Ana səhifə BAŞ YAZI Elçin Hüseynbəyli-50

Elçin Hüseynbəyli-50

Müəllif: Bizim Yazı
1. 379 baxış

Elçin Hüseynbəyli: – “Taleyimə inanıram. Hərdən istəyirəm ki, alnıma yazılanları öyrənim, amma kimdən”?

Yeqzar Cəfərli: – Oxucudan. Özünüz dediyiniz kimi “Əziz, möhtərəm, ağıllı, nadan, dargöz, mehriban, amansız, amma hər şeyi bilməyə can atan oxucu”dan.

Çağdaş ədəbiyyatımızın orta nəslinə mənsub olan Elçin Hüseynbəyli, söz sənətimizi “Rəqs edən oğlan”, “Balıq adam”, “Tut ağacı boyunca”, “İki nəfər üçün oyun”, “Cənab XXI əsr”, “Yovşan qağayılar”, “On üçüncü həvari-141-ci Don Juan”, “Şah Abbas” kimi hekayə və romanları ilə, publisistik məqalələri ilə zənginləşdirmişdir. Elçin Hüseynbəyli yaradıcılığa hekayə ilə başlamışdır. Bu hekayələr onun yaradıcılığının mühüm bir bölümünü təşkil edir. Hekayələrinin əsas mövzusu müəllifin uşaqlıq  dövrünü, Moskvada qaynar tələbəlik illərini, füsunkar kənd həyatının demək olar ki, bütün sahələrini əhatə edir. Onu da qeyd edim ki, bu hekayələri müəllif özünə məxsus sadə, duzlu, məzəli bir dillə, şirin bir Cəbrayıl ləhcəsi ilə qələmə almışdır.

 Hekayələrində C.Məmmədquluzadə, Ə.Haqverdiyev görənəklərini davam etdirən müəllif “Mister Mıx-2”“Keçid dövrünün toyu”, “Boz eşşəyin məktubları” və digər hekayələrin hər birində bu gün üçün çox güncəl olan  bir problemə toxunur. Məhz bir problemə. Çünki, Elçin Hüseynbəylidə ümumiyyətlə təkrar yoxdur. Boz eşşəyin dilindən “Nə  qədər anqırdım səsimə səs verən olmadı”, yaxud “indi heç kəs bizi eşşək yerinə qoymur”– kimi fikirləri düşünürəm ki, daha çox ictimai motivlərə köklənir. Professor Nizaməddin Şəmsizadə yazır: ”Bütün zamanlarda yaradıcılığın ən çətin problemi həqiqəti demək və yazmaq olub”. Bu hekayələri oxuduqca anlaşılır ki, müəllifin söz xəzinəsi olduqca zəngindir. Gözəl təbiət təsvirləri, maraqlı bənzətmələr yaradan yazıçı bir ot tayasına, bir tut ağacına, dastan qoşacaq qədər söz ehtiyatına malikdir.  Öz qələmini bugünki ədəbiyyatımızda çox az təsadüf olunan  bir sıra alleqorik,  detektiv hekayələr və ssenari yazmaqla da sınamış və uğur qazanmışdır. Lakin o, nədən yazırsa-yazsın öz xalqının həyatını yaşayır, xalqın problemini önə çəkir. “Adam balası” ssenarisində sovet yaşam tərzinin eybəcərliklərini, insanları yalnız boş sözlərlə yedizdirən kommunist ideologiyasını tənqid edir.

Elçin Hüseynbəyli bu gün ədəbiyyatımızda çox nadir təsadüf olunan o yazıçılardandır ki, qələmini şəxsi qazanc naminə deyil, əsil sözü, sənəti yaşatmaq üçün işlədir. Şəxsi istəklərini ikinci plana keçirir. Əsil ədəbiyyat üçün yazır. “Küçük” hekayəsindəki “Əşrəf xoşbəxtdir, çünki, Allah verəndən tapıb yeyir- sözləri onun böyük Yaradandan umduğu yeganə istəyidir”.

Elçin Hüseynbəylinin yaradıcılığı ilə məşğul olduğum müddətdə onun yaradıcılığının bir sıra özəlliklərini aydınlaşdırmağa çalışdım. O, təkrarı sevməsə də hekayələrinin çoxunda qaçqınlıq yaşamını, Qarabağ nisgilini ön plana çəkir. Bununla yanaşı torpaqlarımızın azad olunmasına sönməz bir inamı var. Ona görə də əsərlərinin çoxu nikbin sonluqla bitir. Bu hekayələrin əhatə dairəsi olduqca geniş olduğundan biz bütün bunlara ümumi bir nəzər salmağı yetərli sayırıq.

