Ana səhifə BAŞ YAZI Hər sətrində Misri qılınc hökmü var… –

Hər sətrində Misri qılınc hökmü var… –

Müəllif: Bizim Yazı
692 baxış

Xəlil Rza ULUTÜRK (21.10.1932 – 22.06.1994)

Ana dilim

Layla dedim yatasan,
Qızılgülə batasan…
-Hardan gəlir bu səs-səda?
Bəlkə illər arxasında
layla çalır gəlin ana?
Dörd qulac ip
bir yüyrüyü bənd eləmiş kəhkəşana.
Layla çalır gəlin ana,
Layla axır çocuq baxır.
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib,
indi ana ruhu əmir.
İllər ötdü yaşa doldum.
Anladım ki, mənim dilim,
ürəyimdən çıxmaz mənim!
Anladım ki, sinəmdəki sözlər deyil.
Babaların nəfəsidir.
Çənlibeldə at oynadıb,
şimşəklərlə qoşa gedən
İgidlərin nərəsisdir.
Sağdır dilim,
demək sağdır ləyaqətim, şərafətim.
Sağdır demək milyard yaşlı məmləkətim.
Yüz hədəfə tuş etmişəm
Sabirin hər sətrini mən
Salxım-salxım nuş etmişəm
Şəhdini mən, ətrini mən.
Kim qorumur öz yurdunu-yuvasını
Udmasın yurd havasını!!!
Kim qorumur öz dilini
İtsin mənim gözümdən qoy ilim-ilim!
O sahili, bu sahilə birləşdirən,
Polad körpüm qılıncımdır, günəşdimdir
Mənim dilim!!!

MƏN AZƏRBAYCANAM!

Dinləyin, dinləyin, mən bir kamanam,
Şərqin sinəsindən qopan fəğanam.
Uzaq əsirlərin dərinliyindən
Sabaha üz qoyan sonsuz karvanam.
Ovcu qabar-qabar, ciyəri təşnə,
Günəşi ardınca çəkən sarbanam.
Bu qoca dünyanın tən ortasında
Bülbülü susmayan bir gülüstanam.
Sovqatı, bəxşişi açıq sinidə,
Ağzının sonuncu tikəsini də
Dosta bağışlayan, düşmənə verən
Dumanlı Təbrizəm, çənli Zəncanam.
Hər şeyi alınıb tükənsə belə,
Eşqi tükənməyən Azərbaycanam!
Dinləyin, dinləyin, mən bir kamanam,
Dağ-daşı yandıran aham, amanam.
Bir vaxt Albaniya dedilər mənə,
Dağlardan vüqarlı alpam, alpanam.
Neçə Keyxosrovun açıq döşündə
Brilyant tacını bomboş qoyanam.
Rüstəm Zal öldürdü öz Söhrabını,
Söhrabam, mən onu bağışlayanam.
Təkcə öz dibinə işıq salmayan,
Hamıya nur verən şamam, şamdanam.
Dinlə, qoca dünya, ey mənim anam:
Min yol öldürülən, yenə ölməyən
ƏZƏLİ, ƏBƏDİ AZƏRBAYCANAM!

YARALI XƏRİTƏMİZ

Bakı-Təbriz gözlərim
Qoşqar, Savalan dizim
Süfrəsidir yurdumun
Göy-göl, Xəzər dənizim
18-də əlimiz Dərbəndimə çatmadı
Qırmızılar bu yurdu
Xəritəmə qatmadı
Ürəyimi göynədir
Zəngəzur, Göyçə dərdi
Bu yaz Dərəçiçəkdə
Kimlər gül üzdü, dərdi?
Hanı Aşıq Alının,
Ələsgərin məzarı?
Qaldı düşmən əlində
Azərbaycan gülzarı
Hanı ulu toprağım
Kimindi Basarkeçər?
Haçan vətən balası
Düşməni basar, keçər?
Kimə qaldı vüqarım,
Kimə qaldı Borçalı?
Sərvətimi talayan,
Torpağımdan borc alır.
İl boy əriməyən
Ürəyimdə qara bax,
“Bizimdir” deyə-deyə
Əldən gedir Qarabağ.
Bu əsrdə neçə yol
Kiçilən yurdu tanı
Cavad xana dönəlim
Vermə yada Vatanı.
Biganə qalma yurda,
Daldalanma qınında,
Yaralı xəritəmin
İzi qalsın qanında.
Qalx, ayaqla düşməni
Batıb getməzmi susan?
Kor əjdaha qansın ki,
Boğazında boğmasan.

