Ana səhifə BAŞ YAZI “GENOSİD”İN GENEZİSİ – Yusif GÜNAYDINın həmişə güncəl yazısı

“GENOSİD”İN GENEZİSİ – Yusif GÜNAYDINın həmişə güncəl yazısı

Müəllif: Bizim Yazı
851 baxış

23 il öncə baş vermiş Xocalı soyqırımı ərəfəsində, 100 il öncə baş ver…məmiş qondarma soyqırım haqqında uydurmalar və tarixi həqiqət…

100 ilə yaxındır ki, beynəlxalq erməni lobbisi və onun havadarlarının dilindən düşməyən “genosid əhvalatı” öz genetik kökləri ilə hansı tarixi epoxaya bağlanır, bu məsələyə obyektiv gerçəklik baxımından yanaşan olubmu?

1987-ci il may ayının 19-da Amerikanın “Nyu-York Tayms” və “Vaşinqton Post” kimi iki məşhur və nüfuzlu qəzetinin səhifələrində ABŞ-ın Türkiyə tarixi üzrə ən qabaqcıl ekspertlərindən sayılan 69 tarixçi aliminin imzaladığı bir bəyanat dərc olunmuşdu. Bir çox tarixi materialları, nadir arxiv sənədlərini ciddi surətdə təhlil edib öyrənən alimlər “erməni məsələsinin” ortaya atıldığı dövrdən ilk dəfə olaraq bu məsələnin sərbəst şərhlər və əsası olmayan yozumlarla seçilən ənənəvi təqdimatının qəti əleyhinə olduqlarını beynəlxalq ictimaiyyətə bildirdilər.
Bu tədqiqatlar tarixçi alimlərə belə nəticəyə gəlməyə əsas verdi ki, I Dünya Savaşı illərində işğalçı qüvvələrin Osmanlı dövlətinin ərazisinə keçməsi ölkə daxilindəki icmalararası toqquşmalar fonunda baş verib və bu milli-etnik qarşıdurmalar xarici qüvvələr tərəfindən əvvəlcədən planlaşdırılmışdı. Osmanlı ordusunun işğalçı qoşunlara qarşı hərbi əməliyyatlara start verdiyi dövrdə aqressiv erməni etno-separatizmi və onun ilhamvericilərinin başladığı silahlı toqquşmalar artıq arxa cəbhədə iri miqyaslı vətəndaş müharibəsinə çevrilməkdə idi. Bu da hər iki tərəfin – həm müsəlman, həm də erməni tərəfinin itkiləri ilə sonuclanmışdı. Amma müsəlman tərəfinin itkiləri qarşı tərəflə müqayisə olunmaz dərəcədə çox idi. Bu tarixi bəyanat son zamanlara qədər erməni tərəfinin təqdimatı ilə “zavallı ermənilərə” qəddar türklər tərəfindən edilmiş “misli görünməyən istibdad” haqda yazıb-danışmaqdan yorulmayan Birləşmiş Ştatların bir çox kütləvi informasiya vasitələrini çaş-baş salmaqla yanaşı, hələ o zaman artıq hamının zəhləsini tökmüş “erməni soyqırımı” carçılarının mövqeyini xeyli zəiflətmiş oldu. Amma bu, uzun sürmədi.
İkicə il sonra, 1989-cu ilin noyabrında yenə də erməni icmasının ənənəvi səyləri nəticəsində Birləşmiş Ştatların Senatı az qala 1990-cı ili bütün dünyada “erməni genosidi” ili elan etməklə bağlı qərar qəbul etmişdi. Bu dəfə etiraz səsi Avropadan, konkret olaraq erməni lobbisinin mövqelərinin heç də Amerikadan zəif olmadığı Fransadan eşidildi. Strasburqdakı Şərq Tədqiqatları İnstitutunun direktoru Pyer Dyümon bir çox həmvətənlərindən fərqli olaraq, əsl tarixçi alimə xas olan prinsipiallıq və obyektivlik nümayiş etdirdi. Dyümonun rəsmi bəyanatı qəfil partlayan mərmi effekti yaratmış oldu – demə ermənilərin bu illər ərzində ciddi-cəhdlə istinad etdiyi Osmanlı dövlətinin “xüsusi məxfi teleqramı” tarixdə yerli-dibli mövcud deyilmiş. Erməni tərəfi məhz bu mifik teleqram vasitəsilə Osmanlı dövlətinin öz silahlı qüvvələrinə rəsmən ölkə ərazisini ermənilərdən təmizləmək əmrini verdiyini beynəlxalq ictimaiyyətə səylə sırımağa cəhd edirdi. Fransız aliminin təkcə Türkiyə deyil, həm də Fransa və Böyük Britaniya arxivlərindən bir-bir toplayıb tədqiq etdiyi bu kimi sensasiya xarakterli məlumatları əks etdirən sənədlər onun tərəfindən yazılı şəkildə “Qoy siyasətçilər tarixlə məşğul