Ana səhifə YAZILAR Cavan ALAY (1942 – 1996)

Cavan ALAY (1942 – 1996)

Müəllif: Bizim Yazı
591 baxış

/Bu il mart ayının 17-də mərhum el şairi Cavan ALAYın (Alay Məmməd oğlu Səmədov) 70 yaşı tamam olur. Şairin yubileyinin paytaxtda keçiril¬məsi nəzərdə tutulub. Yubiley münasibəti ilə mərhum şairin şeirlərinin, haqqında bilgilərin və fotoların toplandığı kitab, “Tovuzlu Alayı tanı” adı ilə nəfis şəkildə nəşr olunmuşdur. Kitabın redaktoru və “önsöz” müəllifi Xalq Şairi Zəlimxan Yaqub, rəyçisi prof.dr. Nəsir Əhmədli, rəssamı Məmməd Dəmirçioğludur.
Cavan Alay aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazmışdır. Hələ sağlığındaykən onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tuturdu. Uzun müddət yerli dövlət orqanlarında, təsərrüfatlarda müxtəlif vəzifələrdə çalışmış, el-obanın böyük hörmətini qazanmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olmuşdur. Təsadüfi deyil ki, el şairinin Tovuz rayonunda 65 illiyi ilə bağlı keçirilmiş təntənəli tədbir, izdihamla müşahidə olunmuş, iştirakçılarının heç vaxt unutmayacağı bir mədəniyyət hadisəsinə çevrilmişdir.
Ümidvarıq ki, şairin bu yubiley gecəsi də tamaşaçılar tərəfindən təqdirlə qarşılanacaq və yaddaqalan bir mədəniyyət hadisəsi olacaq. /

Şairin  bir neçə şeirini BizimYAZI oxucularına təqdim edirik:

Olsun

Əhdini, sözünü danan, ey canan,
Utan, el içində sənə ar olsun.
Səni qınamıram nadansan, nadan,
Gen dünya başına müdam dar olsun.

Mən sənə yar dedim şövqi-şəstində,
Sən əğyarı üstün tutdun dəstində,
Ölənəcən fələk dursun qəsdində,
Yediyin, içdiyin zəhrimar olsun.

Dəvə başın kola salsa bir anlıq,
Elə bilər yer-göy olub qaranlıq,
Kişi, qadın, kimdə varsa nadanlıq,
Arzum budu, iki gözdən kor olsun.

Gəl, Tovuzlu Alay, bu qədər yetər,
Anlayan anlayar, anlamaz atar,
Söz axtarıb sahibinə tez çatar,
Eşitməsə, qulaqları kar olsun.
                                                   1994

Düşməsin

Bir arzum var bu dünyada,
Heç kimsə dərdə düşməsin.
Allah kömək olsun mərdə,
İşi namərdə düşməsin.

Şəfa gəlsin xəstə cana,
Dost olsun insan-insana,
Yaxşılar şərə-böhtana,
Durduğu yerdə düşməsin.

Alayam, çoxsa da ahım,
Pənahımdı, qibləgahım,
Paxıl qonşu, üzlü qohum,
Mən düşən yurda düşməsin.
                                              1994

Göründü

Dost bağından bir gül üzdüm,
Ətri mənə xoş göründü.
Nazlı yardan ayrı düşdüm,
Gözlərimdə yaş göründü.

Hanı, cavanlığım, hanı,
Olmuşam qəm pasibanı.
Yetişdi ömrün xəzanı,
Arxasınca qış göründü.

Alayam, dərdliyəm mən də,
Qəribsəyir qəlbim çəndə.
Bu dünyanı düşünəndə
Hər şey mənə boş göründü.
                                            1986

Düz adamdadır

Həyatın əşrəfi insandır, insan,
Hayıf ki, insanlıq az adamdadır.
Bəzən görürsən ki, yaxşı tez ölür,
Ömür də kütbeyin saz adamdadır.

İnsan var kosmosu fəth edir başı,
İnsan var heç duymur yarı-yoldaşı.
İnsan da var başdaşıdı, baş daşı,
Nə olsun, hesabı yüz adamdadır.

İnsan var baxanda boy-buxununa
Deyərsən şəxsiyyət halaldı buna.
Yaxınlaşıb bələd olsan ağlına,
Görərsən, hayıf ki, göz adamdadır.

İnsan var həyatda qaşlı-qabaqlı,
İnsan var çənəsi açıq dodaqlı,
İnsan da var qəlbi sirli-soraqlı,
Hər cürə sir-sifət, üz adamdadır.

İnsan var ürəyi kin-küdurətli,
Zəlilin başından basır qüdrətli.
Baxırsan yaşayır şanlı-şöhrətli,
Dərd-qəm də ürəyi düz adamdadır.

Lüt olur həyatda varlıya gülən,
Bir də loxmasını hamıyla bölən.
Var-halda cibinin qədrini bilən,
Bir az da sifətdən boz adamdadır.

İnsan var ölümü heç salmır yada,
Mənəm-mənəm deyir fani dünyada.
İnsan var el üçün can verir bada,
Deyir ki, gələcək biz adamdadır.

