Ana səhifə TÜRK DÜNYASI Daşkənddə “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ adlı elmi konfrans keçirilib

Daşkənddə “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ adlı elmi konfrans keçirilib

Müəllif: Bizim Yazı
240 baxış

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, universitetin professor-müəllim heyəti, teymurşünas alimlər, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər. Konfrans iştirakçıları əvvəlcə böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuşlar. Tədbiri universitetin rektoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, professor Şavkat Şaripov açmış, qonaqları konfrans iştirakçılarına təqdim etmişdir. Ş.Şaripov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə fəaliyyətləri haqqında məlumat vermiş, bu tədbirin əhəmiyyətindən danışmışdır. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev xalqlarımızın qardaşlıq əlaqələrinin tarixindən danışmış, ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyətinə toxunmuş, böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi haqqında söhbət açmışdır.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov “Əmir Teymur obrazı Azərbaycan ədəbiyyatında” mövzusundakı məruzəsində bildirmişdir ki, Azərbaycanın şair və yazıçıları zaman-zaman Əmir Teymur haqqında əsərlər yaratmışlar. O demişdir ki, böyük Azərbaycan şairi Hüseyn Cavidin “Topal Teymur” əsəri və Yunus Oğuzun “Əmir Teymur” romanı buna bariz misaldır. O demişdir: ”Əmir Teymur bilirdi ki, tarix yaradır. O böyük sərkərdə və dövlət xadimi olmaqla yanaşı, həm də poeziya həvəskarı idi”.
Yazıçı-publisist Yunus Oğuz “Əmir Teymur” əsəri üzərindəki işindən danışaraq bildirmişdir ki, bu romanı yazmağa hazırlaşarkən Əmir Teymurun həyatı ilə bağlı 500-dən artıq əsər oxumuş və tarixi faktlara əsaslanan bu romanı yaratmışdır. O, Əmir Teymuru bir dövlət xadimi, sərkərdə və strateq kimi təhlil etmişdir.
Tarix elmləri namizədi Azadə Raxmatulayevanın “Əmir Teymurun Azərbaycandakı quruculuq fəaliyyəti”, jurnalist Rüstəm Cabbarovun “Əmir Teymur və ədəbiyyat” mövzularında məruzələri də maraqla qarşılanmışdır.
Sonra Əmir Teymur haqqında sənədli film nümayiş etdirilmişdir.
Konfransda “Əmir Teymur və Teymurilər tarixinin dünya kontekstində öyrənilməsi”, “Özbəkistanda Əmir Teymur və Teymurilər tarixinin tədqiqi məsələləri” və digər mövzularda məruzələr də dinlənilmişdir.
Qaynaq: AzərTAc

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.