Ana səhifə BAŞ YAZI Fəxri MÜSLÜM. ŞAİQ VƏLİyə

Fəxri MÜSLÜM. ŞAİQ VƏLİyə

Müəllif: Bizim Yazı
175 baxış

Sənin cismani varlığına ağrımadım,
Ağrıdım, ruhuna ağrıdım, ruhuna.
Əski davranışına,
yerini boş qoyduğun
əski türk(çü)lüyünə ağrıdım, qardaşım,
türk(çü)lüyünə.
Sarışın buğda zəmiləri kimi telinə
Sapsarı qantəpər çiçəyi kimi solmuş üzünə,
sifətinə ağrıdım sifətinə…

 

Cod danışığına, söhbətinə,
comərdliyinə, mərdliyinə
və bir də
şaman duaları üstə şeir deməyinə ağrıdım,
şeir deməyinə…
Şəhər adamlarına qarşı
köylü məhəbbətinə ağrıdım, məhəbbətinə…
Dədə Qorqud dastanı üstə yüklənmiş dilinə,
İçində qərib-qərib gəzdirdiyin
və son nəfəsində
Gözlərinin ağında, qarasında
axirət dünyasına apardığın
əsir düşmüş
və səndə yurd olmuş bir dünyaya,
elinə ağrıdım, elinə.
Sənin cismani varlığına ağrımadım, qardaş,
Səma mələklərindən sənə göndərilmiş
və şeir üstə köklənmiş ruha ağrıdım, ruha.
Ağrının özünə ağrımaq başqadır, qardaşım,
və mən, bu ağrıya,
bu aha ağrıdım, bu aha.
Çünki heç kimdə olmayan bir ruh vardı səndə,
biz öldürdüymüz,
çarmıxa çəkdiyimiz, oxa tutduğumuz
ürəyində, könlündə, sinəndə
bu ruhu
təkcə sən gəzdirib,
sən yaşada bilərdin Şaiq Vəli, təkcə sən…
09.02.2013

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.