İnsanlar bax belə min cür zavallı,
Min cürə xəyallı, min cür kamallı.
Həm mərd ürəklidir, həm namərd hallı,
Həm də hər nə yazsan yaz, adamdadır.

Amma təzadlıdır həyat özü də,
Qışa görə biz sevirik yazı da.
Yaman yoxsa, pisdi lap yaxşımız da,
Yaxşı ki, hər cürə iz adamdadır.

Ey Tovuzlu Alay, insanıq, insan.
Yaşayıb yaradan, qurub yaradan.
Bircə bizi tarixlərdə yaşadan,
Sənət adamdadır, söz adamdadır.
                                                         1976

Ağlaram

Ay həzarət, bu zülmkar dünyada,
Dərd əlindən qubarlanıb ağlaram.
Bu cavan ömrümü versəm də bada,
Şikarımdan yaralanıb ağlaram.

Mən sərrafam, gövhər-kanın içində,
Min dərdliyəm bircə canın içində.
Həyat kimi bir məkanın içində,
Taleyimdən qaralanıb ağlaram.

Alayam, Tovuzdur doğma məkanım,
Eşq əhliyəm, vəzifəmi nə danım.
Qəlbimin tacıdır bir gözəl xanım,
O dilbərdən aralanıb ağlaram.
                                                 1960

Bilməz

Təhqirlərə, təhnizlərə döz, könül,
Yıxılanda başqa söz ola bilməz.
Hər kim çırpı yığıb ocaq qalasa,
Onun ocağında köz ola bilməz.

Üzüyün qiyməti olar qaşında,
Dəyər varsa onun məhək daşında.
Başı qarlı, uca dağlar başında
Heç vaxt allı-güllü yaz ola bilməz.

Ey Alay, tərlana “xox” gələr sar da,
Amma deşik gəzər girməyə darda.
Qaranlıq aşiqi yarasalarda
Günəşə baxmağa göz ola bilməz.
                                                       1980

Bəri

Dodaqlarım zəhrimara  dönübdür,
Zalım qızı, səni öpəndən bəri.
Könül qubarından cana yetmişəm,
Mən sənə eşqimi verəndən bəri.

Hər işvənə, hər nazına dözmüşəm,
Bu zillətdə şirin canı üzmüşəm.
Cavan ikən məhəbbətdən bezmişəm,
Səni eşqimizdə görəndən bəri.

Özünü tərifləmə hər yetən yerdə,
İşin nəhs gətirər, düşərsən dərdə.
Cavanlar gözünə çəkmisən pərdə,
Əlini əllərə verəndən bəri.

Alay, demək yaman gündən keçmisən,
Zimistandan növbahara köçmüsən.
Axtarıb özünə bir yar seçmisən,
Sənin hər işini biləndən bəri.
                                                1960

Bağlıdır

Bu dünyada heç kəs özün öyməsin,
Hər şeyin qüdrəti vara bağlıdır.
Müdəm, baş əysə də bağbana söyüd,
Onun ehtiramı bara bağlıdır.

Dağlar da vüqarın başından alır,
Qoynundakı mərmər daşından alır.
Hər kim ki, gözəlin çaşından alır,
Onun saf ürəyi yara bağlıdır.

Demirəm quldur ol, çalıb-çapan ol,
Əyri ol, oğru ol, əldən qapan ol.
Bircə zalım olma, könül yapan ol,
Zalımların başı gora bağlıdır.

Tovuzlu Alayı eşitsən əgər,
El işindən qalma, nə xeyir, nə şər.
El səni qaldırar, həm də endirər,
O səndəki etibara bağlıdır.
                                            1987

Var

Qürbətlikdə xəstə düşüb yatıram,
Mənə qulluq edən öz bacımmı var?
Haqdan bəla gəlib şirin canıma,
Onun qarşısında əlacımmı var?

Dərd, fikir çəkməkdən qəlbim qaralır,
Könül qubarından köksüm daralır.
Bac verməsəm, fələk canımı alır,
Əlimdə verməyə xəracımmı var?

Dərd-qəm gerçək olub, xəstəlik yalan,
Əzəldən cismimi odlara salan.
Yazıq Alay, sənin qeydinə qalan
Bir mərmər sinəli turacınmı var?
                                                       1959

Mənzilinə çatmamış

Cavan vaxtı köhlənimi səyirtdim,
Tez yoruldu mənzilinə çatmamış.
Səs-küy salıb şikarımı uçurtdum,
Yayımı tuşlayıb, oxu atmamış.

Var-dövləti nəf etmədim özümə,
Hər işrətdən toxluq verdim gözümə.
Haqqı xəmir kimi yapdım sözümə
Ömrümdə nahaqqa könlüm yatmamış.

Yemək, içmək, gəzmək vərdişim oldu,
Hamı dostum, yarım, yoldaşım boldu.
Sağalmaz dərd tapdım, gül canım soldu,
Balalarmı ağ günə çıxartmamış.

