Ana səhifə YAZILAR Giya Paçxataşviliyə açıq məktub

Giya Paçxataşviliyə açıq məktub

Müəllif: Bizim Yazı
856 baxış

Bu şəhər yamanca sənsizləyib, Givi!

GİVİ! Yamanca qəribsəyib dostların səndən yana…
Hər kəsin dilində-ağzındasan. Elə hey dilimiz çaşır, bir-birmizi çağıranda sənin adın gəlir dilimizə. Yerin görünür hər addımda, vallahi. Ay insafsız, bircə dəfə Bakıya gəldin, onda da mən Şəkidəydim. Elə bil acıq verirsən adama, dostluğunu da qram- qram daddırırsan yaxınlarına, əzizlərinə. Givi, bircə dəfə dərdləşmək imkanı düşəndə o fürsəti də elə bil fələk əlimizdən alır… Nə isə, sənə demək istədiklərim çoxdu, lap çox. Sən “dünyanın bir üzü” (Osman əfəndi demiş!) olan insanlardansan, axı.
Şəki-Qax arasındakı məsafəni “dekabr-yanvar məsafəsi” adlandırmaqla boynumuza sözün həqiqi mənasında minnət qoymusan. Elə yaxşı da eləyib qoymusan. Deyir, uman yerdən küsərlər. İnan, Şəkiyə hər yolum düşəndə o andaca “dalağım sancır” ki, Givigilin beşcə addımlığındayıq. Givi xəbər tutsa, umsuna bulər. Necə ola bilər ki, burdan-bura gedib ona – “Dostum Ağ Qunduz”a baş çəkməyəm?! Belə yerdə özümdən yamanca narazılığım var, a qardaş. De, niyə? Axı bundan neçə illər öncə – hələ “Maarifçi” zamanında Gülməmməd mənə deyəndə ki, vaxt-bivaxt işdən çıxırsan, gəl sənə bir maşın alaq, sürməyi öyrən, özün rahat get-gəl işə! Bunun gecəsi var, gündüzü var! – mən yoldaşımın sözünü qəribçiliyə saldım onda. Gülə-gülə qayıtdım ki, birdən rul arxasında şeir yazmağım tutdu, bəs onda kim sürər maşını?!
Beləcə bu məsələ unuduldu, getdi. Daha doğrusu, vaxt-vaxt bu təklifi edirdi Gülməmməd mənə. Mənsə inadımdan dönmürdüm. Düzü, maşından qorxuram. Maşından yox, eyyy! Maşını pis idarə edən naşı sürücülərin qəza yaratmaq təhlükəsindən! Biri rul arxasına sərxoş oturub qəza törədir… Biri maşını nasaz halda idarə edir, qəza törədir… Bir başqasının da rulda ikən birdən-birə şeir yazmağı tutur… (A Givi, vallah, bunu gülmək üçün… bir az eynin açılsın deyə, dedim!)
Sözüm bunda yox, deyirəm, vaxtında bu – az qala “uşaq oyuncağı” qədər adiləşmiş maşını acizlik etməyib sürməyi öyrənsəydim, indi ələbaxımçı olmazdım, həqiqətən də. Bununla heç kəsdən şikayətləndiyim gəlməsin ağlına. Sağ olsunlar doğmalarım, haçan demişəm, bəndənizi maşınlarına oturdub düpbədüz gətiriblər sənin qapına!
Yəqin ki, unutmamısan: 2-3 il bundan əvvəl böyük qardaşım Abbas müəllimdən xahiş etdim, sözümü yerə salmadı. Vüqarı da götürüb gəldik sizə baş çəkməyə. Onda nə Lamara xanım xəstəydi, nə də sənin kefinə soğan doğranmışdı. Bizi görüb o qədər sevinmişdin ki! Tezcə zəng edib, dostlarımız Güllü Əhmədovanı, Nadir Ziyadlını, Məhəmməd Köçkünü hayladın. 15-20 dəqiqəyə özlərini yetirdilər. Şənlik-şənliyə qarışdı…
GİVİ! Yaşadığımız ilin sənin üçün nə qədər məşəqqətli keçdiyini digər dostların kimi, mən də yaxşı bilirəm. Lakin ailə qayğılarım o qədər çoxdur ki, nə illah eləsəm də, Lamaranı götürüb müalicə üçün Tiflisə pənah aparanda gedib orada sizləri yoluxa bilmədik, qardaş. Buna görə, bizi bağışla. Şəkiyə birgünlük son gəlişimdə isə günahlarımı azacıq da olsa yumaq qərarına gəldim…
… Biz Qaxa çatanda axşam saat 7-ni keçmişdi. Zəng elədim. Açdın telefonu. Hər zamankı kimi: “Necəsən, gözəl insan?” – deyə amiranə tərzdə ərkyana dilləndin. “Necə ola bilərik, əla, sizə gəlirik. Yolunuzu bir də mənə söylə!” – dedim. “Yolu nə tez unutmusan?” – iradında haqlı idin, mən sözü göydə tutdum. “Onda qaqaşnan idik, indi Rasim gətirir bizi!” – söylədim. Dedin, Şabalıd ağacının yanına kimi gəlin, orda sarı skamyalar var, özüm bu dəqiqə çıxıram.
