Ana səhifə YAZILAR Dilimizdə zaman dilimləri ilə bağlı işlənmiş bəzi terminlər barədə

Dilimizdə zaman dilimləri ilə bağlı işlənmiş bəzi terminlər barədə

Müəllif: Bizim Yazı
826 baxış

Bir qayda olaraq, istənilən xalqın terminoloji bazasının zənginləşməsində istehsalat prosesinin genişlənməsi, ictimai – iqtisadi həyatın, elmin inkişafı həmişə həlledici amil olub. Dilçi alim Sayalı Sadıqovanın fikrincə, istehsalatın inkişafı yeni – yeni əmək alətlərinin yaradılması və müntəzəm olaraq təkmilləşdirilməsi zərurətini yaradır. Yeni yaradılan və təkmilləşdirilən modellər onların adlandırılmasından doğan ehtiyac zəminində hər bir dilin ayrı – ayrı leksik laylarının inkişafına səbəb olur.
Alim bildirir ki, Azərbaycan türkcəsində terminologiyanın təşəkkülü və inkişaf tarixi qə-dimdir. Tədqiqatçıların müəyyənləşdirdiklərinə görə hələ Eneolit dövründə Azərbaycanda kənd təsərrüfatı, əkinçilik, maldarlıq kimi sahələr aparıcı sahələr olmaqla, onun iqtisadi həyatının əsasını təşkil etmişdir. Bu dövr Azərbaycan mədəniyyətinin inkişaf tarixi baxımından bir sıra əlamətdar xüsusiyyətləri ilə diqqəti çəkir.
Dilçi alim K.M.Musayevn yazdığına görə, söhbət terminologiyadan gedəndə bir çox mütəxəssislər ilk növbədə yazılı ədəbi dilə müraciət edirlər. Halbuki bir çox sahə terminologiyası yazısı olmayan dillərdə, həmçinin ədəbi dilin yazıyaqədərki dövrlərində də formalaşmışdır. Tanınmış dilçi alim Ağamusa Axundovun fikrincə, ümumiyyətlə, terminoloji tədqiqatlara və termin yaradıcılığına da yeni-dən qayıtmağa ehtiyac var. Çünki cəmiyyətin tarixində baş verən bütün ictimai – siyasi dəyişikliklər, tarixi hadisə və proseslər dildə öz əksini tapır.
Qədim dövrlərdə yaşamış əkinçi və maldar əcdadlarımızın məişətinə daxil olan yeniliklərdən biri də, şübhəsiz ki, təqvim və onunla bağlı terminlər idi. Bu terminlərin bir qismi dövrümüzədək heç bir dəyişikliyə uğramadan, bir qismi isə cüzi dəyişiklərlə gəlib çatmışdır. Tədqiqatlar Azərbaycanda ən qədim zamanlardan vaxt və zamanla bağlı məxsusi terminlərin olduğunu, fəqət türklərin sami mənşəli səmavi dinləri qəbul etməsindən sonra onların bəzisinin yad mənşəli sözlərlə əvəz olunduğunu göstərməkdədir. Bu baxımdan e. ə VII əsrdə Azərbaycanda ərsəyə gəldiyi heç bir şübhə doğurmayan dörd misralıq bir ağının terminoloji bazası deyilnlərə ən gözəl sübutdur.
Söhbət məşhur Turan hökmdarı Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağıdan gedir ki, həmin ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur:
Alp Ər Tonqa öldümü,
İsiz ajun kaldımu,
Ödlək öcin aldımı?
İmdi yürək yırtılır…
Bəxtiyar Tuncayın yazdığına görə, burada işlənmiş “isiz” (ədalətsiz), “ajun” (dünya), “ödlək” (zamanə) və “öc” (intiqam, qisas) kimi əski türk sözləri zamanla məişətimizdən çıxmş və onları ərəb dilindən keçmiş analoqları əvəz etmişdir. Bu kəlmələr içərisində “zamanə” anlamında işlənməkdə olan “ödlək” sözü xüsusi diqqət çəkməkdədir. Bu kəlmənin kökündə “öd” kökü durur ki, bütün əski türk lüğətlərində “zaman” kəlməsinin türkcə ekvivalentidir. Sözügedən lüğətlərdə zaman anlayışı ilə bağlı çox sayda başqa terminlərə də rast gəlmək olar ki, bu terminlər içərisində “əbədi” mənasını verən “mengü” (// menqu // bengü // bəngü), alban türkcəsində və bəzi digər qıpçaqdilli mətnlərdə “əvvəl” anlamına gələn “burun”, “axır” anlamında işlənmiş “son” və s. kəlmələri misal çəkmək olar. Bu baxımdan bu günün özündə də dilimizdə işlənməkdə olan “gün”, “ay”, “il” (yıl), “çağ”, “ertə”, “dün”, “dünən”, “o biri gün”, “iniş il”, günorta”, kündüz”, “gecə” və s. kimi müəyyən zaman vahidlərini bildirən təmiz türk kəlmələri də zəngin terminoloji bazadan xəbər verməkdədir.