İnsan ki, meylini saldı şəraba,
Onun yurdu-yuvası qalar xaraba.
Düz deyiblər, ustadlara mərhaba,
Tərk eylə, o səni tez alçaltmamış.
                                                         1990

Qardaş

Tək əldən səs çıxmaz deyib atalar,
Hər şey cüt olanda xoşbəxtdir, qardaş.
Faydasız həqiqət gərəksiz olsa,
Faydalı yalan da xoşbəxtdir, qardaş.

Ölümdür həyatda hər dərdin başı,
Hər sadə qəm üçün tökmə göz yaşı.
Bir ustad əlilə torpağın daşı,
Zərdən tac alanda xoşbəxtdir, qardaş.

Adətdir tez uçar təməlsiz divar,
Yersiz şeş atmağın nə mənası var.
Hər əlinə saz götürən sənətkar
Əli tək çalanda xoşbəxtdir, qardaş.

Yaxşıya yamandan eyləmə soraq,
Varlığa şöhrətdir tapdanan torpaq.
Bağların zinəti o yaşıl yarpaq,
Saralıb solsa da xoşbəxtdir, qardaş.

Əyrinin-əyrisi, düzün-düzü var,
Ocaqda palıd var, demək közü var.
Tovuzlu Alayın sizə sözü var,
İnsan qocalanda xoşbəxtdir, qardaş.
                                                               1994

Qoymasın

Toy evindən vaxtsız gedən canana
Xəbər verin əhdi sona qoymasın.
Özü alışdırıb, özü söndürsün,
Ürəyimi yana-yana qoymasın.

Bilirəm gözəldi, canlar alandı,
Çıxdı getdi, könlüm evi talandı.
Gözəllik torpaqdı, kimə qalandı,
Ayağını nərdivana qoymasın.

Məhəbbətə nə lazımdı bivəfa,
İntizar, iztirab, bir də ki cəfa.
Özü versin qərarını bir dəfə,
Mətləbini ona-buna qoymasın.

Ayrılığa çələng hörəndən sonra,
Cəlladlıq təbini görəndən sonra,
Alayına yara vurandan sonra
Daha qılıncını qına qoymasın.
                                                     1966

Doymadım

Oxudum Quranı, oldum Mahtaban,
Nə kamaldan, nə də sərdən doymadım.
Bütün şairlərə pasiban oldum,
Ömrüm boyu Ələsgərdən doymadım.

Hər şeyi qəlbimdə mən etdim rəvan,
Yaşadım, yaratdım olmadım rövşan,
Göylərdə yansa da min bir kahkəşan,
Bu torpaqdan, bax bu yerdən doymadım.

Düzdür şair oldum amalı təmiz,
Bəxt, yığval ucundan batdı gəmimiz,
Alaya dan gəldi savaşsız dəniz,
İlham verən bir pəridən doymadım.
                                                               1989

Dedim-dedi

Dedim: “Bir busə ver tamahlanmışam”,
“Görünür iştahdan kalansan”, – dedi.
Dedim: “Qocalarsan, gözdən düşərsən”,
“Mənim nə qeydimə qalansan”, – dedi.

Dedim: “Bağban ollam qoysan bağına”,
Dedi:  “Get sahib ol, öz torpağına”.
Dedim:  “Bülbül düşər gül budağına”,
“Nə çox xam-xəyala dalansan”, – dedi.

Dedim: “Gəl Alayı sən etmə xəstə”,
Dedi: “Nə istəsən, gözlərim üstə”.
Dedim: “Pərvanəyəm bir şam həvəsdə”,
“Di durub başıma dolansan”, – dedi.
                                                             1968

Təzə-təzə

Şana çəkər, sığal verər özünə,
Dağıdar zülfünü yar təzə-təzə.
Varid edər dal gərdənin düzünə,
Bir cüt ovsun görmüş mar təzə-təzə.

Bir öpüş istəsən al yanağından,
Gül üzmüş olarsan behişt bağından,
Bahar fəsli kimi qaş-qabağından,
Tökülər hər zaman nur təzə-təzə.

Canım qurban olsun xublar xasına,
Yenə məni saldı qəm davasına,
Tovuzlu Alayın ucalmasına
Məhəbbət çələngi hör təzə-təzə.

Necədir?

Qasid, qurban olum şirin dilinə,
Söylə, o dilbərin halı necədir?
Bu payız gününün xəzan çağında
Onun bağçasının gülü necədir?

Yelkənli qayığım qəm dəryasında,
Canım giryan olub eşq havasında.
Aşiqlər evinin astanasında
O nazlı dilbərin yolu necədir?

Sözümdə kəsər yox, bilmirəm nədən,
Ruhum pərvaz ilə uçub bədəndən.
Bir düşkün sail tək düşmüşəm əldən,
Barı onun mah-camalı necədir?

Haqdan bir bəla var mənim canımda,
Dərd-qəm çövlan edir dörd bir yanımda.
O xəyal həmdəmim – gözəl xanımda,
Sən bilərsən, sevda dili necədir?

