Ana səhifə YAZILAR Yaz havalı iki şeir…

Yaz havalı iki şeir…

Müəllif: Bizim Yazı
775 baxış

Dəmir ÇEŞMƏLİ

(Dəmir Yusifov; 1950-ci ildə Tovuzun Həsənli kəndində doğulub. İxtisasca hüquqşünasdır. Hazırda Qida sənayesi Kollecinin müəllimidir. İndiyədək 4 şeir kitabı gün üzü görüb.)

Demir Cheshmeli

 

MƏNİ

Seli sellənib gözləyir,
Gülü güllənib gözləyir.
Daşı dillənib gözləyir,
Aparın dağlara məni…

Bir gözəlin ahı qalıb,
Ölməyib günahı qalıb.
O dərə, o kaha qalıb,
Aparın dağlara məni.

Zirvədə payı paylanır,
Baharı, yayı paylanır.
İlləri, ayı paylanır,
Aparın dağlara məni.

Yolu yorulub deyəsən,
Suyu durulub deyəsən.
Mənə vurulub deyəsən,
Aparın dağlara məni.

DURNAM DÖNMƏDİ

Üfüqdə görünür getdiyi yollar,
O gedən gedibdi bitdiyi yollar…
Mənzilə yetmədi yetdiyi yollar,
Durnalar qayıtdı… durnam dönmədi.

Durna qatarıyla köçüb getmişdi,
Mənim ürəyimdən keçib getmişdi.
Öz yolunu özü seçib getmişdi,
Durnalar qayıtdı… durnam dönmədi.

Yaxşıya baxmadı yamana düşdü,
Çovğuna, borana, dumana düşdü.
İnamdan şübhəyə – gümana düşdü,
Durnalar qayıtdı… durnam dönmədi.

“Durnalar” mahnısı düşməz dilimnən,
Gözlərim doymadı durna selinnən,
Yəqin bir də dönər Kərkük elinnən,
Durnalar qayıtdı… durnam dönmədi.

Çoxum çoxdan gedib, mən azam indi,
Nə qarlı qışam mən, nə yazam indi,
Yarpağı saralmış payızam indi,
Durnalar qayıtdı… durnam dönmədi.

Aşırım aşdılar, önə gəldilər,
Şaxtadan yayınıb günə gəldilər.
Döndülər gəldilər, yenə gəldilər,
Durnalar qayıtdı… durnam dönmədi…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.