olmasınlar” başlıqlı bəyanatla ABŞ senatına göndərildi. Pyer Dyümonun fikrincə, siyasətçilərin tarixə müdaxilə etməsi həmişə tarixi həqiqətlərin ciddi təhrifinə səbəb olur. Bu bəyanatdan sonra ABŞ senatı öz yanlış mövqeyindən geri çəkilməli oldu və “erməni məsələsi” ətrafında yaranmış süni ajiotaj xeyli səngidi. Əlbəttə ki, bu, erməni tərəfini qane edə bilməzdi. Tezliklə mifik teleqram haqda öz uydurmalarını bir dəfəlik yaddan çıxarıb, bu dəfə “real tarixi məxəzə”, konkret olaraq I Dünya Savaşı illərində İngilis hökuməti tərəfindən nəşr olunmuş “Mavi kitab” adlı təbliğat vasitəsinə istinad etməyə başladılar. Xatırladaq ki, İngiltərə bu müharibədə Osmanlıya qarşı savaşırdı və hərbin son günlərinədək onun ərazisinin böyük bir hissəsini zəbt etmək xülyası ilə üzülüşmək istəmirdi. “Mavi kitab” artıq qeyd olunduğu kimi, müharibə dövründə qarşı tərəfi hər vasitə ilə gözdən salmaq üçün tələm-tələsik hasilə gətirilmiş ideoloji təbliğat məhsulundan başqa bir şey deyil. Özünə hörmət edən hər bir alim bu kitaba ciddi elmi-tarixi qaynaq kimi yanaşa bilməz. Bütün bunlar haqda öz fikirlərini artıq bizim günlərdə “Mavi kitab”ın müəlliflərinin həmvətənlisi, ingilis alimi, professor Andreo Manqo bəyan etdi. Professor hətta bu kitabın müəlliflərindən biri olan Amold Toynbinin etirafına istinad edərək yazır ki, sözü gedən kitab yalnız erməni tərəfinin Amerika konsulluğuna ötürdüyü informasiyalar əsasında tərtib edilib ki, onların da əksəriyyəti erməni missionerlərinin uydurmalarıdır. Ona görə də “Mavi kitab”ı tarixi həqiqət mənbəyi kimi qəbul etmək ən azı ədalətsizlikdir. Bununla da böyük hay-küyə səbəb olmuş “erməni məsələsinin” qaranlıq məqamlarına Amerika və Türkiyəyə münasibətdə məxsusi rəğbəti ilə heç vaxt seçilməyən Avropa alimləri tərəfindən aydınlıq gətirildi, amma nöqtə qoyulmadı, çünki, bu, saxta soyqırım haqqındakı özlərinin uydurduqları mifi çox uzaq məqsədlərə çatmaq üçün vasitəyə çevirmiş erməni diasporunu heç cür qane edə bilməzdi. Ona görə də bu gün dünyanın hər hansı bir guşəsində bir erməninin burnu qanayırsa, bu fakt dərhal antitürk isterikası ilə müşayiət ediən “erməni soyqrımı”nın təbliğində rahat bir alətə çevrilir. Bəs tarixi həqiqət nə deyir?
Türklərin əsrlərlə dinc yanaşı yaşadıqları, hətta o mənhus 1915-ci ildə belə, istər dövlət idarəçiliyində, istərsə də orduda yüksək vəzifələr daşıyan ermənilərə qarşı birdən-birə yaranmış bu qatı nifrətin səbəbi nə idi? Orta əsrlərdə İspaniya və Portuqaliya yəhudilərini oralarda tuğyan edən katolik inkvizisiyasının caynağından, yəni real genosiddən xilas edib, bu yəhudiləri öz ərazilərinə köçürən, onlara rahat yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli şərait yaradan türklərin öz qonşuları ermənilərə qarşı soyqırım törədə biləcəyi nə dərəcədə həqiqətə uyğundur?
Yeri gəlmişkən, sultan Yıldırım Bəyazidin dövründə Osmanlı ərazilərinə köçürülüb, ölümdən xilas edilmiş yəhudilərin xələfləri bu gün də müasir Türkiyə cümhuriyyətinin müxtəlif bölgələrində yaşayır, vaxtilə onların əcdadlarını xilas edənləri şükranlıq və minnətdarlıqla yad edirlər.