Cavan Alay, bu dünyadan üz əlin,
Eldə qalsın hər şerin-qəzəlin,
Ondan sonra o vəfasız gözəlin
Aləm bilər əhli-halı necədir?
                                             1960

Nə var

Uca zirvələrə çıxmaq çətindi,
Zirvədən aşağı enməyə nə var.
Bir mənzili başa vurmaq mətindi,
Yarı yoldan geri dönməyə nə var.

Gərək dağ olasan, qüdrətin ola,
Divarı möhkəmsə, alınmaz qala.
Biri var yanasan od, közün qala,
Acı tüstü verib, sönməyə nə var.

Eldən hörmət umma yalan yerə sən,
Yaxşılıq et, yaxşılıq da görəsən.
Bir səməndi gərək nizam sürəsən,
Atılıb köhlənə minməyə nə var.

Mərddən daş al, namərddən aş alınca,
Gəl adam ol özünü şah bilincə.
Yar-yarına sadiq olar ölüncə,
Eşqi dayazları yenməyə nə var.

Alayın sözünü anlayan bilər,
Qananı anlamaz qanmayan, gülər.
Yaxşıya yaxşılar yaxşılıq dilər,
Bayquştək bədinə dinməyə nə var.
                                                          1987

Nədənsə

Bu payız fəslinin gözəl çağında,
Dəli könül pərişandır nədənsə?
Eşqin cəfasını duyandan bəri,
Alışıb ciyərim yandı nədənsə?

Namərd möhkəm olmaz sədaqətində,
Əğyar qala bilməz yar zillətində.
Eşqin, məhəbbətin xoş ülfətində
Mənim qəlbim bir ümmandır nədənsə?

Cavan Alay, ilhamını sözə düz,
Bu dünyada tək-tək olar sözə düz.
Könlüm qəm dəftəri, qəlbim tər-təmiz,
Şeiriyyətim bir leysandır nədənsə?
                                                           1959

Mən

Ay ellər, söyləyin xəstə könlümün,
Nə vaxt dərmanına yetəcəyəm mən.
O maral baxışlı yarın bağında
Şeyda bülbül kimi ötəcəyəm mən.

Nə vaxt açılacaq ömrün baharı,
Güləcək üzümə dağlar nübarı,
Bir səhər çağında alagöz yarı
Ovçutək bərədə tutacağam mən.

Alay deyir, gəşt eylə, gəz aləmi,
Həmdəm olsun sənə hər zövqün dəmi.
Mənə borc verdiyin hər dərdi-qəmi,
Əğyarın özünə satacağam mən.
1976

Məni

Elimdən, obamdan ayrı düşmüşəm,
Amandı, yetirin o yara məni.
Məcnun libasına düşübdür canım,
Amandı, yetirin o yara məni.

Dərd çəkməkdən qəlbim qana dönübdür,
Könül quşum alçaqlara enibdir,
Alışan çırağım indi sönübdür,
Amandı, yetirin o yara məni.

Hər şeirimi o nazənə bağladım,
Qürbət eldə onu deyib ağladım,
Canıma qəsd edib qəlbi dağladım,
Amandı, yetirin o yara məni.

Mənə bir gün min-min əsrə bənzəyir,
Qəlbim daş bağlayır ürək dözməyir,
O şux mələk indi məni gözləyir,
Amandı, yetirin o yara məni.

Öz adım Alaydı, Tovuz mahalım,
Zimistana döndü güllü baharım,
O qıza qurbandı dövlətim, varım,
Amandı, yetirin o yara məni.

Olan

Nə ad salar deyin mahal içində,
Səxavətdən, mərifətdən kəm olan.
Əzəl başdan namusların gözləyər,
İgid olub ağlı başda cəm olan.

Seyraqubda namus olmaz, ar olmaz,
Vəfasız dostlarda düz ilqar olmaz.
Dünyanın işindən xəbərdar olmaz,
Yüz qramın qüdrətilə dəm olan.

Dünya dedim, yenə fikrim dolaşdı,
Dərd ümmanım sel tək çağlayıb daşdı.
Alay kimi divanəyə sirdaşdı
Ürəyində niskil olan, qəm olan.
1978

Olsun

Çox yerlər dolanıb gəzdim, gözəlim,
Bir gözəl görmədim sənə tay olsun.
Elə bir gözəl ki, əqli, zəkası,
Ətrafıma işıq saçan ay olsun.

Sənsən məhəbbətə şölə salan şam,
Eşq ucundan mən də dəli olmuşam.
Əgər mehman olsam sənə bir axşam,
Çalışaram, hər işlərin bay olsun.

Alay deyər qurbanıyam üzünün,
Nə dadlıdır, tənəsi yox sözünün,
Qoy həmdəmi olum qara gözünün,
El içində mən Cavana toy olsun.
                                                    1960

Sənin olsun

Məndən kənar gəzmə, alagöz dilbər,
Sallan gəl yanıma, yol sənin olsun.
Məni giryan eylə sevgi bağında,
Bülbül mənim olsun, gül sənin olsun.