KOR

Dedim: – yaxın gəl bir az,
Qulağına deməli bircə kəlmə sözüm var.
Həy rəy ilə yanaşdın,
Sevinc ilə yanaşdın.
Bəlkə öylə bildin ki,
Dilimin ucundakı bir sevgi şərqisidir.
Yox yanıldın şux qadın,
Bir az yağlı, tox qadın!
İnan ki doğma anam, bacım olsaydın belə,
Məhəbbətim – başımda tacım olsaydın belə,
Başqa bir sözü məndən, sən eşitməyəcəkdin.
Korsan! Qəşəng gözlərin, şəffaf, iri olsa da,
Yağlı kirpiklərinin həndəvəri vəsmədən mavi rəngə çalsa da.
Uzun barmaqlarında,
Gödək qulaqlarında, mirvarilər yansa da.
ən işıqlı gözlərə: ‘Korsan!’ deyirəm qısa,
Ləyaqət duyğusuyla beyni nurlanmayıbsa.
Tanısaydın özünü,
Sən deməzdin o sözü.
Deməzdi o cümləni
Öz yurdu Amerikada bir qərib gibi qalmış
Təkəmseyrək Hindli də.
Gilək, Assori, Nən də.
Dillərin dənizində bircə limana möhtac,
Qırıq yelkənə möhtac Xınalıq sakini də.
O cümləni sən dedin,
İki qitəyə sığmaz kökün olduğu halda!
On beş milyonluq zalda Nazim Hikmət yanaşdı
Fizulinin şəklinə:
Almadı salamını rüşvət aludələri,
Ustad, əleykümsəlam! ! !
Zalda alqış tufanı,
Mənim əl boyda köksüm qucaqladı o gecə
Neçə – neçə ümmanı.
Bilmədim salondayam, ya qızıl kəhkəşanda,
Od rəngli Nazim Hikmət ağ saqqallı dahiyə
Məhəbbətlə baxanda,
Ön cərgədə əyləşən araxçınlı
Özbəyin, Göy çapanlı Türkmənin
Gözündən şadlıq, sevinc damcı – damcı axanda.
Türkmən bilir Füzulini tərcüməsiz,
Özbək bilir Füzulini tərcüməsiz.
Yaxın bilir, uzaq bilir,
Göylər boyda yurdu olan Qazax bilir
Füzulini tərcüməsiz.
Rüxsarı qan, çeşmi giryan bahar bilir,
Tatar bilir, Balkar bilir,
Göydə min – min ulduz bilir, eşqə düşən hər qız bilir,
Qırğız bilir Füzulini tərcüməsiz.
Səhralarda güllər səpən yağış dolu bulud bilir,
Başqırd, Uyğur, Yaqut bilir Füzulini tərcüməsiz.
Sənin balan Füzulini ya Almanca, ya İspanca oxuyacaq.
Kəkələyə – kəkələyə, heca – heca oxuyacaq.
Yox, zatında qalmış olsa
Zərrə boyda bir qanacaq,
O qurduğun dar qəfəsi dağıdacaq!
Axtaracaq əcdadını,
Axtaracaq əsrlərə məhvər olmuş
Ata – baba qüvvəsini.
Anasını ölmüş bilib kəşf edəcək nənəsini.

AZADLIĞI İSTƏMİRƏM ZƏRRƏ-ZƏRRƏ…

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək,
Qıram! Qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi!
Günəş kimi!
Cahan kimi!
Çəkil!
Çəkil, ey qəsbkar!
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq.
Mən ümmanlar təşnəsiyəm!

SƏNƏTKARA AZADLIQ
Mənim dustaqlıqdan azad edilməyim uğrunda çarpışanlar Azərbaycandan Moskvaya,təkcə A.Y.Suxaryevin – SSRİ prokurorunun adına bir milyon iki yüz mindən artıq məktub,teleqram,ərizə,şikayət,tələbnamə göndərmişlər. Ulusal hərəkatın bu dalğasından sonra hüquq xadiminin ulusun tələbini yerinə yetirəcəyinə ümid edirdim.

Xəlil Rza – bir ağ saçlı bahadır,
Elbrusdan, Savalandan ucadır.
Hər misrası bir qızıl gül, qonçadır.
Başı qarlı, özü bahar laləzar.
Azad edin, hür yaşasın sənətkar.