Araşdırmalar nəticəsində həftənin günlərinin Azərbaycan və Şərqi Anadoluda işlənmiş adlarını əski oğuzca müxtəlif variantları üzə çıxmışdır ki, onlar aşağıdakı kimidir:
1. Bazar ertəsi: Keçəği, Odgün, Gürgəgün
2. Çərşənbə axşamı: Ortağı, Orgün, İnəgün
3. Çərşənbə: Uğrağı, Yəygün, Barasgün
4. Cümə axşamı: Gedəği, Aragün, Tozagün
5. Cümə: Toplağı, Elgün, Bayrıgün
6. Şənbə: Girəği, Başgün, Girəgün
7. Bazar: Dirəği, Dərgün, Dirəgün
Yazılı mənbələrdən albanlarn işlətdiyi analoji adlar da məlumdur: yıxpaşkün (bazar ertəsi), nögərikün (çərşənbə axşamı), xankün (çərşənbə), kiçiaynakün (cümə axşamı), aynakün (cümə), şapat (yəhudilərin “şabat” sözündən, şənbə), yıxkün (bazar günü).
Məlum olduğu kimi, müsəlmanlarda cümə (“cəm” kəlməsindən törəmədir) günü bir yerə toplaşıb, yəni cəm olub birlikdə ibadət etmək günü olduğu kimi, xristianlarda da bənzər bir gün var və həmin gün bazar günüdür. Xristian albanlar həmin günə “yıxkün”, “yığkün” demişlər ki, buradakı “yıx” (yığ) sözü “yığışmaq” (toplaşmaq, bir yerə cəm olmaq) kəlməsinin köküdür və albanlar bazar gününü “yıxkün” adlandırmaqla həmin günün bir yerə (kilsəyə) toplaşılan və birgə ibadət edilən gün olduğuna işarə etmişlər. Eyni söz kökü alban dilində “kilsə” anlamında işlənmiş “yıxöv” (yığöv) kəlməsində də gözə dəyir: yıx (yığışma) + öv (ev), yəni toplaşma, cəm olma, yığıma evi və ya yeri. Bu klmə rus dilində eyni anlama gələn və “собираться” (toplaşmaq, cəm olmaq) sözündən törəmə olan «собор» (kilsə) kəlməsi ilə eyni anlam ifadə edir.
“Aynakün” kəlməsi isə bu gün də dilimizdə “adına günü” kimi işlənməkdə olan söz birləşməsinin ekvivalentidir. Dilçi alimlərin fikrincə, “adına” (ayna) kəlməsi dilimizə fars dilindən keçmişdir.
Yuxarıdakı həftə adları bilavasitə alban yazılı abidələrindən məlum olsa da, görünən budur ki, qıpçaqdilli albanlar xristianlığı qəbul etdikdən sonra xristianlığa qədərki terminləri cüzi dəyişikliklə yeni sistemlərinə uyğunlaşdırmışlar. Belə düşünmək üçün bizə bəzi həftə günlərinin adının bənzərinə digər qıpçaqdilli bir xalqın – qaraçay-balkarların analoji terminləri içərisində də cüzi fərqlə rastlanmasıdır:
1. Bazar ertəsi: Başgün
2. Çərşənbə axşamı: Kürgəgün
3. Çərşənbə: Barasgün
4. Cümə axşamı: Ortagün
5. Cümə: Bayrımgün
6. Şənbə: Qıyavgün
7. Bazar: Iyıxgün
Gördüyümüz kimi, bazar ertəsinə albanlar “yıxpaşkün” , qaraçay-balkarlar isə “başgün” demişlər. Buradakı paş // baş uyğunluğu göz qabağındadır. Bazar günü isə sözügedən dillərdə müqabil olaraq “yıxkün” və “ıyıxgün”dür. Burada da uyğunluq göz qabağındadır.
Vikipediyada verilən mlumata görə, türk xalq mədəniyyətində zaman ölçməyə yarayan cihaza, günəş saatı anlayışıyla və gün sözü ilə əlaqədar olaraq “Güngən” deyilmişdir. Yenə zamanı ölçmək mənasını verən “Ötçək / Ödçək” sözü də saat (zaman ölçmə vasitəsi) deməkdir. Öt/Öd türkcədə zaman mənasını verər. Ödəmək sözü bu kök ilə əlaqədardır. Xalq anlayışında zaman ölçü vaxtları aşağıdakı kimidir:
1. Oğ: An.
2. Oğur: Saat.
3. Oğraq: Dəqiqə.
4. Oğurdaq: Saniyə.
5. Oğurçaq: Salise.

Həsən Sədirli (Şərur, Yengicə)

Qaynaq: “OLAYLAR”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.