XX əsrin əvvəllərində avropalıların “xəstə adam” adlandırdıqları 600 ildən yuxarı mövcud olmuş Osmanlı imperiyasının süqutu get-gedə daha dönməz səciyyə daşıyırdı. Osmanlı ordusunun Balkanlarda uğradığı ağır məğlubiyyətlərdən sonra bir sıra Avropa dövətlərinin çoxdan bəri bəslədiyi imperialist niyyətlərin həyata keçməsi üçün real siyasi-tarixi imkanlar meydana çıxırdı. Üç qitənin qovuşuğunda, bir neçə dənizin əhatəsində yerləşən Türkiyə öz əlverişli geosiyasi mövqeyi ilə həmişə qonşu dövlətlərin diqqətini çəkib. Amma Türk ordusunun zəifləməsinə, nə vaxtsa qüdrətli Osmanlı dövlətinin iqtisadi-siyasi əsaslarının laxlamasına hamıdan çox sevinən çar Rusiyası idi. Axı bir çox rus çarlarının ən uca arzularının gerçəkləşməsinə – rus imperiyasının sınırlarının isti dənizlərə qədər genişləndirilməsinə hələ heç vaxt belə real tarixi perspektiv yaranmamışdı. Türklərin Dəli Petro adlandırdıqları I Pyotr əmin idi ki, Hindistan (!) zəbt olunmamış Rus imperiyasının tam təhlükəsizliyi haqda danışmaq yersizdir. Rus imperatorunun Osmanlı dövlətinə olan münasibəti təkcə regional rus-türk rəqabətini əks etdirmirdi. Rusiyanın əsas dini təriqəti olan pravoslavlıq bu şimal ölkəsinə Bizansdan gəldiyindən, onun bir sıra tarixi-dini sənədlərində Konstantinopol bu günə qədər “Çarqrad”-“Şahşəhər” adlanır və bütün pravoslav dünyasının mənəvi paytaxtı kimi böyük hörmətlə anılır.
1453-cü ildə Konstantinopolun osmanlılar tərəfindən fəth edilməsi bütün pravoslav aləminə, ən başlıcası isə özünü bu aləmin mənəvi atası və hamisi sayan rus taxt-tacına ağır mənəvi zərbə endirdi. Rus çarları bununla heç cürə barışa bilmirdilər. Müdrik I Pyotr erməni faktorunun tələb olunan zaman həm Kiçik Asiya və Yaxın Şərqdə, həm də Qafqazda daxili sabitliyi pozacaq bir vasitəyə çevriləcəyini yəqin etmişdi. Məhz buna görə də 10 noyabr 1724-cü ildə imzaladığı tarixi fərmanla o, rus taxt-tacının dünya ermənilərinin hamisi və havadarı olmasını rəsmiləşdirdi. Başqa sözlə, məhz həmin gündən erməni faktoru rus imperiyasının regional siyasətində rahat bir alətə çevrildi ki, bədnam “erməni məsələsi” də öz genetik kökləri ilə məhz bu tarixi fərmana bağlanır. Amerikalı tarixçilər C. və K.Makkartilərin “Türklər və ermənilər” adlı tədqiqat əsərindən bir sitata diqqət yetirək:
“Birinci erməni-türk konflikti rus ekspansiyasının nəticəsində baş verdi, sonuncu qarşıdurma isə I Dünya müharibəsi zamanı yenə də rus ekspansiyası nəticəsində hasil oldu. Osmanlı torpaqlarında Rusiyanın maraqlarını nəzərə alarkən belə bir qanuni sual doğur: bütün bünlar sadəcə bir təsadüfdürmü?
Rus – erməni, Türk – erməni münasibərlərini Rusiyanın geosiyasi maraqları kontekstindən təcrid etmək düzgün deyil.”
Məhz bu fərmandan ilham alan rus hərbi təlimatçılarının rəhbərləri I Dünya savaşı ərəfəsində erməni ticarət burjuaziyasının maliyyə yardımı ilə zinvorlar-nizami erməni silahlı qüvvələri yaratmağa müvəffəq oldular. Onlar Rusiya və İngiltərə istehsalı olan tüfənglər, pulemyotlar, hətta toplarla silahlandırılmışdılar. Birinci Dünya savaşının qızğın çağında belə bir mənzərəni təsəvvür edin:
Fransa və İtaliya Türkiyənin qərb vilayətlərinə qoşun yeridir, Yunanıstan İzmiri, İngiltərə isə İstanbulu zəbt edir. Türkiyə tarixinin bu ağır, həlledici dönəmində Rusiya da ona qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlayır. Fürsətdən istifadə edən zinvorlar onlar üçün də tarixi məqamın yetişdiyinə əmin olaraq, türk dövlətinə arxadan ağır zərbələr endirməyə başladılar – kişi əhalisi hərbi səfərbərliyə cəlb olunmuş, sakinlərindən yalnız qadınlar, qocalar və uşaqlar qalmış türk kəndlərini biri-birinin ardınca oda qalayıb, heç bir günahı olmayan mülki müsəlman əhalisini qadın-uşaq demədən qəddarcasına qətlə yetirdilər. Bununla zinvorlar rus ordusunun yürüş yolunu təmizləyir, rusların qələbəsindən sonra yerli müsəlman əhalisi məhv edilmiş bu ərazilərdə erməni dövləti qurmaq xülyası ilə misli görünməmiş vəhşiliklərə əl atır – süngülərlə hamilə qadınların qarnını yarır, uşaqların kəsilmiş başlarını süngülərə keçirir, insanları diri-diri yandırırdılar.
