxır.

Yağır yağış, tökür leysan –
gərək haqqa inanasan…
Nə qədər böyüyür insan,
yenə də balaca çıxır..!

Adam olmaq istəyirəm

Mənim özümə qalanda,
bir kimsəylə sözüm tutmur.
Sözüm tutan adam olur;
Sözüm tutur, gözüm tutmur.

Baxıb adamın bicinə,
Baxıb adamın gicinə…
Ağıllı adam içinə
Yeriyirəm, dizim tutmur.

O zaman ki, düz deyirəm,
xətirlərə tez dəyirəm.
Adam olmaq istəyirəm,
Üzüm tutmur, üzüm tutmur…

You may also like

1 şərh

yirtici 2012-11-27 - 12:29

ela

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.