Məhəbbətə şölə salar camalın,
Ariflərə töhfə qılar kamalın,
Əgər mənə qismət olsa vüsalın,
Dodaq mənim olsun, dil sənin olsun.

Sözün gözəl, özün gözəl maralsan,
Dərdim çoxdur əgər qeydimə qalsan,
Ömrünü ömrümə özün calasan,
Aylar mənim olsun, il sənin olsun,

Ay qız, sənsən bu həyatın xoş günü,
Ay utanar əgər görsə üzünü,
Aç başını qoy darayım zülfünü,
Şana mənim olsun, tel sənin olsun.

Gözəlliyin bürüyübdü dörd yanı,
Sənsiz solar hər bağçanın gülşanı.
Sevgi aləminin gəl ol sultanı,
Tovuzlu Alaytək qul sənin olsun.

Mənim

Ey Zəlimxan, bu gün yaman qəmliyəm,
Bir güzar et, gəl könlümü al mənim.
Qoyma ələm karvan çəksin üstümə,
Vaxtsız salsın ürəyimə xal mənim.

Çox çalışdım, yaman gözdən yan olum,
Dosta, müsahibə mehriban olum.
Dedim könüllərə xoş kaman olum,
Böhtan etdi dillərimi lal mənim.

Görəsən, kim tutdu xalqın gözünü,
Düz gördü nadanın əyri sözünü.
Yubanma, tez çatdır mənə özünü,
Bu azğın ünümə qələm çal mənim.

Qoşma de, dəm gətir, aç növrağımı,
Od püskür, kül eylə hicran dağımı.
Qoyma dərd-qəm döyəcləyib bağımı,
Yerə töksün meyvələrim kal mənim.

Ömür dövrəsindən çıxınca sapım,
Bir sənsən hər yerdə söhbətim, gapım.
Gəl, yetiş şeirimdən təsəlli tapım,
Yeməmiş başımı bu xəyal mənim.

Mən belə bilməzdim qanun-qaydanı,
Biz sevən Ədalət görən bəs hanı?
Alay oldu haqsızlığın qurbanı,
O şəvə saçlarım oldu çal mənim.
                                                       1980

Eyləmisən

A bimürvət, belə insaf olarmı?
Yandırıb canımı kül eyləmisən.
Bu tərlan könlümü atıb kənara,
Namərdin əhdinə qol eyləmisən.

Mirzab ayrı düşsə o telli sazdan,
Aşıq da dərdlənib düşər avazdan,
Sərrafın eşqini salıb nüfuzdan,
Səngi-siyahları ləl eyləmisən.

Sən Cavan Alaya zülmü etməkdən,
Onu saf eşqindən kənar çəkməkdən,
Əğyarın yanına gəlib-getməkdən,
Ormanlar qoynunu yol eyləmisən.
                                                         1964

Etmə

Yol üstündə duran alagöz pəri,
Gələni, gedəni ziyarət etmə.
Bəzənib-düzənib çıxıb qarşıma,
Bu dəli könlümü narahat etmə.

Yolumu azıram səni görəndə,
Ağlım çaşır tər sinəni görəndə.
Sən Allah, sən Tanrı, məni görəndə
Əyləş söhbət açaq, cinayət etmə.

Lalələr rəng alıb sənin üzündən,
Min məna duyuram qara gözündən,
Qəlbim qidalanır şirin sözündən,
Danış, kəlmələrə qənaət etmə.

Bir xoş qədəm eylə sən bizə sarı,
Unudub əhdini pozma ilqarı,
Qoynunda yetişmiş o bir cüt narı
Məndən qeyrisinə əmanət etmə.

Cavan Alay deyər: – boyuna qurban,
Dərdimin dərmanı sənsən, ay canan.
Bir axşam qoynunda qoy olum mehman,
Çığırıb, bağırıb qiyamət etmə.
                                                     1980

Gülərmiş

Aman Allah, dövran tərsə dönəndə
Namərd dərd əlindən dara gülərmiş.
Üç ay zimistanı yaza çıxanda
Dağlar al geyinib, qara gülərmiş.

Bu dünyada dövlət güdməz mərd olan,
Yaxşı-yaman tanıyarmı qurd olan,
Yaman gündə ürəyində dərd olan
Yaxşı gündə kasıblara gülərmiş.

Bağban naşı, olsa qan ağlar bağlar,
Bülbüllər köksünü düyünlər, dağlar,
El içində zatı qırıq alçaqlar,
Sədaqət düşkünü yara gülərmiş.

Tovuzlu Alayı görüb duyanlar,
Arif olsa ülfətini tez anlar,
Səxavət bilməyən alçaq nadanlar
Fürsət tapıb sənətkara gülərmiş.
                                                        1960

Yaraşır

Həqiqəti nə gizlədim sevgilim,
Qara zülfün dal gərdənə yaraşır.
Mənim saf eşqim də, məhəbbətim də,
Gözəllər içində sənə yaraşır.

Ruhumu oxşayan gözəlliyin var,
Sənin camalından söylə kim doyar?
Səndəki bu kamal, bir belə vüqar,
Mənim kimi eşq bilənə yaraşır.

