Ana səhifə YAZILAR Fəxrəddin ƏSƏD. ŞEİRLƏR

Fəxrəddin ƏSƏD. ŞEİRLƏR

Müəllif: Bizim Yazı
893 baxış

***
çalınır asta asta
könlüm deyən ud olub
qaranlığın içində
vaxt zaman unudulub

saatlar anlar ötür
uzanıb keçir gecə
sənsiz pəncərə altda
bu gecə bir işgəncə

 

fikirlər at kimidi
əlimdən çıxıb yüyən
hər an ötən qatardı
mən gecikmişəm deyən

***
mən elə bildim sən varsan
sən varsan var mənim dünyam
mən elə bildim elə bildim
varsansa var məni duyan

mən elə bildim sən varsan
ləkəsizdir demək göylər
istəsən səhra yaranar
istəsən əsər küləklər

hələ də yollara baxıb
mən elə bildim sən varsan
nədən özümü aldatdım
varsan da axı hardasan

belə olur yolun sonu
sonda belə olur ancaq
sən gedən yola baxmışam
əllərim indi uçacaq

***
qərib-qərib dolanır
ay pəncərəmdə
himə bənddi çığırsın
sirli süküt hücrəmdə

bu gün acı nəsə var
var ağzımın tamında
səndən xəbər çıxmadı
gülüm gün batımında

ay solur yavaş-yavaş
solur susuz çiçəklər
rüzgar qurda dönübdür
ağzında qanlı köynək

***
sümüyə düşən olsun
bir hava çal tarçalan
ocaqçı şagirdi tək
sən orda az qurcalan

ürək deyir dur bağır
çöldə qardı çovğundu
sanki pəncərəm altda
kimsə birdən uğundu

saatlar ötüb keçir
haraylayım mən kimi
sönüb gedir arzular
nöyüt lampası kimi

***
günlərim yalqızlıq içində keçirkən gəldin
fit səsinə oxşayırdım
uzaq üfüqlərdə
nöqtəyə dəyib qayıdan
bütün olan olmazlar vecimə deyil artıq
tənha çiçəyi xatırladırsan
kol içində süslənirkən daha çox
havalar əvvəlki tək kövrək burada
unutdunmu unuduldummu
xoşbəxtsənmi soracaqdım
sevə bildinmi barı
yuxularım günlərim tək yeknəsək
qaranlıqda işıldaquşa dönən
xatirələri saymasaq
anlatamam
anlada bilsəydim
gecələr otağımdakı sənli qoxunu
bir də ağrılarımı
infark kimi gizlin

***
nar bağı sərçə səsiylə dolub
barmaqlıq arasından
əl çatacaq qədər yaxın pəncərən
gecədən yağan qar
xumar xumar
pəncərən röyadamı oyaqmı
pərdələr qar dənəcikləri tək kövrək
barmaqlıqdanmı yapışım
pərdədənmi tutum
mən həp sevdiklərimə
əllərimi barmaqlıq arasından uzatdım

***
gözlərimi qapadınca
parlayan günəşi
sevdiyim rəngləri
səni görürəm
görürəm gümüşü çaylar axır
gedər gəlməzlərə yollar uzanır
əlim çatmır ipək telini darayım
fələk hökm edir baxa baxa qarıyım
hökm edir Şuşa dağlarında əcinnələr
dillərində bzim ninnilər
əllərində ud qopuz
beləmi ömür ucuz
beləmi xarı bülbül
yad nəfəsinə açılan gül

***
bu gün yanvarın iyirmi üçü
qar əriyir
könlümün hikkəsi külək kimi kiriyir
dəhlizin qapısı aralı
mən burda bir dərvişəm
könlüm səndən aralı
həkimin otağına buradan üç addım
həmişəki kimi sonuncudur adım
gözlə deyirlər az qalıb az
ürəyimin dayanmasına lap az

***
sal daşlaramı dəyib çilikləndi
dalğalarmı batırdı
öncə qadınlar və uşaqlar deyən çayçının
boğulurdu səsi
ala gözlərində
batan gəminin qüssəsi

***
qara çərçivəli bəyaz kətan
fələk ölçümü götürür
mən klassik biçimdəyəm
üç pərdəli tamaşadı
vaxt zaman məkan

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.