Müəllifin təqdirə layiq cəhətlərindən bir də odur ki, o, bu hekayələri Orta Asiya türklərinin dilinə uyğunlaşdırmasıdır ki, bu da çox vacibdir. Çünki, türk xalqlarının çoxlu ümumi cəhətləri olsa da özünəməxsus cəhətləri də yetərincədir.

Elçin Hüseynbəyli məhsuldar  yazıçıdır. O, bir yazıçı olmasına baxmayaraq Azərbaycan tarixinin həm yeni, həm də əski və orta yüzil dövrünü mükəmməl bilməsi və bundan əsərlərində bacarıqla istifadə etməsi heyrət doğurur. Bütün bunlar  ona imkan verir ki, çağdaşlıqdan keçmişə ekskurs etsin. Məsələn, “Metro vadisi” romanı müasir həyətdan bəhs etsə də müəllif Şirvanşahların tarixinə ekskurs edir və oxuculara Şirvanşahlar tarixinə dair maraqlı bilgilər verir. Bu isə  Elçin Hüseynbəylinin başladığı hər bir işin məsuliyyətini dərindən dərk edən qələm sahibi olmasından irəli gəlir. Təkcə “On üçüncü həvari-141- ci Don Juan” romanını yazarkan həmin dövrün mənbələrinə aid 100-ə  yaxın əsər mütaliə etməsi, hətta bunu yetərli bilməyib, əsərin baş qəhrəmanı olan  Oruc bəyin uşaqlıq dövrünü öyrənmək üçün İrana və fəaliyyətini öyrənmək üçün isə İspaniyaya səyahət etmiş, bu yolçuluğun bütün əzablarına dözmüşdü. Bu gərgin əməyin sonucudur ki, o, müsəlman Kordova dövlətinin və  Səfəvi dövlətinin tarixini həmin dövrü araşdıran ixtisaslı bir tarxçi qədər dərindən bilir. Mən Nizamişünas alim Rüstəm Əliyevin Bakıdan Gəncədəki Nizaminin məqbərəsinə qədərki məsafəni piyada qət edib ölçməsini, Əli Fəhminin S.Ə.Şirvani haqqında monoqrafiya yazarkən dəfələrlə Şirvana gedib şairi yetişdirən təbii mühiti öyrənməsini eşitmişdim. Nəzərindən heç nə qaçmayan Elçin Hüseynbəyli İranda olarkın fürsət düşmüşkən buradakı molla rejiminin eybəcərlikləri ilə tanış olur və bunu cəsarətlə tənqid edir.

Yeri gəlmişkən onu da qeyd edim ki, “On üçüncü həvari-141-ci Don Juan” romanının yazılmasına böyük ehtiyac vardı. Əsəri oxuyana qədər oxucuların yalnız adını eşitdiyi, avropalıların Don Juan adlandırdıqları, əslində isə Bayat qəbiləsindən olan Oruc bəy Bayat 1599-1602-ci illərdə Səfəvi nümayəndə heyətinin tərkibində Rusiya, Almaniya, Çexiya, İtaliya, Fransa, Portuqaliya və nəhayət İspaniyanı gəzib dolaşmış, xristianlığı qəbul etmişdir.  Bu surətin dili ilə müəllif  “şeytan qəlbli, mələk sifətli”,  C. Cabbarlının isə XX əsrin əvvələrində  “ağ çöhrəli, qara vicdanlı qərb. İdraksız bir kütlə, cismani bir duyğu” kimi xarakteriza etdiyi  avropalıların  riyakarlığını açıb göstərir. Vaxtı ilə Boris Yelenaya aludə olub özünü bəlaya düçar etdiyi kimi Oruc bəy də Komandorun arvadı  ilə eşq məcarası yaşamış, öz məhvinə səbəb olmuşdu. “Don Juan” romanı üzərində Elçin Hüseynbəylinin ən böyük xidməti o oldu ki,  o, Oruc bəy haqqında əsil gerçəkliyi xalqa çatdırdı. Əsər çap olunub geniş oxucu kütləsinə təqdim olunana  qədər çox az adam bilirdi ki, Oruc bəy yalnız öz dinindən dönmüşdü, amma vətəninə, dövlətinə xəyanət etməmişdi. O, 1604-ildə çap etdirdiyi və Azərbaycanın tarixi, coğrafiyası haqında qiymətli bilgilərlə zəngin olan  əsəri Qızılbaş tayfalarının hər birinin özəlliklərini, tarixini göstərmək baxımından qiymətli qaynaq sayıla bilir.  Bu əsərində Oruc bəy  Elçin Hüsynbəylinin sözləri ilə desək “Səfəvi şahlarını Babil və Assuriya şahları ilə eyniləşdiriş, İsmayılı isə Yunan ipperiyasının varisi hesab edirdi”.