Əyninə geymisən göy xallı donu,
Başıma açmısan min bir oyunu.
Mənə çatmasa da eşqinin sonu,
Sənin hüsnün hər sevənə yaraşır.

Aləmə şox salır o qara gözlər,
Aşiqə dərmandı dediyin sözlər.
Dalınca gəzdiyim dərələr, düzlər,
Cavan Alay deyər, mənə yaraşır.

Yetişər

Ovçu, nə gəzirsən yarın bağında,
Burda işin ahu-zara yetişər.
Yar gözü bəsləsə bağça-barını,
Bağçası da yetkin bara yetişər.

Tərlan könlüm gəzir hicran dağını,
Ayrı salıb yardan gül budağını.
Sar dolanır indi yarın bağını,
Bir gün olar tərlan sara yetişər.

Mən qocaldım bu dərd-qəmin içində,
Yarım qaldı bir nadanın köçündə.
Ay dolanıb, illər gəlib-keçəndə,
Alay, həsrət əlin yara yetişər.
                                                   1960

Yoxdur

Ömrümün taleyi bir ulduz kimi,
Söndüsə dərdimin çarası yoxdur.
Baxt yığvalım əridisə buz kimi,
Əvvəlki canımın parası yoxdur.

Dost-tanışlar düşmən olub azdılar,
Hər tərəfdən mənə quyu qazdılar.
Bostan bilib varlığımı pozdular,
Elə taladılar, urası yoxdu.

Ümidim, pənahım bir Allahdı tək,
Onunla yoğrular dərdimə kömək.
O saya salmasa nə arzu, istək,
Baxarsan əbədi sonrası yoxdur.

Mən Alayam, nə tayıyam hər səyin,
Nə dostuyam hər ağanın, hər bəyin.
Mənə zülm eyləyən zalım fələyin,
Görünür ki, mənlə arası yoxdur.
                                                      1988

Kim istəməz ki?

Dostum, bahar vaxtı uca dağların
Seyrinə dalmağı kim istəməz ki?
Ülvi təravətli yaşıl bağların
Qoynunda qalmağı kim istəməz ki?

İnsan şöhrətlənər ağılla, başla,
Dostla, müsahiblə, qohum-qardaşla,
Bir bulaq başında yarla, yoldaşla
Gen süfrə açmağı kim istəməz ki?

Bir yalçın qayanın çıxıb başına,
Baxasan dağların zümrüd qaşına.
Qoşqardan, Murğuzun “Örtük daşına”,
Bir nəzər salmağı kim istəməz ki?

Təbibdi, loğmandı bizim yaylaqlar,
Bir də diş göynədən sərin bulaqlar.
Dilbər meşələrdə ovlar, oylaqlar,
Eşqilə yanmağı kim istəməz ki?

Bir nazlı sənəmin tutub əlindən,
Min ətir duyasan siyah telindən.
Yalvarıb, yaxarıb qucub belindən,
Qoynunda qalmağı kim istəməz ki?

Bir yaşıl ormandı Əsrik dərəsi,
Cənnətə bənzəyir xoş mənzərəsi.
Baharın üstündə düşsə söz bəhsi,
Vurğunu anmağı kim istəməz ki?

Raket sürəti var “Ciquli”nin də,
Dünyanı gəzdirər sənə bir gündə.
Kəpəzin qoynunda Maral gölündə,
Çimib qumlanmağı kim istəməz ki?

Gəl, dostum, çox gəzmə, qayıdaq Kürə,
Kim doyar seyrindən baxsa min kərə.
Keçib Ceyrançölə, işləsə bərə,
Bir at oynatmağı kim istəməz ki?

Payızda bağlardan dəriləndə bar,
Vətənə köçəndə qərib durnalar.
Kamına yetəndə şirin arzular,
Toy-büsat qurmağı kim istəməz ki?

Heç kimə tərsinə dəyməsin fələk,
Xoş dövran keçirib, ağ günlər sürək.
Toy-nişanda sağlıq deyək mübarək,
Xoşbəxt yaşamağı kim istəməz ki?

Qoy zəhmət eşqilə döyünsün ürək,
Hər alın tərində qızıl zər gərək.
Öz zəhmət bəhriylə fərəhlənərək,
Eldə ucalmağı kim istəməz ki?

Sülhün, səadətin carçısıyıq biz,
Bahar dühalıdır azad nəslimiz.
Davasız-dalaşsız, mərami təmiz,
Yaradıb-qurmağı kim istəməz ki?

Şan-şöhrət rəmzidir hər bir insanın,
Şanlı salnaməsi Azərbaycanın.
Ey Alay, şəninə belə dövranın
Yazıb-yaratmağı kim istəməz ki?

Keçdi

Bir sona qarşımdan sevgi bağında
Məhəbbət gülünü qoxladı keçdi.
Dedim, onu görrəm, dərdim azalar,
Daha da dərdimi çoxladı keçdi.