Bu qırğınların qarısını almaq üçün ön cəbhədən nizami qoşunların bir hissəsi geri çağırılır. Onların hücumu qarşısında aciz qalan zinvorlar qaçmağa məcbur olurlar. Yeni təxribatların qarşısını almaq üçün Rusiya ilə həmsərhəd olan Şimal vilayətlərindən erməni əhalisi ölkənin cənubuna, hərbi əməliyyatların getmədiyi bölgələrə köçürülür. Beləliklə, silahlı toqquşmalar nəticəsində, köçürmə prosesində, müharibə dövrü üçün səciyyəvi olan məhrumiyyətlərlə, epidemiyalarla bağlı müəyyən itkilər baş vermiş oldu. Amma bu itkilərin ümumi sayı indi ermənilərin həyasızcasına təqdim etdiyi 3 milyon deyildi, ola da bilməzdi. Çünki o dövrdə Türkiyə və Rusiya ərazilərində yaşayan erməni əhalisinin ümumi sayı heç bir milyona çatmamışdı.
Müsəlman tərəfinin, yəni türk, kürd, çərkəz və s. İtkilərinin sayı qarşı tərəflə müqayisə olunmaz dərəcədə çox idi. Budurmu “erməni genosidi?” Saxta soyqırım haqdakı mifin belə uzunömürlü olmasının bir neçə səbəbi var. İlk növbədə bu mif bir sıra dövlətlərin əlində bu gün də Türkiyəyə qarşı tutarlı təzyiq vasitəsidir. Məsələn, hər dəfə Türkiyənin Avropa Birliyinə qəbulu məsələsi gündəmə gələr-gəlməz, dərhal uydurma soyqırımı rəsmən tanımaq tələbi irəli sürülürdü. İkinci səbəb ondan ibarətdir ki, ötən 90 il ərzində genosid mifi “millətin atalarının” səyi ilə yaxşı gəlir gətirən biznesə çevrilib. Hər il bu naqis ideyanın təbliği üçün dünyadakı erməni icmalarından məcburi şəkildə vəsait yığılır ki, onun da böyük bir hissəsi bu işdən qazanc götürən siyasətbazların ciblərinə girir. Bu məsələdə Türkiyənin lazımi fəallıq göstərməməsi də dolayısı ilə yalan və böhtan üzərində qurulmuş erməni təbliğatının geniş yayılmasına şərait yaratmış olur. Son vaxtlar isə adını çəkdiyim ingilis alimi Andreo Manqonun dili ilə desək, ermənilərin saxta soyqırım haqda qaldırdığı geniş miqyaslı qalmaqal Qarabağın işğal olunmasında işğalçılar və onların havadarları üçün yayındırıcı manevrə çevrildi.
Qeyd etmək lazımdır ki, ermənilərin Qarabağda törətdiyi qəddar etnik təmizləmənin real nəticələri saxta teleqramlarda deyil, Azərbaycan diplomatiyasının səyi ilə BMT-nin, AŞPA-nın rəsmi sənədlərində əks olunaraq tarixə düşüb.
XX əsrin əvvəllərində təpədən dırnağa qədər İngiltərə, Rusiya, Almaniya istehsalı olan hərbi sursatlarla silahlanmış mütəşəkkil erməni quldur dəstələrinin bizlərə – silahsız, köməksiz, dinc Azərbaycan əhalisinə qarşı törətdikləri kütləvi soyqırım aksiyalarının 110 ili tamam olur. Qanlı erməni irticasının, onu ört-basdır etmək cəhdləri ilə müşayiət olunan bütövlükdə yalan, böhtan, iftira üzərində qurulmuş fitnəkar erməni təbliğatının mahiyyəti biz azərbaycanlılara, Azərbaycanda yaşayan digər millətlərə çox yaxşı məlumdur.
Gec də olsa erməni təbliğatının iç üzünü artıq dünya ictimaiyyəti də anlamaqdadır.

Bu məqaləni ABŞ-ın yəhudi icmalarının sədrinin sözləri ilə bitirmək istərdim:
– Bəşər tarixi yalnız bir genosidin – yəhudi genosidinin şahididir… amma biz heç vaxt xalqımızın fəlakətlərindən ucuz məzhəkələr yaratmaq fikrində olmamışıq.
Çünki, biz məğrur xalqıq!

24.02.2007, BAKI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.