Elçin Hüseynbəylinin bir özəl xüsusiyyəti odur ki, o, öz oxucusunu təkcə əsəri oxuyaraq həzz almaqla kifayətlənməyə qoymur, onu düşündürür. Və əgər belə demək mümkündürsə oxucunu işlədir. Məsələn “Don Juan” əsərinin çox maraqlı sonluğunda onun Kamandorun daş heykəlininmi, ya başqa bir qüvvə tərəfindən öldürüldüyü və ya heç öldürülməyib sağ qaldığıı bilinmir. Oxucunu intizarda qoymaqla müəllif bu işi onun öhdəsinə buraxır. Bu isə öz növbəsində çağdaş ədəbiyyat üçün məqbul sayılan yeni düşüncə tərzidir.

Nə dərəcədə haqlı olduğumu bilmirəm, amma açıq etiraf edirəm ki, Elçin Hüseynbəylinin çox şaxəli yaradıcılığında ən çox diqqətimi çəkən də məhz bu əsər oldu. Məhz bu əsərində o özünun giley güzarını,  arzu və istəklərini, bu günümüz üçün daha çox güncəl olan ağrılı problemlərimizi daha qabarıq verə bilib. “Şərqlilər qızılı altlarına yığıb saxlayanda, qara torpağa basdıranda qərblilər onu silaha xərcləyirdilər. Silah güc deməkdir”. “Don Juan” romanından bu sətirləri oxuyarkan həyatım boyu heç zaman unutmayacağım bir hadisəni xatırladım.  Bir neçə il əvvəl televiziya kanallarının birində Xocalı faciəsinin ildönümü ilə bağlı bir verilişdə faciə şahidləri danışırdı  ki, Qarabağdakı 366-cı alayın zabitləri bizə yaxınlaşıb, ”biz öz silahlarımızı satırıq və ilk olaraq sizə müraciət edirik”-dedilər. Bizim imkanlılarımızdan  heç kim öz puluna qıymadı.  Ermənilər həmin silahları alıb bizə qarşı çevirdilər”. Nəticəsi də ki, yaxşı məlumdur.

Elçin Hüseynbəyli güclü yumor hissinə malikdir. Demək olar ki, hər əsərində ya bir gülməcədən ya da dövrlə səsləşən, yazdığı əsərin məzmununa, ruhuna uyğun atalar sözündən istifadə edir. Onun bu gün məsəllərə, atalar sözlərinə dönəcək qədər dəyərli olan fikirrləri  vardır: “Adamları öz əməllərinə görə yox, onun nəticəsinə görə mühakimə edirlər”, “İnsan gücünü göstərənə qədərdir, onda hamı ona düşmən olur” və yaxud “İnanclı adamların dedikləri doğru çıxır” və s. Az-çox oxuduğum dini kitablardan əldə etdiyim bilik məni daha çox müəllifin sonuncu fikri ilə razılaşmağa sövq edir. Belə ki, bəzən biz “Bu ruzunu mənim üçün Allah qoyub, heç kim əlimdən ala bilməz”-deyirik. Az sonra həmin ruzunun əlimizdən çıxmağına təəssüflənir və səbəbini əlamətlərdə axtarırıq. Unutmayaq ki, bu fikir inancı möhkəm insanlara aiddir. İmanı zəif olanların əlindən isə şeytan həmin ruzunu çox asanlıqla alıb apara bilir.

Elçin Hüseynbəyli müxtəlif tarixi hadisələri bacarıqla bir biri ilə əlaqələndirir. Məsələn, “Yovşan qağayılar” romanında Mahmudun Qarabağlar kəndinə gəlişi, Kərbalayı İsmayılla görüşü və b. Elə bu əsərində “Hörümçək toru adamı ələ vermir”-ifadəsi ilə zənnimcə   sevimli Peyğəmbərimizin mağarada hörümçək toru vasitəsi ilə xilasına işarə edir. Təkrardan qorxmayaraq qeyd edim ki, yazıçının  əhatə dairəsi olduqca genişdir və bütün bu bənzətmələr, eyhamlar onun  yaradıcılığı üçün adi bir haldır.