Sevəsən hər zaman belə gözəli,
Eşqə həvəs verir xumar gözləri.
Qəlbimi yandırdı odlu sözləri,
Gördüm aşiqini yoxladı  keçdi.

Sallanıb qarşımdan keçən ceyrandı,
Dedim, Cavan Alay, sənə heyrandı.
Şərik ol dərdimə, ay qız, amandı,
O gözəl sinəmi oxladı keçdi.
                                               1985

Gərək

Naşı səyyad şikarını bulmağa,
Bilməlidir, kaman gərək, ox gərək.
Ağlı başda olan insan oğlunun
Bu dünya varına könlü tox gərək.

Həyat fani, ömür gödək, keçənsən,
Əcəl camın əbədilik içənsən.
Hər kim olsan, bir körpüdən keçənsən,
O dünyanın başqa yolu yox gərək.

Ey Alay, var-dövlət kimə qalandı,
Nə olsun ki, yerli-yersiz talandı.
Ən dövlətli adam ağlı olandı,
O da hər insanda ola çox gərək.

Gəlsin

Bir məclis açmışam bu xoş cahanda,
Aşıqlar yığılıb dövrana gəlsin.
Kim düşübsə şairliyin oduna,
Çəkinməsin, mərdi-mərdanə gəlsin.

Qoy seçsinlər aşıqların gözünü,
Ariflər dinləsin onun sözünü.
Basıb sinəsinə telli sazını,
Atılıb şir kimi meydana gəlsin.

Hanı şeiriyyətin Vurğunu, hanı,
Əsəd, Ələsgəri, Növrəs İmanı.
Hüseyn idi aşıqların sultanı,
Nəcəf tək cəngavər cahana gəlsin.

Qəlbimdən çıxmayır Mirzənin adı,
Aşıq Əkbər çaylar kimi çağladı.
Yazıq Kərəm, Əsli deyib ağladı,
Hanı elə aşıq, peymana gəlsin.

Cavan Alay, yazıb-yarat durmadan,
Bu dünyada aşıqlıqdan söz salan,
Bülbül kimi cəh-cəh vurub hər zaman
Doğma yurdum Azərbaycana gəlsin.

Gözəl

Məlul baxışından doymadı könül,
Halımı eylədi pərişan gözəl.
Nə olar ki, mən Cavanı görəndə,
Bu sınıq qəlbimi soruşsan, gözəl.

Könül kitabımı aç özün oxu,
Adınla bağlıdır şeirimin çoxu.
Sənsən saf eşqimin bil varı-yoxu,
Qəlbimə xəyalən qovuşan gözəl.

Yenə viran oldu könlümün bağı,
Sən vurdun qəlbimə məhəbbət dağı.
Sən olsan Alayın eşqinə yağı,
Elə həmin gün də alış-yan gözəl.

Mən

Əlim qələm tutub, ağlım kəsəndən,
Heç haqqın adını danmamışam mən.
Dolanmışam yaxşıların başına,
Yamanlar oduna yanmamışam mən.

Sevib, sevilmişəm qədir bilənlə,
Düz ilqara, düz peymana gələnlə.
Məhəbbəti saxta üzə gülənlə,
Nə alışıb, nə də sönməmişəm mən.

Nə dostum var insanların pisindən,
Nə də aram yoxdu çox xəsisindən.
Yemək, içmək, gəzmək, kef məclisindən,
Ömrümdə bir dəfə dönməmişəm mən.

Şeir-sənət yurd salıbdı canımda,
Musiqinin duyğusu var qanımda.
Gözəlliyə, təbiətə yanımda,
Xor baxanı kişi sanmamışam mən.

Tovuzlu Alayam, belədir təbim,
Xoş arzu, duyğuyla doludu qəlbim.
Dostlara bağlıdı eşqim, mətləbim,
Onlarsız adımı anmamışam mən.
Günahkarı kim oldu?

Yenə yolum düşdü dost diyarına,
Gözəllər dövrəmdə tez cər-cəm oldu.
Biri bacım, biri dostumun qızı,
Biri aşnalıqdan bir az kəm oldu.

Birisindən bir fincan su istədim,
Dedim ürəyimi bir sərinlədim.
Biri əngəl açdı, yersiz büdrədim,
Dəli könlüm içməmişdən dəm oldu.

Su verənin məndə olanda gözü,
Mən də başqasına baxırdım düzü.
Qırdı fincanını zalımın qızı,
Bilinmədi günahkarı kim oldu.

Eylə

Gəl məni yandırma eşqin oduna,
Səməndər eşqinə mübtəla eylə.
Alırsa canımı alsın aparsın,
Cəllad qaşlarına həvalə eylə.

Ayırma qoynundan sən bu əlləri,
Xəstəyəm, qoy əmim ağ məmələri.
Neçə evlər yıxan qara telləri,
Boynumdan aşırıb şəlalə eylə.

Qovma Alay kimi əziz qonağı,
Çəkmə gəl sinəmə sən hicran dağı.
Büllur buxağını şərbət sayağı.
Ver mənim əlimə piyalə eylə.

