Ana səhifə BAŞ YAZI Elşən Əzim: “Ədəbi mühitdə paytaxt və əyalət fərqi hələ də hiss olunmaqdadır”

Elşən Əzim: “Ədəbi mühitdə paytaxt və əyalət fərqi hələ də hiss olunmaqdadır”

Müəllif: Bizim Yazı
170 baxış

Mingəçevirdə yaşayan şair-publisist Elşən Əzimin “GündəlikTELEQRAF”ın əməkdaşı ilə söhbətini təqdim edirik:

– Elşən bəy, dünən (-14.08.2012) Sizin aparıcılığınızla Mingəçevir və qonşu bölgələrin yazarları ilə görüş keçirildi. İstərdim həm bu görüş, həm də sizin başçılığınızla mərkəzi Mingəçevir olmaqla təsis olunan Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Aran bölgə təşkilatı barədə fikirlərinizi bölüşəsiniz.
– Mingəçevirdə görüş yüksək  səviyyədə təşkil olunmuşdu. Şəhər İcra Hakimiyyəti tədbirin təşkilində bizə yardımçı oldu. Mingəçevirdən və ətraf bölgələrdən dəvət olunmuş yazarlar görüşdə fəal iştirak etdilər. Görüşdə Dünya Gənc Türk Yazarlar Bilriyinin başqanı Əkbər Qoşalı çıxış edərək layihənin məqsədi və məramı barədə məlumat verdi. Yerli yazarlar da bu görüşü yüksək dəyərləndirdilər və yeni şeirlərini oxudular, müxtəlif təkliflərlə çıxış etdilər. Mingəçevirdə və ətraf bölgələrdə istedadlı gənclərin yaşadıqlarını nəzərə alıb iki il öncə Əkbər Qoşalıya bölgədə DGTYB-nin Aran bölməsinin açılması ilə bağlı müraciət etmişdim və təşkilat komitəsi yaratmışdıq. İndi bu bölmənin açılması  ümid edirəm ki, bölgə gənclərinin təbliğatında mühüm rol oynayacaq. Təəssüf ki, ədəbi mühitdə paytaxt və əyalət fərqi hələ də hiss olunmaqdadır. Kütləvi informasiya vasitələrinin inretnetin mövcud olduğu bir dönəmdə əyalətdə yaşayan gənclərin təbliğatdan kənarda qalması yaxşı hal deyil. Doğrudur bu işdə gənclərin özü də fəal olmalıdır. Ancaq təşkilatı  dəstəyin də önəmi böyükdür. AYB-nin bir sıra bölgələrdə filialları fəaliyyət göstərsə də region yazarlarından az bir qismi prezident təqaüdü alır. Onlar da yalnız AYB-nin filial sədrləridir. Çalışacağıq ki, bu problemlərin də çözümündə gənclərı dəstək olaq.

– Siz eyni zamanda “Söz odası” qəzetinin təsisçisisiniz, – maraqlıdır Mingəçevir və bölgə yazarları nə ilə  nəfəs alır, yaradıcılıqlarındakı özəl və ümumi  cəhətlər hansılardır?
– “Söz odası” qəzeti faliyyətə başladığı gündən region yazarlarnın probleləri ilə maraqlanır. Bir çox bölgələrdə  AYB filiallarının fəaliyyəti ilə tanış olmağa cəhd etdik, ancaq bəzi məqamlarda fəaliyyətsizliyin şahidi olduq. Qəzetimizdə müxtəlif bölgələrdən olan istedadlı gənclərin yazıları dərc olunur. Eyni zamanda paytaxtda yaşayan dostlarımızla da yaradıcı əlaqələrimiz var. Mingəçevirdəki yazarlar haqqında əsasən onu deyə bilərəm ki, bu yazarların da bir çox qayğıları vardır. Xüsusən də  üzvləri dövlətimizin yazarlara göstərdiyi diqqət və qayğıdan kənarda qaldıqlarını vurğulayırlar. Biz də qəzetimizdə bu problemlərin işıqlandırılmasına çalışırıq. Təəssüf ki, bu missiyamız çoxlarına xoş gəlmir.

– Elşən bəy, bu gün siz tədbirdə “Qıfıl” şeirinizi səsləndirdiniz. Şeirin yaranma səbəbi barədə məlumat verərdiniz
– Şeirin yaranma məqamı çox maraqlı və ağrılıdır. Bu şeiri yazmamışdan bir qədər öncə sevimli alimimiz Rüstəm Kamal mənə bu mövzuda bir şeir yazmağı təklif etmişdi. Ancaq uzun müddət bu şeiri yaza bilmədim. Bir gün evdə hansısa bir sənədi axtaranda əlimə Kəlbəcərdən gətirdiyimiz açarlar keçdi. Bu açarlar təbii ki, orada qalan evimizin, həyətmizin açarları idi. Sonradan bu şeir bir çox ədəbiyyat adamaları tərəfindən yüksək qiymətləndirildi. Hətta haqqında yazılar da yazıldı…