Elçin Hüseynbəylinin əsərləri onun  şəxsiyyətini təyin etmək baxımından bir güzgüdür. Çünki, əksər qəhrəmanlarının dili ilə müəllif  özü danışır.  Bu əsərləri  oxuyarkən  onun bütün özəllikləri üzə çıxır. Hətta yazıçının hansı obraza mənfi, hansı obraza isə müsbət münasibət bəsləməsi də aydınlaşır. Onun  əsərlərində həm də dövrün mənfi və müsbət keyfiyyətləri öz əksini tapıb. O, yaşamın, toplumun tələb etdiyi mövzulara müraciət edir. Bu anlamda qələm sahibi öz dövrünün ayinəsi olmalı, dövrünün, zamanın nəbzini tutan əsərlər yazmalıdır. Onun əsərlərinin ən mühüm özəllikləri milli mənəvi dəyərlərimizdə hələ də yetərli qədər boşluqların olması, vətənimizin ikiyə bölünməsi, torpaqlarımızda mənfur ermənilərin at oynatması, dünya dinlərinin ən yaxşısı olan islamın parçalanmasıdır. Öz əsərlərində o, professor  Nizami Cəfərovun təbiri ilə desək ”mənəviyyatın mənzərəsi”ni yarada bilib. Toplumumuzu ağuşuna alıb aparan biganəlik onu ən çox ağrıdan problemlərdəndir. Türk dünyasının tarixinə dərindən bələd olan Elçin Hüseynbəyli  Osmanlı sultanlarının “Qadın düşkünü olan, xristian qadınlarla evlənmək hesabına Aralıq dənizi hövzəsini və ərəbistanın itirilməsinə”, Şah Abbasın Avropaya məktubunda “Xristian dövlətləri arasında ixtilaflar Səfəvi dövlətini sarsıdır”-deməsi,  Şahın xristianları bir olmağa çağırması, hətta xristian kilsələri belə tikməyə icazə verməsi, xristianları kafir hesab edən Səfəvilər bu kafirlərlə din qardaşları olan Osmanlılara qarşı ittifaq bağlamaq üçün var gücü ilə çalışması,  xristian missionerlərinə İranda sərbəst fəaliyyət yaradacağını vəd verməsi “Xaçpərəstlər harda istəsələr torpaq almaqda, ev tikməkdə, alver etməkdə sərbəstdirlər”deməsi müəllifi ən çox təsirləndirən işlərdir. Lakin  Elçin Hüseynbəyli özgə baltalarına sap olan qələm sahiblərinin əksinə olaraq  Şah Abbası , o, nə qədər qəddar və zalım olsa belə özgə millətlərin mühakiməsinə vermir, özü şəxsən mühakimə edir. “Şah Abbas” tarixi romanında müəllif Şah Abbasla özü arasında maraqlı bir məhkəmə qurur. Özü isə müstəntiq rolunda Şahı ittiham edir. Sonda şahın  günahsızlığı sübut olunur, o azad olunur və bugünkü müstəqilliyimizi görüb ürəkdən sevinir. Beləliklə də Elçin Hüseynbəyli zaman-zaman Şah Abbas haqqında söylənilən  böhtanları  alt-üst etdi, onu Azərbaycana qaytara bildi. Onu da qeyd edim ki, baş qəhrəmanın müəllif tərəfindən mühakimə olunaraq həbs edilməsi, daha sonra suçsuzluğu sübut olunaraq azad edilməsi, elə düşünürəm ki, bütün bunlar ədəbiyyatımızda bir yenilikdir.

Voleybol oyununda olduğu kimi topu qarşı tərəfə heç kəsin gözləmədiyi boş yerə atan qazanır.  Elçin Hüseynbəyli də heç kimin gözləmədiyi, yazmadığı mövzulardan yazır ki,  bu mənada o bənzərsizdir və heç kəsi təkrar etmir. Öz yolu, öz cığırı, öz izi olan yazıçıdır. Çağdaş ədəbiyyatımızda Elçin Hüseynbəyli qədər əsərlərində Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan çox az qələm sahibinə rast gəlinir.