Bilməz

Təhqirlərə, təhnizlərə döz, könül,
Yıxılanda başqa söz ola bilməz.
Hər kim çırpı qırıb ocaq qalasa,
Onun ocağında köz ola bilməz.

Üzüyün qiyməti olar qaşında,
Dəyər varsa onun məhək daşında.
Başı qarlı uca dağlar başında,
Heç vaxt allı-güllü yaz ola bilməz.

Ay Alay, tərlana “xox” gələr sar da,
Amma deşik gəzər girməyə darda.
Qaranlıq aşiqi yarasalar da
Günəşə baxmağa göz  ola bilməz.

Bənzətmə
(Şair dostum Zəlimxan Yaquba nəzirə)

Şagird olub bir ustadın yanında,
Kamil dərs alasan dərs alanda da.
Bəxtın yatıb tənəzzülə düşsən də,
Mərd tək alçalasan, alçalanda da.

Kişi elə yaranmışdan kişidir,
Kölgə  tək sürünmək namərd işidir.
Alqışlamaq qədim el vərdişidir,
Dahiyə çalasan əl çalanda da.

Təkər geri döndü, arxa nə fayda,
Kür tək axar olmaz hər yetən çay da.
Yulğundan köz düşməz, belədir qayda,
Palıd tək yanasan qalananda da.

Əsilsiz, nəsilsiz ucalmaq olmaz,
Səbəbsiz, vədəsiz qocalmaq olmaz.
Nərgizi yovşana calamaq olmaz,
Gərək zatın ola calananda da.

Gəl Tovuzlu Alay, bu qədər yetər,
İnşallah, düzələr haqq olan işlər.
Pis qohuma zəhmət çəksən itirər,
Dosta qul olasan, qul olanda da.

Yaralar məni

Şeyda bülbül, fəqan etmə bu bağda,
Nalən xəncər olub yaralar məni.
Təbibsiz xəstəyəm qürbət məkanda,
Qoymaz dincəlməyə yaralar məni.

Hanı mən bədbəxtə gələ gül səda,
Açdıra eynimdə qönçə gül sada,
Namərd nəzir verər, üzmə gülsə də,
Mərd razı olmaz ki, yaralar məni.

Gözəl qaşa sürmə çəkər, ya xına,
Bimar canım uzaq düşüb yaxına,
Tovuzlu Alayam, qoymur yaxına,
Bəs nə vaxt qoynuna yar alar məni.

Ürəyimi yaxandı

Dostum, mənim pünhan sevdiyim gözəl,
Demirəm ki, ya sultandı, ya xandı,
Deyirəm ki, camalından dad-aman,
Bir baxışıyla ürəyimi yaxandı.

Uca dağ başını duman, qar alı,
İşlətməsən mis-dəmirin qaralı,
Ala gözlü, qəlbin olsa qaralı,
Nə sözüm var – yandır, əhdi yax andı.

Gəl Alaya min cür kələk açma sən,
Ormanlarda təzə cığır açma sən,
İstəsən də qaçammazsan açmasan,
Kəlın buynuzuna keçən yaxandı.

A yara-yara

Könül pərvaz edib uçmaq istəyir,
Bu hicran dağına, a yara-yara.
Əgər ki, əlimdə olsa əlacım,
Yetirrəm əğyara, a yara, yara.

Ustadlardan kamil alsan dərsini,
Soyarsan söz ilə düşmən dərisini,
Ariflərin sən bilməsən dərsini,
Sözünlə vurarsan, a yara, yara.

Məftun Alay həmdəm olur yar ilə,
Ayrı düşsə dözə bilməz yar ilə,
Çox da işvə-naz eyləmə yar ilə,
Vuracaq qəlbinə a yara-yara.

Yar dandı

Naqafil qəlbimə bir ox tuş oldu,
Dedilər, səbr elə bir an, yardandı.
Namə yazdım, mətləbimi bildirdim,
Qasid gəldi dedi: – “Əhdi yar dandı”.

Xəlq olunduq Allah bizə ayandı,
Quranımız, surəmiz də ayandı.
Mən dedim ki, günəş çıxdı, ay andı,
Dur get, seyr et bağça-bağı, yar, dandı.

Ey Alay, xoş görüm hər an gününü,
Heç bir arvad yaxın qoymaz gününü.
İlk eşqimin macəralı gününü
Qocaldıqca mən andım, yar da andı.

Dünyada

Öz ölçün, öz biçin, öz həcmin qədər,
Sinə1 yetsən, yerin budu dünyada.
Öz adın, öz sanın, öz səxavətin,
Eldə varsa, karın budu dünyada.

Dosta etibarda çox diqqətli ol,
Düşmənlə barışma, ədavətli ol,
Ölüncə yarına sədaqətli ol,
Namus, qeyrət, arın budu dünyada.

Bilməyənlər bilənlərdən dərs alsın,
Qoy yaxşılar, yaxşılıqla ucalsın,
Ey Alay, yaz, yarat yadigar qalsın,
Şairsənsə, varın budu dünyada.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.