Ana səhifə YAZILAR EBRÜLƏR… EBRÜLƏR…

EBRÜLƏR… EBRÜLƏR…

Müəllif: Bizim Yazı
123 baxış

 

Elçin İSGƏNDƏRZADƏ

TOKAT EBRÜSÜ

Hey Onbeşli, Onbeşli,
Tokatda bir Osman Baş,
Hey Onbeşli, Onbeşli,
Ana dilimiz qardaş.

Hey Onbeşli, Onbeşli,
Tokatda bir durna var, –
qanadlarında təlaş.

Hey Onbeşli, Onbeşli,
Tokatda bir Ana var, –
gözlərində bir cüt yaş.

Hey Onbeşli, Onbeşli,
şanlı Tokat qalası–
divarlarında savaş.

Hey Onbeşli, Onbeşli,
Ballıca mağarası
tarixə dönmüş yaddaş.

Hey Onbeşli, Onbeşli,
Gecə Yaşıl Irmakda,
Ay üzür yavaş-yavaş.
05.08.2011

QIRMIZI EBRÜ

    Rəssam Səma Oğuzhana

Qan-qırmızı çiçəklər
müşki-ənbər qoxuyur.

Çiçəklər arasında
bir quşcığaz oxuyur.

Huşum başımda deyil,
bağışla məni rəssam.

Anam yadıma düşüb
İstanbulda bu axşam.

Xarıbülbül rəsmi çək
Sən mənim şərəfimə.

Könlümü nişan alıb,
gəldim öz hədəfimə.

Könlüm qan içindədi,
söylə, könül neyləsin.

Mən bir qərib şairəm–
Xarıbülbül neyləsin…
07.08.2011

ÖMÜR EBRÜSÜ

İki sevdalı könül –
iki qönçə qızılgül.

Göydə iki ağ bulud –
iştə, iki ağ umud.

İki damla gözyaşı,
iki qədər yoldaşı.

Dənizdə iki dalğa –
könüldə əski qovğa.

İki quş var ağacda,
iki at var yamacda.

Ürəkdə iki dilək,
çiynimdə iki mələk…
09.08.2011

CƏNNƏT EBRÜSÜ

Bir cənnət quşu qonub
yaşıl gül budağına, –

cənnət quşu, apar məni,
apar Tanrı dağına…

Orda boş yuvam qalıb,
ot basmış dağ cığırı…

Dağ başından boylanan
hilal bizi çağırır.

Hilalla halallaşır,
orda qutlu bir şaman.

Orda gümüş sularla
ömrümdən axır zaman…
09.08.2011

NAXIŞLI EBRU

Bir ebrünü xatırladım,
ağ divardan asılmış.

O ebrüdə naxışlarla
“Allah” sözü yazılmış.

Təsbeh dənələritək
çevirirəm günləri.

Açılmır ki, açılmır
taleyin düyünləri.

Mən sevda yollarında
günü-günə caladım.

Sən bəyaz mələyimsən
həm də gözəl cəlladım.
10.08.2011

QÜRBƏT EBRÜSÜ

Qürbətdə gördüm özümü,
yayındırdım gözümü.

O baxdı maddım-maddım,
güya heç tanımadım.

Guya bir yabançıyam,
var get, dili acıyam.

Şuşam alınıb bu gün
Zaman dönüb mənimçün.

Mənim qibləm Şuşadı,
Sınıq qəlbim şüşədi…

08.05.2011

AYRILIQ EBRÜSÜ

Yeddi lalə çəkib rəssam,
bir ebrüdə – yeddi lalə.

Lalələrin ləçəyində
şeh qurumayıb hələ.

Mən sənin yanağında
şeh damlaları gördüm.

Ayrılıq günlərində
sənə bir şeir hördüm.

Ayrılıqla doludu
lalələrin gözləri.

Yadımdan çıxıb indi
O şeirin sözləri.
11.08.2011

EYLÜL EBRÜSÜ

Büllur güldanda üç gül –
ağ, qırmızı və sarı,
payıza lap az qalıb
ömür də yarı.

Büllur güldanda üç gül –
qırmızı, sarı və ağ,
rəssamın qərib ruhu
buralardan çox uzaq.

Büllur güldanda üç gül –
sarı, ağ və qırmızı,
pəncərədən boylanır
qərib bir baxt ulduzu.

Billur güldanda üç gül –
havalandı bu könül…
10.08.2011

GƏNCƏ EBRÜSÜ

Bir gün ayrılanda öz şair xislətimdən,
Gəncədə yaşıl bir çinar olmaq istərdim mən.

Gecələr Ay doğub bədirlənəndə,
aşiqlərin röyasını görərdim mən də.

Röyamda sən ağ qanadlı mələk olardın,
yağmur kimi gələrdin, bulud kimi dolardın.

Mən Gəncədə bir yaşıl çinar olsaydım əgər,
sən də röyamdan çıxıb geri dönsən bir səhər –

Müşki-ənbər qoxusu gələrdi nəfəsindən,
mən mütləq tanıyardım
səni addım səsindən.
14.08.2011

ÜMİD EBRÜSÜ

Ağ duvaqlı buludlar
durnalara əmanət.

Süd qoxulu umudlar
analara əmanət.

Yovşanlı çöllərimiz
ceyranlara əmanət.

Ləpəli göllərimiz
sonalara əmanət.

Könlümüzün ilk ovu
qara gözə əmanət.

Savaşda şəhid olsam
ruhum sizə əmanət.

Hər şeyin başı sözdü –
Şair sözə əmanət…
17.08.2011

AĞ DƏNİZ EBRÜSÜ

Marmaris,  avqust ayı,
Ağ dəniz ağ qağayı.

Dalğalar aşır, daşır,
ləpələr pıçıldaşır.

Avqust axşamı və biz,
Ağ məndildi Ağ dəniz.

Götür gözlərini sil,
hələ ayrılıq deyil…

Sevgi tutub gözümü,
unutmuşam özümü.

Dəniz kimiyəm bu gün
səni sevdiyim üçün.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.