Maşın düz sənin bərabərində dayananda, quş kimi süzüb yanımızda qərar tutdun. Əhvallaşdıq, Lamaranı xəbər aldım. Kövrəldiyini hiss etdim, anladım ki, bu barədə danışmaq sənin üçün çətindir. Qapıya çatanadək elə hey təkrarlayırdın: “Sən doğrudan da, Qiymətsən! Bu işi ancaq sən görə bilərdin!”
Həyət darvazasından girən kimi gözüm Lamara xanımı axtarır. Deyirsən, köhnə sənətindən əl çəkmir bu halında da. Anlayıram nə demək istədiyini. Yamanca əməksevərdir sənin can yoldaşın Lamara. Halal olsun! Amma çox zəifləyib, sınıxıb, üzünə demək olmasın (həm də, özünün xəbəri olmasın!)! Dincəlməyə, istirahətə ehtiyacı var. Gərək bundan məhrum etməsin özünü. Usta texnoloqdur, bacarmadığı iş yoxdur, amma, özünə baxmağa da vaxt ayırsa, sənin üçün də yaxşı olar, özü üçün də!
Bunları bir dost istəyi, bacı ərki kimi qəbul etməyini istəyirəm. Bilirəm, sözümdən inciməzsən, çünki bir dəfə yazında yazmışdın ki, mən yeganə adamdır ki, Qiymətin yanında kövrəlib ağlaya bilərəm. Tanrı bundan belə sənə ancaq sevinc göz yaşları nəsib eləsin, qardaşım, mənim AĞ QUNDUZUM! Bilirəm, bu sözdən ötrü ürəyin gedir, ona görə tez-tez səsləndirirəm.
Sənin süfrəndə daddığımız qəhvənin ətri də bir ayrı cürüydü, eyyy! Hələ həyətindəki hər biri sərçə yumurtası iriliyində dadlı zoğalları demirəm! Mən adətən zoğalı xoşlamasam da, sizin zoğal ağaclarınızın meyvələrindən ötrü ürəyim getdi. Lamara ilə söz verdiniz ki, payızda mənim üçün bu ağaclardan çilingi basdıracaqsınız torpağa. Bax, unutmayasan, haa, Givi! Çünki mən də əvəzində boyun oldum ki, gələcəkdə o ağaclar Zabratdakı həyətimizdə bar verəndə öz əlimlə dərib sənin üçün zoğal mürəbbəsi bişirəcəyəm. Allah niyyətimizi versin, deyərlər bu yerdə.
Niyyətimiz dedim, həyətinizdəki “Niyyət küpü” düşdü yadıma, a Givi. Bizi onun yanına aparıb, “Hərəniz ürəyinizdə niyyət tutun”, – dedin. Öncə Rasim çöməltmə oturdu küpün baş tərəfində. Sonra növbə bacım Sevil xanıma çatdı. Sonda isə mən niyyətimi pıçıldadım o küpə. İndi demirəm sənə nə niyyət eləmişəm, inşallah, arzumuz çin olanda deyəcəyəm, sən də biləcəksən. Allah imkan versin, salamatçılıq olsun, niyyətimiz yerinə yetsin, gələn il bir də yığışaq o küpün başına.
Hələliksə, əlimizdə-ovcumuzda olan birlikdə çəkdirdiyimiz şəkillərlə baş-başayıq. Sənin Bakıya dönməyinin vaxtı Lamaraya bağlıdır. Allah nicatını versin. Tanrı yolunuzu açıq eləsin. Bilirəm, sənin də bizlərdən ötrü burnunun ucu göynəyir. Axı, özünün də dediyin kimi: “Kimin ürəyi darıxmaz ki, ata ocağından ötrü!?” Sən Gülməmmədlə mənim isti ocağımızı özünə ata evi bilirsən. Ata ocağında görüşənədək! Niyyətin qəbul olsun, bizim GİVİ!

Söz ardı:
…Darvazadan çıxıb bizi yola salanda da, “bizə əl elə, şəklini çəkim”, – dedim. Əlini qaldırdın, yenə kövrəldiyini gördüm. Ürəyim qubar elədi. Həmişə dediyini xatırladım: “İndi neyləyim mən yetim?” Deyir, yetimə “can-can” deyən çox olar… Sən yetimin həqiqətən də dost nəvazişinə, arxadaş sevgisinə indi hər zamankından daha çox ehtiyacın var. Dostlarına üz tuturam: Bizim və Sizin Givini tək qoymayın, əfəndilər! Allah da sizi tək qoymaz!…

Qiymət MƏHƏRRƏMLİ,
Bakı-Şəki-Qax-Bakı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.