Sizcə, qarşıdan gələn Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayından bölgə yazarları nə gözləyir?
– Bölğə yazarlarının problemləri qeyd etdiyimiz kimi böyükdür. Xüsusən də AYB filiallarının fəaliyyətsizliyi barədə olan narazılıqlar səngimək bilmir. Biz istərdik ki, bu qurultayadan sonra filiallara diqqət və qayğı artsın. Və bu qayğıdan yalnız filial sədrləri yox , eyni zamanda digər yazarlar da yararlansın.
Elşən bəy, bayaq “Qıfıl” şeirindən söz açdınız. Bir daha o mövzuya qayıtmaq istərdim. Kəlbəcərsiz Kəlbəcərli yazarın duyğu və düşüncələri, Kəlbəcər həsrəti və Kəlbəcər ümidi barədə nə deyərdi?
– Kəlbəcər folklor ənənələrini özündə cəmləşdirən bir məkan idi. Xüsusən də aşıq poeziyası ənənəsi bu bölgədə geniş yayılmışdır. Elə buna görə də işğal olan rayonlarımız arasında haqqında ən çox şeir yazılanı bəlkə də Kəlbəcərdir. Elə təkcə onu deməyə əsas verir ki, kəlbəcərli yazarlar vətən nisgilini ürəyində qədər ədəbiyyata da gətirir. Bəlkə də Kəlbəcərdə yaşasaydım yaradıcılığım bundan daha da güclü olardı. Çünki o torpağın, o ruhun daşıyıcısı olmaq oradan uzaqda o qədər də asan deyil. Biz torpaqlarımızı itirməklə yalnız vətən itkisinə məruz qalmadıq. Həm də bütöv bir elin genefondu, adət və ənənələri itib batmaqdadır. Məmməd Aslan demişkən “O Kəlbəcər qayıtmaz… qayıtsa yüz Kəlbəcər”.

– Siz yeni nəsil Azərbaycan aşıqlarının bir neçəsi haqqında portret oçerklərinin müəlifisiz. Aşıq poeziyasının və sənətinin bu günə olan durumu və inkişafı haqqında bir neçə kəlimə deməyinizi xahiş edərdim.
–  Qoşma həmişə təzədir. Mən ən yeni tapıntılarımı qoşma ilə demişəm. Ədəbiyyatımızda qoşmanın həmişə gündəmdə olması bu dediklərimizi təstiq edir. Bu gündə çağdaş şairlərimizin böyük əksəriyyəti sözünü heca vəznində, qoşmada deyir. Mənim yaradıcılığımda modern şeirlər də var. Xüsusən də 2000-ci illərin əvvəllərində mən də modernizmə meyl etməyə başladım. Ancaq sonralar dərk etdim ki ən yeni fikri belə əlahəzrət qoşma ilə ifadə etmək mümmkündür. Yeni nəsil aşıqlarından çoxunu şəxsən tanıyıram. Bir qismininisə televiziya ilə izləyirəm. Bu gün gənclər arasında istedadlı saz ifaçıları və aşıqlar az deyil. Bunlardan İlham Astanbəylini, Aşıq Elburusu, Aşıq Şöhrəti xüsusi vurğulamaq olar. Təəssüf ki aşıqların bir qismində savadsızlıq müşahidə olunur. Xüsusən də şeir zövqünün məhdud olması aşıqlarımızın ən böyük problemidir. Bir də görürsən ki, aşıq televiziyada çıxış edir, ancaq elə biarbirçi şeir oxuyur ki, adamın gülməyi gəlir. Belə olduğu halda aşığı itellektual gəncliyə necə sevdirmək olar? Dövrümüzdə aşıq sənətinin təbliğatı ilə bağlı heç bir problem yoxdur. Bu sahədə dövlətimizin və Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr kifayət qədərdir. Ən böyük problem isə aşıq sənətində yerlibazlığın olmasıdır. Nədənsə təbliğ olunan aşıqların hamısı eyni zonadandır.  Aşıqlar elin içində yaşayan insanlardır. Yaxşı olardı ki, istedadlı gənclərin əyalətlərdə axtarılması və üzə çıxarılması yönümündə işlər görülsün.