Arxasında aşıb-daşır milyonlar,
Neylər ona əyləncələr, oyunlar?
Ey tüfəngli, avtomatlı qoyunlar,
Kameranın gözü kordur, özü kar.
Azad edin,qələm çalsın sənətkar.

Od nəfəsi barmaqlığı yandırır.
Müdrik sözü qanmayanı qandırır.
Şair hansı təlatümdən yan durur.
Qoşun ona alagözlü bir nigar.
Azad edin, eşq əhlidir sənətkar.

Gedin,öpün ayağından, əlindən.
Üzr istəyin obasından, elindən.
İldırımdır, düşüb göyün qəlbindən.
Hər sətrində Misri qılınc hökmü var,
Azad edin, yerdi, göydü sənətkar.

Azərbaycan – planetin gözüdür.
Bağrı – atəş, daşı – gövhər, özü – dür.
Xəlil Rza – insanlığa sözüdür.
Anlayırmı əqli naqis, gözü dar:
Zindanlara sığa bilməz sənətkar.

Aleksandr Yakov oğlu köçəri,
Əziz ŞairŞsalma dərdi içəri.
Bu darğalar nökərindi, nökərin.
Ya əfv elə ya da itib batsınlar.
Biz qulunuq, sənətkardı hökmdar.

Çiçək səpək yolağına,yoluna.
Şux gözəllər gəlib girsin qoluna.
Çələng verək ərzin cəsur oğluna,
Fələk yalnız ucaldanı ucaldar.
Yerin, göyün baş tacıdır sənətkar.

Xəlil Rza – Azadlığa bayraqdar,
Məhbəsləri söküb tökən əzmi var.
Buraxmasa qul ürəkli ağalar,
Sök zindanı, ey laləzar, ey bahar!
Moskva,Lefortovo zindanı,
28 şubat,1990

Apardı Sellər Saranı

“Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaçdı.
Sürmə gözlü, qələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Gedin deyin Xançobana;
Gəlməsin bu il Muğana.
Muğan batdı nahaq qana.
Apardı sellər Saranı,
Bir uca boylu balanı.”

Yox, bunu görməyin Araz çayından,
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından ,Qış sarayından
Yurduma uzanan əllər apardı.
Süngülər qəlbləri dəlib keçəndə
Qansız cəlladların qəlbi mi yandı?
Bakı bağlarından gəlib keçəndə,
Gördü ağ şanımı, ağzı sulandı.

Qucağı səfalı gözəl bağlarım,
Dişləri göynəyən buz bulaqlarım,
Hər ləpəsi qızıl Arazım, Kürüm,
O ziyad balığım, həşəmim, kürüm,
Çöllər yaraşığı şux ceyranlarım..
Sərin yaylaqlarım , sıx ormanlarım,
Mərəndin, Şəkinin gülü gülzarı,
Böyük Füzulinin əlyazmaları,
Aran turacları, dağ kəklikləri,
Qəzvinin , Makunun gözəllikləri,
Ürəklər yandıran kamanım , tarım.
Yeraltı, yerüstü Ermitajlarım,
Öküz dərisinə yazdığım yazı,
O Babək qalası, bu Qız Qalası,
Hər daşın altında sərvətim ,zərim ,
Boxçada cehizlik mirvarilərim,
Lap o gümüş camım , zərli fincanım,
Dünyanın behişti Azərbaycanım
İştaha gətirdi qəsbkarları,
Yağlı quyruq gəzən canavarları.

Kəsildi bağlarda bülbülün səsi,
Yad atlar tapdadı, bağı, bostanı.
Yazıldı “Gülüstan Müqaviləsi”
Pozuldu yurdumun min gülüstanı.

Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını,
Tikanlı məftillə sarıdı onlar
Böyük bir millətin yaralarını.

Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu
O sahildə, bu sahildə.

Ölkə yandı, vətən yandı,
Qızıl pultək xırdalandı.
Dövlət getdi, var talandı
O sahildə, bu sahildə.

Bir-birindən cida düşdük,
Diri gözlü oda düşdük.
Biz yadlara neynəmişdik
O sahildə, bu sahildə?

Füzulim qəmli neydi,
O bir də mi qara geydi?
Yarasına kimlər dəydi
O sahildə, bu sahildə.

Şəbi- hicran yanar canım,
Tökər qan çeşmi giryanım,
Oyadar xəlqi əfqanım,
O sahildə, bu sahildə.

Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin bir can olsun
O sahil də, bu sahil də!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.