Ara-sıra tənqidlərə də məruz qalır. Lakin bütün bunlar onu ruhdan salmır. Düşündüklərini yazır, heç nədən və heç kimdən çəkinmir. Ümumiyyətlə söz Elçin Hüseynbəylidə sərbəstdir. O, ürəyinin səsinə qulaq asır, ürəyi nəyi hökm edirsə onu da yazır. O, bu haqsız tənqidlərə yaradıcılığı ilə cavab verir. Professor Nizami Cəfərovun sözləri ilə desək “Təhqiramiz söz deməklə  insanı yüksəltmək olmaz”. Bu haqsız tənqidlərə cavab verdikcə də özünü təsdiqləyib “Bu mənəm” deyir. Bütün bunlara o, özünün yüksək intelekt səviyyəsi ilə nail olub.

 Elçin Hüseynbəyli  xoşbəxt yazıçıdır. Taleyinə, alın yazısına inanır.  Allahın ona bəxş etdiyini yetərli bilir. “Tarix lotareya bileti deyil ki, gündə adamın baxtına çıxa” və ya ”Xoş taleyi insana tanrı,  yaman taleyi fələk verir və hər iki halda  bu hədiyyə təmənnasızdır”-deyir. Sonda vətənimizin xoşbəxtliyinə, torpaqlarımızın qayıtmasına inqanır. “Qaraçının  qara başı” hekayəsində yazır: ”Torpaqlarımız nə vaxtsa bizə qayıdacaqdı. Biz nəinki Xankəndini və Şuşanı, hətta gözəl Təbrizimizin, uzaq Uyğur vilayətinin də baş kəndinə üç rəngli bayrağımızı taxacağıq”. Biz də sayğıdəyər qələm sahibimizin ürəkdən gələn sözlərinə qoşulub: “Arzuların çin olsun, ustad”-deyirik. Elçin Hüseynbəyli yeni-yeni əsərlər yaratdıqca, yeni-yeni zirvələr fəth etdikcə daha da  sadələşir. ”Bizsə Onun (Allahın) yanında özündən deyən cızmaqaraçılarıq”-deyir. Biz də inanırıq ki, Elçin Hüseynbəyli hələ çox yaşayacaq, yaradacaq, ədəbiyyat xəzinəmizi zənginləşdirəcək və özünə layiq olan bütün ödüllərə sahib olacaq.

Xalq yazıçısı Anar yazır: “Yazıçılıq istedadı alın yazısıdır. Tanrının vergisidir. Bu istedadı kağız üzərində yazıları ilə təsdiq etmək yazıçının özündən asılıdır”. Bir gənc olaraq əlimə qələm alıb az-çox yaradıcılıqla məşğul olandan yazıçılıq sənətinin çətinliyini bütün varlığımla duymuşam. Bu, zəhməti çox, bəhrəsi az olan peşəni qul əməyinə bənzədənlər necə də  haqlıdırlar.

Elçin Hüseynbəyli çox ödüllərə layiq görülüb. Amma mən qələm sahibi üçün ən böyük mükafatı oxucu məhəbbəti hesab edirəm  ki, o, artıq bu məhəbbəti qazanıb. Onu təkcə əhatə erdiyi ədəbi ictimai mühiti deyil, ali məktəb tələbələri, hətta orta məktəb şagirdləri də tanıyır. Hansı  bir qələm sahibinin  bundan da böyük uğur arzulamasını  təsəvür etmirəm.

Elçin Hüseynbəylinin son dərəcə zəngin olan yaradıcılıq yolunu bir neçə səhifəlik bir yazıda izləmək qeyri-mümkündür. Bu yaradıcılıq sanballı bir araşdırmanın mövzusudur. Məhz bu səbəbdən də biz bu əsərləri ayrı-ayrılıqda incələmək fikrindən vaz keçib, müəllifin özü  demiş ”bu yaradıcılığın içində itib-batmayaq”-deyə bu yaradıcılığa ümumi bir nəzər salmaqla  yetərli bildik. Bu zəngin yaradıcılıqla tanış olunca bütün bunları yazıçının bir insan üçün heç də uzun sayılmayacaq 50-illik bir zamanda yaratdığına heyrətlənməyə bilmirsən. Bir bayatıda deyildiyi kimi:

İl var bir günə dəyməz, Gün var min ayə dəyər…

Yeqzar CƏFƏRLİ

You may also like

1 şərh

Bütöv Azərbaycan 2016-05-22 - 21:42

Çox bəyəndiyim yazıçı.. Allah razı olsun

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.