– Bir neçə gündü bölgələrdə olduğumuz tədbirlərdə gənclər öz yaradıcılıqlarının təbliğatənın zəif olmasından şikayət edib və intenetə çıxışlarının olmadıqlarını deyirdilər. Sizcə bu problemi gənclərin özündə axtarmaq lazımdı, yoxsa..?
– Mingəçevirdə olan gənclərin bu məsələ ilə bağlı ciddi problemləri yoxdur. Hətta mən deyərdim ki, internetlə daha çox maraqlanırlar və aktiv istifadəçilərə çevriliblər. Bu da bəzi hallarda mətbuata və kitaba olan marağı azaldır. Daha doğrusu sosial şəbəkələrdə şeir payılaşmaqla təbliğatlarını bitmiş hesab edirlər. Ciddi ədəbiyyat portallarından, saytlarından isə demək olar ki, xəbərsizdilər. Buna görə də mən gənclərimizin məşhur internet saytlarında çap olunmasına da dəstək oluram. Özüm fəal internet istifadəçisiyəm və ümumiyyətlə hesab edirəm ki, müasir yazar üçün istedadla yanaşı intellektin də böyük əhəmiyyəti var. O ki, qaldı bəzi bölgələrdə olan gənclərin internetdən istifadə edə bilməməsinə görünür həmin bölgələrdə internet sürətinin zəif olması və gənclərin bu yönümdə olan bilgilərinin az olması bu prər. Bir  poblemləri yaradır. Bir çox gənclər isə internetdən yalnız əyləncə üçün istifadə edir. Bir dəfə ədəbiyyat müəllimlərinin toplaşdığı bir tədbirdə hansı ədəbiyyat portallarını tanıdıqlarını soruşdum v bu sahədə məlumatsız olduqlarını gördüm. Nəinki, internet saytlarını tanımırlar heç vaxtilə abunəçsisi olduqları “Azərbaycan” və “Ulduz” jurnallarının da bu gün çap olunduğunu bilmirlər. Və bu da bir ortaya bir sıra problemləri çıxardır. Ədəbiyyat müəllimlərimiz hələ də söz sənətinə sovet ideologiyası prizmasından yanaşırlar. Müasir ədəbiyyatın istiqamətindən tamamilə xəbərsizdilər. Hətta Azərbaycanda bu gün ddi ədəbiyyatın  yaranmadığını belə iddia edilər. Halbuki dövrümüzdə elə əsərlər yazılır ki, bu əgər ötən əsrin 80-ci illərində yaransaydı ədəbi hadisə hesab olunardı. Yaxşı olardı ki, kütləvi informasiya vasitələrində, xüsusən də televiziyalarda ədəbi-bədii dərgilər, internet saytları reklam olunsun. Əgər belə olsa sözü gedən problemlərin çözümünə qismən də olsa nail olmuş olarıq.

– Mingəçevirdə kitab nəşrinin və kitab dükanalrının vəziyyəti nə yerdədir?
– Mən hesab edirəm ki ana dilinin ən böyük abidəsi, sözdür, kitablardır. Mingəçevirdə kitabxanaların fəaliyyəti qənaətbəxşdir. 90-cı illərin əvvəllərinə qədər şəhərdə bir neçə kitab dükanı vardı. Sonralar isə bu obyektlərin fəalliyyəti dayandırıldı. Demək olar ki, şəhərdə kitab maqazini yoxdur. Belə bir dükanı açmağa marağı olan adam da tapmaq çətindir. Çünki kitab satışı o qədər də sərfəli ticarət deyil. Düşünürəm ki, kitab dükanları açılsa, kitaba maraq da artar.
Eyni zamanda yerli yazarlar kitabları nəşr olunur. Bu kitabalar arasında da maraqlı ədəbi münunələr a zd deyil. Bölgədə olan nəşriyyatlarda qiymətlər də bakıya nisbətən bahadır, kitabın tərtibatı da o qədər nəfis şəkildə olmur. Buna görə də yazarlarımız kitablarını Bakıda çap etdirməyə üstünlük verirlər.

Könül Səid

(Qaynaq: “GündəlikTELEQRAF” qəzeti/16.08.2012, səhifə-14)

***

Elşən ƏZİMin “QİFİL” şeirini “BizimYAZİ” oxucularına təqdim edirik:

Bizimlə bir dəstə açar gəlibdi,
Məhlənin açarı, evin açarı.
Kefim qıfıllanıb üzümə mənim,
Qalıb evimizdə kefin açarı.

İnadım əyilib, vüqarım sınıb,
O da qalaq-qalaq il altındadı.
Bilirəm, qapımız o vaxtdan yanıb,
Qıfıl bir kalafa kül altındadı.

O qıfıl gül açar günün birində,
Sükutun içində çürüyür, itir.
Onun torpaq dolmuş açar yerində,
Hər bahar bir həsrət çiçəyi bitir.

Qapılar görmüşəm, o vaxtdan bəri
Bu dərdin işığı içəri düşmür.
İndi mən neyləyim ayrı qapıya
Bizim qapımızın açarı düşmür.

Hayana üz tutdum qıfıl göyərdi,
Ümid qıfıllıdır, arzu qıfıllı.
Bərəkət qıfıllı, ruzi qıfıllı,
Bu tale, bu qismət, yazı qıfıllı.

Tətiyi qıfıllı silahımızın,
Tətiyi çəkəsi əlim qıfıllı.
“Susuram, başımı saxlamaq üçün”,
Ağzım qıfıllıdır, dilim qıfıllı.

Çaşdımı, tərk etdi oba yurdunu,
Dərdi köç üstünə aşırıb gəldik.
Bizdə ürəyə bax, baba yurdunu
Bir paslı qıfıla tapşırıb gəldik.

Çaylar qayalardan asılı qaldı,
Bulaqlar ağladı, kiridi orda.
Bu boyda həsrətin, bu boyda dərdin
Açarı burdadı, kilidi orda.

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.