Ana səhifə YENİLİKLƏR Elçin Mirzəbəyli AYB-də sükutu pozdu…

Elçin Mirzəbəyli AYB-də sükutu pozdu…

Müəllif: Bizim Yazı
156 baxış

 

Xalq şairi Fikrət Qoca: «Elçin Mirzəbəyli öz poeziyası ilə nəinki təəccübləndirir, hətta insanları yaşamağa, həyatı sevməyə, mübarizəyə səsləyir»

Dünən Yazıçılar Birliyinin NATƏVAN Klubunda şair-publisist, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabının müzakirəsi keçirilib. Xatırladaq ki, «Poz bu sükutu» Elçin Mirzəbəylinin dördüncü kitabıdır. Kitabda onun müxtəlif illərdə yazdığı şeirlər, esselər və publisistik məqalələrdən seçmələr yer alıb. Şairin ilk kitabı olan «İtirilmiş vaxtın adamı» 2002-ci ildə çap olunub. «Poz bu sükutu» kitabına ön sözü ünlü şair Musa Yaqub yazıb.
Müəllifin kitabının təqdimatını giriş sözü ilə AYB-nin gənclər üzrə katibi, «525-ci qəzet»in baş redaktoru, şair-publisist Rəşad Məcid açıb. Rəşad Məcid «Ağdama gedən qatar» şeirinin yazılma tarixçəsini danışıb və qeyd edib ki, Elçin Mirzəbəyli elə şairlərdəndir ki, onun yazdıqları şəxsiyyəti, düşüncələri və həyatı ilə tam uyğunluq təşkil edir. Daha sonra AYB rəsmisi Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabı haqqında qısaca da olsa tədbir iştirakçılarını bilgiləndirib və sözü tənqidçi Əsəd Cahangirə verib. Tənqidçi Əsəd Cahangir şairin şeirləri haqqında tədbirlər iştirakçılarına müfəssəl məlumat verdikdən sonra qeyd etdi ki, Elçin Mirzəbəyli Milli Azadlıq Hərəkatının marşı olan «Azadlıq» marşının müəllifidir: «Azadlıq» marşı ilə yanaşı Elçin Mirzəbəylinin müəllifi olduğu «Dönmərik biz», «İrəli, əsgər», «Ey müqəddəs türk eli» adlı marşlar bu gün də Azərbaycanın Silahlı Qüvvələrində ifa olunur. Bundan başqa o, həm də bir — birindən lirik, gözəl şeirlərin müəllifidir. Müəllif öz yazdığı istər lirik, istərsə də milli — mənəvi yönümlü şeirləri ilə oxucularına həm mənəvi zövq verir, həm də onlara həyat eşqi bəxş edir».
Daha sonra söz AYB — nin katibi, Xalq şairi Fikrət Qocaya verilib. Fikrət Qoca Elçin Mirzəbəyli yaradıcılığı ilə uzun müddətdir tanış olduğunu qeyd edərək indiki zamanda insanları şeirlə təəccübləndirməyin çətin olduğunu deyib. Natiq öz çıxışında deyib ki, Elçin Mirzəbəyli isə öz poeziyası ilə nəinki təəccübləndirir, hətta insanları yaşamağa, həyatı sevməyə, mübarizəyə səsləyir: «Amma məni narahat edən bir məqam da var ki, Elçin Mirzəbəyli son illər nədənsə şeirdən yazmaqdan qaçır, qələmini daha çox publisistikada sınayır. Amma bu da onda gözəl alınır».
AYB katibi, tənqidçi Arif Əmrahoğlu və tənqidçi Bəsti Əlibəyli çıxış edərək «Salam məmləkət» çağırışı ilə yaradıcılıq yollarında addımlayan Elçin Mirzəbəylini həm köhnə, həm də yeni nəslin qəbul etdiyi şair, poeziya və publisistika adamı kimi dəyərləndiriblər.
Daha sonra çıxış edən tanınmış şair Abbas Abdulla Acaloğlu, DGTYB Baş katibi, şairə Rəsmiyyə Sabir, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, «kitabxana.net» saytının rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilli, şair Balayar Sadiq illərdir, əsrlərdir qələm adamlarının haqqında çox düşündüyü, müxtəlif müzakirələrin, mübahisələrin aparıldığı, hərənin haqqında bir fərziyyə irəli sürdüyü, hərənin onu bir cür təsəvvür etdiyi bir qavram olduğunu bildiriblər: «Füzuli «yalqızlıq fənada itməyə bir vasitədir» — deyirdi. Qapısını küləklərdən başqa heç kimin döymədiyi bir insan sonuna kimi yalqızdır, tənhadır. Amma bu günümüzün insanının — maddəyə əsir olan insanın anladığı formada yalqızlıq deyil ki, insan hansısa bir gün çürüyəcək, yox olub torpağa qarışacaq, ilan-çiyanların qəbrdə başına min bir müsibət açacağı hansısa bir insana bağlansın və o, gedəndən sonra yalqızlıq çəksin. Elçin Mirzəbəyli bir şair kimi milli hissləri və düşüncələri öz şeirlərində və esselərində kifayət qədər uğurlu bir şəkildə dilə gətirməyə nail olub. Onun bu fikirləri dilə gətirməsi bir daha göstərir ki, Elçin Mirzəbəyli bu gün ədəbi mühitdə öz dəsti- xətti olan bir şairdir».
Sonda çıxış edən şair Elçin Mirzəbəyli tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib. Təqdimat mərasimi Elçin Mirzəbəylinin «Poz bu sükutu» kitabındakı lirik şerlərdən kiçik parçalar söyləməsi ilə başa çatıb.

OKTAY

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.